MƏNƏVİ SƏRVƏT


“Təhsil və zaman” qəzetinin son sayında dərc olunan bu yazı Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Musayevanın iş təcrübəsindən bəhs edir.
Aynur Musayevanın dərsi mənə onun iki il öncəki dərsini müəyyən məqamları ilə xatırlatsa da, fərqli nüanslar çox idi. Oxşarlıqlar o idi ki, Aynur müəllim öz prinsiplərinə sadiqlik nümayiş etdirirdi: İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi dərsin aparıcı qüvvəsinə çevrilmişdi; şagirdlərin yaradıcı işi, fəallığı, inteqrativlik tam təmin olunmuşdu; şagirdlərə verilən sərbəstlik onların özünüifadəsi üçün lazımı şərait yaratmışdı. Fərqli məqam isə o idi ki, bu gün onun dərsində təbiət Ana dili cildində şagirdlərin görüşünə gələcəkdi. Çoxmənalı sözlər təbiət kimi öz rəngarənglikləri ilə şagirdləri heyrətləndirəcək, onları ana dilinin incəliklərinə vara-vara, sevə-sevə öyrədəcəkdi.   İzlədiyimiz dərsin mövzusu “Köməkçi nitq hissələrinin omonimliyi” idi. Aynur Musayeva ənənəsinə sadiq qalaraq dərsin motivasiya hissəsini monitorda diqqəti cəlb edən səslə  şagirdlərin diqqətinə çatdırdı. Görkəmli Azərbaycan şairi Səməd Vurğunun
Günəş tək nura qərq olmuş bütün xilqət!
Çıraqbandır tamam yer, göy, nə zəncir var,
Nə bir zindan
misraları yalnız mövzuya giriş baxımından deyil, şagirdlərə xoş, nikbin əhval bəxş etmək baxımından da əhəmiyyətli oldu. Motivasiyanın ardınca şagirdlər omonimlər haqqında bildiklərini təkrarlamağa başladılar. Bu, köhnə keçilənlərin yada salınması, düşüncənin fəallaşdırılması baxımından əhəmiyyətli olmaqla bərabər, şagirdləri yeni mövzunu daha maraq və həvəslə öyrənməyə ruhlandırmaq baxımından diqqətəlayiqdir. Monitorda nümayiş olunan təbiət mənzərələri fonunda şagirdlərə ünvanlanan sualların cavabları özünü çox gözlətmirdi. Aynur Musayevanın nümayiş etdirdiyi təbiət gözəllikləri şagirdləri bu gözəlliklər əhatəsində  daha fəal olmağa ruhladırırdı. Əgər belə demək mümkünsə, onlara ana dili sevgisi, ana dilinin incəlikləri təbiət gözəllikləri fonunda aşılanırdı. Bu məqamda Aynur Musayevanın sadiq qaldığı pedaqoji prinsiplər bir daha özünü biruzə verirdi. Bu da ondan ibarətdir ki, gənc müəllim tədris etdiyi fənnin, mövzunun imkanlarından yararlanmaqla, şagirdlərini təbiətlə, onun əsrarəngiz gözəllikləri, füsunkar səsi ilə üz-üzə qoyur, təbiəti şagirdlərinin ürəyinə köçürür. Sanki müəllim deyil, təbiət şagirdləri öyrədir, onların düşüncələrinə , beyinlərinə lazım olan informasiyanı həkk edir.
Aynur Musayevanın dərsin mövzusuna müvafiq olaraq meydana qoyduğu tədqiqat işi “Əsas nitq hissələrində olduğu kimi, köməkçi nitq hissələrində də omonimliyin özünü göstərməsi” problemi idi. Onlar problemi həll etmək üçün “Ədat”, “Qoşma”, “Modal sözlər”, “Bağlayıcı” qruplarına bölündülər. “Ədat” qrupu görkəmli Azərbaycan şairləri Məmməd Arazın
Gəl həyatın nəfəsini,
Həyatda duy, həyatda yaz!
Gəl zəhmət çək, zəhmətdəki
Şan-şöhrəti şeirə gətir.

Səməd Vurğunun
İndi nə Humay var, nə də ki, Cəlal,
Nə ömrə acıyır, nə yaşa dünya.
Şeirlərindəki fərqləndirilmiş sözlərin mətndəki yerinə görə bağlayıcı və ya ədat olduğunu müəyyən etməli, ədatların orfoqrafiyası haqqında məlumat verməli idilər.
“Qoşma” qrupu da öz növbəsində görkəmli şair Süleyman Rüstəmin
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə.
Misralarında, eləcə də
“Sara anası ilə getdi.” “Doğru ilə yalan bir araya sığmaz”. “Bunu radio ilə xəbər verdilər” cümlələrində “ilə” (-la2) sözünün qoşma, yoxsa bağlayıcı olduğunu müəyyən etməli və fikirlərini əsaslandırmalı idilər.
“Modal sözlər” qrupu da maraqlı tapşırıqlar üzərində işləyəcəkdi. Onlar, Modal söz nədir? Sualını cavablandırmalı, Modal sözlərin quruluşu haqqında məlumat verməli idilər. Nəhayət, “- Yaxşı, sağ əlini mənə ver əl-ələ tutub həyətə çıxaq.” “Deyəsən, İbrahim, Asiman mənim fikrimi başa düşmədi.” “Sanki bir pəridir, pəri yox, bir ay. (Nizami Gəncəvi)” “Kür qıraının əcəb seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur. (Molla Pənah Vaqif)” cümlələrini oxumalı, modal sözlərin mənaca növlərini yazmalı idilər.
“Bağlayıcı” qrupu “Yenə günəş öz atını yəhərləyib gah o yanda gah bu yanda (Səməd Vurğun)” “Göyün üzünü bulud aldı amma yağış yağmadı”, “Xalqın gözü də qəlbi də vicdanı da sənsən” cümlələrindəki buraxılmış durğu işarələrini əlavə etməli, fikirlərni əsaslandırmaq tapşırığı aldılar. Bu tapşırıqların hər biri, qeyd etdiyimiz kimi, dördüncülərin bilik və bacarıqlarını aşkara çıxarmaqla bərabər, onlarda təbiət sevgisi, insanlara məhəbbət, dosta ehtiram, zəhmətə, əməyə, ümumilikdə həyata məhəbbət hissi də yaradırdı. Bütün bunlar şagirdlərə mənəvi hiss kimi təlqin edilirdi. Onlar bu tapşırıqlar üzərində işləmək, tədqiqat aparmaqla anlayırdılar ki, həyatın mənası, onun gözəlliyi həyatı dərk etməkdə, onun sirlərinə yiyələnməkdir. Bu gün həllini tapmağı bacardığın kiçik bir problem, sabah böyük problemlərin həlli üçün sənə mənəvi güc, özünə inam hissi aşılayır. Bu gün əxz etdiyin bilik sənin mənəvi sərvətin, mənəvi gücündür. Aynur Musayeva mövzuya müvafq olaraq şagirdlərə ünvanladığı suallarla onları həyati problemlər, onların həllinə cəhd qarşısında qoyurdu. Bu suallar onları düşündürür, onların dünyagörüşlərini zənginləşdirirdi. Bu sinif mənim iki il əvvəl müşahidə etdityim sinif idi. Doğrudur, onlar iki il ərzində zehni baxımdan inkişaf etməli idilər. Mən bunu gözləyirdim. Amma gözlədiyimdən daha artıq nəticənin əldə olunması məni çox sevindirdi. Onlar suallara sadəcə cavab verməklə kifayətlənmirdilər. Onlar fikir irəli sürməyi, öz fikirlərini əsaslandırmağı, onu müdafiə etməyi bacarırdılar. Demək ki, Aynur Musayeva şagirdlərinin hər birinin şəxsiyyətində liderlik, öz sözünü demək, fikrinin üstündə qətiyyətlə dayanmaq hiss və bacarığını aşılaya bilib. Şagirdlərinin mənəvi dünyasında elmin, biliyin, ən əsası isə ana dilini mükəmməl bilməyin zəruriliyini əks etdirməyi, ana dilinin mənəvi sərvət olması fikrini təlqin etməyi bacarıb. Aynur Musayevanın ana dili dərsində onun özünün bir müəllim olaraq ana dilinə münasibətini müşahidə etdikcə düşünürdüm ki, bu istedadlı gənc müəllim görkəmli bəstəkar, mütəfəkkir-müəllim Üzeyir Hacıbəylinin “Ana dili ana südü mənziləsindədir” aforizmini özünə müəllimlik amalı kimi qəbul edib.
Nəhayət, dördüncülər Aylin Atmacanın dərslikdəki “Hədiyyə” hekayəsini oxuyub, onun üzərində işləməyə başladılar. Şagirdlər mətni ana dilinin qaydaları üzrə təhlil edir, müvafiq fikirlər bildirirdilər. Lakin bu, irəli sürülən problemin görünən tərəfi idi. İnsanın mənəvi dəyərlərə, ağsaqqal sözünə ehtiramının vacibliyindən bəhs edən bu mətn, əslində şagirdlərdə onların mənəvi dünyasının formalaşmasına yönəlmiş fikirlərlə zəngin idi. Aynur müəllim mətni təhlilə elə cəlb edirdi ki, şagirdlərin hər biri müzakirəyə qoşula, onun məğzini anlaya bilsin. Onlar mətnin ideyasını, onun mahiyyətini məharətlə izah edirdilər. Səsləndirdikləri fikirlərin mənası, zənginliyi dördüncülərin söz ehtiyatlarının lazımı səviyyəsindən soraq verir, eləcə də fikirlərini məntiqli ifadə etmələrinə şərait yaradırdı. Onlar həyat, təbiət, Vətən sevgilərini öz ana dillərində ifadə etməklə, öz sevgilərinin, ehtiramlarının daha məzmunlu, ifadəli təzahürünə nail olurdular. Mənim nəzərlərimdə bütün bunlar Aynur Musayevanın pedaqoji prinsiplərinə sadiqliyinin, eləcə də mövzunun tədrisindən əldə etdiyi ən mükəmməl nəticə nümunəsi kimi görünürdü.
Dördüncülər daha sonra krossvord həll etdilər. Aynur müəllim krossvordun həlli zamanı da köməkçi nitq hissələrinin omonimliyini diqqətədə saxladı, verdiyi suallarla onun daha dərindən mənimsənilməsinə çalışdı. Ümumiyyətlə, qeyd etməliyəm ki, Aynur Musayevanın şagirdlərə ünvanladığı sualların fikir, mənayüklü, düşündürücü olması diqqətimi cəlb edirdi. Məntiqli sual istər-istəməz şagirdin də məntiqli cavabına yol açır. Bu tendensiya dərsin “Yaradıcı tətbiqetmə” mərhələsində də diqqətdə saxlanıldı. Şagirdlər söylədikləri mahnılar, atalar sözləri, bayatılarla həm tərkibində köməkçi nitq hissələri işlənmiş sözləri ifadə edir, həm də özlərinin ifadəli oxu, bədii qiraət bacarıqlarını nümayiş etdirirdilər. Yeri gəlmişkən qeyd edim ki, Aynur Musayevanın şagirdləri arasında ifadəli şeir oxumaq, mahnı ifa etmək bacarıına malik olan şagirdlər çoxdur. Aynur müəllim şagirdlərinin bu kimi bacarıqlarından məharətlə istifadə edərək, tədris etdiyi mövzuları inteqrativ şəraitdə qurmağa nail olur. Məsələn, dərsin müəyyən məqamında şagirdlərdən biri mahnı ifa edir, digəri bayatı, başqa biri isə şeir oxuyur. Bu da öz növbəsəndə dərsin rəngarəg, məzmunlu olmasına, yorğunluğun aradan qalxmasına, ruh yüksəkliyinin yaranmasına yol açır. Müşahidə etdiyim dərs də bu kimi məqamlarla zəngin oldu. Dərs hansı yüksək əhval-ruhiyyə ilə başlamışdısa, eləcə də bitdi...



Böyükağa MİKAYILLI 

Комментарии