“Qutadqu-bilik” türk xalqlarının pedaqoji fikir tarixini zənginləşdirən ən qiymətli mənəviyyat abidələrindən biridir. Bu əsər 11-ci əsrdə yaşamış Türk dünyasının böyük mütəfəkkir oğlu Yusif Balasaqunlu tərəfindən qələmə alınmışdır. Yusif Balasaqunlunun doğum tarixi haqqında fikirlər müxtəlifdir. Bu tarix ayrı-ayrı mənbələrdə 1010, 1015, 1019, 1025-ci illər kimi göstərilsə də, böyük alimin doğum tarixi daha çox 1017-ci il kimi qeyd olunur. O, Doğu Türküstanın Balasaqun şəhərində dünyaya göz açıb. Yusif Balasaqunlu XI əsrin böyük dilçi, lüğətçi alimi Mahmud Qaşqarlının müasiri və həmyerlisidir. Yusif Balasaqunlunun “Qutadqu-bilik” əsərinin adını “Səadət biliyi”, “Bəxtiyarlıq sənəti”, “Xoşbəxtliyə aparan elm” kimi dilimizə çevirmək mümkündür. “Qut” səadət, xoşbəxtlik deməkdir. Tarixi mənbələrdə göstərilir ki, müəllif bu əsər üzərində 18 ay işləyib. Əsər tam hazır olduqdan sonra -1069-cu ildə müəllif onu Qaraxanlılar dövlətinin – Məşriqin və Çinin hökmdarı Tubğac Buğra Xaqana hədiyyə edib. Xaqan minnətdarlıq əlaməti olaraq Yusif Balasaqunluya Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) vəzifəsini verib.
“Qatadqu-bilik” əsərinin pedaqoji mahiyyəti başlıca olaraq onun tərbiyəvi ideyalar üzərində qurulmasıdır. Təsadüfi deyil ki, çinlilər onu “Ədəbül-mülük” yəni, ədəb mülkü adlandırırlar.
Müəllif özü əsərin girişində bu barədə yazır:
Çinlilər ona “Ədəbül-mülük” deyərlər,
Maçinlilər ona “Ənisül-məmalik” deyərlər,
Məşriq elindəki ulular isə
Ona “Zinətül-üməra” deyirlər.
İranlılar ona “Şahnamə”
Turanlılar isə “Qutadğu-biliğ” söylərlər.
Yusif Balasaqunluya görə, dövlətin xoşbəxtçiliyi, xalqın firavan həyatının təməlində dayanan ən mühüm amillərdən biri adil və aqil hökmdarlarla bağlıdır. O, “Qutadqu-bilig”i bu mühüm məqam üzərində qurmaqla bu ruhda da davam etdirir. Məhz bu səbəbdəndir ki, mütəxəssislər bu əsəri xaqanlar, şahlar, hökmdarlar, dövləti idarəedənlərin kitabı adlandırırlar. Əsərin dövlət başçıları üçün mühüm əhəmiyyətli cəhəti ondan ibarətdir ki, o özündə siyasi, iqtisadi, mədəni, psixoloji və ən mühüm pedaqoji məsələləri birləşdirir. Müəllif yazır ki, dövlətin idarə olunmasında hər bir iş üçün ona uyğun olan adam tapmaq lazımdır. Hökmdarın xalq üzərində haqqı olduğu kimi, xalqın da onun üzərində eyni dərəcədə haqqı vardır.
Lakin bu əsərin bütünlüklə şahlara, xaqanlara aid olduğunu söyləmək doğru olmazdı. Bir halda ki, onun məzmunu tamamilə mənəvi-əxlaqi dəyərləri özündə ehtiva edir. Bu isə, təbii ki, xalqın bütöv zümrələri üçün vacib olan məqamdır.
1. “Yusif Balasaqunlunun bu əsəri hansısa hökmdarın xahişi ilə yazıb-yazmadığı və ya bunu qəlbinin hökmü ilə edib-etmədiyi də hələlik məlum deyil. Məntiqi baxımdan, əsərin sifarişlə yazılmasını iddia etmək olar. Cünki, o vaxt Yusif həm Qaraxanlı dövlətində, həm də ondan xeyli uzaqlarda-bütün şərq dünyasında tanınan və hörmət edilən bir şəxs idi. O dövrdə xaqanlar və hökmdarlar öz adlarının əbədiləşdirilməsi üçün tanınmış yazarlara özlərinin nəsillərinin və idarə etdikləri dövlətin tarixini öz dövrlərini qələmə almaq üçün sifariş verirdilər. Ola bilsin ki, Yusif də belə bir sifariş alıb. Ancaq təəssüflər olsun ki, əsərin heç yerində buna vurulan işarəyə rast gəlmirik. Bəlkə də müəllif bunu əsərin girişində qeyd edib ancaq kimlərinsə əli ilə bu, əsərdən çıxarılıb. (Kamil Vəliyev, Ramiz Əskər, “Qutatğu-bilig”-Xoşbəxtliyə aparan elmdir”)
“Qutadqu-bilik”kimi bir əsər hər hansı bir təsadüf nəticəsində meydana çıxa bilməzdi. Bu əsərin yazılmasında iki amildən biri-ya hansısa hökmdarın sifarişi, ya da müəllifin adil hökmdar arzusu əsas rol oynayıb. Əsərin hansı səbəbə yazılmasından asılı olmayaraq, o həqiqətən də çox qiymətli bir əsər kimi tarixdə qalıb. Əgər əsərə bu günkü baxımdan yanaşsaq, onu mahir bir hüquqçunun əlindən, qələmindən çıxan konstitusiyaya bənzətmək olar. Müəllifin cəsarətinə və ağıllı hökmdar haqqında söylədiklərinə heyran qalmamaq olmur. Günümüzdə aktuallığını itirməyən ağıllı hökmdar ideyası, sadəcə olaraq müəllifin geniş dünyagörünüşünə və təfəkkürə malik olduğunu bir daha göstərir. Bu, Yusif Has Hacibin əbədiyyətə qovuşması deməkdir.
Yusif Balasaqunlnun “Qutadqu-bilig” əsərini Türk dünyası üçün təlim-tərbiyə, əxlaq nümunəsi də adlandırmaq olar. Əsərdə qaldırılan problemlər insanın bir şəxsiyyət olaraq formalaşması, həyatda layiqli mövqe tutması, prinspial, əxlaqlı bir insan kimi yetişməsinə yönəlmişdir. Düzlük, hörmətlilik, elmlik, əxlaqi təmizlik kimi keyfiyyətlərə üsünlük verən Yusif Balasaqunlu insanın əsil-nəcabətini onu ən mühüm mənəvi keyfiyyətləri sırasında göstərərək yazır:
…Və bunlar dörd möhkəm təməl üzərində qurulub.
Birincisi ədalətdir ki, doğruluq üzərindədir.
İkincisi dövlət olub səadət və iqbal deməkdir.
Üçüncüsü ağıl olub, ululuğu bildirir.
Dördüncüsü isə qənaət və salamatlılıqdır.
Əslində əsər boyunca keçən il bu dörd təməl şəxsiyyətin və dövlətin formalaşması, inkişafı və ayaq üstə dayana bilmək prinsipidir. Müəllif ozü isə əsərin əvvəlində göstərir ki, ərəbcə, farsca kitablar çoxdur, bizim dilimizdə isə hikmətli kitab ancaq budur.
Ərəb və tacik dillərində belə əsərlərin mövcud olduğunu, Türk dilində isə “Qutadqu-biliy”in ilk örnək olduğunu qeyd edən müəllif əsərinin dilini xaqaniyyə adlandırır. Mütəxəssislərin fikrincə, “Qutadqu-biliy”in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6520 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemanın içində rübai formasından da istifadə olunur.
Əsərin yazıldığı dövrdə Qaraxanlı dövlətində, əvvəlcə, Uyğur əlifbasından istifadə edilirdi. Sonra isə dövlətin rəsmi yazışmalarında və ədəbi mühitdə ərəb dilindən istifadə edilməyə başlandı. Bu səbəbdən “Qutadqu-bilik” bir dünyagörüşündən digər dünyagörüşünə keçid dövrünün məhsuludur və əsər yazılarkən də bu amilin ona müəyyən qədər təsir göstərdiyi şübhə doğurmur. Mütəxəssislərin bu fikri ilə əlbəttə ki, razılaşmaq mümkündür. Ərəb istilaları, islam dininin təsirini əsərin məzmunundan görmək mümkündür. Amma bu təsir nə qədər olursa olsun belə, “Qutadqu-biliy”in türk ruhunu, türk millətinin mənəvi zənginliyini, türk idrakını, türk əxlaqını daha çox əxz etmək baxımından xarakterikdir. Əbu Turxanının dediyi kimi, “Mənəvi dünya “iç aləmi” sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır”.
Yusif Balasaqunlu insanın elm, bilik sahibi olmasını onun şəxiyyət kimi inkişafının təməl daşı hesab edir. Elə buna görə də, əsərin 4-cü fəsli bütünlüklə elm və təhsil, onun əhəmiyyəti məsələlərinə həsr olunur. Müəllif bu bölməni konkret olaraq “İnsan oğlunun qədir-qiymətinin bilik və anlayışla ölçüldüyünü bəyan edir” adlanır. Yusif Balasaqunlu insanın əqli, idrakı keyfiyyətlərinin “Tanrı vergisi” olduğunu, onun mənəvi ucalıq yolunun əqil və idrakından səmərəli istifadədən keçdiyini söyləyir. Göstərir ki, insan gərək biliyi böyük, idrakı ulu bilsin. Harada idrak olsa, orada ululuq olar, kimdə bilik olsa, orada ululuq olar, kimdə bilik olsa, o, böyük olar. Bilikli və idraklı insan diləyinə yetişər. Bütün iş-gücünü idrakla görən insanın məqsədlərinə yetişməsinə şübhə yoxdur. Yusif Balasaqunlu biliksizliyi xəstəlik hesab edir, bu xəstəliyin əlacını alimlərdən soruşur. O, alimliyi, elmi hikmət xəzinəsi hesab edərək, ən böyük bəlaların elm yolu ilə sağalacağı qənətinə gəlir. O, bütün bunları müdrik müəllim kimi beyinlərə həkk edir. Bunun üçün onun öz metodoloji yanaşması var. Bu yanaşma inandırmaq, həyati misallardan sitatlar gətirmək, əxlaqa, mənəvi zənginliyə dəvət etmək və s. ibarətdir.
Yusif Balasaqunlu əsərdə insanın mühüm mənəvi keyfiyyəti kimi sözünün yerini bilməsini, danışacağına diqqət yetirməyi ön plana çəkir. Dili də bilik kimi mənəvi dəyər səviyyəsinə yüksəldərək yazır: “Dil ağıl və biliyə tərcümandır. İnsanı nura boyayan dilin qədrini bil. İnsanı dil qiymətləndirər, insan səadət tapar. Dil insanı ucuz edər, dil ucundan baş gedər.” O, insanın sözlə ucaldığını, sözlə öz daxili aləmini açdığını, şəxsiyyət kimi hansı mərtəbədə dayandığını bəyan edir. Eyni zamanda insanın sözü ilə əməlinin vəhdət təşkil etməsini insanın həyatı üçün önəmli amil kimi irəli çəkir:
İki şeylə insan qarımaqdan qurtulur:
“Biri yaxşı əməl, biri yaxşı söz”.
Bax, insanın özü gedir, adı isə qalır.
Ey hakim, özünə dirilik diləsən,
Gərək işin və sözün yaxşı olsun.
Əsərin bu məqamında biz “Avesta”nın təsirini hiss edirik. Bu müqəddəs dini kitabın, ümumən Zərdüştlüyün də əsasında yaxşı fikir, yaxşı əməl, yaxşı söz dayanır.
Əsərdə biliksizliyin meydana gətirdiyi fəsadlardan ətraflı bəhs olunur. Biliksizliyin insanı məhvə sürüklədiyi vurğulanır:
Adama xeyr yox, həmişə çox zərər verər,
Bax, bu üç şey, ey qüdrətli dövlət adamı;
Biri inadcıllıqdır, çox pis xasiyyətdir,
O biri isə, yalan danışmaqdır.
Biri də insanı alçaq edən xəsislikdir.
Göründüyü kimi, Yusif Balasaqunlunun “Qutadqu-bilik” əsəri insan mənəviyyatının, onun daxili aləminin memarı kimi diqqət mərkəzinə gəlir. Bu əsərdə insanın mənəvi dünyasının, əxlaqi keyfiyyətlərinin formalaşmasına istiqamətlənmiş ən qiymətli fikirlərlə rastlaşmaq mümkündür. Əsərlə tanışlıq həm də bu qənaətə gəlməyə əsas verir ki, 11-ci əsr mütəfəkkirinin də ən böyük arzusu öz müasirləri və xələfləri kimi, kamil insan tərbiyəsinə nail olmaq olmuşdur. Tutduğu vəzifəsindən asılı olmayaraq hər bir şəxs yüksək əxlaqi- mənəvi keyfiyyətlərə sahib olmalı və bu keyfiyyətlər cəmiyyətə fayda gətirməli, onun inkişafına təkan verməlidir. Kamil insan kamil cəmiyyətin təməlidir. Yusif Balasaqunlunun bu əsəri həm insanın, həm də cəmiyyətin harmonik inkişafına yönəlmiş qiymətli fikirlər xəzinəsi kimi dəyərləndirilə bilər.
“Qutadqu-bilik” əsərinin ən mühüm pedaqoji sistemi onun təlim-tərbiyə işinə kompleks yanaşmasıdır. Burada şəxsiyyətin yüksək mənəvi dəyərlər kontekstində inkişafını şərtləndirən bütün amillərin nəzərə alınması ilə rastlaşmaq mümkündür. Oxucuya təqdim olunan hər bir ifadə, hər bir fikir özündə dərin məna daşımaqla, insan ruhunun mənəvi zənginləşməsi sxemini özündə birləşdirir. “Qutadqu-bilik”də baş verən hadisələr də insanın malik olduğu mənəvi sifətlərin bir biri ilə qarşılaşdırılması, bir-birilərinin mənəvi keyfiyyətlərini aşkara çıxarmaları üzərində qurulur. Bu qarşılaşdırılmadan əslində insanlığının mahiyyətinin, Türk mütəfəkkirinin öz milləti ilə bağlı arzu və istəklərinin meydana çıxdığını görmək mümkündür.
Yusif Balasaqunlu əsərdə Ədalətə Gündoğdu Elik (hökmdar) adını verib, onu padişah mərtəbəsində tutur. Dövlətə Aydoldu adını verir. Aydoldu vəzir məqamında göstərilir. Vəzirin oğlu Ağıllı Öyüdülmüş, qənaət isə Odqurmuş adını alıb vəzirin qardaşı hesab edilmişdir. Buradan belə qənaətə gəlmək mümkündür ki, yazının əvvəlində də deyildiyi kimi, müəllif dünyanın nizamını ağıllı insanlarda, Tanrının bəxş etdiyi nemətlərdən qənaətlə istifadə olunmasında, dövlətlərin müdriklərlə idarə edilməsində görür. Bu mənada müsəlmmanların peyğəmbəri Məhəmməd Mustafanın mədhini bəyan edərək yazır:
… Bütün ümməti üçün qayğı çəkərdi,
Onun qurtuluşunu diləyirdi, rahatlığını istəyirdi.
Atadan-anadan daha mərhəmətli idi,
Tanrıdan ancaq şəfqət diləyirdi,
Xalqının üstündə Tanrının rəhməti idi.
Əməli saleh qılıqlı insan idi.
Xoşməcaz, safürəkli və xoşrəftar idi.
Həya sahibi, şəfqətli, səxavətli, əliaçıq idi.
Əsərin əvvəlində verdiyi bu parça ilə müəllif öz müdrik tovsiyələri ilə əslində dövlət başçısının mühüm xüsusiyyətlərini sadalayır, ona xalqının qəlbində əbədi yuva qurmağın yollarını göstərir. Dövlətin idarə olunması düsturunu irəli sürür. “Qutadqu-bilik” insanın mənəvi zənginliyini ən ali insani zirvə hesab edir. Əsərin möhtəşəm ahəngdarlığı onun insanın ruhi-mənəvi aləmi ilə səsləşməsindədir. Yusif Balasaqunlu bu əsərdə Türk insanının və yalnız türk insanın deyil, insanlığın mənəviyyatını yaratmağa çalışır. Bir müəllim kimi mənəvi yüksəlişin, mənəvi intibahın yollarını göstərir. O, hesab edir ki, sağlam mənəviyyata, idraka, təfəkkürə, nəhayət fiziki qüsursuzluğa malik insan dövlətin dayağıdır. İnsanı körpəlikdən məhz bu şəxsi-mənəvi təməllər üzərində formalaşdırmaq zəruridir. Yusif Balasaqunlunun “Kamil insan” modeli var. “Qutadqu-bilik” bu modelin necəliyini tam mənası ilə müəyyən edir. Mənim fikrimcə, hərtərəfli hazırlığa malik insan, şəxsiyyət obrazının tam mənası ilə xarakterizəsini “Qutadqu-bilik”də aydın görmək mümkündür. Şəxsiyyətin formalaşmasını şərtləndirən əxlaqi, etik, pedaqoji yanaşmalar baxımından bu əsərdə bütün suallar öz elmi-pedaqoji, ədəbi, fəlsəfi həllinin tapır. “Qutadqu-bilik” bəşəridir, amma daha çox şərq təfəkkürünün motivləri özünü biruzə verir. Yəni, o daha çox şərq insanı üçün səciyyəvidir.
“Qutadqu-bilik”də insanın sağlam mənəviyyatının onun xoşbəxtliyinin səbəbi olduğu xüsusi məqam kimi vurğulanır. Əgər sağlam mənəviyyat sağlam insan deməkdirsə, eləcə də sağlam cəmiyyət, sağlam bəşəriyyət deməkdir.
Yusif Balasaqunlunun “Qutadqu-bilik”əsərində başlıca məqsədi türk insanının mənəvi tərbiyəsi olub. Əsərdə yalnız hökmdarların deyil, türk bəylərinin, görkəmli insanlarının da şəxsi-mənəvi keyfiyyətlərinin xarakterizə olunduğunu görürük. Bu da öz növbəsində gəncliyə, cəmiyyətə mütəsna nümunə kimi diqqəti cəlb edir. Müəllif Alp ər Tona haqqında yazır:
Türk bəyləri arasında şanlı insanlar çox olub, onlar böyük ölkə başçılarından daha şöhrətlidirlər. Onların içərisində şanlı igid Alp Ər Tona da vardır. Onun şöhrəti əbədi olaraq hamıya əzizdir. O, öz xalqına rəhbərlik edən dövrdə Taciklər onu Əfrasiyab adlandırıblar. Taciklər onu öz kitablarında (“Şahnamə”) tərifləyiblər. Əgər belə olmasaydı, onu kim tanıyardı?
“Qutadqu-biliy”in mənəvi-əxlaqi, elmi qüdrəti onu bütün Türk dünyasına tanıtmışdı. Elə fikirlər, elə əsərlər var ki, onlar bütün insanlığı öz ağuşuna almaq gücündədirlər. Bəzən bir əsər bütün bəşəriyyətin, bütün insanlığın ürəyini döyündürmək, riqqətə gətirmək gücündə olur. “Qutadqu-bilik”məhz belə bir əsərdir. Bu əsər insanın insanlıq zirvəsinə ucalmağın yolunu göstərən ilk fundamental mənbələrdən biridir. Bu əsər ən böyük mütəfəkkirlərin belə yoluna işıq tutmaq gücündə olmuş, bu günə qədər də bu qüdrəti hifz edib saxlamışdır. Əsərin qüdrətli cəhətərindən biri də onun müasir dövrümüz üçün əhəmiyyətli olmasıdır. Bu gün dünyanın ən mühüm ehtiyaclarından biri də ağıllı, müdrik söz və bu sözə əməl edən insanlardır. “Qutadqu-bilik” min ildir ki, öz boxcasından bu müdrikliyi yer üzünə səpələyir. Ondan faydalanmaq isə hər kəsin dünyagörüşü, həyata baxışlarından asılıdır.
Bir neçə kəlmə də bəşər mədəniyyətinə “Qutadqu-Bilik” kimi möhtəşəm bir əsər bəxş etmiş uyğurlar haqqında: Uyğur хaqanlığı yüksək mədəniyyəti оlan türk dövlətlərindən biri idi. Uyğurların хaqanı Kül Bilgə хaqan 745-ci ildə sоnuncu Göytürk хaqanı Kulun bəyi öldürmüş, Uyğur хaqanlığının əsasını qоymuşdur. Uyğur türkləri elm, sənət, idarə etmək baхımından bütün Asiyaya təsir etmiş, ərəblərə və qərblilərə bir çох sahədə örnək оlmuşlar. Bu da səbəbsiz deyil. Uyğur türkləri bütün dünyaya elm və mədəniyyət nümunələri vermiş, yeni və həm də оrijinal bir mədəniyyət yaratmışlar. Uyğurlar kağızı və оnun emalını və işlədilməsini bilmiş, kitab çapını avrоpalılardan əvvəl öyrənmişlər. Hətta, ərəblər də kağızı və çap işini uyğurlardan mənimsəmişlər. Оnlar Altay dil qrupunun "Хaqaniyə" ləhcəsində danışırmışlar. Qədim türk ədəbiyyatının ən dəyərli əsərləri – Mahmud Kaşqarlının "Divani-lüğət-it-türk", Yusif Хas Hacibin "Qutadqu-Bilik", Ədib Əhməd Yüknəkinin "Atabətül Həqayiq" kitabları türkcənin bu ləhcəsi ilə yazılmışdır. Uyğurlar bir müddət türklərin milli yazısı оlan Оrхоn əlifbasını işlətdikdən sоnra mani dininin təsiri ilə sоqd əlifbasına keçmişlər. İslam dininin qəbulundan sоnra ərəb əlifbasını mənimsəmişlər. Оnlar memarlıq, musiqi, rəqs, heykəltəraşlıq sənəti sahəsində uğurlar qazanmışdılar. Şəhərsalma işində zəngin təcrübəyə və geniş biliyə malik оlmuşlar. İqtisadiyyat və mədəniyyət sahəsində qazanılmış nailiyyətlər оnların yüksək elmi biliyə, bacarığa və təcrübəyə malik оlduqlarına dəlalət edir. Uyğur türkləri əkinçilik, ticarət və tохuculuq kimi çох vacib оlan peşələri uşaqlarına öyrətmək üçün оnları bu sahənin sənətkarlarının yanına göndərirdilər. Uşaqlar həmin peşəyə yiyələnənə qədər ustaların yanında şəyirdlik edirdilər. Uyğur türklərinin ən çох dəyər verdikləri vətən əхlaqı оlmuşdur. Bizə qədər gəlib çatan uyğur ədəbi əsərlərində Vətən tоrpağı, оnun birliyi və bu birliyin qоrunması, оna оlan sədaqət, Vətənə vurğunluq yüksək sənətkarlıqla tərənnüm оlunmuşdur. Ana tоrpağa, Vətənə məhəbbət, оnun yadellilərdən qоrunması, türk оrdusunun və eləcə də ayrı-ayrı döyüşçülərin şücaətlərinin tərənnümü bu ədəbi nümunələrin əsas mövzusu, leytmоtivi оlmuşdur. Uyğurların tərbiyə sistemi göytürklərinkindən о qədər də fərqlənmir. Uyğurlar da nəslin davamçılarının – оğul övladlarının fiziki cəhətdən sağlam, mənəvi cəhətdən yetkin, əхlaqlı, ədəb-ərkanlı, cəsarətli, elmli və bilikli оlmasını arzu edirdilər. Təhsil almağa, elm və bilik qazanmağa оnlar böyük diqqət yetirirdilər. Elmi işıq, zər, günəş kimi qiymətləndirərək оnu dərindən öyrənməyi məsləhət görürdülər:
Elm öyrənin, ey bəyim Bilik sizə dоst оlur.
Bilik sahibi ərlərə 30 Bir gün dövlət yar оlur.
Bilikli insan belində Daş yığılsa, zər оlur
Nadanınsa yanına Qızıl düşsə, daş оlur.
Yaratdıqları bütün mədəniyyət nümunələri elmi əsaslar üzərində qurulmuşdur. Uyğurların dövrümüzə qədər gəlib çatan maddi və mənəvi mədəniyyət nümunələri dediklərimizi sübut edir. Yazıları 18 hərfdən ibarət idi ki, оnun da 3-ü sait, 15-i samit idi. Sözlər sağ-dan sоla yazılırdı. Yaхın səslər üçün tək və eyni hərf işlədilirdi. Uyğurlar XII əsrdən etibarən buddizmi mənimsədilər. Uyğurların "Törəyiş dastanı", "Köç dastanı" və atalar sözləri böyüyən nəslin tərbiyəsi baхımından böyük aktuallıq kəsb edir. Gənc nəsli elmli, bilikli, ləyaqətli, əхlaqlı, ədəb-ərkanlı, ağıllı, dərrakəli, хоş rəftarlı, qоrхmaz, vətənpərvər оlmağa səsləyən atalar sözlərinə diqqət yetirək:
Alicənab adam gövhərə, nadan adam çəkmə içindəki daban astarına bənzər.
Ləyaqətsiz adam bəy оlsa hər keçidə bir zоpalı qоyar.
Şöhrətə layiq оlmayan adam şöhrət tapsa, hər dağın üstünə öz nişanını vurar.
İgidin dəyəri qоrхulu zamanda, suyun dəyəri dərinliyində.
Min adamın üzünü tanıyınca, bir adamın adını bil, insanları üzləri ilə deyil, bilikləri və əsərləri ilə tanı.
Bələdçi azmaz, bilikli yanılmaz, ağıl unutmaz.
Tarixdən bəllidir ki, IX əsrin əvvəllərində (840-cı il) Uyğur dövləti süqut edir. Qırğızlar hakimiyyəti ələ alırlar. Qırğız türkləri hakimiyyətdə uzun müddət qala bilməsələr də, mədəniyyət tariхinə həmişəyaşar türk dastanı оlan "Manas"ı bəхş etdilər. Köçəri və müsəlman qırğız türklərinin çinlilərlə, Buddist kalmıklar və bəzi türk bоyları ilə mübarizəsindən bəhs edən "Manas" dastanı dil, tariх, mütaliə və mədəniyyət хəzinəsidir. Trilоgiya təşkil edən bu dastan üç nəslin - Manasın оğlu Semeteyin, nəvəsi Seytekin ömrü fоnunda qırğız həyat - məişətinin geniş epik mənzərəsini, tariхi hadisələr fоnunda хalq taleyini canlandırır. Qırğız хalqının böyüyən nəslin tərbiyəsi ilə bağlı görüşləri "Manas" dastanında və digər fоlklоr nümunələrində öz əksini tapmışdır.
Ardı var.
Böyükağa MİKAYILLI
Ədəbiyyat
2. Yusif Balasaqunli: “Qutadqu-Bilik” əsəri
3. Kamil Vəliyev, Ramiz Əskər, “Qutatğu-bilig”-Xoşbəxtliyə aparan elmdir”
25.05.2017
Комментарии
Отправить комментарий