TARAS ŞEVÇENKO – BÖYÜK MÜƏLLİM


AvtoportretUkrayna məktəbləri ilə tanışlıq zamanı diqqətimi həmişə xüsusi bir məqam cəlb edirdi. Hansı məktəbə gedirdimsə, Ukrayna xalqının görkəmli oğlu Taras Şevçenko ilə bağlı yeni nə isə öyrənirdim. Məktəblilər, pedaqoji kollektivlər onu özlərinin ən qiymətli inciləri kimi təqdim edir, onun haqqında qürurla danışır, onu “Peyğəmbər” adlandırırdılar. Mənim fikrimcə, Taras Şevçenko Ukrayna xalqının mənəvi dünyasının formalaşmasına müstəsna təsir göstərmiş “Mənəviyyat memarı”dır. İvan Franko T.Q.Şevçenko haqqında yazır: “O, bir  kəndli oğlu idi, ancaq böyük ruhi-mənəvi aləmə sahibi idi. O, təhkimli idi, ancaq öz mənəvi dünyası ilə nəhəng simaya çevrildi. O, öz-özünə öyrəndi və böyük alimlərin yeni dünyalar kəşf etməsinə təkan verdi. O, 10 il rus əsgəri mundirində əzab çəksə də, azadlıq üçün 10 qalib ordudan çox iş gördü.”
O, Ukrayna mənəvi mühitinin hər addımında hiss olunur. Mübaliğəsiz demək olar ki, Taras Şevçenko Ukrayna xalqının simvoludur.
O, 1768-ci ildə Kiyev quberniyasının Zveniqorodski rayonu Morintsi kəndində təhkimli kəndli ailəsində dünyaya gəlib. Hal-hazırda Çerkassı vilayətinə daxil olan bu torpaqlar bir zamanlar üsyançı hərəkatın mərkəzi kimi tanınırdı. Taras Şevçenkonun həmkəndliləri də bu hərəkatın önündə gedirdilər.
Taras Şevçenkonun əsərlərini mütaliə edərkən, onun bütün varlığında Ukraynanın ruhunu hiss etmək mümkündür. O, ana torpağın səxavətlə ona bəxş etdiyi yaradıcılıq ruhunu böyük sevgi ilə ona qaytarır, ona öz sonsuz məhəbbətini izhar edir. Öz qələmi və fırçası ilə Ukrayna ruhunun, xalqın azadlıq arzularının, onun həyat eşqinin rəsmini çəkir, xalqının mənəvi qüdrətini dünyaya bəyan edir. Ukrayna Şevçenkonun, Şevçenko isə Ukraynanın ruhunda yaşayır.
O, həm rəssam, həm də şair idi. Onun qələmi və fırçasında insanın sonsuz arzu və istəkləri ilə yanaşı, fikir və düşüncələrini, kədər və iztirabını da aydın görmək mümkündür. Bu da təsadüfi deyil. Taras Şevçenko 47 illk qısa ömründə elə bir əsərlər meydana gətirib ki, bu əsərlər Ukrayna xalqının həm tarixi və həm də gələcəyi üçün sonsuz mənəvi dəyərə malikdir. Bu əsərlər xalqın tarixindən yoğrulmuş, gələcəyə hesablanmış mənəviyyat dərsləridir. Akademik Məmməd Arif Dadaşzadə yazırdı: “Hər xalqın elə şairi vardır ki, xalq həyatının ən səciyyəvi cəhətləri onun əsərlərində fövqəladə bir dolğunluq və aydınlıqla öz əksini tapır. Elə bil ki, xalq öz ürək sözünü, öz arzu və istəklərini, hiss və duyğularını, mənəvi aləmini bu şairlərin dili ilə ifadə edir. Belə şairlərin adını çəkəndə bütün bir xalq gəlib gözümüzün qabağında durur. Taras Şevçenko Ukrayna xalqı üçün belə bir şairdir.”
Bəzən düşünürəm: Taras Şevçenkonun əsərlərinin milli-mənəvi silqətinin bu qədər dərinliyinin əsasında nə dayanır? Yalnız istedadmı, yaradıcılıq eşqimi? Millətinə, insanlığa, insanlığın gələcəyinə olan sonsuz sevgimi? Əlbəttə bunlar böyük əsərlər meydana gətirmək üçün əsas şərtlərdəndir. Amma Taras Şevçenko yaradıcılığının, Şevçenko bəşəriliyinin əsasında boya başa çatdığı məşəqqətlər, iztirablar, ağrı-acılar mühiti də dayanıb. Məhz bu mühit Taras Şevçenkonun inqilabi-demokratik ruhunun formalaşmasına, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizm cərəyanın banisi səviyyəsinə yüksəlməsinə yol açib. Babasından eşitdiyi – Ukrayna xalqının tarixini, qəhrəmanlıq salnaməsini, acılarını əks etdirən rəvayətlər, hekayələr, təhkimli kəndlilərin ağır həyatı, hətta anasının belə ağalar tərəfindən gözləri qarşısında döyülüb təhqirlərə məruz qalması balaca Tarasın ürəyində sağalmaz yaralar açırdı. Bu yaraların hər birindən gələcəkdə bir əsər doğulacaqdı.
Taras 8 yaşında ikən anasını itirib. Atası yetim qalan 6 uşağa baxmaq üçün ikinci dəfə evlənib. Amma yetimlərin bəxti gətirməyib. Ögey ananın verdiyi əzablar Tarası evdən qaçmağa məcbur edib. Küçələrdə ac-susuz dolanan balaca oğlan hər gün bir dalanda gecələyib, nökərçilik edib. Nəhayət Boqorski adlı keşişin yanında təhsil almaq imkanı qazanıb. Amma burada da onun bəxti gətirməyib. Boqorski onu nökər kimi işlədir, oxumağına imkan vermirdi. Bu vaxtlar Taras özündə rəsm çəkmək qabiliyyəti hiss edir və rəssamlıq bacarıqlarını artırmaq istəyirdi. Buna isə maddi imkan lazım idi. Çətinliklərə baxmayaraq o, öz ağası Engelqardtın həyat yoldaşı baronessa Sofiya Qriqoryevnanın yanında polyak və fransız dillərində danışmağı öyrənir.
Taras Şevçenkonun bəxti yalnız Peterburqda Ukraynalı rəssam İvan Maksimoviç Soşenko ilə rastlaşandan sonra gətirir. Soşenko xeyirxah və mərhəmətli insan idi. O, kənardan Tarası müşahidə edir və onun heykəllərin rəsmini necə böyük həvəslə çəkdiyinə baxır. Taras Şevçenko məhz İvan Soşenkonun sayəsində böyük rus rəssamı Briylov və şair Vasiliy Jukovski ilə tanış olur. Bu tanışlıq da Taras Şevçenkonun yolunu Peterburq Rəssamlıq Akademiyasına açır. Şevçenkonun təhkimli kəndli olması onun sərbəst fəaliyyət göstərməsinə maneçilik törədirdi. Onu təhkimçilikdən azad etmək lazım idi. Mülkədar Engelqardt isə buna görə 2500 rubl pul tələb edirdi. Briylov və Jukovski bu vəsaiti toplayıb ona verirlər. Beləliklə Taras Şevçenko təhkimçilikdən azad olur. Taras Şevçenko sonralar tərcümeyi halında yazacaqdı: “Azad olunduğum üçün Karl Brilyova və Vasili Jukovskiyə borcluyam...” Qısa bir zamanda öz yaradıcılığı ilə cəmiyyətin diqqətini cəlb edir. Hələ Peterburq Rəssamlıq Akademiyasında təhsil alarkən şeriləri və poemalarının toplandığı “Kobzar” kitabı çap olunur. Məşhur Ukrayna yazıçısı Kvitka Osnovyanenko bu kitabla tanış olduqdan sonra yazırdı: “Mən sizin kitabınızı qəlbimə sıxdım. Sizin fikirləriniz mənim ürəyimə yatır. Yaxşıdır, çox yaxşıdır. Artıq bir söz söyləməyə taqətim yoxdur.”
Ukrayna xalqının böyük müəllimi
Taras Şevçenko Ukrayna xalqının böyük müəllimidir. Onun bütün əsərlərinin mahiyyətində insanın mənəvi keyfiyyətləri, həyata baxışları, əxlaqı, vətən haqqında düşüncələri əks olunur. O, öz qəhrəmanlarının malik olduğu dəyərlər, keyfiyyətlərlə oxucusuna yol göstərir, onun düşüncəsinə, təfəkkürünə Ukrayna insanının əxlaqi-mənəvi keyfiyyətlərini yazmaqla, onu öyrədir. Məşhur “Vəsiyyət” şeirinə nəzər salaq: Burada şair vətəni necə böyük məhəbbətlə sevdiyini dilə gətirməklə, böyük bir nümunə nümayiş etdirir. Bu əsər əsrlərdir ki, sevgi-məhəbbət, mərhəmət, mübarizlik simvolu kimi dünyanı dolaşır. “Qafqaz”, “Katerina”, “Kaydamaklar”, “Taras gecəsi”, “Kor qadın”, “Ey fikirlərim”, “Qovaq”, “Kölə”  və digər şeir və poemaları sevgi hüdudsuzluğunu, insanın iç dünyasını, onun həyat mübarizəsini xarakterizə edir.
Taras Şevçenkonun əsərlərində anaya məhəbbət, ana fədakarlığı aparıcı istiqamət təşkil edir. Ana sevgisi, ana sözü qeyri-adi gücə malikdir. Dünyada Ana sözündən müqəddəs söz yoxdur. O, hesab edir ki, ana nə qədər əxlaqi-mənəvi keyfiyyətlərə malik olarsa, övladını da bu ruhda tərbiyə edə bilər. Bu isə vətənin gələcəyi üçün vacib olan amildir. Ana olmaq böyük xoşbəxtlikdir və analar bunu dərk etməlidirlər. Onun əsərlərində vurğulanır ki, ana uşağın ilk tərbiyəçisidir və bunu layiqincə yerinə yetirməsi üçün təkcə özü deyil, həm də cəmiyyət məsuliyyət daşıyır. Cəmiyyət elə bir səviyyədə qurulmalıdır ki, ananın öz övladını tərbiyə etməsində problemlər yaranmasın. Bir qarın çörək dalınca minbir əzaba qatlaşan, ağaları tərəfindən döyülən, söyülən, maddi və mənəvi iztirablara məruz qalan, övladı ilə maraqlana bilməyən ana ona necə tərbiyə verə bilər? Bax bu zaman cəmiyyətdə tərbiyə balansı pozulur. Sosial, mənəvi, psixoloji problemlər yaranır. Tərbiyə deqredasiyaya uğrayır. “Yuxu” əsərində bunu aydınlığı ilə görmək mümkündür. O, bu əsərdə cəmiyyətin eybəcərliklərini tam çılpaqlığı ilə bəyan edir. O, xalqının iztirablarının təməlində Çar mütləqiyyətini, çar idarə üsulunu görür və xalqını mübarizəyə səsləyir, öz sərləri ilə millətinə mübarizə ruhunu aşılayır. Elə buna görə də əzablara, məhrumiyyətlərə düçar olur. 1847-ci il aprel ayının 5-də Kiyevə qayıdan Taras Şevçenko həbs edilir. Istintaq zamanı ondan soruşurlar: “necə olmuşdur ki, sən atamız imperatorun adına belə ədəbsiz şeirlər yazmısan? Şair çar məmurlarına belə cavab verir: - Mən kəndlilərin mülkədarlar, şlyaxtiçlər, tərəfindən soyulduğunu, onların dilənçiliyini görmüşəm. Bunların hamısı imperatorun, çarın adından edilmiş və indi də edilir.”  A.Alməmmədov “Azərbaycan müəllimi” qəzetinin 03.08.1964-cü il tarixli nömrəsində yazır: Şevçenko inqilabi fəaliyyətinə görə ən qorxulu düşmən kimi 10 il müddətinə “saldatlığa” göndərilir. Dövrünün ən təhqiramiz cəzası ilə şairin inqilabi ruhunu öldürmək istəyənlər yanılırlar. Şair ciddi nəzarət altında kazarmada saxlanılır. Onu şeir yazmağa və şəkil çəkməyə qoymurlar. Çünki çar 1-ci Nikolay öz dəsti-xətti ilə Şevçenkonun haqqındakı qərara əlavə etmişdi: “Şeir yazmaq və şəkil çəkməyi qadağan etməklə, ciddi nəzarət altında saxlanılsın. ”
Şevçenko tərbiyə haqqında
Tərbiyə işi elə qurulmalıdır ki, cəmiyyətin tələblərinə uyğun olsun, deyə “Ukraynanın pedaqoji tarixi”nin 4-cü bölməsində Taras Şevçenkonun əsərlərinə istinad edilərək qeyd olunur. Əsərdə həmçinin vurğulanır ki, ukraynalı gənclərin ailə həyatı Ukrayna cəmiyyəti üçün mühüm amil kimi diqqətdə saxlanmalıdır. Taras Şevçenkonun ailə dəyərlərinə önəm verməsi, sevgi hisslərini ən ülvi dəyər kimi qabartması ailə prinsiplərini cəmiyyətin inkişafında dayaq kimi görməsindən qaynaqlanır. Taras Şevçenko göstərir ki, ailə dəyərlərinə barmaqarası baxılan ailələrin övladları təbii ki, normal tərbiyə ala bilmirlər. Şevçenkonun özünün ailə həyatı uğursuz olsa da, övladları olmasa da, ailəyə və uşaqlara ən qiymətli xəzinə kimi baxmışdır. Təsadüfi deyil ki, onun əsərlərində uşaq obrazları xüsusi yer tutur. Uşaqların tərbiyəsinə məsuliyyətsiz yanaşmanın acı nəticələrə gətirib çıxaracağını dilə gətirir.
Taras Şevçenko zamanla məktəblərə, şagirdlərin təhsilinə də diqqət yetirirdi. O, özünün “Kobzar” əsərini məktəblərə göndərir, çalışırdı ki, gənclər ondan bəhrələnsinlər. O, öz millətini çox yaxşı tanıyırdı, bilirdi ki, onun içində mənəvi potensial var, o potensialı hərəkətə gətirmək üçün onun ürək tellərinə toxunmaq lazımdır. Şevçenko təhsili bir məşəl kimi görürdü. Təhsildə yeni prinsiplərin bərqərar olmasını, xalq məktəblərinin yaradılmasını, bu məktəblərdə yaxşı müəllimlərin çalışmasını, uşaqların intellektual, fiziki cəhətdən inkişafını arzulayırdı. Böyük mütəfəkkir haqlı olaraq hesab edirdi ki, uşaqlar öz ana dillərində təhsil almalı, məktəbdə adət-ənənələri, milli-mənəvi dəyərləri öyrənməlidirlər. O, qadınların təhsilinə xüsusi önəm verir, təhsil məsələlərində qadınların kişilərlə eyni hüquqa malik olduqlarını söyləyirdi.
Onun əsərlərində təbiət füsunkarlığı elə təsvir olunur ki, onlar gözlərimiz qarşısında canlı varlıq kimi dil açıb danışırlar. Dnepri hər görəndə onun Taras Şevçenkonun şeirlərindəki nərəsini eşidirəm sanki. Taras Şevçenko təbiəti elə təsvir edir ki, onun səsini duyursan, azadlığı elə təsvir edir ki, onu bütün varlığında arzulayırsan, sevgini elə təsvir edir ki, onun xəyal qanadlarında uçmaya bilmirsən, gözəlliyi elə təsvir edir ki, özünü onun ağuşunda hiss etməyə bilmirsən. “Ölülər, yaşayanlar və doğulmayanlar” əsərində diqqət çəkən bu cümlə necə də təsirli səslənir: “Dünyada ikinci Ukrayna və ikinci Dnepr yoxdur.” O, qətrə-qətrə, damla-damla insanın mənəvi halına təsir edir, onun azadlıqsevər, vətən aşiqi, böyük məhəbbətlə sevən ruhunu yaradır. Çünki o, insanın ruhuna bələddir, çünki o, xalqının hissləri, yaşantıları ilə yaşayıb. Ruhu ilə, cismi ilə xalqının yanında olub. Xalqı necə yaşayıbsa, o da elə yaşayıb. Xalqının çəkdiyi ağrı acıları bütün qəlbi ilə o da çəkib. O, kağıza deyil, ürəklərə yazırdı. Yazdiqları və çəkdikləri ilə həyatın gerçək üzünü ifadə edirdi. Mikayıl Rəfili “Taras Şevçenko” adlı əsərində yazır ki, uzun illərdən sonra o, vətəni Ukraynaya qayıdır. Bu zaman artıq Taras şair və rəssam kimi məşhurlaşmışdı. Vəzifə sahibləri, mülkədarlar onu hər gün evinə, məclislərə dəvət edir, xalqın arasında olmağı, onun ağır güzəranı ilə tanış olmasını istəmirlərmiş. Lakin Taras bu dəvətlərdən imtina edir, xalqının həyatı ilə maraqlanır, acınacaqlı durumla qarşılaşır. Görkəmli türk şairi Nazim Hikmət yazır: “Şevçenko gözəl mübarizə nəğmələrindən biridir ki, onu müstəmləkə, yarımmüstəmləkə və geri qalmış ölkələrdə oxuyurlar, onu öz milli istiqlaliyyəti uğrunda, öz torpağı və demokratik hüquqları uğrunda qan tökən xalqlar oxuyurlar.
... Xalqlar öz istiqlaliyyəti və demokratik hüquqları uğrunda silaha qurşandıqca, Şevçenko şeirini müxtəlif dillərdə oxuyacaqlar. Bəs sonra? Yer üzündə istismar olunanheç bir xalq, istismar olunan heç bir insan qalmadıqdan sonra? Şevçenko nəğmələri o zaman da səslənəcəkmi? Əlbəttə, səslənəcək: böyük Ukrayna şairinin alovlu nəğmələri adamlar üçün uzaq keçmiş haqqında bir xatirə olacaqdır.”
Görkəmli rus tənqidçisi Belinski Taras Şevçenko haqqında yazırdı: “O, imtiyazlı malorossiya şairidir.” Belinskinin bu fikrini təsadüfü yerə qeyd etmədim. Şevçenkonun yaşadığı dövr Ukrayna üçün olduqca təzadlı bir dövr idi. Çar Rusiyasının apardığı millətçilik, torpaqların ilhaq olunması siyasəti Ukrayna adının ümumən xəritədən silinməsi təhlükəsini meydana gətirmişdi. Ukrayna əvəzində Malorossiya yaranırdı. Maraqlıdır ki, Belinski işlətdiyi bu ifadə ilə də, bunu təsdiqləyir. Taras Şevçenko məhz belə bir dövdə yaşayıb yaratmaqla, Ukrayna xalqının mənəvi ruhunu dirçəltdi. O, anlatdı ki, millətin dirçəlişi onun mənəvi ruhunun gücündən asılıdır. Şevçenkoya görə ideal şəxsiyyət hərtərəfli biliyə, dünyagörüşünə malik olmalıdır. Yüksək əxlaqi-mənəvi keyfiyyətlər daşımalı, xeyirxah, doğrucul olmalı, vətən təəssübünü çəkməli, incəsənəti qiymətləndirməyi bacarmalı, əməyi sevməlidir.

Taras Şevçenko “Əlifba” dərsliyinin müəllifidir
Taras Şevçenkonun yaradıcılığı ilə tanış olarkən diqqətimi onun Ukrayna dilində dərsliklərin yaradılması uğrunda çalışmaları cəlb etdi. Dahi Kobzar Ukrayna dilində yazılmış ilk dərslik müəllifi kimi də adını tarixə yazıb. Onun yaratdığı dərslik əlifba ilə yanaşı, özündə bəzi bilikləri də ehtiva edirdi. Bu, o dövr üçün qabaqcıl və önəmli bir dərslik idi. “Ukraynanın pedaqogika tarixi” əsərində qeyd olunur ki, “Cənubi rus əlifbası”ndan başqa bir dərslik yazmağa onun ömrü imkan vermədi. O, bu kitabı ağır xəstə olduğu vaxtlarda hazırlamışdı. Əsərdə həmçinin qeyd olunur ki, bu dərslikdə hərflər böyük və kiçik ölçülərlə verilib, oxu üçün və eləcə də hesab üçün tapşırıqlar yer alıb. Bu əlifbaya görə şagirdlər öncə səsləri və hərfləri əlifba ardıcıllığı ilə öyrənməli, bundan sonra isə sözlərin oxunuşuna başlamalı idilər. Akademik Hüseyn Əhmədov “Şevçenkonun “Əlifba” dərsliyi” adlı məqaləsində yazır ki, böyük şair və maarifçi T.Q.Şevçenko bazar günü məktəblərində təhsil planlarına kömək məqsədilə “Cənubi rus əlifbası” adlı dərslik tərtib etmişdir. Ancaq bu əlifbanın çap olunmasına senzur idarələri böyük maneçilik törətmişlər. Ağır xəstə olan şair dərsliyin nəşrinə icazə almaq üçün Peterburq mitropolitinin yanına getmişdir. Uzun əziyyətdən sonra əlifba kitabını 1861-ci ildə öz vəsaiti ilə çap etdirməyə nail olmuşdur.” Şevçenkonun ərsəyə gətirdiyi “Əlifba” dərsliyi Ukraynada və Rusiyada böyük əks-səda doğurur. Mətbuat bu vəsait haqqında bəhs edərək onu pedaqoji hadisə kimi dəyərləndirir. Bununla belə bu dərslik mürtəce qüvvələrin etirazı ilə qarşılanır. Bu qüvvələr Şevçenkonun dərsliyinin məktəblərdə yayılmasının qarşısını hər vəchlə almağa çalışırdılar. Akademik Hüseyn Əhmədov “Şevçenkonun “Əlifba” dərsliyi” məqaləsində bu barədə bəhs edərək yazır: “Çerniqov qubernatoru knyaz Urusov xalq maarif naziri D.A.Tolstoya həyacanla yazmışdı: “Belə əlifbanın yaradılması Malorusiyada Slavyan əlifbasını tamamilə sıxışdırıb aradan çıxaracaqdır...”” Bu maneələr öz təsirini göstərir. Tezliklə Bazar günü məktəblərinin  bağlanması ilə Şevçenkonun dərsliyin də məktəblərə yolu kəsilir. Amma böyük mütəfəkkir ədəbi əsərləri ilə yanaşı, milli əhəmiyyət daşıyan “Əlifba”sı ilə də xalqının böyük məhəbbəti ilə qarşılanır.
Taras Şevçenko dərsliyə eyni zamanda, dini, tərbiyəvi mətnlər, xalq hikmətləri, atalar sözləri də daxil etmişdi.  Mənbədə həmçinin qeyd olunur ki, bu dərslik Ukraynada  xalq təhsilinin inkişafında əhəmiyyətli bir hadisə idi. Taras Şevçenkonun “Əlifba”sındakı təbliğ etdiyi ideyalar Vətən Pedaqogikasının Qızıl Fonduna daxil olmuşdur.
Taras Şevçenkonun hazırladığı əlifba həqiqi, düşünülmüş, hamı tərəfindən qəbul edilən, xalq hikmətləri və mənəvi məzmunlarla zəngindir. Burada varlanmaq ehtirası, tənbəllik, ikiüzlülük, hiyləgərlik tənqid edilir. Əməksevərlik, vicdanlılıq, həqiqət, dostluq, qarşılıqlı yardım təbliğ olunur. Dərslikdə, ümumiyyətlə oxumaq üçün janr müxtəlifliyi ilə seçilən materiallar da zəngindir. Diqqət çəkən məqamlardan biri də budur ki, dərsliyin məzmunu hakim, istismarçı  siniflərin əxlaqını, xalqa münasibətini tənqid edir. Bu dərslik bir tərəfdən Taras Şevçenkonun sosial-demokrat mövqeyini, həqiqətpərəstliyini meydana qoyur. O, uşaqlara da bu hissləri aşılayır. Aşılayır ki, uşaq yaşlarından təlqin olunan bu hisslər onları yüksək ideallar, müsbət əxlaqi-mənəvi dəyərlər ruhunda tərbiyə edir. Taras Şevçenko nə qədər çalışsa da, bəzi dairələr bu dərsliyin Ukraynanın bəzi şəhər və kənd məktəblərinə yayılmasının qarşısını almaq üçün səy göstərmişdilər. Lakin Taras Şevçenkonun maarifçilik arzuları bu kitabla həyata keçmək üzrə idi. Bir məqama xüsusi toxunmaq lazımdır: kitabdan əldə edilən gəlir yeni məktəblərin açılmasına sərf edilirdi.
Taras Şevçenko haqqında çox yazmaq, onun ədəbi, elmi, poetik düşüncələrini, pedaqoji ideyalarını cild-cild kitablara sığacaq qədər təhlil etmək mümkündür. Bunun üçün böyük mütəfəkkiri daha dərindən öyrənmək, araşdırmaq tələb olunur. Mən isə araşdırmamı burada saxlayır, qalan işləri gələcəyə saxlayıram. Ukraynanın görkəmli oğlunun bəşəriyyət üçün əhəmiyyətini daha bir faktla ifadə etmək istəyirəm: O, bəlkə də yeganə şəxsiyyətdir ki, dünyanın ayrı-ayrı ölkələri də daxil olmaqla, ona 1400-ə yaxın heykəl ucaldılıb.  K.Stanislavskinin bu fikri görkəmli mütəfəkkiri necə də real xarakterizə edir: “Mən Şevçenkonun qəlbində insanlığın bütün gözəlliyini görür və hiss edirəm. O, öz xalqının əsl nəğməkarıdır.”

Böyükağa MİKAYILLI

Комментарии