"MƏNƏVİ BORCUMUZ"

Bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan Ramazanovanın iş təcrübəsindən bəhs edir.
Şəcahan Ramazanovanın dərsləri mənə hər zaman müəllim və şagird arzularının ən yüksək səviyyədə ifadəsi təsiri bağışlayıb. Dərslərini izlədikcə məni bir sual həmişə düşündürüb: müəllimin öz şagirdlərini bu qədər yaxından tanıması, onların hər biri ilə “öz dilində danışması”, şagirdlərinin hər birini, sözün həqiqi mənasında sözsüz anlaması, özünə qarşı yarada bildyi şagird sevgisi görəsən nə ilə bağlıdır? İllərin müşahidələri məndə belə bir qənaəti hasil edib ki, müəllimin qazandığı şagird sevgisinin, qarşılıqlı anlaşmanın əsası müəllimin pedaqoji – psixoloji, metodiki hazırlığı, o cümlədən şagird qəlbini, arzu və istəklərini anlayıb, dərs prosesini məhz bu anlayış üzərində qurmağı, qarşılıqlı anlama prinsiplərini dərsin sütununa çevirməyi bacarmasıdır. 
Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan Ramazanova bütün dərslərini, bir qiymətli fikirdə deyildiyi kimi, əsl yaradıcılıq əsərinə çevirməyi bacarır. Həm də bunu o səviyyədə etməyə nail olur ki, onun hər şagirdi özünü bu əsərin bir qəhrəmanı rolunda hiss edə bilir. Elə şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sinifdə tətbiq etdiyi layihəyə diqqət yetirək. Təcrübəli müəllim mütaliə yolu ilə balaca fidanlarının qarşısında dünyanın sirli – sehrli mənzərələrini açmaqla, onların fikir və düşüncələrində həyat haqqında təsəvvürlərinin formalaşmasına, tükənməz arzu və istəklərinin, ruh yüksəkliyinin yaranmasına təkan verir. Əlbəttə ki, müəllimin sinifdə yaratdığı bu mühit bütünlükdə şagirdlərin mənəvi dünyasında əks – səda verməklə, onların tədris nəticələrində özünü göstərməkdədir.
Diqqətimi bu illər ərzində cəlb edən bir məqam da Şəcahan Ramazanovanın uşaqlar üçün qələmə aldığı hekayələr, bədii nümunələr olub. Uşaq dünyasının, uşaq qəlbinin incəliklərini, onun arzular dünyasını dərk edən müəllimin hər bir hekayəsindən həm də uşaqlara, təbiətə, Vətən torpaqlarına, onun suyuna, çiçəyinə, daşına böyük sevgi ətri duyulmaqdadır. Bu hekayələrin sadə, uşaqlar tərəfindən anlaşılan dili müəllifin uşaq dünyasına bələdliliyində soraq verir. Filosoflardan birinin dediyi kimi, fikir nə qədər sadə olsa, o qədər yaxşıdır, artıq bəzək – düzək onu ağırlaşdırır. Əslində bu fikri Şəcahan müəllimin pedaqoji fəaliyyətinin mayası hesab eləmək olar. İzlədiyim dərslərində onların çəkdikləri rəsmlərə, yazdıqları kiçik hekayələrə, məktublara, ifa etdikləri mahnılara da şahidlik etmişəm. Onların hər birinin daşıdığı böyük məna balaca fidanların sahib olduqları böyük ürəklərindən doğulmaqla, həm də onların sabaha inamlarını ifadə edirdi. İnam aşılamaq da müəllimin böyük nailiyyətidir. Bu gün sinifdə müəllimin yaratdığı inam hissi, sabahkı günün uğuru üçün stimuldur. İnam hissi ilə keçən günlər, xarakterdə formalaşan inam hissi hər bir gəncin gələcək həyatı üçün təməldir. Şəcahan Ramazanova kimi müəllimlər yetirmələrinin məhz belə xarakterdə formalaşmasını qarşıya məqsəd kimi qoyurlar. Onların yalnız bu günkü deyil, illər sonra əldə edəcəkləri uğurların da təməlində, heç şübhəsiz ibtidai sinif müəllimi, onun yaratdığı təməl dayanır. Mən onun dərslərində həmişə sanki “müəllimlik melodiyası” dinləmişəm. Bu melodiya ürəkdən gələn elm, təhsil, insanlıq sevgisi kimi məni özünə cəlb edib. Elə bu yaxınlarda Şəcahan Ramazanova şagirdləri ilə birgə qonağı olduqları Bakı şəhəri 3 nömrəli xüsusi internat məktəbinə də özləri ilə birlikdə ürəklərində böyük bir sevgi aparmışdılar. Onlar öz yaşıdları ilə görüşə böyük şövqlə hazırlaşmışdılar. Geyindikləri milli libas onların ifa edəcəkləri mahnılar, rəqslər, səhnəciklərlə ahəngdarlıq təşkil edirdi. Simalarından bir də öz işlərindən məmnunluq ifadəsi oxunurdu. Axı onlar bu gün xeyirxahlıq missiyası daşıyacaqdılar. Öz həmyaşıdları qarşısında konsert proqramı ilə çıxış edəcək, onlara könül xoşluğu yaşadacaqdılar. Əslində bu, Şəcahan Ramazanovanın müəllimlik missiyasının tərkib hissəsidir desəm, yanılmaram. Biz, müəllimin qarşısında dayanan ən mühüm vəzifələrdən bəhs edərkən onun vətəndaş hazırlığı missiyasını ön plana çəkirik. Bu barədə çox danışırıq. Amma əksər hallarda bunu nəzəri baxımdan deyib ötürük. Bəzi hallarda isə ən gözəl tərbiyənin nümunə olduğunu unuduruq. Şəcahan Ramazanova və onun üçüncülərinin missiyası isə tam fərqlidir. Onlar məktəbdə öyrəndiklərini həyatla əlaqələndirməyə alışıblar. Bu konsert proqramı da bu məqsədə xidmət edirdi. Xeyirxahlıq insan şəxsiyyətinin ən ali mənəvi keyfiyyətidir. Uşaqlıqdan aşılanan bu hiss insanın şəxsiyyət kimi formalaşmasında, onun ətrafdakı insanlar, cəmiyyət üçün layiqli şəxsiyyət olmasında, eləcə də öz xoşbəxtliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. İnsan başqalarına qarşı xeyirxahlıq edəndə özü də mənəvi rahatlıq tapır. Xeyirxah insan el – oba içində də ehtiramla qarşılanır. Dünyamız xeyirxah insanlara, xeyirxahlığa ehtiyac duyur. Necə ki, görüşü açıq elan edən Şəcahan müəllim də bu məqama xüsusi diqqət yetirdi. Vurğuladı ki, qayğıya ehtiyacı olan insanları yad etmək hər kəsin mənəvi borcudur. Uşaqlıq sirli – sehrli bir aləmdir. Hər bir uşaq öz uşaqlıq dövrünü, bu aləmi yaşamaq hüququna malikdir. Uşaqlar dünyanın mələkləridir. Yaşından, irqindən, fiziki qüsurundan asılı olmayaraq, hər bir uşaq bir evin ümidi, gələcəyi, ürəyimizin bir parçasıdlr. Şəcahan Ramazanova üçüncülərin bugünkü tədbiri keçirməkdə məqsədlərini də dilə gətirdi. Söylədi ki, layihəni həyata keçirməkdə məqsəd şagirdlərinin 3 nömrəli internat məktəbin ibtidai sinif şagirdləri ilə həmrəy olduqlarını ifadə etməkdir. Onlar tək deyillər. Onların arxasında Azərbaycan dövləti dayanır. Bu gözəl balalara hər bir azərbaycanlının qəlbində yer var. Düşünürəm ki, buradakı uşaqların hər biri böyüyüb xalqımıza, Vətənimizə, ailələrinə layiqli vətəndaşlar olacaqlar. Həyatda öz yerlərini tutacaqlar. O, bu layihəni həyata keçirməkdə göstərdiyi dəstəyə görə, 3 nömrəli internat məktəbin direktoru Bahar Kərimovaya, məktəbin tədris işləri üzrə direktor müavini Mülayim müəllimə, eləcə də Aygün müəllimə, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllıya minnətdarlıını bildirdi.
Sonra söz şagirdlərə verildi. Aparıcılar Teymur Ağazadə və Fatimə Abdurəhmanova təqdim edəcəkləri proqramın anonsunu verdilər. Fuad Alxas, Əziz Babayev, Teymurxan Babayev, Bayram Bayramov, Rüfət Cəfərli, Nihad Cəfərov, Fatimə Camalzadə, Uğur Əmirli, Aynur Əmiraslan, Davud İbrahimli, Murad İsmayıllı, Ömər Kazımzadə, İsmayıl Qarazadə, Ayxan Qənbərov, Rəşid Məmmədov, Aydın Məmmədov, Nihal Məhərrəmov, Ümid Müzəffərli, Nəzrin Mirzəyeva, Bəylər Nəbizadə, Ömər Nusal, Firat Rəhimli, Mədinə Süleymanova, Fərid Vəliyev, Miratilla Yusifli milli libasda səhnəyə çıxıb bir – birindən maraqlı nömrələrin nümayişinə başladılar. İfa olunan milli rəqslər, söylənilən şeirlərlə şagirdlər Vətənə, bəşəriyyətə, insanlığa özlərinin ürəkləri qədər böyük sevgilərini ifadə edir, həm də bilik və bacarıqlarını nümayiş etdirirdilər. Üçüncülər öz ifaları ilə həm də üç il ərzində öyrəndiklərinin hesabatını verdilər. Yalnız tədris proqramında verilənlərlə kifayətlənməyib, zəngin mütaliə sayəsində geniş biliklər əldə etdiklərini, Azərbaycan incəsənətinin, mədəniyyətinin, folklorunun, musiqisinin çox əhəmiyyətli nümunələrini mənimsədiklərini sübut etdilər. Onlar teatrlaşdırılmış ədəbi – bədii kompozisiya, maraqlı ifa tərzləri ilə öz həmyaşıdlarının ürəklərini riqqətə gətirdilər, onlara böyük sevinc hissi yaşatdılar. Bu görüş Şəcahan müəllim və onun yetirmələrinin arzularının ifadəsi idi...

Böyükağa MİKAYILLI

Комментарии