"İRS" VƏSAİTLƏRİ ŞAGİRD NAİLİYYƏTLƏRİNİN SIRASINI GENİŞLƏNDİRMƏK MÜMKÜNDÜR

Yaradıcı işləməklə şagird nailiyyətlərinin sırasını genişləndirmək mümkündür
 “İrs” vəsaitləri müəllimlərə yaradıcı işləməyə istiqamət verir
 Solmaz Amanovanın adı Azərbaycanın təhsil ictimaiyyətinə uzun müddətdir ki, tanışdır. Özünün orijinal, müasir tədris vəsaitləri, elektron dərs nümunələri ilə müəllim və şagirdlərin marağına səbəb olan Solmaz Amanova, sözün həqiqi mənasında, qeyri-adi yaradıcılıq manerasına malik olan müəllim, metodist, şair, bəstəkar, multimedia vasitələri üzrə istedadlı mütəxəssisdir. Son illər Solmaz Amanovanın hazırladığı vəsaitlər artıq Azərbaycanın sərhədlərini aşaraq dünyada tanınmağa, eyni zamanda, rəğbətlə qarşılanmağa başlayıb.
Rusiyada əsərlərinin təqdimatı keçirilib. Əsərləri Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində nümayiş olunub. O, yeganə müəllimdir ki, Rusiyada keçirilən eyni müsabiqədə iki mükafat qazanıb. Solmaz Amanovanın meydana qoyduğu hər bir əsərin əsasında əsl yaradıcı ilham, pedaqoji-psixoloji prinsiplər dayanır, desəm, yanılmaram. O, öz işinin vurğunudur. Əsərlərinin yüksək səviyyədə qəbul olunmasının ən asas səbəblərindən biri də məhz onların vurğunluqla yaradılmasıdır. Bu əsərlərlə tanış olduqda düşünürsən ki, onların ərsəyə gəlməsində böyük bir kollektivin əməyi var. Əslində isə bütün bunlar yalnız yaradıcı bir insanın təfəkküründən və qələmindən süzülüb gəlib. Baxaq: “Anatomiçeskiy teatr”, “Monastırskaya apteka”, “İnsan iz qoyur”, “İrs”, “Xurcun”, “Nasledie”, “Klad Qyandje”, “Anatomiya v jivopisi i poezii”, “İlmənin macəraları”, “Gəncə xəzinəsi” və digər əsərləri milli-mənəvi dəyərlərimizin, mənəvi tariximizin, adət-ənənələrimizin, eləcə də ümumbəşəri dəyərlərin öyrədilməsi, həm də şagirdlərin anlayacağı dildə onlara izah olunması baxımından nə qədər əhəmiyyətlidir. Solmaz Amanova 15 ildir ki, yazıçılıq fəaliyyəti ilə məşğul olur. Hələ Azərbaycan təhsilində kurikulum modelinin tətbiqinə başlanmazdan öncə onun təqdim etdiyi vəsaitlər mütərəqqi təcrübə kimi diqqət mərkəzində dayanmış, qabaqcıl müəllimlərin marağını cəlb etmişdir. Onun Azərbaycan əlifbasındakı 32 hərfin hər birinə həsr etdiyi, belə demək mümkünsə, dərs-kompozisiya müəllifi novator ənənələrin yaradıcısı kimi qələmə verməyə əsasdır.
Solmaz Amanova ilə söhbətimizdə öncə onun ərsəyə gətirdiyi əsərlərə ilk növbədə Azərbaycanda marağın hansı səviyyədə olması ilə maraqlandım. Düşündüm ki,  yeni təlim texnologiyalarının, multimedia vasitələrinin geniş istifadə olunduğu, ölkə başçısının sərəncamı ilə İKT-nin geniş tətbiq edildiyi Azərbaycan təhsilində bu vəsaitlər maraq doğurmaya bilməz, amma də dərəcədə? Onu da düşünürdüm ki, müsahibim onunla əməkdaşlıq edən xeyli sayda məktəbin, müəllimin adını dilə gətirəcək. O, bir neçə məktəbin adını çəkdi. Amma fikrimcə, müəllimlərin vizual vəsaitlərə geniş yer verdiyi indiki şəraitdə bu, çox kiçik bir arealdlr. Onun sözlərinə görə artıq bir neçə ildir ki, vəsaitlərdən Bakının mərkəzindəki bir neçə məktəb istifadə edir. Onlardan biri də 160 saylı Klassik gimnaziyadır. Gimnaziyanın bütün müəllimləri “İrs” vəsaitindən istifadə üzrə kurslardan keçmiş və sertifikat almışlar. Mənim fikrimcə, 160 saylı Klassik Gimnaziyanın Solmaz Amanovanın hazırladığı vəsaitlərdən istifadəsini bir təcrübə kimi qəbul eləmək olar. Yəni, əgər bu vəsaitlərdən Respublikanın qabaqcıl məktəblərindən biri istifadə edir və bu təhsil müəssisəsinin kifayət qədər təlim nailiyyəti var, deməli onun təcrübəsindən bəhrələnməyə dəyər. Solmaz Amanova da mənim fikrimlə razıdır. O, qeyd edir ki, hazırladığı vəsaitlərin məktəblərdə istifadə olunması məktəblərin özləri üçün əhəmiyyətlidir.
Bəs vəsaitlərin standartları necə hazırlanır? Çünki bəzi halarda, deyirlər ki, onların standartları yoxdur...
Standartsız bu, mümkün deyil... deyə Solmaz Amanova cavab verir. Sözünə davam edərək deyir: Ümumiyyətlə mənim yaradıcı işlərim Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və bütün vəsaitlərin standartları var. Əgər onlar olmasa işləmək çətin olar. Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi mənim çoxlu sayda vəsaitlərimi alaraq məktəb kitabxanalarına təqdim edib. Onlar özləri də yaxşı bilirlər ki, bu vəsaitlər müəllimlər üçün vacibdir. Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi də öz növbəsində mənim hazırladığım vəsaitləri təqdir edir. Hələ bir neçə il bundan əvvəl xalq yazıçısı Anar Təhsil Naziri Misir Mərdanova tövsiyə etmişdi ki, mənim vəsaitlərim məktəblərdə istifadə olunsun. Əvvəllər çətin idi. İndi müəyyən irəliləyişlər var. Bəzi məktəblərdə “İrs” kabinetləri yaradılıb və bu iş davam edir. Yaxşı olardı ki, Rayon Təhsil Şöbələri özləri bu vəsaitləri alsınlar və müəllimləri onunla işləməyə cəlb etsinlər.
-Bu çox yaxşı haldır ki, təhsil müəssisələrinin kitabxanalarında Solmaz Amanovanın hazırladığı vəsaitlər mövcuddur. Bəs görəsən müəllimlərin onlardan istifadə imkanları, həvəsləri, bacarıqları necədir?
-Müasir müəllimin müasir biliklərlə, onları tətbiq etmək üçün multimedia vasitələri ilə “silahlanması” dövrün qarşıya qoyduğu tələbdir. Şükürlər olsun ki, bu gün belə müəllimlərimiz var. 164 saylı məktəbin müəllimi Turan Hüseynova, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Zeynəb Məmmədova, 166 saylı məktəbin müəllimi Solmaz Məhərrəmova, 60 saylı məktəbin müəllimi Aygün Ağayeva bu vəsaitlərin imkanlarından məharətlə istifadə edirlər. Aygün Ağayeva ötən il “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi oldu. Ümumiyyətlə, “İrs”in imkanlarından istifadə edən məktəblərin sirası getdikcə genişlənməkdədir. 30, 45, 177, 23, 91, 239, 288, 189, 190, 18, 5, 51, 162, 200 saylı məktəblər, Elitar Gimnaziya, Klassik Gimnaziya, eləcə də, Salyan, Şirvan, Astara, Hacıqabul rayonlarının təhsil ocaqları, Gəncənin uşaq bağçaları bu sahədə daha artıq fəallıqları ilə seçilirlər.
Solmaz Amanovanın adlarını qeyd etdiyi məktəblərin əksəriyyətinin fəaliyyəti ilə yaxından tanışam. “İrs” vəsaitlərini mən də həmin məktəblərdə görmüşəm və onu da müşahidə eləmişəm ki, bu vəsaitlər özləri ilə məktəblərə tamamilə yeni bir təlim atmosferi, uşaqların, müəllimlərin  təlimə yeni bir münasibətini bəxş edir. Həm kitab, həm də elektron formada olan inteqrativ dərsliklər imkann verir ki, müəllim nəzəri hissəni vizual görüntü ilə möhkəmləndirsin. Elə bunu düşünmüşkən müsahibimdən: -Bəs, uşaqlar bu vəsaitlərə necə münasibət bəsləyirlər?-soruşdum.
-“İrs” uşaqların qarşısında yeni bir dünya açır. Bu dünya ilə tanış olmaq üçün ona açar verir. Dünya onun gözləri qarşısında səhifə-səhifə vərəqlənir. Nağıl, əfsanə, şeir, musiqi, teatr dünyanı yenicə dərk etməyə başlayan uşaq üçün bir möcüzədir. “İrs” bu möcüzəni həqiqətə çevirir. Müəllimin bəhs etdikləri, hələ uşaq üçün qaranlıq olanlar elektron lövhədə canlandıqca uşaqların öyrənmək istəyini gözlərindən aydın oxumaq olar. Öyrətmək üçün bu, mühüm şərtdir. “İrs” uşağın əlindən tutub onu irəli aparır. Uşaq özünü nağıllar aləmində hiss edir. Şübhəsiz ki, bu, yalnız yaxşı müəllim sayəsində əldə olunur.
Müəllimlərdən söz düşmüşkən... Onlar bunu necə mənimsəyirlər?
– Kurslarda iştirak etməklə, Solmaz Amanova söhbətə davam edir. Artıq xeyli sayda müəllim bizim vəsaitlərlə işləmə texnologiyasını məmimsəyib. Bu, əvvəlcə çətin görünür. Amma işlə tanışlıqdan sonra maraq bütün çətinliklərə üstün gəlir. Artıq biz, müəllimlərlə birlikdə neçə-neçə mövzunun elektron variantını hazırlamışıq. Bilirsinizmi, bizimlə işləmək istəyən müəllimlər yaradıcı müəllimlərdir, dərs prosesinin hər anından səmərəli istifadə etmək istəyən müəllimlərdir. Heç yaradıcı müəllim olmasa da, bizim kurslardan sonra yaradıcı işləməyə məcburdur. “İrs” bunu təlqin edir: yalnız yaradıcı işləməklə şagird nailiyyətlərinin sırasını genişləndirmək mümkündür.
Solmaz xanımın hazırladığı vəsaitlər, istər kitablar, istərsə də elektron nümunələr zəngin tərtibatı baxımından da diqqəti cəlb edir. Şübhə yoxdur ki, bunlar xeyli maddi vəsait hesabına başa gəlir. Bəs bu problem necə aradan qalxır?
– Çox çətinliklə, Solmaz xanım bu suala ən yaralı yer kimi yanaşır:
- Mənim işim yalnız kitab yazmaqdan ibarət deyil. Mövzulara uyğun cizgi filmi, personajların rəsmini müxtəlif vəziyyətlərdə çəkmək, musiqi bəstələmək, personajlar yaratmaq, resurslar əldə etmək, videogörüntüləri səsləndirmək...nəhayət kitabları satmaq...bütün bunlar çox çətindir və böyük vəsait tələb edir. Əgər bütün məktəblər, uşaq bağçaları bu vəsaitləri alsalar çox yaxşı olar.
-Məlumatıma görə, ötən il Siz vərəm xəstəliyinin müalicəsini açmış məşhur alim Robert Koxun 100 illiyi münasibətilə “Robert Kox medalı” və şəxsi marka ilə təltif olunmusunuz. Ümumiyyətlə, təltifləriniz, bilirik ki, az deyil. Bunlar barəsində danışardınız... Həmsöhbətim Avropanın nüfuzlu təltifləri haqqında həvəslə danışır. Söyləyir ki, o, Almaniyada keçirilən “Evromedika-2012” konqresinə uzun müddət hazırlaşıb. Həmin konqresə özünün “Monastırskaya apteka”, “Xurdjun”, “Klad Qyandji” kitabları və onların elekrton versiyaları ilə qatılıb. Qeyd etmək yerinə düşərdi ki, bu kitabların hər biri anatomiya, profilaktika və gigiyena, pediatriya, farmokalogiya, religiya, ətraf aləmlə tanışlıq, tarix, musiqi ilə inteqrativ şəraitdə yazılmaqla uşaqların hərtərəfli inkişafında müstəsna rola maikdir. Məhz bu müstəsnalıq da Azərbaycanlı mütəxəssisin əsərlərinə Avropa alimlərinin marağını təmin edib. Solmaz Amanovanın sözlərinə görə, bütün konqres iştirakçıları özündə təhsilin xeyli aspektlərini birləşdirən bu yeni, orijinal vəsaitləri məmnunluqla qarşılayıb. Elə ona görə də onu nüfuzlu medala layiq görüblər. Lakin bundan başqa da Solmaz xanımın digər nüfuzlu təltifləri var. Uşaq tibbi ədəbiyyatı sahəsindəki uğurlarına görə o, Avropanın  “Şərəf” ordeninə, incəsənəti öz əsərlərində anatomiya ilə vəhdətdə ustalıqla təmin etdiyinə və bu vəsaitlərin uşaqların sağlamlığının təmin olunmasında rolunu nəzərə alaraq o, Leonardo da Vinçi medalına layiq görülüb.
Maraqlıdır, görəsən, Solmaz Amanovanın yenilik kimi qarşılanan bu vəsaitlərinin redaktorları kimlərdir, eləcə də, vəsaitlərin hazırlanmasında kimlərsə ona kömək edirlərmi? Müəllifin sözlərinə görə, Fizika İnstitutunun direktoru professor Çingiz Qacar, Tibb Universitetinin Anatomiya kafedrasının müdiri professor Vaqif Şadlinski, Rusiya Yazıçılar İttifaqının katibi Lola Zvonareva, Tibb Universitetinin farmokalogiya kafedrasının müdiri professor Musa Qəniyev, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Sapin Solmaz Amanovanın vəsaitlərinə redaktorluq etmişlər. Qeyd edim ki, adları çəkilən alimlər Avropanın nüfuzlu Akademiyalarının akademikləridir. Vəsaitin hazırlanmasına gəlincə isə, 164 saylı məktəbin müəllimi Turan Hüseynova, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi Zeynəb Məmmədova, 166 saylı məktəbin müəllimi Solmaz Məhərrəmova, 60 saylı məktəbin müəllimi Aygün Ağayeva ona yaxından köməklik göstərirlər.
 Diqqətimi cəlb edən məqamlardan biri də bundan ibarətdir ki, Solmaz Amanova vəsaitlərdə milli dəyərlərin öyrədilməsinə, eyni zamanda ümumbəşəri hissləri aşılamağa çalışır. Onun təqdim etdiyi əsərlərin məzmununda Şərqin də, Qərbin də mədəni dəyərlərinə, nağıllarına, əfsanələrinə, tibb elminin nailiyyətlərinə, görkəmli şəxsiyyətlərə rast gəlmək mümkündür. Amma ilk növbədə o, öz milli mədəniyyətini daha qabarıq verməyə çalışır. Əlifbanın “A” hərfindən başlayaraq öyrədilən dəyərlər elə sistemli təqdim olunur ki, şəxsiyyət hazırlığı məqsədinin qarşıda əsas vəzifə kimi dayandığı aydın görünür.  Bu, isə müəllimin qarşısında elə bir tələb qoyur ki, öyrətmək üçün özü də zəngin təcrübə əldə etməlidir.
Solmaz Amanovanın 15 il ərzində yaratdığı zəngin vəsaitlər əslində daha geniş yazının mövzusudur. Bir qəzet məqaləsində bu barədə tam dolğunluğu ilə əhatə eləmək mümkün deyil. Odur ki, bu mövzuya bir daha qayıdacam.

Böyükağa MİKAYILLI
2015-Cİ İL

Комментарии