Yaponiyanın bəzi məktəblərində uşaqlar dərsə gələn zaman direktor və ya direktor müavini yaxınlıqdakı döngələrdə əllərində bayraq növbədə dayanırlar. Valideynlər də il ərzində növbə ilə bu funksiyanı yerinə yetirirlər. Daşıdığı vəzifədən asılı olmayaraq bütün valideynlər bu işi məsuliyyətlə görürlər. Bunun üçün dərs ilinin əvvəlində xüsusi qrafik tərtib olunur.
Yaponiyada orta təhsil sisteminin inkişaf etdirilməsi dövlətin qarşısında mühüm vəzifə kimi dayanır. Bunu ümummilli məsələ də hesab edirlər. Bunun bir sıra səbəbləri var. Onlardan biri də ölkədə olduqca mühüm hesab edilən biznes sahəsi üçün orta təhsili yüksək səviyyədə bitirmiş məzunlara olan tələbatdır. Bu sahəyə digər tərəfdən gənc fəhlələr də tələb olunur ki, onlar da əsasən orta təhsili yüksək səviyyədə bitirmiş məzunlardan seçilir.
Yaponiyada orta məktəb təhsili üç mərhələyə bölünür:
Birinci mərhələ 1-6-cı sinifləri əhatə edən ibtidai məktəbdir ki, yaponlar onu “syoqakko” adlandırırlar. 7-9-cu sinifləri əhatə edən “tyuqakko” orta məktəb pilləsidir. 10-12-ci, yəni yuxarı siniflər isə “kotoqakko” adlanır.
İbtidai və orta təhsil pilləsi Yaponiyada hər kəs üçün vacibdir. Təhsilin bu pillələri ödənişsizdir. 10-12-ci siniflərdə təhsil almaq isə vacib deyil. Şagirdlərin 95 faizi orta məktəb pilləsini bitirir. 48 faiz şagird 12-ci sinfi bitirdikdən sonra ikiillik kolleclərə və ya universitetlərə qəbul olurlar. Şagirdlər yuxarı siniflərdə, eləcə də universitetlərdə ödənişli əsaslarla təhsil alırlar. Amma dövlət müəssisələrində bu ödəniş aşağı səviyyədədir. Ölkədə eyni zamanda, ödənişli özəl ibtidai və orta məktəblər də var. Amma bütün ödənişli təhsil ocaqlarında ödənişsiz də, böyük güzəştlə də təhsil almaq mümkündür. Bunun üçün müəyyən zamanlarda təşkil olunan təqaüd müsabiqələrində qalib gəlmək lazımdır.
Yapon mənbələrində Yapon anaların öz övladlarının təhsili, onların uğurları qayğısına qalmaları haqqında oxuyarkən, əlbəttə ki, Azərbaycanlı anaların da onlardan geri qalmadığını düşündüm. Hər bir ana öz övladının uğurlu, təhsilli, ləyaqətli insan olmasını arzulayır və buna həyatını həsr edir. Dünyanın hər yerində analar belədir. Yaponiyada da analar məktəbin həyatında çox yaxından iştirak edirlər. Onlara hətta icazə verilir ki, övladları xəstə olduğu zaman onun yerinə məktəbə getsin, dərslərdə otursun, mühazirələri konspektləşdirsin.
Yaponiyada dərs ili üç üçaylıq dönəmə bölünür və apreldə başlanır. Birinci üçaylıq 20 iyuladək davam edir. Bu tarixdən sonra böyük yay tətlili gəlir. Sentyabr ayının 1-də ikinci üçaylıq başlanır. Bu dönəm 26 dekabradək sürür. Sonuncu üçaylıq 7 yanvar 25 mart tarixləri arasını əhatə edir. Bundan sonra isə yaz tətili başlanır. Qeyd edim ki, dərs ilinin davam etməsi ilə bağlı göstərilən bu tarixlər Yaponiya Təhsil nazirliyinin müəyyənləşdirdiyi tarixlərdir. Amma bu tarixlər ayrı-ayrı məktəblər tərəfindən məyyən səbəblərə görə dəyişdirilə də bilər.
Yaponiyada dərs ilinin aprel ayında başlanması təbiətlə bağlıdır. Məhz mart ayının sonu aprel ayının əvvəllərində sakura ağacı çiçəkləməyə başlayır. Sakura çiçəyi ümumiyyətlə yaponlar üçün böyük anlam daşıyır. Samuray həyat tərzini qəbul etmiş yaponlar üçün Şakura çiçəyinin solmadan torpağa düşməsi insanın hər an dünyadan köçə biləcəyi kimi qarşılanır. Bu ağacın çiçəkləməsini yaponlar bayram kimi qeyd edirlər. Maraqlıdır ki, bu dönəmdə Yaponiyada hava haqqında məlumatla yanaşı, “Sakura haqqında” məlumat da verilir. Bu dönəmdə ölkəyə gələn turistlərin sayı artır. Sakura yaponlar üçün həyatın başlanğıcı və sonu anlamını daşıyır. Onlar Sakuranı insan həyatına bənzədir, Sakura çiçəyi ağacının Buddizmlə də dərin bağlantılarının olduğuna inanırlar. Sakura çiçəkləyən zaman yaponlar bu müqəddəs gözəlliyi seyr etmək üçün parklara, bağçalara, ziyarətgahlara axışırlar. Bahar Yaponiyada mart ayından may ayına kimi davam edir. Təxminən bizdə olduğu kimi. Yaponlar baharı “Hana-mi”, yəni “Sakura çiçəyinə heyranlıq” hesab edirlər. Onlar Sakuranın gündüz ziyarətini hanami, gecə ziyarətini isə yozakura adlandırırlar.. Yaponlar üçün Sakura milli-mənəvi əhəmiyyət daşıyır. Fikrimcə, təhsilə verdikləri önəm səbəbindən onlar dərslərə məhz Sakuranın doğuluşu günündən başlayırlar.
“Dünyanın təhsil mənzərəsi” - Yaponiya təhsili
“Ölkənin ən məşğul adamları”
Yaponiya məktəblərində tədris altıgünlükdür. Amma iki həftədən bir şənbə günü istirahət günü hesab edilir.
Şagirdlər tətil vaxtı üçün tapşırıq alırlar. Bəzi hallarda onlar tətil zamanı da oxumağa davam edirlər. Bu, əsasən xüsusi kurslarda həyata keçirilir. Və o şagirdlərə şamil edilir ki, onlar üçaylıq dönəmlərdə kifayət qədər yaxşı oxuya bilməyiblər.
Ölkənin təhsil ocaqlarında tədris proqramları bir-birindən fərqlənsə də, onların hər biri Təhsil nazirliyi tərəfindən təsdiq olunmuş proqram əsasında hazırlanır.
Yaponiyada uşaqlar 6 yaşdan məktəbə gedirilər. Buna qədər isə onlar uşaq bağçasında olurlar. Məktəbə gələn Yapon uşağı hesablamanın əsaslarını bilir, kandzi, hiraqanu və katakanu kimi simvolları, hissəcikləri, işarələri öyrənməklə Yapon dilini mənimsəməyə hazırlanır. Bu hazırlıq ona görə lazımdır ki, gələcəkdə dili öyrənmək onlar üçün çətinlik törətməsin.
Yaponiyanın ibtidai məktəblərində Yapon dili, riyaziyyat, fizika, kimya, biologiya, etika, tarix, ünsiyyət qaydaları, musiqi, təsviri incəsənət, fiziki tərbiyə, ev təsərrüfatı fənləri tədris olunur.
Orta məktəbdə isə ingilis dili və digər xüsusi fənlər daxil edilir. Bu fənlərin seçimi məktəblərdən asılıdır.
Yaponiyada riyaziyyat, Yapon dili və ingilis dili çətin fənlər hesab edilir.
Yuxarı siniflərin tədris proqramları orta və ibtidai məktəblərin tədris proqramlarından fərqlənir. Yuxarı siniflərdə şagirdlərə ixtisas seçmək üçün daha çox imkan verilir. Onlar seçəcəkləri ixtisaslar üzrə fənləri oxumağa istiqamətləndirilirlər.
Yaponiyada ibtidai məktəblərdə şagirdlərə ev tapşırığı verilmir. Orta məktəb və yuxarı sinif şagirdlərinin isə ev tapşırıqları, özlərinin dili ilə ifadə etsək, həddən artıq çox olur. Buna görə də orta və yuxarı sinif Yapon şagirdlərini ölkənin “ən məşğul adamları” hesab edirlər.
Yaponiya məktəblərinin əksəriyyətində yeməkxana və qarderob yoxdur. Odur ki, şagirdlər sinifdə, əksər hallarda müəllimlərlə birlikdə nahar edir, paltolarını sinif otağından asırlar.
Şagirdlər evdən gətirdikləri yeməkləri süfrə salınmış məcməyinin içinə qoyur və yeməyə başlayırlar. Onlar özləri özlərinə xidmət edirlər.
Dərs başa çatdıqdan sonra, şagirdlər məktəbi və məktəbyanı ərazini təmizləyirlər. Yaponiyanın məktəblərində xadimə yoxdur. Yapon təhsil mütəxəssisləri hesab edirlər ki, bu üsulla uşaqları zəhmətə, ictimai əmlakı qorumağa, təmizkarlığa alışdırırlar.
Məktəblilər üçün mütəmadi olaraq təbiətin qoynuna, tarixi yerlərə ekskursiyalar təşkil olunur. Bu ekskursiyalar bəzən bir neçə gün davam edir. Mənim fikrimcə, ekskursiyaların davamlı olması və bir neçə gün çəkməsi, şagirdlərin mənəvi inkişafına, psixikasına, ünsiyyət mədəniyyətlərinin formalaşmasına, təbiət, cəmiyyət haqqında özlərinəməxsus fikirlərinin yaranmasına müstəsna təsir göstərir. Əlbəttə ki, ölkənin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini öyrənmələri öz yerində.
Yaponiyanın orta və yuxarı məktəblərində şagirdlər məktəbli forması geyinirlər. Hər bir məktəbin özünün forması olsa da, onlar bir-birilərindən o qədər də çox fərqlənmirlər. İbtidai sinif şagirdləri isə məktəbə adi geyim formasında gəlirlər.
Yaponiyada da ödənişli hazırlıq kursları fəaliyyət göstərir. Bu kursları “Dzyuku” adlandırırlar. Şagirdlər bura əsasən imtahanlar ərəfəsində müraciət edirlər. “Dzyuku”da məşğələlər axşamlar, həftədə 2-3 dəfə keçirilir.
İbtidai siniflərdə dərs 45 dəqiqə, orta və yuxarı məktəblərdə isə 50 dəqiqə davam edir. Tənəffüs 5-10 dəqiqə verilir. Dördüncü saatdan sonra nahar fasiləsinə 60 dəqiqə ayrılır. Ibtidai məktəblər gün ərzində 4 dərs, orta və yuxarı məktəb şagirdləri isə altı dərs keçirlər.
“Dünyanın təhsil mənzərəsi” - Yaponiya təhsili
Yapon məktəblərində imtahan
Yapon məktəblilərinin ən böyük problemi imtahandır. Mütəxəssislər hesab edirlər ki, Yaponiyada şagirdlər imtahana hazırlaşmağa çox zaman sərf edirlər və imtahan prosesi ağırdır. Orta və yuxarı məktəb şagirdləri hər üçaylığın sonunda və birinci, ikinci üçaylıq yarıya çatanda imtahan verirlər. İbtidai məktəblərdə imtahan olmur. Üçaylıq yarı olanda şagirdlər yapon dili, riyaziyyat, ingilis dili, dəqiq elmlər və ictimaiyyətşünaslıqdan sınağa çəkilirlər. Üçaylıq sona çatdıqda isə keçirilən bütün fənlərdən imtahan verilir.
İmtahanların başlanmasına bir həftə qalmış dərnək məşğələləri saxlanılır. İmtahanlar test formasında aparılır. Ən yüksək bal 100-dür.
Şagirdlər orta məktəb pilləsindən yuxarı siniflərə imtahanların nəticələrinə əsasən keçirlər. Yüksək nəticə göstərən şagirdlər orta məktəbdən sonra təhsillərini prestijli məktəblərdə davam etdirirlər. Zəif nəticə göstərən şagirdlər üçün isə o qədər də yaxşı perspektiv görünmür.
Təhsillərini yuxarı siniflərdə davam etdirmək istəməyənlər beşillik texniki kolleclərə - texniki peşə məktəblərinə daxil ola bilərlər. Onu da qeyd edək ki, bu təhsil ocaqlarına da daxil olmaq asan deyil. “Zəif oxuyuram deyə, təhsilimi peşə məktəbində davam etdirərəm” anlayışı Yapon təhsil sisteminə yaddır. Bu məktəblərə də qəbulda yüksək müsabiqə şərtləri mövcuddur. Ona görə ki, Yaponiyada yüksək biliyə malik fəhlə kadrlarına böyük ehtiyac duyulur. Bəzi texniki kolleclər böyük firmaların tərkibində fəaliyyət göstərir. Həmin kolleclərin məzunları təhsillərini başa vurduqdan sonra dərhal firmada işlə təmin olunurlar.
Yaponiyada məktəb-akademiyalar
Adi dövlət məktəbləri ilə yanaşı, Yaponiyada özəl ödənişli məktəb-akademiyalar (Qakuen), həmçinin ümumdövlət əhəmiyyəti daşıyan “milli” məktəblər fəaliyyət göstərir. Bu məktəblərə daxil olmaq üçün xüsusi imtahandan keçmək tələb olunur. Onu da qeyd edək ki, burada da ağır hesab edilən müsabiqə şərtləri var. Yaponlar bu məktəblərdə təhsil almağa ciddi-cəhdlə maraq göstərirlər. Bu da təsadüfi deyil. Bu məktəblər ölkə üzrə mükəmməl təhsil proqramına malik olan məktəblər kimi tanınırlar. Bu məktəblərin böyük əksəriyyəti müsabiqədənkənar yuxarı siniflərə və universitetlərə qəbul olmaq hüququ verir.
Adətən məktəb-akademiyalardaYapon elitasının - siyasətçilərin, biznesmenlərin, diplomatların, məşhur universitetlərin professorlarının uşaqları təhsil alır. Bəzi məktəb-akademiyalarda məktəbli forması geyinmək vacib sayılmır.
Ardı var.
Mənbə:
http://www.jinjapan.org
http://www.monbu.go.jp
https://uluslararasiaikido.com
Böyükağa Mikayıllı
Комментарии
Отправить комментарий