"Qoy həmişə sülh olsun"


“Təhsil və zaman” qəzetinin 04.06.2017-ci il tarixli sayında dərc olunan bu yazı Bakının Sabunçu rayonundakı 71 nömrəli tam orta məktəbin müəllimi Əsmayə İsmayılovanın birinci sinfinin hazırladığı “Qoy həmişə sülh olsun” ədəbi-bədii kompozisiyasına həsr olunir...

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın hər bir yerində böyük sevgi və coşqu ilə keçirilir. Dünyanın bəzəyi, gələcəyimiz olan uşaqlara sevgidən, onların müdafiəsinə ehtiyacdan yaranan bu gün Azərbaycanda da sevilən bayramlar sırasındadır. Ölkəmizin orta ümumtəhsil ocaqlarında bu əlamətdar gün daha böyük təntənə ilə qeyd olunur. Bu da təsadüfü deyil. Gələcəyimiz olan körpə fidanlar məhz orta məktəblərindən pərvazlanır, həyatın qoyunua atılırlar.

Bakının Sabunçu rayonundakı 71 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əsmayə İsmayılova da öz birinciləri ilə Uşaqların Müdafiəsi Gününə xüsusi proqramla hazırlaşmışdı. Əsmayə İsmayılovanı istedadlı müəllim kimi çoxdan tanıyıram. Hələ ötən il dərs dediyi dördüncü sinifdə hazırladığı maraqlı tədbirə şahidlik etmişdim. Həmin tədbir müəllimin əsl yaradıcılıq işinin nümunəsi kimi təqdim olunmuşdu. İştirak etdiyim – 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Qoy həmişə sülh olsun” adlı ədəbi – bədii kompozisiya da müəllim və şagirdlərin yaradıcılıq imkanlarının realizəsi kimi meydana çıxmaqla, maraqlı nüanslarla diqqəti cəlb etdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Bunun ardınca musiqi sədaları altında səhnəyə daxil olan şagirdlər ürəklərindəki yaradıcılıq eşqini nümayiş etdirmək üçün həvəsli görünürdülər. Diqqəti cəlb edən ilk məqam o idi ki, səhnə bütünlüklə birincilərin ixtiyarında idi. Onlar ədəbi – bədii kompozisiyanın idarə olunmasını da öz öhdələrinə götürmüşdülər.

Səhnəyə öncə Azərbaycan Dövlət bayrağına bürünmüş şagird daxil oldu. O, Bayraq şeirini ifa edərək iştirakçılarda böyük ruh yüksəkliyi yaratdı. Bunun ardınca tədbirin aparıcıları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixindən bəhs etdilər. Söylədilər ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1950 – ci ilin 1 iyunundan Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etməyi qərara alıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransında” uşaq hüquqlarının təmin edilməsi ilə bağlı səsləndirilən təklif qəbul olunaraq, tarixə məhz Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi daxil olub. Birincilər onu da qeyd etdilər ki, müasir Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyev uşaqlara həmişə diqqət və qayğı ilə yanaşırdı. O, deyirdi ki, uşaqlar bizim gələcəyimizdir. Onların yaxşı təhsil alması, sağlam yaşaması hüququ var. Dövlət bu hüququ hər zaman təmin edəcəkdir. Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu Öndərin uşaqlara yönəlmiş siyasi xəttini uğurla davam etdirir. Bu gün hər bir Azərbaycanlı uşaq orta məktəblərdə dövlət tərəfindən pulsuz dərsliklərlə təmin olunur, hər bir uşağın təhsil almaq, sağlam yaşamaq hüququ təsbit edilir. Təsadüfü deyil ki, ölkə başçısı cənab İlham Əliyevin sərancamı ilə 2009 – cu il Azərbaycanda “Uşaq ili” elan olunmuşdu. Maraqlı idi ki, birincilər səsləndirdikləri fikirləri Azərbaycan dili ilə yanaşı, ingilis dilində də səsləndirir, səlis nitqləri ilə diqqəti cəlb edirdilər. Belə təsəvvür yaranırdı ki, tədbir şagirdlərin zəngin çıxışları ilə ürəkləri oxşayacaq. Belə də oldu. Səsləndirilən uşaq mahnısından sonra səhnəyə daxil olan oğlan və qızlar görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi Gözəl” valsının sədaları altında rəqs etdilər. Bunun ardınca isə Vətən, ana, müəllim, torpaq sevgisi ifadə edən şeirlər səsləndirildi. Bir – birindən maraqlı şeir seçimləri ilə səhnəyə daxil olan birincilər ifa etdikləri hər bir şerilə özlərinin ifa bacarıqlarını, qiraətlə oxumaq qabiliyyətlərini nümayiş etdirdilər. Səhnəciklərdə də bu tendensiya davam edirdi. Hüseyn Cavidin “Gülbahar” şeirinin, “Kitabi - Dədə Qorqud” eposunun, “Tıq – tıq xanımın”, “Qoğal”ın, “Qırmızıpapağın”, “Dovşan və toplan”ın, “Peşələrə məhəbbət” səhnəciyini təqdim edən şagirdlər bu əsərlərin hər birini onun ruhuna, mahiyyətinə, daşıdığı mənaya rəğmən göstərməyi bacardılar.

Əsmayə İsmayılovanın şagirdləri ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün seçib səhnələşdirdikləri nağıllar, dastanlar təsadüfü xarakter daşımırdı. Bu əsərlərin hər birində uşaq dünyası, onun mənəvi aləmi, milli – mənəvi dəyərlərə ehtiram, ağıl və düşüncənin, səmimiyyət və sağlam əqidənin qələbə çalması əks olunmuşdu. Bunlar öz növbəsində şagirdlərin mənəvi dəyərlərimizə böyük ehtiramlarının nümunəsi kimi də diqqəti cəlb edirdi. Belə bir fikir yaranırdı ki, təcrübəli müəllim birincilərinə bu sevgini aşılamağı bacarır. Nümayiş olunan nömrələrin canlı, təsirli və mənalı alınması da bu səbəbdən idi.

Birincilər dünya xalqlarının rəqslərini də məharətlə ifa etdilər. Türk, özbək, ispan, rus xalq mahnıları bu xalqların milli geyimlərində təqdim olunmaqla, tamaşaçıların alqışları ilə qarşılandı. Azərbaycan xalq mahnısı “Uzundərə” isə milli rəqslərimizin ruhunu xarakterizə etmək baxımından diqqətçəkən oldu.

Ədəbi – bədii kompozisiyanın finalı daha maraqlı məqamlarla zəngin idi. Birincilər səhnəyə hərbi geyimdə, hərbi marşla - “Əsgər marşı” sədalar altında, mətin addımlarla daxil oldular. Onlar səhnədə ifa etdikləri vətənpərvər ruhlu şeirlərlə özlərinin vətən sevgilərini, eləcə də gələcəkdə əsgər kimi Vətənin müdafiəsinə hazır olduqlarını qürur hissi ilə dilə gətirdilər. Bu məqamda monitorda nümayiş olunan kadrlar birincilərin bu günlərdə Bakının Dağüstü parkında yerləşən “Şəhidlər xiyabanı”nı ziyarət etdiklərini nümüyiş etdirdi. Onlar şəhid məzarlarına gül – çiçək dəstələri düzməklə, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımıza öz ehtiramlarını göstərdilər.

Qeyd edim ki, Əsmayə İsmayılovanın birinciləri yaşlarına rəğmən hazırlıqlı, hazırcavab, verilən tapşırıqları yüksək səviyyədə icra edən, onlara yaradıcı yanaşan şagirdlər təsiri bağışladılar. Onların geyimləri, seçib ifa etdikləri mahnılar, şeirlər, rəsqlər, səhnəciklər, ümumilikdə kompozisiya təşkil etməklə, maraqlı nüanslarla tədbiri zənginləşdirirdi. Elə tədbir haqqında fikirlərini bölüşən məktəbin təşkilatçı – müavini Şəmsiyyə Azəri, ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Şərqiyə Gəncəliyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, ibtidai siniflər üzrə direktor müavini Elnurə İsmayılova, coğrafiya müəllimi Məleykə Əliyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Elçin Hüseynov, dil - ədəbiyyat müəllimi Fəridə Məhərrəmova, fizika müəllimi Afaq Nəbiyeva şagirdlərin səhnə mədəniyyətindən, öz fikirlərini sərbəst və yaradıcılıqla ifadə etmək bacarıqlarından, məharətli rol ifalarında, eləcə də vətənpərvərlik hisslərinə sahibliklərindən bəhs etdilər. Vurğuladılar ki, bu hisslərin, bacarıq və qabiliyyətlərin aşılanması, istedad və yaradıcılıq imkanlarının meydana çıxarılması Əsmayə İsmayılovanın yüksək peşəkarlıq səviyyəsinin göstəricisi kimi dəyərləndirilə bilər.

Məktəbin direktoru Mahirə Qocayeva da səhnə tərtibantından tutmuş, şagirdlərin geyiminə, ifa tərzlərinə, ədəbi – bədii kompozisiyanı məharətlə idarəetmək qabiliyyətlərinə heyran olduğunu dilə gətirdi. Qeyd etdi ki, Əsmayə İsmayılovanın hazırladığı tədbirlər hər zaman özünün böyük məna tutumu, mənəvi dəyəri, ictimai əhəmiyyəti ilə diqqəti cəlb edir. O, bütün uşaqları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar dilədi. Hər bir uşağa ailə saədəti, firavan həyat arzuladı.

Təhsil Şurasının katibi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı vurğuladı ki, bu gün Əsmayə İsmayılova şagirdlərinə bəslədiyi sonsuz sevgidən çələng hörüb onların boyununa taxdı. Onun hər bir şagirdi bu tədbirdə özünün bir qabiliyyətini nümayiş etdirdi. Ədəbi – bədii kompozisiyada sinfin bütün şagirdlərinin bu və ya digər formada yer alması, şagirdlərin hər birinin təlimdə fəal olduqlarını deməyə əsas verir. Onlar iki saat ərzində özlərinin vətən, ana, insanlıq sevgilərini namayiş etdirməklə, gələcəyin layiqli vətəndaşı olacaqlarına inam yaratdılar. B.Mikayıllı Əsmayə İsmayılovanı təcrübəli müəllim kimi xarakterizə edərək, onun ictimai işlərdə, elmi – təcrübi konfranslarda, təlimlərdə fəal iştirak etdiyini, bununla da öz peşəkarlıq səviyyəsini daim təkmilləşdirdiyini, nəticə etibarilə təlimdə uğurlar əldə etdiyini vurğuladı.

Sonda çıxış edən Əsmayə İsmayılova vurğuladı ki, hazırladıqları bu ədəbi – bədii kompozisiya ilə dünyaya sülh çağırışı ünvanlamağı nəzərdə tutublar. Bu, onların ürəklərindən gələn böyük bir istəkdir. Qoy həmişə sülh olsun, deyə Əsmayə İsmayılova vurğuladı. O, tədbirin təşkildə zəhməti olan hər kəsə, o cümlədən yaratdığı şəraitə görə məktəbin direktoru Mahirə Qocayevaya, birincilərin ingilis dili müəllimləri Mələknisə və Yetər müəllimə minnətdarlıını bildirdi.

Ədəbi – bədii kompozisiya şagirdlərin ifasında vətənpərvərlik ruhlu mahnı ilə sona çatdı.


Böyükaga MİKAYILLI

Комментарии