Tablodan görünən Şuşa

 Mənim Şuşaya yolum məktəblərdən keçir. Hələ 2000-ci illərin əvvələrindən başlayaraq “Təhsil və zaman” qəzetində “Şuşa təhsili məcburi köçkünlük illərində” adlı rubrika yaratmışdım. Bu rubrika altında yazdığım yazılarda Şuşada təhsil, elm və mədəniyyət tarixi, Şuşanın görkəmli şəxsiyyətləri, elm və sənət xadimlərindən bəhs edirdim. Eyni zamanda Şuşa təhsilinin ənənələrini, Şuşanın qabaqcıl müəllimlərinin pedaqoji təcrübəsini, Şuşa təhsilinin köçkünlük illərindəki problemlərini qələmə alırdım. “Ustad müəllim” rubrikasındakı ilk yazımı da şuşalı müəllimə həsr etmişdim. Mən Şuşanı, ürəyində onun nisgilini, tarixini, yaxşı və pis günlərinin xatirəsini yaşadan, bu xatirələrlə ovunan şuşalılardan öyrənirdim. Onlar özləri də bir məktəb idilər. Vərəqlədikcə sənə öz möcüzələrindən, sirli-sehirli aləmlərindən bəhs edən məktəb. Şuşa təhsilinin tarixi mənə nələr demirdi... Azərbaycanın ilk dünyəvi məktəbinin yarandığı Şuşa zəngin təhsil ənənələrimiz üçün təməl olub. Bu gün dünyanın heyranlıqla tamaşa etdiyi mədəni dəyərlərimizin yaranmasına Şuşa öz layiqli töhfəsini verib. Şuşada pedaqoji kadrların hazırlığı işinin də təməli bir əsrə yaxındır ki, qoyulub. Şuşa Müəllimlər Seminariyası Azərbaycan Dövlət Pedaqoji Universitetindən cəmi 1 yaş kiçikdir. Bu seminayiyanın 85 illiyi münasibətilə məqalə hazırlayarkən onun tarixi ilə bağlı maraqlı nüanslar öyrənmişdim. Bu seminariyada minlərlə müəllim kadrları hazırlanıb Azərbaycanın məktəblərinə göndərilmişdir. Şuşada dövlət məktəbi ilə yanaşı, Gövhər ağanın, Səməd bəy Ağayevin şəxsi məktəbləri də fəaliyyət göstərmişdir. Vərəqlədiyim kitablardan, dinlədiyim xatirələrdən, bəzən gur, bəzən pıçıltılı səslərdən gözlərim qarşısında, bəlkə də dünyanın heç bir yerində mövcud olmayan rənglərin qarışığından yaranmış bir tablo canlanırdı. Bu tablodan nisgilli bir əsər boylanırdı. Şuşa üçün ağlayan gözlər, şəhid qanları ilə suvarılıb müqəddəsləşmiş torpaq, mənəviyyat abidələrinin narahat ruhları bu tablodan qəlbimə bir ağrı kimi dolurdu... Yadımdadır. 2000-ci ildə Bakıda Akademik Milli Dram Teatrının binasında Şuşanın 250 illik yubileyi qeyd olunurdu. Mən də yubiley mərasiminə jurnalist kimi dəvət olunmuşdum. Pənahəli xanın təməlini qoyduğu Şuşanın tarixi ilə bağlı həqiqətləri o zaman alimlərin, tədqiqatçıların dilindən bir daha eşitdim və Şuşa ağrısını bütün ruhumla hiss etdim. Yubiley tədbirindən hazırladığım “Şuşanın 250 illik yubileyi Şuşasız qeyd olundu” adlı məqaləm kədər və nisgil ifadəsi idi. Bu gün isə Şuşaya qəlbimizdəki kədər və nisgilə əlvida deyib yollanırıq. Tariximizə, illərdir ki, cismimizdən ayrı düşən ruhumuza qovuşmaq üçün yollanırıq. Qəhrəman Azərbaycan əsgərinin, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi ilə işğaldan azad edlimiş Şuşa bizi doğma ana kimi qoynuna alır...

Комментарии