ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANDI

Əməkdaşlıq müqaviləsi imzalandı
Bu günlərdə EDUCENTER Azərbaycan təşkilatının “Təhsildə beynəlxalq təcrübə mübadiləsi” layihəsi çərçivəsində bir qrup azərbaycanlı müəllim, jurnalist və tələbə Ukraynada səfərdə oldu. Səfər çərçivəsində azərbaycanlı qonaqlar ilk olaraq Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının (UMPEA) İstedadli Uşaqlar İnstitutunda “Universal Onlayn xidməti əsasında şagird şəxsiyyətinin inkişafı layihəsinin idarə edilməsi” mövzusunda seminarda iştirak etdilər. Qeyd edək ki, EDUCENTER Azərbaycanın rəhbəri Böyükağa Mikayıllı hələ bir il öncə Ukraynada olarkən bu layihənin rəhbəri  UMPEA-nın Təhsil Menecmenti İnstitutunun Psixologiya kafedrasının dosenti Valeriy Kiriçukla görüşərək Universal – onlayn xidməti haqqında ətraflı məlumat əldə etmişdi. EDUCENTER Azərbaycanın təşəbbüsü ilə keçirilən bu seminarın məqsədi layihəni daha ətraflı öyrənmək idi. Seminarda ilk çıxış edən Valeriy Kiriçuk layihənin əsasının onun atası Aleksandr Kiriçuk tərəfindən qoyulduğunu, Ukraynada 30 ildən artıq bir müddətdə tətbiq olunduğunu, hazırda dünyanın qabaqcıl təhsil təcrübəsinə malik olan bir sıra ölkələrində ondan istifadə edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Təhsil proseslərinin idarə olunması xidməti olan «Universal-onlayn» şagird şəxsiyyətinin hərtərəfli inkişafına yönəlib və pedaqogika, psixologiya, tibbi məlumatların emalı işinin təşkili sahələrində nəticələrin birləşməsindən ibarətdir. Müəyyən şərtlər daxilində bu sistem «Adaptiv təhsil sistemi» də adlandırıla bilər. Sistemin konsepsiyasının mahiyyəti bundan ibarətdir ki, hər bir uşaq özünəməxsus şəkildə inkişaf edir, ona görə də fərdiləşmiş təlim və tərbiyəyə ehtiyac duyulur. Sistemdə təhsilalanların hər birinin obyektiv təhsil tələbatlarını ödəmək üçün onların təhsil ehtiyacları müəyyənləşdirilir. Sistemin prinsiplərinə əsasən şagird təhsil aldığı müddətdə hərtərəfli tibbi-psixoloji-pedaqoji diaqnostika edilir. Bu ehtiyacların faktiki təhlilinin aparılması və təhsil tsiklində şagirdin şəxsi inkişafını təmin edən fərdi tapşırıqlar müəyyənləşdirilir. Müəyyən vəzifələri yerinə yetirmək və müəllimlərin işini təşkil etmək üçün layihə metodu tətbiq edilir. O, vurğuladı  ki, «Universal-onlayn» –  ümumtəhsil məktəblərində kollektiv təlimdə fərdi təhsilin həyata keçirilməsinə imkan yaradan inteqrasiya edilmiş bir vasitədir. Bu sistem mövcud maliyyə, kadr, təşkilati məhdudiyyətlər çərçivəsində zamana qənaət etməklə müəllimlərin işini asanlaşdırır.
Seminarda iştirak edən Çerkassı Dövlət Universitetinin fundamental tibb kafedrasının müdiri, tibb elmləri doktoru Sergey Rudenko layihə çərçivəsində həkimlərin fəaliyyətindən, şagirdlərin diaqnostikaya cəlb edilməsi, xəstəliklərin müəyyənləşdirilməsi və xəstəlik aşkar edilmiş şagirdlərlə aparılan işin təşkili, müəllim və valideynlərin birgə fəaliyyətinin əhəmiyyətindən bəhs etdi. Layihənin aparıcı təlimçisi xanım Lyudmila layihə çərçivəsində həyata keçirilən təlimlərin əhəmiyyətindən bəhs etdi. Müəllimlərin bu layihənin incəlikləri ilə tanış olmalarını, onları öz işlərinə tətbiq etmələrinin vacibliyini vurğuladı. Seminarın sonunda Valeriy Kiriçuk “Azərbaycan məktəbi” jurnalının redaksiya şurasında təmsil olunduğunu, bu jurnalda elmi məqalə ilə çıxış etdiyini diqqətə çatdırdı. Jurnalla, azərbaycanlı təhsil işçiləri ilə əməkdaşlıqdan məmnunluğunu söylədi.
Seminar çərçivəsində Ukraynada və dünyada “Universal - Onlayn” layihəsinin həyata keçirilməsinə məsul olan Ukrayna Milli Pedaqoji Elmlər Akademiyasının Təhsil Menecmenti İnstitutu ilə EDUCENTER Azərbaycan təşkilatı arasında gələcək əməkdaşlıq haqqında müqavilə imzalandı.
Böyükağa MİKAYILLI

Комментарии