İVAN KUPALA GECƏSİNİN SİRRİ...

İvan Kupala gecəsinin sirri...
Od və sudan başlanğıc alan, Günəş təqviminin dörd ən əhəmiyyətli bayramından biri olan İvan Kupala bayramı şərqi slavyanlıların arzu, ümid, gələcəyə inam, əhd-peyman gecəsi kimi ürəklərə köçüb, yaddaşlara həkk olub...
Mijqoredə olduğumuz günlər şərqi slavyanlıların əsrlər boyu qeyd etdikləri İvan Kupala bayramına təsadüf etdi. Bu bayram haqqında eşitmişdim, amma bayram mərasimlərində iştirak edə bilməmişdim. İvan Kupala haqqında ilkin təsəvvürüm belə idi ki, o, bizim Novruz bayramına çox bənzəyir və insanlar onu sevgi, ehtiram, ümid, xoşbəxtlik arzuları bayramı kimi qarşılayırlar. Bayram iyulun 6-dan 7-nə keçən gecə qeyd edilir. Sakinlər bayramı keçirmək üçün Reka çayının kənarında əvvəlcədən yer müəyyənləşdirdilər. Milli geyimdə olan qızların başında çöl çiçəklərindən hörülmüş al-əlvan çələng var idi. Qızlar daha böyük və yaraşıqlı çələng hörməyə çalışırlar. İstəyirlər ki, onların çələngində Karpat meşələrinin, çöllərinin ən gözəl çiçəkləri yer alsın, çələng həm gözəl olsun, həm də ətrafa dağların, meşələrin ətrini saçılsın. Onlar Günəş batmazdan öncə çayın sahilinə toplaşdılar və başlarındakı çələngi suya atdılar. Suya atılmış çələnglər batmaqda olan günəşin şəfəqləri altında parıldayırdılar. Hava qaralana yaxın çayın sahilində böyük tonqal qaladılar. Qızlar əl-ələ tutub tonqalın üstündən atılır, gülüb danışırdılar. Rəvayətə görə Kupala gecəsi yandırılan tonqal böyük mistik gücə malikdir. Kupala tonqalından hamı atlanır. Şərqi slavyanlılar belə hesab edirlər ki, Kupala tonqalından atlanmaq insanı daxilən təmizləyir, ətrafında olan pislikləri yandırıb məhv edir. Əgər bir-birini sevən cütlük bu tonqaldan tullanarsa, onların birlikdə xoşbəxt həyat sürəcəklərinə inanırlar. Bayram gecəsi bir məqamı da müşahidə edirdim. Cütlüklər tonqal üzərindən daha yaxşı tullanmaqla da bir-biriləri ilə bəhsə girir, daha çevik, sağlam olduqlarını göstərmək istəyirdilər. Deyilənlərə görə, qədim dövlərdə İvan Kupala bayramını qeyd edən qadın tonqal üzərindən tullanmazdısa, onu cadugər adlandırardılar. Bu gün isə bayramın bu tərəfi artıq unudulub, insanlar Kupalanın mənəvi zövq verən tərəflərindən daha çox faydalanırlar.
Qızlar çələnglərini çaya buraxdıqdan sonra şam yandırdılar. Onlar çay boyu mahnı oxuya-oxuya əllərində şam gəzərək çələnglərini izləyirdilər. Bəzən balaca dəcəl oğlanlar suya atılıb qızların çələngini götürüb qaçır, bayramı pozmağa çalışırlar. Bizim müşahidə etdiyimiz bayram gecəsində isə belə bir “hadisə” baş vermədi. Hər şey öz axarı ilə davam etdi.  Bəzi oğlanlar qayığa əyləşib, bəziləri isə üzərək çələnlərin arxasınca getdilər. Bayram adətinə görə çələngi çaydan çıxarıb gətirmək yaxşı əlamət hesab edilir. Bu o inanca əsaslanır ki, cütlüklər gələcədə xoşbəxt həyat sürəcəklər. Xalq inancına görə, əgər çələng çayda yaxşı üzər, şam öz qaydası ilə yanarsa, qız gələn Kupala bayramına qədər ailə həyatı quracaq. Yox əgər çələng yerində fırlanarsa, yaxud suda batarsa, qız ərə getməyəcək. Əgər çələng üzüb başqa sahilə gedərsə, deməli qız çayın o biri sahilinə ərə gedəcək. Çələng çayın mərkəzi ilə üzərsə, belə başa düşülür ki, il əhəmiyyətsiz dəyişikliklərlə keçəçək. Çələngin atıldığı sahilə qayıtması ilə yaxşı əlamət sayılmır. Belə bir inanc da mövcuddur ki, “Папоротник” (“Ayıdöşəyi”) deylən bitki ancaq Kupala gecəsində peyda olur və qısa müddət sonra yoxa çıxır. Bu bitkini əldə etmək çox çətindir. Amma onu dərmək, qoxlamaq yaxşı hal sayılır. Şərqi slavyanlar hesab edirlər ki, bu bitki insanı pis ruhlardan, bəd niyyətli insanların şərindən qoruyur. Böyük rus yazıçısı Nikolay Qoqol “”Basavryuk (“İvan Kupala ərəfəsində gecə”) adlı hekayəsində bu bayramın məziyyətləri barədə danışır. Yazıçı bu əsərində bu bayramın xalq arasında yayılan əsas məqamlarından bəhs edərək, onun mistik tərəflərinə də toxunub. Xalq arasında belə bir inanc da var ki, “Ayıdöşəyi” bütün canlıların dilini başa düşə, yer üzündə gizlənən bütün xəzinələrin yenini görə bilir. Bu gecə meşə boyu ağacların gəzdiyi və öz aralarında danışdıqlarına da inananlar var. Od və sudan başlanğıc alan, Günəş təqviminin dörd ən əhəmiyyətli bayramından biri olan İvan Kupala gecəsi şərqi slavyanlıların arzu, ümid, gələcəyə inam, əhd-peyman gecəsi kimi ürəklərə köçüb, yaddaşlara həkk olub...
Böyükağa Mikayıllı,
Ukrayna, Mijqore, 06.07.2019

Комментарии