Skole – qardaşlaşan məktəblər, inklüziv təhsilin Ukrayna modeli, danışan tarix - «Сколівщина», təbiətin «Тустань» adlı möcüzəsi...
Skole – qardaşlaşan məktəblər, inklüziv təhsilin Ukrayna modeli, danışan tarix - «Сколівщина», təbiətin «Тустань» adlı möcüzəsi...
İyulun 2-də Azərbaycan nümayəndə heyəti Lviv vilayətinin Skole rayonunda oldu. Nümayəndə heyətini rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri qarşıladılar. Rayonla tanışlıq Natalya Dimitskayanın rəhbərlik etdiyi Skole İnklüziv Resurs Mərkəzindən başlandı. Qonaqlar kollektivlə, Mərkəzin fəaliyyəti ilə tanış oldular. Görüş mərkəzin akt zalında davam etdi. Mərkəzin əməkdaşları – defektoloqlar, sosial-pedaqoqlar, həkimlər, psixoloqlar mərkəzin iş prinsiplərindən bəhs etdilər. Natalya Dimitskaya isə Ukraynada inklüziv təhsilin tarixi, bu günü və perspektivləri barədə danışıb, bu sahədə Ukrayna modelinin yarandığını diqqətə çatdırdı. Həmçinin bildirdi ki, onlar bu gün xarici təcrübəni öyrənir, eyni zamanda öz təcrübələrini yayırlar. O, həmçinin söylədi ki, Ukraynanın bütün vilayətlərində İnklüziv Resurs Mərkəzləri fəaliyyət göstərir və bu fəaliyyət sayəsində mövcud olan problemlərin aradan qaldırılmasına nail olmağa çalışırlar. Natalya Dimitskayanın sözlərindən bəlli oldu ki, rayonda inklüziv təhsilə ehtiyacı olan bütün uşaqları Mərkəzə toplayaraq, lazımı qayğı ilə əhatə ediblər.
Sonra qonaqlar Skole Akademik Gimnaziyasında oldular. Gimnaziyanın direktoru Mariya Balo qonaqları pedaqoji kollektivin, şagirdlərin əldə etdiyi uğurlarla tanış etdi. Qonaqlara Ukraynada peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən yeni işlər, layihələr barədə məlumat verildi. Skole Akademik Gimnaziyasının Azərbaycan Respublikası Salyan rayon Kərimbəyli kənd tam orta məktəbi ilə qardaşlaşması haqqında ilkin razılıq əldə olundu.
Şəhərin «Сколівщина» tarix diyarşünaslıq muzeyi maraqlı, tarixi özündə yaşadan, Ukrayna xalqının adət-ənənələrini xarakterizə edən eksponatları ilə qonaqların diqqətini cəlb etdi. Muzeyin direktoru Tetyana Zinkeviç muzeyin yerləşdiyi binanın özünün də tarixi əhəmiyyətli tikili olduğunu, Böyük Vətən müharibəsi zamanı binanın zirzəmisindən partizanların istifadə etdiklərini söyləyərək, zirzəmi ilə qonaqları tanış etdi. Müharibənin izlərini, yerli insanların, partizanların əzab-əziyyətini, mübarizə əzmini, qələbəyə inamını bu zirzəminin hər qarışından hiss etmək mümkün idi.
Skoledə fəaliyyət göstərən Uşaq-gənclər idman məktəbi ilə tanışlıq idmançıların məşq zamanına təsadüf etdi. Boks üzrə məşqçi Mikolo Dimitski məktəbin uğurlarından bəhs etdi. Söylədi ki, onun yetirmələri Ukrayna miqyasında uğurlu nəticələrə imza atıblar. “Qepard – Skole idman klubu” da Skoledə uşaq və gənclərin maraqla üz tutduqları sağlamlıq məkanlarından biridir. İdman klubunun rəhbəri Serqiy Masendiç yetirmələrinin əldə etdikləri Ümumukrayna rekordundan, iştirak etdikləri beynəlxalq yarışlardan bəhs edib, böyük hədəflər barədə düşündüklərini diqqətə çatdırdı.
Skole şəhərinin ən görkəmli yerlərindən olan, turustlərin diqqətini özünə cəlb edən məkanlardan biri baron Qredelya sarayıdır. Bu saray 20-ci əsrin əvvəllərindən balların, bayram şənliklərinin keçirildiyi yer kimi tanınıb. Barona məxsus olmasına baxmayaraq, bura ərazidə yaşayan kasıb adamların da üzünə açıq olub. Deyilənlərə görə belə bayram şənliklərindən birinə Avstriya imperatorunun nəvəsi Frans İosif də qatılıb. Bu gün bu sarayda Skole 1-3-cü dərəcəli məktəb yerləşir, amma bir vaxtlar bura internat olub. Bu saray neçə-neçə uşağı öz qoynunda bəsləyərək həyatın ağrılı-acılı, kimin üçün isə şirin olan qucağına atıb. Bu bina neçə-neçə uşağın göz yaşlarına, sevinc və kədərli anlarına şahidlik edib. Bu gün ərtafında hökm sürən sükunət və tənha görkəmi də sanki internat dövründən divarlara hopan kədərə saxlanan matəm təsiri bağışlayır.
Tanışlıq əsnasında məlumat verildi ki, Qredelya sarayı 19-cu əsrin ortalarında inşa edilib. Həmin dövrdə qraf Yevqeniuş Kinski zəngin Karpatyanı torpaqları polşalı qraf Potoçkidən satın alır. Və onun ətrafında böyük, gözəl park saldırır. 19-cu əsrin sonunda isə sarayı Avstriya baronu Qredeli kazinoda udduğu pullarla alır. O, sarayın görkəminə bəzi arxeoloji dəyişikliklər gətirir, ona neobarokko üslübu əlavə edir. 1939-cu il sentyabrın sonunda saray Daxili İşlər Xalq Komissarlığının sərəncamına verilir. Komissarlıq 1948-ci ilə qədər burada fəaliyyət göstərir. 1956-cı ildən isə saray məktəb-internatın istifadəsinə verilir. Bir neçə il bundan əvvələ qədər internat kimi fəaliyyət göstərən, ətrafında qiymətli ağacların, yaşıllıq zolağının mövcud olduğu bu tarixi memarlıq abidəsi öz əzəmətini qoruyub saxlasa da, əsaslı təmirə ehtiyac duyur.
Günün sonunda azərbaycanlı qonaqların Lviv vilayətinin tarixi-landşaft kompleksi olan «Тустань» və milli təbiət parkı «Сколівські Бескиди»yə ekskursiyaları təşkil edildi. Qonaqlara Skole təbiətinin əvəzolunmaz məhsulu olan Skole çayı hədiyyə edildi.
Böyükağa MİKAYILLI,
Skole, Ukrayna, 02.07.2019
Комментарии
Отправить комментарий