“Dünyanın təhsil mənzərəsi”
Növbəti yazım Suqata Mitranın “Bulud məktəbi” haqqında olacaq...
Mitra hesab edir ki, müasir məktəb proqramları məlum faktlar əsasında deyil, cavabı hələ ki, bəlli olmayan suallardan hazırlanmalıdır.
Suqata Mitra məruzələrinin birində deyir: “Bir dəfə Hindistanda şagirdlərimdən soruşdum – “Siz kompüterdən istifadə edə bilirsiniz?” Uşaqlar, bəli bacarırıq dedilər. Bu zaman – “Saat neçədir? deyə soruşdum” Uşaqlar – saat 4-ə 20 dəqiqə qalıb, dedilər.” Mən soruşdum, onlar bilirlərmi, dünyanın müxtəlif yerlərində zaman fərqlidir. Məsələn, indi Nyu-Yorkda tamamilə fərqli bir vaxtdır. Əvvəlcə uşaqlar mənə inanmadılar. Mən onlara, özünüz yoxlayın dedim. Onlar internetdən istifadə etməklə bir neçə dəqiqəyə aydınlaşdırdılar ki, Yer Günəş ətrafında fırlandığı üçün dünyanın müxtəlif nöqtələrində zaman fərqi mövcuddur. Mən gördüm ki, şagirdlərim bunu cəmi 10 dəqiqə ərzində müəyyən etdilər. Bəs bunu onlara kim öyrətdi? Əlbəttə ki, internet. Maraqlı burasıdır ki, şagirdlər bu informasiyanı ingilis dilini bilmədikləri halda əldə edə bilmişdilər. Mən bunu “Özünütəşkil edən təhsil mühiti” adlandırıram.
Mitra belə hesab edir ki, bu ortamı yaratmaq çox asandır. Əgər sizin sinifdə 20 şagird varsa, siz onlara internetə bağlı olan 5 kompüter verin və çətin, maraqlı suallar qoyun. Başqa heçnə lazım deyil. Sadəcə olaraq onları təklikdə, informasiya mənbələri ilə baş-başa buraxın. Siz sadəcə bir faktla qarşılaşacaqsınız: heyrətamiz nəticə ilə.
O, İngiltərədə işləyərkən doqquz yaşlı uşaqlardan – dırnaqlarınızın kəsliməsini dayandırsanız nə baş verər? deyə soruşur. Uşaqlar öncə cavab verirlər ki, dırnaqları sonsuza qədər uzanacaq, amma sonra onlar belə qərara gəldilər ki, uzanma nəhayət ki, dayanacaq. Onlar daha bir neçə versiya irəli sürürlər. Sonra Mitra onlara internetdə axtarış aparmağı tapşırır və sinfi yarım saatlıq tərk edir. Mitra sinfə qayıdarkən uşaqların biologiya, antropologiya, təkamül nəzəriyyəsi və digər elmlərin sintezindən yaranan cavabları ilə qarşılaşır. Onlar böyükləri belə təəccübləndirəcək cavablar hazırlamışdılar.
Bu təcrübə Suqata Mitranın nəzəriyyəsinin təsdiqi baxımından bir daha diqqəti cəlb edir: Uşaqlar böyüklərin nəzarəti olmadan nə lazımdırsa onu da öyrənə bilərlər.
Bu, əsl “Özünütəşkil edən təhsil mühiti”dir. Əslində bunun necə baş verdiyini anlamaq çətindir. “Çiçək haradan bilsin ki, o nə üçün simmetrikdir?” Yaxud bir quş səmada hara və niyə uçduğunu nədən bilir? Bunun üçün onu kimsə öyrətməyib. O, özü öyrənib. Əgər siz uşaqlar üçün də belə bir ortam yaratsanız, onlar hər şeyi özləri öyrənəcəklər. “Özünütəşkil edən təhsil mühiti”nə gəldikdə isə, müəllim ilk növbədə şagirdlərinə, “İrəli gedin, mən də sizinlə birlikdə gedirəm” deməyi bacarmalı və buna əməl etməlidir. Amma şagirdlərinin yanında asılıb qalmamalı, onları öz bilikləri ilə yükləyib, çoxsaylı informasiyalar altında əzilmələrinə imkan verməməlidir. Hər bir dərs səyahət xarakterli olmalı, müəllim isə şagirdlərin dostu və yolgöstərəni qismində çıxış etməlidir, nəinki, onlardan nəticə tələb edən müfəttiş.
Bəs belə bir təhsil modelini necə təşkil etmək olar? Bu, bizim özümüzdən asılıdır. Əgər istəsək, nəinki bunu, özümüz də maraqlı modellər qura bilərik. Bunun üçün bizim istəyimiz, dünyanın təhsil təcrübəsinin tarixini və bugününü, müəllim, şagird və valideynlərin arzu və istəklərini, cəmiyyətin tələblərini bilmək lazımdır.
Qeyd edim ki, bu təhsil modelinə qoşulmaq üçün heç bir zaman və məkan məhdudiyyəti yoxdur. Uzaq məsafədən, videoəlaqə vasitsilə “Bulud məktəbi” ilə əlaqə saxlamaq mümkündür.
Mel.fm bloqu yazır ki, öz tədqiqatlarının nəticələrinə və dünyada uşaqlarla iş sahəsində çoxillik təcrübəsinə əsasən Suqata Mitra bu məktəbi “Bulud məktəbi” adlandırıb. Bəllidir ki, bu, adi məktəblərdən fərqlənir. Bura uşaqların internetlə biliklər əldə edib işlədikləri məkandır. Burada ən başlıca məsələ düzgün sual verməkdir. Bloq daha sonra bildirir ki, Suqatanın metodu ilə işləyən uşaqlar informasiyanı daha tez mənimsəyib, yadda saxlayır, ünsiyyət qurmaq, komanda ilə işləmək bacarığına malik olurlar. Bununla yanaşı, bloq yazır, “Bulud məktəbi”nin metodu ilə işləyən müəllimlər də tamamilə fərqlidirlər. Onlar şagirdlərə suallar verir, lakin onları qətiyyən təzyiq altında saxlamırlar. Bu, ən vacibidir.
Suqata Mitranın fikrincə, müasir təhsilin problemi dünyanın yüz minlərlə məktəbinin müasir çağırışlara cavab verməyən köhnə standartlarla işləməsidir. Uşaqları 50, 100 il əvvəl necə öyrədirdilərsə, bu gün də elə öyrədirlər, amma dünya çoxdan dəyişib. Məktəb divarlar əhatəsindən çıxmalıdır. Bu gün peşələrin əksəriyyətini kompütersiz, internetsiz təsəvvür etmək mümkün deyil. Bizim başlıca işimiz təhsilin dünyanın müasir çağırışlarına uyğunlaşdırılmasıdır.
Suqata Mitra yazır: “Mən hesab edirəm ki, kompüterdə işləmək və kommunikativ bacarıqlar təhsildə əsas məsələ kimi diqqətdə saxlanmalıdır. Ona görə ki, məhz bunların sayəsində müasir dünyada insan nə lazımdırsa onu öyrənə bilir. Əgər uşaqlara sual verib desəniz ki, bunun cavabını heç kəs bilmir – onlar cavabı tapacaqlar. Onlar qoyulan suala cavab verib, yollarına davam edirlər. Yoxlama işini, yaxud imtahan nəticələrini yoxlayarkən diqqət yetirmək lazımdır ki, şagird məsələnin həllinə necə yanaşıb. Bu gün google sizin üçün istənilən səviyyədə sualın həllində yardımçıdır. Biz şagirdləri elmə həvəsləndirdikcə, onların qarşısında, şübhəsiz, yeni üfüqlər açırıq.”
Bu yazıda dünya şöhrətli təhsil tədqiqatçısı Suqata Mitranın tədqiqatlarının bir qismi haqqında məlumat verəcəyəm. Suqata Mitranın arzusu “Bulud məktəbi” yaratmaq idi. O, elə bir məktəb qurmaq arzusunda idi ki, burada uşaqlar həm müstəqil olaraq bilik əldə etsinlər, həm də bir-birindən öyrənməyi öyrənsinlər. Suqata Mitranın bu ideyası insanın daxili aləminin, bilik və bacarığının üzə çıxarılması baxımından diqqətə layiqdir. Bizim beynimiz boş deyil, orada bilikləri qavramağa hazır olan “mexanizm” var. O mexanizm işə düşdükdə beynimiz bilikləri qavrayır və onu rahatlıqla da ötürür.
Buna görə də belə bir sual hər zaman aktualdır: Siz nə üçün dinləməlisiniz?
1999-cu ildə Suqata Mitra və onun həmkarları maraqlı bir layihə düşünüb meydana gətirdilər. Onlar Nyu-Dehlinin qəsəbələrindən birində sərhədi olan divarın içində bir çuxur qazaraq, internetə qoşulan bir kompüteri orada quraşdırdılar. Ərazinin gizli bir kamera ilə çəkilişini təşkil edib oradan uzaqlaşdılar. Suqata Mitra və onun həmkarlarının məqsədi nə idi? Onlar küçədə oynayan uşaqların kompüterlə davranışlarını müşahidə etməklə, əslində gələcəyə hesablanmış bir layihənin əsasını qoyurdular. Beləliklə, Suqata Mitra və onun həmkarlarının müşahidələrinə diqqət yetirək: Küçədə uşaqlar kompyuterlə oynayır, proses zamanı ondan istifadə etməyin yollarını öyrənir və nəticədə bir-birilərini öyrədirlər. Suqata Mitra və onun həmkarlarının nəzərdən keçirdikləri “Çuxur təcrübəsi” kimi tanınan bu məşhur təcrübədən sonra belə qərara gəldilər ki, hətta nəzarət və formal təhsil olmasa belə, uşaqlarda hansısa məsələ maraq doğurduğu təqdirdə, onlar həm özləri öyrənir, həm də bir-birilərini öyrədirlər. Hazırda Nyukasl Universitetində təhsil texnologiyaları üzrə professor kimi çalışan Mitra bunu "minimal invaziv təhsil" adlandırıb.
Mitra hesab edir ki, özünütəşkiletmə təlimi təhsilin gələcəyini müəyyən edəcək. O, TED2013-də TED mükafatı üçün cəsarətli bir ideya irəli sürdü: mənə uşaqların sərbəst şəkildə özlərini və bir-birlərini öyrədə, həmçinin dünyanın bulud qaynaqlarından istifadə edə bilmələri üçün buludda bir məktəb yaratmağıma kömək edin. Bu ideya cəsarətli olmaqla bərabər, həm də ciddi əsaslandırma tələb edirdi. Mitra bunu sübut edirdi. Əsaslandırırdı ki, uşaqlar özləri özlərini yaxşı öyrədə bilirlər. Bunun üçün onun əlində kifayət qədər sübutları var idi.
Bu gün artıq “Bulud məktəbi” dünyanın yeddi məkanında mövcuddur. Onlardan 5-i Hindistanda, 2-si isə Böyük Britaniyadadır. Bulud onlayn platforması eyni zamanda, dünyanın müxtəlif ölkələrindən, eləcə də Kolumbiya, Pakistan və Yunanıstandan olan tələbələrə elmi laboratoriyalar və proqramlarda iştirak etməyə imkan yaradır. Bu, həmin ölkələrin gəncləri üçün çox yüksək imkanlar deməkdir. Onlar Bulud məktəbinin sosiallaşmağa açdığı qapıdan böyük məmnuniyyətlə daxil olurlar.
2016-cı ildə Mitra Hindistandakı bulud məktəbində ilk konfrans təşkil etdi. Bu konfrans “Bulud məktəbi”nin məqsəd və məramının açılması, Suqata Mitra və onun komandasının həyata keçirdiyi işlərin izahı baxımından əhəmiyyətli idi. Konfransda çıxış edən Suqata Mitra bu günə qədər məktəbdə 16.000-dən çox fərdi dərs keçirildiyini və dünyanın müxtəlif guşələrindən uşaqların bu yeni təhsil modelinə doğru addım atdıqlarını, ona maraq göstərdiklərini vurğuladı.
Mitra iddia edir ki, informasiya inqilabı təhsilə əvvəllər mövcud olmayan yeni bir stil, yenilik gətirib. Bu baxımdan “Bulud məktəbi”nin də qarşısında yeni perspektivlər açılır.
Biz insanlar...
Öz yaradıcılıq potensialınızı artırmaq və ən yaxşı əməkdaş olmağı istəyirsinizmi? Bunun üçün səmanın nə üçün mavi olduğunu düşünün.
Suqata Mitra soruşur: Yəqin ki, siz arxası üstdə otların üstündə uzanıb səmaya baxaraq, səma nə üçün mavidir və ya Kainat harada başlayıb harada sona çatır kimi sualları ozünüzə vermisiniz. Bu cür suallar yalnız uşaqlar üçün deyil, böyüklər üçün də maraqlıdır. Mitra hesab edir ki, insan öz daxilindəki uşaq aləminə uğrayaraq əsas bacarıqlarını formalaşdıra bilər. Bəs buna necə nail olmaq mümkündür? Mitra bu sualları cavablandırıb TED mükafatına layiq görüldü.
Bunu necə etmək olar?
Suqata Mitra, birinci addım olaraq maraqlarınız üçün bir saat vaxt ayırın deyir və onu belə əsaslandırır:
“Bulud məktəbi”nin əsasında məlum sessiya olaraq bilinən sadə bir üsul dayanır. SOLE özünü təşkil edən öyrənmə mühiti deməkdir və özündə iki vacib keyfiyyəti: maraq və internet informasiyasını birləşdirir. Seans insanları düşünməyə vadar edən belə suallarla başlayır. Əgər həşəratlar məhv olarsa, nə baş verə bilər? yaxud, dillər nə üçün ölür? Uşaqlar 4-5 nəfərlik qruplarda 40 dəqiqə ərzində onlayn tədqiqatlar aparırlar. Bu zaman onlar bir ədəd kompüterdən istifadə edərək öz nəticələrini qeyd edirlər. Sonda bütün qruplar 20 dəqiqəlik birləşərək, öz tapıntıları haqda müzakirələr edirlər.
Bəs nə üçün daha çox ciddi işlərlə məşğul olan böyüklər bu cür suallara vaxt ayırmalıdırlar? Suqata Mitra bunu belə cavablandırır: Çünki böyüklərin əksəriyyəti vaxtlarının çox hissəsini informasiya şəbəkələrinin məngənəsində keçirirlər və bu vəziyyətdən bir az kənara çıxmaq, əlbəttə ki, məqsədəuyğun hesab olunur. İnsan həqiqətən də ancaq bilik arxasınca gedirsə, o, mütləq axtardığını əldə edir, yeni məlumatlar qazanır, buna şübhə yoxdur. Bəzən orta məktəbdə oxuduğunuz, üzərindən səthi keçdiyiniz, unutduğunuz biliklərlə qarşılaşır və onları mənimsəyirsiniz.
Sessiya üçün tədqiqat apararkən, lazım olan bilikləri – informasiyanı tez və etibarlı şəkildə əldə etmək, tənqidi düşünmə üçün bir neçə mənbəyə müraciət etməyə məcbur olacaqsınız. Başqaları ilə birlikdə işləməyin əhəmiyyəti budur ki, siz bilmədiklərinizi öyrənəcək, həmçinin öz bildiklərinizi öyrədəcəksiniz.
İkinci addım: Sual vermək üçün əhatəli düşünmək lazım gəlir.
Müəyyən yaş həddinə çatdıqdan sonra böyüklər çətin suallar verməkdən imtina edir. Bununla yanaşı, cavablandırmaq üçün çoxlu təxirəsalınmaz peşəkar və şəxsi suallarla da qarşılaşmaq mümkündür. Mitra deyir ki, böyüklər həyatın daha çox praktik cəhətləri ilə maraqlanırlar. “Əgər kimsə bir ev almaq üçün daha sərfəli bir yol deyirsə, bu sual bizim üçün daha çox maraq kəsb edərdi. Amma əgər eyni adam, nə üçün biz mağaraları tərk edib evlərdə yaşayırıq kimi, sualını versəydi, bu sual o qədər də maraq doğurmazdı". Beləliklə, siz özünəməxsus dolğun suallarınızı necə müəyyənləşdirə bilərsiniz ki, nəyisə müəyyən edə və tədqiqat apara biləsiniz? Çünki sizin tədqiqatınız bu suallarınızdan asılı olacaq. Ən sadə yol budur ki, uşaqdan soruşasınız. Yaxud son anda niyə hıçqırdığınız haqda düşünəsiniz. Və bu an sizə bir sual daxil olur. – Avtomobiliniz necə işləyir? Bunu sizə uşaqlardan hansısa biri göndərə bilər. Qrupla işləyərkən elə suallardan istifadə etmək lazımdır ki, onun cavabları asanlıqla tapılmasın, düşüncə, məntiqi təfəkkür tələb etsin. Məsələn, Mitra bu yaxınlarda direktorlar üçün idarə etdiyi yeganə məktəbdə onlara gələcəkdə hansı imtahanların olacağı ilə bağlı sual ünvanlamışdı.
Üçüncü addım: Razı qalmamaqla razılaşın.
Podovşa – təcrübə üçün təhlükəsiz bir yerdir. Bunu idarəetmə mütəxəssisi Marqaret Xefferman “Konstruktiv münaqişə” adlandırır.
Münaqişə və qarşıdurmalar qaçılmaz qüvvələr olub tədris və innovasiyaları sanki qidalandıraraq və sizi alternativ baxışları, yanaşmaları nəzərdən keçirməyə məcbur edəcək. “İştirakçılar fikirlərini söyləməyi və başqalarına bənzəməyə çalışmamağı xatırlamalıdırlar” – Mitra deyir. Bu dəlil biz böyüklərə də ənənəvi səxavətliliyi və daha da güclü olan qorxumuzu - başqasının yanında axmaq yerində qalmamaq qorxusunu aşmağa kömək edə bilər. Yetkin insanlarda tez-tez hər şeyin gərgin olduğu dövrlər olur. Biri deyir: “Mən heç nə bilmirəm” və ya “Mən bu haqda heç nə bilmirəm” – deyir Mitra. Hər yerdə xoş qarşılanmaq üçün insanlara güvənin. (Podovşa – kompüterləri yerləşdirmək üçün düzəldilən yuvalar )
Dördüncü addım: İzdihamın hikmətinin rəsmini çəkin.
Prosesdə rəqabətlə qarşılaşacağınız labüddür. Böyüklərin əksəriyyəti tək işləməyə alışıb. Onların heç də hamısı eyni işi bir yerdə görməyə həvəsli deyillər.
Əgər insanlar eyni vəzifələrə sahibdirlərsə, düşünülmüş və ya düşünülməmiş şəkildə rəqabətə meyilli olurlar. “Qarışqaların körpü tikməklərinə diqqət yetirin. Heç bir qarışqa tək işləmir, körpünü min qarışqa birlikdə qurur”- deyə Mitra bildirir. Mitra İngiltərədə, təhsil texnologiyaları üzrə professoru olduğu Nyukasl Universitetində 15 professorun iştirakı ilə bir qrupda keçirilən sessiyada dərhal belə bir mənzərəni müşahidə etdi. Burada hər bir iştirakçı suallarını aldıqdan sonra hər biri öz kompüterini çıxartdı və tək işə başladı. O, bu qrupu bir kompyuterlə məhdudlaşdırdı. Hindistan, Böyük Britaniya və ABŞ-ın bulud təhsili laboratoriyalarında da eyni təcrübəni yerinə yetirdi. Bu zaman dinamika dəyişdi. Mitra həyata keçirdiyi təcrübələrinə rəğmən əmindir ki, onlar bu fakt üzrə qrupda işləsəydilər, daha tez və dəqiq cavab ala bilərdilər.
Beşinci addım: Lazım olduğu qədər təkrarlayın.
Böyük Britaniyadakı qocalar evində sesiya iştirakçıları bir-birlərinin güclü tərəflərini necə istifadə etmək bacarıqlarına görə diqqət çəkdilər. Brexitin necə nəticələnəcəyini müzakirə edirdilər. "Bir qrupda bir qadın və üç kişi var idi, qadın parkinson xəstəsi idi. O bildirdi ki, əlim siçanı istifadə edəndə çox əsir, amma çox yaxşı oxuyuram "-Mitra xatırlayır. Beləliklə, kişilərdən biri siçana nəzarət edir, qadın isə yüksək səslə oxuyur. Qrup standart cavablardan çox-çox kənarda olan canlı müzakirələr şəraitində işləyib fəaliyyətini sona çatdırdı.”
“Çox qəribədir, bizim ağlımız, həyata baxışlarımız zamanla dəyişir. Həyat uşaqlıq dövrümüzdəki vəhşi maraqlarımızı əlimizdən alır”-deyə Mitra bildirir. "Mən böyük suallar verməyi daha üstün hesab edirəm” Mitra fikrini tamamlayır.
Böyükağa MİKAYILLI
Mənbə:
1. https://www.ted.com/speakers/sugata_mitra
2. http://soloneba.com
3. https://mel.fm/blog
Комментарии
Отправить комментарий