"BİR SƏMA ALTINDA" BEYNƏLXALQ FESTİVALI

“Bir səma altında” Beynəlxalq Festivalı
İyul ayının 3 – 8 – də Ukraynanın Zakarpatye vilayatəinin Mijqore şəhərində UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının, UNESCO-nun Beynəlxalq Layihələrin Tətbiqi Mərkəzinin, Ujqorod şəhər administrasiyasının, Mijqore şəhər administrasiyasının,  Mijqore Peşə liseyinin təşkilatı, “Təhsil dünyası” qəzetinin informasiya dəstəyi ilə uşaq və gənclərin yaradıcılığına həsr olunmuş beynəlxalq festival keçirildi. Festivalın “Bir səma altında” adlı mövzusu azərbaycanlı jurnalist Böyükağa Mikayıllının Ukrayna xalqının adət-ənənələrindən, mədəniyyətindən, təhsilindən bəhs edən və Azərbaycan, Ukrayna və rus dillərində çap olunan “Bir səma altında” kitabının adından götürülmüşdür. Festivala Ukraynanın bütün vilayətlərindən, eləcə də Azərbaycandan, Amerika Birləşmiş Ştatlarından, Polşadan 300 nəfərə yaxın iştirakçı qoşulmuşdu. Azərbaycan festivalda 12 nəfərlə iştirak edirdi. Tanınmış gənc rəssam, Bakıda keçirilmiş “Dünyanın səsini duyaq” Beynəlxalq Festivalın qalibi, Azərbaycan Dövlət Rəssamliq Akademiyası nəzdində İncəsənət Kollecinin tələbəsi Şəbnəm Əsgərli festivala öz orijinal rəsm əsərləri ilə qatılmışdı. Festival çərçivəsində Şəbnəm Əsgərlinin rəsmlərindən ibarət sərgisi keçirildi və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Şəbnəmin nümayiş etdirdiyi “Batika” üslubunda əsərləri, neftlə, kömürlə işlənmiş rəsmləri ukraynalı uşaqlar, gəncləri üçün yeni bir tapıntı idi və onlar bu əsərləri heyranlıqla izləyirdilər. Onun rəsmlərindən Azərbaycanın tarixi abidələri, təbiətimizin misilsiz gözəllikləri, ölkəmizin müasir inkişaf səviyyəsini göstərən müstəsna məqamlar boylanırdı. Qeyd edək ki, Şəbnəm Əsgərlinin müəllimi Azərbaycanın tanınmış keçəçi rəssamı Rauf Abdulhüseynoğludur.
Festival Mijqore Peşə Liseyinin həyətində hazırlanmış xüsusi yerdə tonqalın alovlandırılması ilə başlandı. UNESCO-nun, Azərbaycanın və Ukraynanın bayraqları qaldırıldı. Azərbaycan bayrağı dövlət himnimizin sədaları altında Böyükağa Mikayıllı, Samir Mehdizadə və Şəhriyar Məhərrəmov tərəfindən ucaldıldı. Festivalın açılış mərasimində çıxış edənlər – UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru Vasili Fyodroviç Tarçineç, Vilayətin Dövlət administrasiyasının nümayəndələri, xaricdən gələn qonaqlar festivalın işinə, iştirakçılara uğurlar dilədilər. Qeyd etdilər ki, bu gün dünyanın sülhə, əminamanlığa ehtiyacı var, insanların xoşbəxt yaşamaq haqqı var. Biz bu təşkilatın, bu festivalın tribunasından bütün dünyaya səslənirik. Dünyanın gələcəyi uşaqlardır! Uşaqları qoruyaq! Dünyanın gələcəyi sağlam təbiətdir. Təbiəti qoruyaq! Bəşəriyyəti gələcək nəsillərə sağlam təməllər üzərində ötürək! Saf əqidəli, sağlam mənəviyyatlı insanlar tərbiyə edək! Festivalın açılış mərasimində çıxış edən jurnalist Böyükağa Mikayıllı dünyada baş vermiş soyqırımlara, müharibələrin dəhşətli nəticələrinə diqqət yönəltdi. Qeyd etdi ki, Azərbaycan torpaqlarının 20 faizi qonşu Ermənistan tərəfindən işğal olunub. Tarixi abidələrimiz, maddi-mədəniyyət nümunələrimiz dağıdılıb. Təbiətimizə işğalçı dövlət tərəfindən ciddi zərbə vurulub. İşğalda olan meşələrimiz, çaylarımız düşməncəsinə istismar edilir. 1992-ci ilin 26 fevralında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində dəhşətli soyqırım törədildi. Uşaqlar, qadınlar, qocalar amansızlıqla qətlə yetirildi. Bu gün sülh istəyən, dünyaya sülh arzulayan Azərbaycan dövləti öz ata-baba torpaqlarını müharibə yolu ilə də azad etməyə hazırdır. Böyükağa Mikayıllı vurğuladı ki, Azərbaycan istedadlılar ölkəsidir. Dünyanın ən böyük rəssamları, yazıçıları, şairləri, bəstəkarları sırasında Azərbaycanlılar özlərinəməxsus yer tuturlar. O istedadların davamçıları bu gün də yetişməkdədir. Bu kimi festivallar, müsabiqələr istedadların üzə çıxmasına şərait yaradır. O, qeyd etdi ki, Bakıda ”Dünyanın səsini duyaq” beynəlxalq festivalı keçirildi. Bu festivala UNESCO –nun Beynəlxalq layihələrin tətbiqi mərkəzi, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası dəstək verdi. Bakıda keçirilən festivala dünyanın 12 ölkəsindən istedadlı uşaq və gənclərin yaradıcılıq işləri göndərildi. Bu gün Mijqoredə reallaşan festivalda da Azərbaycanlı istedadlı uşaq və gənclər həm əyani, həm də qiyabi formada qoşulublar. O, festivalın işinə uğurlar dilədi, təşkilatçılara minnətdarlığını bildirdi.
Sonra festivala Ukraynanın müxtəlif guşələrindən gəlmiş milli rəqs ansambılları, müğənnilər, məktəblərin yaradıcı kollektivləri, həmçinin Azərbaycandan festivala qatılmış Səbinə və Samirə Məhərrəmlilər, Bülurə Nərmanlı “Nəlbəki” rəqsi ilə çıxış etdilər.
Sonrakı günlər nominasiyalar üzrə göndərilmiş yaradıcı işlər qiymətləndirildi. Festivalın bağlanış mərasimi Azərbaycan nümayəndə heyəti üçün də sevindirici anlarla yadda qaldı. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin tələbəsi Şəbnəm Əsgərli Festivalın rəsm nominasiyası üzrə “Qran-Pri” mükafatına layiq görüldü. Festivala Azərbaycandan göndərilmiş digər yaradıcı işlər də qaliblər sırasında yer aldılar.



Комментарии