Pavel Makarenko: “Makarenko bu gün Ukraynaya daha çox lazımdır”

Müsahibimiz dahi pedaqoq Anton Semyonoviç Makarenko nəslinin nümayəndəsi Pavel Makarenkodur.


Onunla görüşümüzün baş tutacağına o qədər də inamım yox idi. Məlumdur ki, Ukrayna müharibə şəraitində yaşayır. Ölkənin böyük bir ərazisində adamlar səhəri top, güllə səsləri ilə açır, axşamlar səksəkəli yatırlar. Böyük pedaqoq Anton Semyonoviç Makarenkonun da ailəsi ölkəsinin taleyi ilə yaşayır. Bir zamanlar Anton Semyonoviçin Luqanskda yaşadığı tarixi bina da dağıdılıb. Elə Pavel Makarenko – Anton Semyonoviç Makarenkonun nəticəsi ilə görüşümüzün də bu səbəbdən baş tutmayacağını güman edirdim. Amma Pavelin də cəhdləri görüşün alınmasına yardımçı oldu. Bəri başdan bu görüşün təşkil olunmasında əməyi keçən Kiyevdə yaşayan soydaşımız Elxan müəllimə, eləcə də gənc həkim, neyro-cərrah, Əslən Tovuzdan olan həmyerlimiz Musa Musayevə dərin təşəkkürümü bildirirəm. Pavel qohumlarının ailəsini Luqanskdan gətirib Xarkovda yerləşdirən kimi, mənimlə görüşmək üçün Kiyevə gəldi. Mən də Lvovdan Kiyevə qatarla yola düşdüm. Pavel hüquqşünasdır. Xarkovda hüquq şirkətlərindən birində vəkil, eyni zamanda Xarkov Mədəniyyət Akademiyasında müəllim işləyir. O, bu il Ukraynada keçiriləcək Radanın deputatı seçkilərinə qatılacaq. Elə bu səbəbdən də vaxtı məhdud idi. Bununla belə görüşə xeyli zaman ayırmışdı. Azərbaycan pedaqoji ictimaiyyəti üçün maraq doğuracağını nəzərə alıb, Pavelə suallarım əhatəli oldu.

“İnsan şəxsiyyətinə çox hörmət bəslənməli və ondan çox tələb etməli.”
- Pavel Dmitriyeviç, Azərbaycanda Anton Semyonoviç Makarenkonu gözəl tanıyırlar. Onun əsərləri müəllimlərin, pedaqoqların, pedaqoji elm tədqiqatçılarının stolüstü kitabıdır. Makarenko irsinin tədqiqi sahəsində xeyli iş görülmüşdür. Bir neçə faktı qeyd edim. Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev Makarenkonun iki cildlik əsərlərini tərtib edib. Professor M.Muradxanov A.S.Makarenkonun pedaqoji irsinə aid bir sıra irihəcmli kitablar yazıb. Makarenkonun adını daşıyan məktəb var. Ukraynada Makarenko irsinə, Makarenko şəxsiyyətinə münasibət necədir? - Makarenkonun həm irsi, həm də şəxsiyyəti Ukrayna üçün həmişə aktuallıq kəsb edib. O, həmişə bəşəri mahiyyət daşıyıb. Fikrimcə, Makarenko bu gün bəşəriyyətə, eləcə də Ukraynaya daha çox lazımdır. Ukraynada həmişə Makarenko şəxsiyyətinə, irsinə ehtiram olub. Anton Semyonoviş haqqında çoxsaylı əsərlər dərc olunub. Onun elmi-pedaqoji irsi fundamental şəkildə tədqiq edilib. “Pedaqoji poema” adlı bədii film çox böyük maraq doğurub. Ukraynada Makarenko adına ali təhsil müəssisələri, orta məktəblər, küçələr, xiyabanlar var. Fikrimcə, bütün bunlar deməyə əsas verir ki, Anton Semyonoviç Makarenkonun həm irsinə, həm də şəxsiyyətinə Ukraynada münasibət birmənalı olaraq müsbət olub. - Anton Semyonoviç Makarenko özünün pedaqoji sistemini bir cümlə ilə belə ifadə edir: “İnsan şəxsiyyətinə çox hörmət bəslənməli və ondan çox tələb etməli.”Sizin məlumatınız varmı?, o, ailədə də belə tələbkar olmuşdurmu? - Makarenko öz yoluna inanan adam olmuşdur. O, nə etmişdirsə, hansı addımı atmışdırsa, onunla bağlı mükəmməl düşüncələri olmuşdur. Bütün bunları o, öz əsərlərində də göstərmişdir. Ulu babamın həyatı inqilablar, SSRİ adında böyük bir dövlətin yaşadığı təbəddülatlar, vətəndaş müharibəsi, eləcə də quruculuq dövrünə təsadüf etmişdir. Xüsusən də gənclik və uşaqlıq dövründə baş verənlər insanın yadından çıxmır. Onun formalaşmasına təsir göstərir. O, da bu hadisələri öz həyatında hiss etmiş, cəmiyyətin ictimai həyatına fəal şəkildə qoşulmuşdur. O, öz işini o qədər sevib ki, onunla nəfəs alıb. Mən hüquqşünasam. Öz peşəmdən çıxış edərək deyə bilərəm ki, təcrübi, bir də nəzəri hüquqşünaslar var. Nəzəriyyə ilə məşğul olanlar təcrübi hüquqşünasların işini görməkdə çətinlik çəkirlər. Makarenko isə təcrübə, həm də nəzəriyyə ilə məşğul olub. Onun fəaliyyəti həyatın, zamanın zərurətindən doğurdu. O, həm nəzəriyyəçi, həm də təcrübəçi idi. Ailəmdən eşitdiklərimə görə ulu babam işində nə qədər tələbkar olmuşdusa, ailədə də buna o dərəcədə əməl etmişdir. Makarenko novator olmuşdur. Novatorları isə heç də
həmişə asanlıqla qəbul eləmirlər. Onun pedaqoji ideyalarına, metodlarına zamanında çox adamlar qarşı çıxmışlar. Bəzi hallarda ona qarşı mübarizə sistemli hala çevrilib. Bəzi hallarda babamın fəaliyyətinə Ukrayna Xalq Maarif Komissarlığı müdaxilələr edib. Hətta bir ara onun tərbiyə sistemini sovet ideologiyasına zidd hesab edərək onu Kuryajdakı Koloniyanın rəhbərliyindən uzaqlaşdırıblar. Amma babam öz yolunun doğruluğu ilə onlara çox şeyi sübut etməyi bacarmışdır. Təsəvvür edin ki, onun rəhbərlik etdiyi kolonoyanın ən azı 3000 sakini olub. Bildiyimiz kimi də, bunların hamısı azyaşlı cinayətkalar idi. Amma Anton Semyonoviç bu cinayətkarları gələcəkdə mühəndis, müəllim, hərbi həkim, aktyor, rəssam, hüquqşünas və jurnalist etməyi bacarmışdır. Makarenko uşaqları hədsiz dərəcədə çox sevmişdir. - Mənim məlumatıma görə Makarenko nəslindən onun yolunu davam etdirənlər var... - Əlbəttə. Məsələn mənim anam Taras Şevçenko adına Luqansk Milli Universitetinin müəllimidir. Mən özüm də Xarkov Mədəniyyət Akademiyasının müəllimiyəm. Mən orada hüquq intizamını tədris edirəm. Onu da deyə bilərəm ki, ulu babamın ailədə yaratdığı mühit bu ailədə müəllimliyə daimi bir ehtiram bərqərar etmişdir. Ailədə müəllimlik peşəsinə həmişə hörmət olub. 
Makarenkonun pedaqoji sisteminin əsasını inam təşkil edib
- Deməli Makarenkonun öz ailəsi onun elmi-pedaqoji sistemində irəli sürdüyü təlbələrə cavab vermişdir... - Anton Semyonoviç Makarenkonun pedaqoji fəaliyyətində əsas yerlərdən birini şəxsi nümunə təşkil edir. Doğrudan da, o özü nümunəvi bir şəxsiyyət olmasaydı tamamilə pozulmuş, cəmiyyətin qəbul etmədiyi insanların arasında yaşaya, onları tərbiyə edə və bu çətin bir şəraitdə özünün elmi-pedaqoji sistemini yarada bilməzdi. O, öz yolunun doğruluğuna əmin olub və bu əminlik ən çətin məqamlarda belə onun köməyinə çatıb. İnam onun pedaqoji sisteminin də əsasını təşkil edib. Məhz bu inamı sayəsində o, koloniyada uğur qazana bilib. 1920-ci ildə Poltava Quberniyası Xalq Təhsil Şöbəsi ona həddi-buluğa çatmayan qanunpozanlar üçün koloniya yaratmağı və ona rəhbərlik etməyi tapşıranda Anton Semyonoviç bu işə xeyli düşündükdən sonra razılıq verib. Çox-çox sonralar babam yazacaqdı: “Əgər məni qarşıda necə çətin öhdəlik gözlədiyini bilsəydim, yəqin ki qorxub, imtina edərdim.” Deməliyəm ki, belə bir koloniyanı yaratmaq və ona rəhbərlik etmək ancaq Anton Semyonoviç kimi, insanların mənəvi aləminə dərindən bələd olan şəxsiyyətlərə nəsib ola bilərdi. Təsəvvür edin ki, o, burada keçmişin cinayətkarları, nizam-intizamdan xəbəri olmayan yeniyetmə və gənclərlə işləməli idi. Bu bizə bu günün özündə də nə qədər çətin və məşəqqətli görünür. Amma babam öz işinə inandığı kimi, kolonistlərə də inanırdı. Bu inam həm babamı, həm də kolonistləri düşdüyü ağır şəraitdən xilas edirdi. Onun həyat prinspi əsl vətəndaş hazırlığına xidmət etməsi idi. Buna rəğmən yazırdı: "Bizim vətəndaş necə olmalıdır? Bunu biz bilirik. Biz yeni adamın nə demək olduğunu, onun hansı sifətlərlə fərqlənməli olduğunu yaxşı bilməliyik. Biz yaxşı bilməliyik ki, onun səciyyəsi, əqidə sistemi, təhsili, iş qabiliyyəti, əmək qabiliyyəti necə olmalıdır, bizim yeni ... adamımız nə ilə fərqlənməli, nə ilə fəxr etməlidir". Biz, ümumiyyətlə, insan deyil, "vətəndaşı tərbiyə etməliyik". O, öz ailəsində də bunu təlqin edib. Onun ailə ardıcılları o, necə düşünürdüsə, elə də oldu. - Ümumiyyətlə, Makarenko irsinin müasir dövrdə öyrənilməsi səviyyəsi sizi qane edirmi? - Vaxtilə Makarenkonun irsinə çox müraciət olunub. Onun araşdırılması istiqamətində çox işlər görülüb. Bu, daha çox sovet dönəminə aiddir. Bu sahədə Rusiya Federasiyasının əməkdar müəllimi M.Kropaçayevanın əməyini xüsusi qeyd etməliyəm. O, səhv eləmirəmsə, 1940-cı ildə "Pravda" qəzetində dərc edilmiş "İstifadəsiz irs" adlı məqaləsi ilə Anton Semyonoviçin elmi-pedaqoji və bədii yaradıcılığına diqqət yönəldib. Bunun ardınca SSRİ miqyasında Makarenko irsinin tədqiqi istiqamətində fundamental xarakterli işlər görülməyə başlanıb. Tez bir zamanda bu tədqiqatlar öz hüdudlarını aşaraq İngiltərəni, Hollandiyanı, İtaliyanı, Danimarkanı Finlandiyanı, Yaponiyanı və digər ölkələri əhatə edib. Bildiyimə görə, Azərbycanda da Makarenkoya böyük rəğbət var. Ailəmizdə üç nəfər Azərbaycanlı məşhurun adını tez-tez eşitmişəm. Mehdi Mehdizadə, Əjdər Ağayev, Zahid Şöyübov. Bilirəm ki, onlar təhsil adamlarıdır. Ailəmizdə Azərbaycana həmişə böyük ehtiram olub. Amma müasir zamanda Makarenko irsinin öyrənilməsi və təbliği işi məni qane etmir. Bunu ona görə demirəm ki, mən onun varisiyəm. Ona görə deyirəm ki, Makarenko irsi cəmiyyətimiz üçün gərəklidir. Halbuki onun bir sözüdən bir dissertasiya müdafiə eləmək mümkündür. Sanki cəmiyyətdə elə bir tendensiya hökm sürür ki, bu, Makarenko kimi şəxsiyyətlərin unudulmasına xidmət edir. . - Yeri gəlmişkən söyləyim ki, Anton Semyonoviç Makarenko Bakıda da olub... - Bu barədə eşitmişəm. Bu o vaxta təsadüf edib ki, babam Xarkovda yaradılmış F.E.Dzerjinski adına kommunaya rəhbərlik edirmiş. Bu həmin kommunadır ki, SSRİ-də məşhur olan FED fotoaparatlarının istehsal edirdi. - Bu gün Ukraynada Makarenkonun təfəkkür, ideya ardıcılları varmı? Müasir Ukrayna gənclərinin Makarenkonun əsərlərinə münasibəti necədir? - Təəssüflər olsun ki, yoxdur. Çünki Ukraynanın təhsil idarəediciləri bu barədə düşünmürlər. Amma Ukrayna gəncləri Makarenkonu tanıyır. Bu, sevindiricidir. Hətta bizdə savadlı uşaqlara bəzən belə deyirlər: “Makarenko olmayacaqsan ki!”. - Makarenko deyir: “İnsana xoşbəxt olmağı öyrətmək olmaz. Amma onu elə tərbiyə etmək olar ki, o, xoşbəxtliyə nail olsun”. Bu gün Ukraynada belə bir tərbiyə sistemi varmı? - Makarenkonun bu fikrini öz zamanında söyləyib. Amma düşünürəm ki, bu fikri 2014-cü ilə şamil etsək, görərik ki, necə də aktualdır. Ukraynada bu fikrə əməl edən pedaqoqlar təbii ki, var. Amma bunu hamıya aid etmək olmaz. - Yazıçı Valentina Postavalova yazır: “Makarenkonu biz hamımız bilməliyik.” Bu gün Ukrayna Makarenkonu bilirmi? - Makarenkonu hamı tanıyır. İndi buradan çıxıb, küçədə kimdən soruşsanız ki, Makarenko kimdir? – Ukrayna xalqının dahi oğlu, “Pedaqoji poema”nın müəllifi cavabını eşidəcəksiniz. Bu da təbii ki, Makarenko ideyalarının yaşayacağı ümidini verir.

Böyükağa MİKAYILLI, Bakı-Kiyev-Bakı.

Комментарии