MÜƏLLİF MƏKTƏBLƏRİ SİLSİLƏSİNDƏN...

 Zaxarenkonun müəllif məktəbinin ideyası nədən ibarətdir?

Zaxarenko  Aleksandr  Antonoviçin  (1937-2002) müəllif məktəbi Ukraynanın tanınmış məktəbləri sırasındadır. O, Çerkassk vilayəti, Kamensk rayonunun Kamenka şəhərində anadan olub.  Çerkassk Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini  bitirib. İctimai xadim kimi də  tanınan A.A.Zaxarenko  Ukrayna SSR-in əməkdar müəllimi (1974), SSRİ-nin xalq müəllimi (1983) adına layiq görülüb.  Ukrayna Pedaqoji Elmlər Akademiyasının akademiki, Çerkasskinin Saxnovka kəndində məşhur müəllif məktəbinin direktoru olub. O,  vətəndaş, ailə və əmək tərbiyəsinin yeni sistemini yaradıb, ailə-məktəb ideyasını, yerləşdiyi kəndin həyatı, tarixi ilə sıx əlaqədar olan məktəb ideyasını təcrübədə tətbiq edib. Müəllif məktəbi şagirdlərinin  tədqiqatları soykökünün öyrənilməsinə yönəldilmiş və bu işin nəticəsi 2000-ci ildə nəşr olunan  4 cildlik “Məktəb tipli ensiklopediya” da öz əksini tapıb. 

Aleksandr Antonoviç uşaq və valideynlərlə birgə  adi kənd məktəbini bir çox göstəricilərinə görə şəhər məktəblərindən irəlidə gedən  məktəb-kompleksə çevirmişdir. Onun pedaqoji ideyalarının orijinallığı və innovativliyinin təsdiqi olaraq ölümündən sonra rəhbərlik etdiyi məktəbə  “A.A.Zaxarenkonun müəllif məktəbi” rəsmi statusu verilib.


Комментарии