BİR DÖYÜNƏN ÜRƏKLƏRDƏN QOPAN SƏS

Bu yazı Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin müəllimi Ləman Azadovanın dördüncülərinin təqdim etdikləri "Hər zaman Günəş kimi işıq saçın" mövzusunda ədəbi - bədii kompozisiyaya həsr olunur.
Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ləman Azadovanın dördüncülərinin təqdim etdiyi “Hər zaman Günəş kimi işıq saçın” mövzusunda ədəbi – bədii kompozisiya ilk növbədə ona görə maraq doğurdu ki, hər bir şagird kompozisiyanın bir parçasına çevrilmişdi. Hər kəsin bir döyünən ürəyi tədbirin ahəngini yaradırdı. Geyimdən, səhnə tərtibatından, musiqi, rəqs, tamaşa seçimindən tutmuş, Ləman müəllimin uzaqdan “sözsüz işarələri” bu ahəngi nizamlayır, kompozisiyanı baxımlı, dinləməli, duyumlu bir əsər halına gətirirdi. Ləman Azadova dörd il ərzində öz yetirmələrindən ürəyi bir döyünən komanda yarada bilmişdi. Ədəbi – bədii kompozisiyanın hər məqamından bu komandanın birliyindən yaranan aləmi seyr etmək mümkün dir. Onlar hər biri ayrılıqda Günəşin bir zərrəsi kimi görünsələr də, birlikdə, kompozisiyanın adından, fidanların simasından da göründüyü kimi, Günəş təki işıq saçırdılar.

Öncə Azərbaycanın Dövlət Himnini ifa etdilər. Xorla, eləcə də müəyyən məqamlarda solo ifa olunan Himn bir döyünən ürəklərdən qopan səs kimi ruhları oxşadı.

Ədəbi – bədii kompozisiyanın əvvəlində şagirdlər məktəbə qədəm qoyduqları dörd il əvvələ səyahət etdilər. İlk günləri xatırladılar. Yola saldıqları dörd ili vərəqlədilər. Bunu elə məharətlə etdilər ki, bu illərin, günlərin, ayların hər biri tamaşaçıların gözləri önündə kitab kimi vərəqləndi, kino lenti kimi ötüb keçdi, unudulmaz təəssüratlar yaratdı.

Mən Ləman Azadovanı Təhsil Şurasının təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi – təcrübi konfranslardan, təlimlərdən, seminarlardan tanıyır, həyata keçirdiyi tədbirləri sosial şəbəkələrdən ardıcıl olaraq izləyir, mətbuatda elmi – kütləvi, metodiki yazılarını oxuyuram. İştirak etdiyim bu tədbir Ləman Azadovanın pedaqoji fəaliyyəti haqqında nəzəri düşüncələrimə təcrübi olaraq aydınlıq gətirdi. Mən onu yenilikləri mütəmadi olaraq öyrənən, zəngin mütaliəyə, təlimdə ənənə və müasirlik prinsiplərinə sadiq, şagirdlərini əsl yaradıcı, layiqli şəxsiyyət kimi formalaşdırmaq istedadına malik müəllim kimi təsəvvür edirdim. Etiraf edim ki, dördücülərin də şəxsində məhz bu cəhətləri görmək mümkün idi. Diqqət yetirək: Şagirdlərin vərəqlədikləri dörd ilin xatirələri monitorda da əks olunmaqla, faktları genişliyi ilə meydana qoyurdu. Xatirələr dördüncülərin yalnız elmlərə yiyələnmələrini ehtiva etmirdi. Onların bilikləri necə əldə etmələrini də özündə yaşadırdı. Onlar öz xatirələrini nümayiş etdirdikləri səhnəciklərin, hikmətli ifadələrin, atalar sözlərinin, musiqinin dili ilə səsləndirir, simalarındakı ifadə ilə “Biz öyrənmişik, biz bilirik, biz xoşbəxtik deyirdilər.” Bəzən elə düşünürəm ki, əsl müəllimlik şagirdə elm axtarışları ilə yanaşı, xoşbəxtliyin mənəvi saflığa dayanan formulunu da anlatmaqdır. Ləman Azadovanın yetirmələrinin simasından bunu duymaq mümkün idi.

Onlar tədbirin hər anında müəllimlərinə daxili aləmlərindəki sevgini böyük ürəklə izhar edirdilər. Müəllim o şagirdindən sevgi, ehtiram gözləyə bilər ki, bunu zamanla ona aşılaya, onun qəlbində elm çırağı yandıra bilib. Biz, dörd ildə müəllimlərimizdən elmlə yanaşı, həyat həqiqətlərini, xeyirxahlığı, cəsarəti, gələcəyə inamı, Vətəni sevməyi öyrəndik, bütün bunların mahiyyətini dərk etdik, deyə dördüncülər vurğuladılar.

“Dahilər”, “Kərpickəsən kişinin dastanı”, “Riyazi anlayışların qurultayı”, “Ağac və torpağın söhbəti”, “Meyvələrin söhbəti” səhnəcikləri şagirdlərin yalnız yiyələndikləri elmdən, həyat həqiqətlərindən deyil, həm də onları sərbəst şəkildə təqdim etmək bacarıına malik olmalarından soraq verirdi. Məndə belə bir qənaət hasil olurdu ki, Ləman Azadovanın müəllim kimi ən ali məqsədi həyatın suallarından baş çıxaran, qarşıya çıxan maneələri aşmaq gücünə malik sağlam ruhlu şəxsiyyət hazırlığının təməlini qoymaqdır. Onlar ibtidai təhsil pilləsini başa vurmalarından böyük sevinc hisslərini ifadə edir, eyni zamanda qarşıda daha böyük tədris mərhələsinin gəldiyini yaxşı dərk etdiklərini vurğulayırdılar. Azərbaycan, ingilis, rus dilində ifa edikləri ənənədən, tariximizdən süzülüb gələn hikmətlərlə yanaşı, müasir dəyərləri də mənimsədiklırini hiss etdirən dördüncülər gələcəkləri haqqında nikbin düşüncəyə yol açırdılar. Kompozisiyanın finalında Ləman Azadovanın səhnəyə milli, hərbi geyimdə, əllərində bayraqla daxil olan məktəbəhazırlıq qrupu da, sanki bu nikbinliyi təsdiqləmək məqsədi daşıyrıdı. Onlar təqdim etdikləri “Turpun nağılı” səhnəciyi ilə maraqlı kompozisiya qurmağı bacardılar. Mən onların hər birinin simasında, davranışlarında dördüncülərdə müşahidə etdiyim inam və nikbin ruhu görürdüm. Bu, Ləman Azadovanın müəllimlik məramının siması idi.

Ədəbi – bədii kompozisiya Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Elnur Məmmədovun, Təhsil Şurasının katibi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllının, Təhsil Nazirliyinin nümayəndəsi Ramil Süleymanovun, məktəbin direktoru Natəvan Əsədovanın çıxışları ilə davam etdi. Onlar dördüncülərin çıxışlarından məmnunluq ifadə etdilər. Vurğuladılar ki, şagirdlər dörd il ərzində öyrəndiklərini böyük həvəslə ifadə etməyi bacardılar. Balaca fidanların yaradıcılıq potensialından, onların öz fikirlərini sərbəst ifadə etmək bacarıqlarından danışdılar. Qeyd olundu ki, bu gün dördüncülərin nümayiş etdirdikləri bilik və bacarıqların əsasında Ləman Azadovanın dörd illik zəhməti, layiqli vətəndaş hazırlığına yönəlmiş təlim – tərbiyə ideyası dayanır.

Doğrudan da, təcrübəli müəllimin təkcə ötən il ərzində həyata keçirdiyi tədbirlərin sırasına nəzər yetirdikdə, onların məzmunu, şagirdlərin bu tədbirlərdəki fəal iştirakı ilə tanış olduqda, əldə edilən nəticələrin qaynaqlandığı mənbə bir daha aydın olur. Dövlət Bayrağı Gününə, Ana dili Gününə həsr olunmuş ədəbi - bədii kompozisiyalar, muzeylər, tarixi yerlərə təşkil olunan ekskursiyaların hər biri düşüncələrdəki qığılcımı alovlandlrmağa, onların həyat, cəmiyyət haqqında təsəvvürlərinin formalaşmasına yol açır.

Qeyd edim ki, Binəqədi rayon 3 nömrəli tam orta məktəb bir sıra innovativ layihələrə qoşulub. “Sağlam təhsil – sağlam millət”, “Tarixi şəxsiyyətlərə sahib çıxaq”, “İstedadların hazırlığı laboratoriyası”, “Məktəb icması”, “Əsgərə məktub”, “Məktəblinin dostu”, “Sabahın alimləri”, “Tədrisin təmayüllər üzrə tədrisi”, “Ölkəmizi tanıyaq”, “Olimpiya hərəkatı”, “İntensiv təhsil”, “Ekologiya və sağlamlıq”, “Valideyn icması” və digər layihələr buna misal ola bilər. Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” şagirdlərin elmə, təhsilə marağının artmasında mühüm rola malikdir. Təsadüfü deyil ki, şagirdlərin fənn olimpiadalarında, Respublika müsabiqələrində, beynəlxalq idman yarışlarında, eləcə də ali məktəblərə qəbul imtahanlarında nəticələri hər il artan dinamika üzrə inkişaf edir. Bütün bunlar işə məsuliyyətli və peşəkar yanaşmanın nəticəsidir desək, yanılmarıq.

B.ƏLİAFAOĞLU

Комментарии