TƏHSİL ŞURASI GÜRCÜSTANDA BEYNƏLXALQ ELMİ-TƏCRÜBİ KONFRANS KEÇİRDİ

Məlum olduğu kimi, Azərbaycan Təhsil Şurasında uzun illərdir ki, təhsilimizin müxtəlif

problemlərinə, yeniliklərin elmi-nəzəri təhlilinə, qabaqcıl təcrübənin öyrənilib yayılmasına həsr olunmuş tədbirlər təşkil edilir. Bu tədbirlərdə Təhsil Şurasının üzvü olan qabaqcıl müəllimlər, həmçinin pedaqoji ictimaiyyətin nümayəndələri iştirak edirlər. Təhsil Şurasının ötən il noyabr ayının 22-də keçirilən Ümumi Hesabat Yığıncağı da müəllimlərin böyük marağına səbəb olmuşdu. Təhsil Naziri cənab Mikayıl Cabbarovun da iştirak etdiyi həmin yığıncaq Təhsil Şurasının fəaliyyətində bir sıra yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə yadda qaldı. Şuranın sədri professor Əjdər Ağayev yığıncaqdakı çıxışında təşkilatın ötən beş illik fəaliyyətinə aydınlıq gətirməklə bərabər, qarşıda görüləcək işlər barəsində də 

məlumat verdi. Bildirdi ki, Təhsil Şurası fəaliyyət göstərdiyi illər ərzində Dövlətin təhsil sahəsində müəyyənləşdirdiyi siyasəti daim dəstəkləmiş və ona öz töhfəsini vermişdir. Bu, bundan sonra da belə olacaqdır. O, qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə həyata vəsiqə qazanan “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası” Təhsil Şurasının da gələcək fəaliyyətinin müəyyənləşdirilməsində mühüm rol oynayacaq. 
Ümumi Yığıncaqdan qısa müddət sonra Təhsil Şurası idarə heyətinin yığıncağında Şuranın “Təhsil Sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı” qəbul olundu. Həmin proqramın müddəalarından irəli gələrək Təhsil Şurası respublikamızın regionlarında, həmçinin Bakının təhsil müəssisələrində elmi-təcrübi konfranslar, görüşlər keçirmiş, müvafiq təkliflərlə çıxış etmişdir. 
Təhsil Şurasının Gürcüstanın Kobuleti şəhərində bu şəhərin bələdiyyə idarəsi ilə birgə “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda 13-15 noyabr 2015-ci il tarixlərində keçirdiyi elmi-təcrübi konfrans da Şuranın qəbul etdiyi Proqramın müddəaları əsasında gerçəkləşdi. 
Elmi-təcrübi konfransın təşkilat komitəsinə Kobuleti şəhər bələdiyyəsinin sədr müavini İrakli Çeçxladze, Kobuleti şəhər bələdiyyəsinin deputatı Arcil Çenteradze, Mədəniyyət və Təhsil Şöbəsinin müdiri Natia Nicaradze, Kobuleti Resurs Mərkəzinin direktoru Madona Qoqitidze, “Təhsil və zaman” qəzetinin redaktoru, Təhsil Şurası İdarə Heyətinin üzvü Böyükağa Mikayıllı, Bakı şəhəri 129 nömrəli tam orta məktəbin direktoru, Təhsil Şurası İdarə Heyətinin üzvü Samir Mehdizadə daxil edilmişdilər.
Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevdən, “Təhsil və zaman” qəzetinin redaktoru, Təhsil Şurası İdarə Heyətinin üzvü Böyükağa Mikayıllıdan, Bakı şəhəri 129 nömrəli tam orta məktəbin direktoru, Təhsil Şurası İdarə Heyətinin üzvü Samir Mehdizadədən, Bakı şəhəri 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzovadan, Lənkəran şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırovdan ibarət elmi heyət təşkil edilmişdir.


Elmi-təcrübi konfransda Gürcüstan Acar Respublikası Təhsil Nazirliyinin təhsil, mədəniyyət və idman şöbəsinin müdiri Şuşana Surmanidze, Kobuleti Resurs Mərkəzinin direktoru Madona Qoqitidze, Kobuleti şəhər bələdiyyəsinin deputatı Arcil Çenteradze, eyni zamanda şəhər təhsil ictimaiyyətinin nümayəndələri, müəllimlər, məktəb rəhbərləri iştirak edirdilər. Konfransda Azərbaycan nümayəndə heyəti Təhsil Şurası İdarə heyətinin üzvləri Böyükağa Mikayıllı, Samir Mehdizadə, Bakı şəhəri 114 nömrəli tam orta məktəbin direktoru, Respublikanın əməkdar müəllimi Ceyran Novruzova, həmin məktəbin direktor müavini Nailə Ələsgərova, Bakı şəhəri 111 nömrəli tam orta məktəbin müəllimi Meliha Əsədova, 201 nömrəli tam orta məktəbin müəllimi Amina Kərbalayeva, Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi Şəcahan Ramazanova, Bakı şəhəri 129 nömrəli tam orta məktəbin müəllimi Səyyarə Vəliyeva, Lənkəran Rayon Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, Salyan şəhər 1 nömrəli humanitar fənlər təmayüllü liseyin müəllimi, Respublikanın əməkdar müəllimi Zabul Əhmədov, Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli Texniki təmayüllü məktəb - liseyin müəllimi Ehtiram Əhmədli, Salyan rayonu Varlı kənd 1 nömrəli tam orta məktəbin müəllimi Nahid Fərəcov, Şirvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimləri İradə Xəlilova, Kəmalə Əliyeva, Mətanət Bağırova, Şirvan şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Seyyub Əsədov, İsmayıllı rayon Cülyan kənd tam orta məktəbin müəllimi Şərafət Bayramov, Lahıc qəsəbə tam orta məktəbin direktoru, Respublikanın əməkdar müəllimi Hikmət Haqverdili, İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Çingiz Muradlı, Quba rayonu Cici kənd tam orta məktəbin müəllimi Rüfət Mürsəlov, Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova, Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta məktəbin müəllimi Hafiz Pənahov, Beyləqan şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Elvin Abbasov iştirak edirdilər.


Qeyd etdiyim kimi, Təhsil Şurası Azərbaycanda “Təlim keyfiyyətinin yüksəldilməsi problemi” mövzusunda bir neçə dəfə elmi-təcrübi konfrans keçirmiş və bu konfranslar müəllimlərin böyük marağına səbəb olmuşdur. Məhz bu marağı nəzərə alan Təhsil Şurası təcrübə mübadiləsi məqsədilə müəllimlərin xarici ölkələrə səfər etmələrini, qabaqcıl təcrübəni öyrənmələrini, eyni zamanda, öz təcrübələrindən bəhs etməyi, Azərbaycan təhsilindəki yenilikləri təbliğ etməyi qərara aldı. Kabuleti şəhərində keçirilən konfrans da məhz bu amala xidmət edirdi. 
Konfransı Azərbaycan Təhsil Şurası İdarə Heyətinin üzvü Samir Mehdizadə açdı. O, iştirakçıları tədbirin gündəliyi ilə tanış etdikdən sonra konfrans öz işinə başladı. Samir Mehdizadənin “Təhsil müəssisələri arasında əməkdaşlığın təlim keyfiyyətinin yüksəldilməsində rolu” mövzusunda çıxışı iştirakçıların marağına səbəb oldu. O. Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud durumundan, təhsilin cəmiyyətin inkişafındakı rolundan, beynəlxalq təcrübə mübadiləsinin təlim keyfiyyətinin yüksəldilməsinə təsirindən, təcrübə mübadiləsi sahəsində gələcək əməkdaşlığın istiqamətlərindən bəhs etdi. Mövzu ətrafında Azərbaycanlı və Gürcü müəllimlərin çıxışları, müzakirələri oldu. Qarşılıqlı fikir mübadiləsi aparıldı. Tərəfləri maraqlandıran suallar müvafiq qaydada cavablandırıldı.

Hər şagirdə bir kompüter

Sonra konfransın növbəti gün üçün proqramı müəyyənləşdirilidi. 
Elmi-təcrübi konfransın ikinci günü Kobuleti şəhər 1 və 2 nömrəli orta məktəblərlə tanışlıqla başladı. Nümayəndə heyətimizi hərarətlə qarşılayan Kobuletili müəllimlər öz iş təcrübələrindən həvəslə danışır, eyni zamanda, Azərbaycanlı müəllimlərin tövsiyyələrini diqqətlə dinləyirdilər. 
Ümumiyyətlə, Kobuletinin məktəblərində diqqətçəkən məqamlar çox idi. Məsələn, məktəblərdə hər şagirdin qarşısında bir kompüter var idi. Şagirdlər kompüteri sərbəst idərə edir, müəllimin tapşırıqlarını yerinə yetirirdilər. Digər bir məqam, məktəblərdə nəzarətçi psixoloqlar idi. Tanış olduğumuz məktəblərin kitabxanalarında çoxsaylı pedaqoji mətbuat nümunələri var idi. Müəllimlərin onlardan səmərəli istifadə etmələri üçün hər cür şəraitin yaradıldığını deyən məktəb rəhbərliyi müəllimlərin özlərinin də mütəmadi olaraq mətbuatda çıxış etdiklərini vurğuladı. Digər bir məqam kimi, dərslikləri qeyd edə bilərəm. Onların məzmunu haqqında fikir yürüdə bilmərəm. Çünki bunun üçün tədqiqat aparmaq lazımdır. Amma dərs kitablarının keyfiyyəti zahiri baxmdan diqqəti cəlb edirdi. Kobuletinin məktəblərində musiqi fənni həftədə iki saat tədris olunur. Tanış olduğumuz siniflərin birində musiqi dərsində uşaqların xorla mahnı ifa etdiklərini gördüm. Ümumiyyətlə, xorla mahnı ifası uşaqların mənəvi tərbiyəsində mühüm amillərdən biridir. 

Məktəbin sevimli şagirdi Ləman Əliyeva



Kobuleti şəhər 2 nömrəli məktəbin 4-cü sinif şagirdi Ləman Əliyeva ilə görüşümüz tədbirin ən maraqlı anlarından biri oldu desəm, yanılmaram. Ləman bizi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə qarşıladı. Kövrələ-kövrələ ifa etdiyi bu şeirdən sonra təhsil aldığı məktəbdə onlara yaradılan şəraitdən razılıqla söhbət açdı. Məktəb direktorunun sözlərinə görə Ləman təhsil ocağının əlaçı şagirdlərindən biridir. Ona bu məktəbdə böyük ümid bəsləyirlər. 

Çakvin məktəbində maraqlı qarşılanma


Kobuletinin 15 kilometrliyində yerləşən Çakvin kənd orta məktəbi ilə tanışlığımız da musiqi ilə başladı. Məktəbin iki yüz nəfərdən ibarət olan rəqs ansamblı nümayəndə heyətini böyük coşqu ilə qarşıladı. Doğrusu, bu rəqs ansamblını peşəkarlardan ayırmaq çox çətin idi. Milli geyimdə səhnəyə çıxan bu ansambıl Acar milli rəqslərini məharətlə ifa edib tamaşaçıları heyran qoymağı bacardı. Rəqsləri müşahidə etdikcə düşünürdüm ki, nə yaxşı olardı, Azərbaycanın məktəblərində də milli rəqslərimizi belə məharətlə ifa edən ansambıllarımız faaliyyət göstərəydi. Milli rəqslərin gənclərə öyrədilməsi yalnız milli adət-ənənələrin yaşadılması deyil, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda, sağlam böyüməsi üçün stimuldur. Odur ki, gəncləri mənəvi cəhətdən formalaşdıran amillərə məktəblərdə xüsusi önəm verilməsi vacibdir.
Çakvin məktəbində planlaşdırıldığı kimi, Azərbaycan Respublikasının əməkdar müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin iki dəfə qalibi olmuş Salyan şəhər aşıq Pənah adına 1 nömrəli humanitar təmayüllü məktəb-liseyin müəllimi Zabul Əhmədovun 11-ci sinifdə “”Vektorların skalyar hasili” mövzusunda apardığı dərs maraq doğurdu. Dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmadı. Ənənəvi qaydada aparılan dərs prosesində müəllim və şagirdlər bir-birilərini rahatca anlayır, şagirdlər sualları cavablandırmaqda çətinlik çəkmirdilər. Sinfin hazırlıqlı olduğu hiss olunurdu.

Azərbaycanda təhsil: nailiyyətlər, perspektivlər
Elmi-təcrübi konfransın ikinci günü də Kobuleti müəllimlərinin, pedaqoji ictimaiyyətinin geniş tərkibdə iştirakı ilə keçdi. Açılışdan sonra Təhsil Şurası İdarə heyətinin üzvü, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı “Azərbaycanda təhsil: nailiyyətlər, perspektivlər” mövzusunsda məruzə ilə çıxış etdi. O, konfrans iştirakçılarının diqqətini Azərbaycan təhsilində son illər həyata keçirilən tədbirlərin dinamikasına cəlb etdi. Vurğuladı ki, son illərin inkişaf dinamikasına nəzər saldıqda söyləmək olar ki, Azərbaycan təhsili özünün intibah dövrünü yaşayır. Bu dövr özündə - təhsilin məzmununun yeniləşdirilərək müasirləşdirilməsini; yeni dərslik siyasətinin reallaşdırılmasını; təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiq edilməsini; əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılmasını; təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsini; təhsil sisteminin informasiyalaşdırılmasını; məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafını; xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilini; de-institutlaşdırma və s. birləşdirir. B.Mikayıllı daha sonra Azərbaycan təhsilində həyata keçirilən islahat proqramından, məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində görülən işlərdən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına yönəlmiş sərəncamlarından, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərdən, “Xaricdə Təhsil üzrə Dövlət Proqramı” çərçivəsində hər il yüzlərlə gəncin dünyanın nüfuzlu ali təhsil ocaqlarına təhsil almaq üçün göndərilmələrindən bəhs etdi. 

Gürcü müəllim: “Seyyub Əsədovun çıxışından sonra bir daha əmin oldum ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır.”

Şirvan şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Seyyub Əsədov konfransda informasiya – kommunikasiya texnologiyalarında istifadə etməklə “Qarabağ xanlığı” mövzusunda dərs nümayiş etdirdi. Seyyub müəllim mövzunun verdiyi imkanlardan istifadə edərək Qarabağın tarixi haqqında dəlil-sübutlarla ətraflı məlumat verdi. Qarabağın tarixi Azərbaycan torpağı olduğunu faktlarla sübut etdi. Dərs boyunca ikt-dən, tarixi şəkillərdən, xəritələrdən istifadə edilməsi iştirakçıların mövzuya daha dərindən diqqət kəsilməsinə şərait yaradırdı. Təsadüfü deyil ki, Seyyub Əsədovun çıxışından sonra konfrans iştirakçısı olan gürcü müəllim, mən bir daha əmin oldum ki, Qarabağ tarixi Azərbaycan torpağıdır, dedi. Əslində Seyyub müəllim bu faktı birbaşa vurğulamadı. Meydana qoyulan faktlar özlüyündə bu nəticəni hasil elədi.



Mənəvi dəyərlərimizin təbliği baxımından əhəmiyyətli məqam

İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Çingiz Muradovun konfransda “Azərbaycanın xalq yazıçısı Məmməd Arazın həyat və yaradıcılığı” mövzusunda nümayiş etdirdiyi dərs Azərbaycan mədəniyyətinin, poeziyasının, mənəvi dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdı. Müəllimin ahəngdar səsi auditoriyada sükut yaratmışdı. Hamı Məmməd Araz möcüzəsinin sehrinə düşmüşdü. Çingiz Muradov poeziyanın sehrli dili ilə dinləyicilərinə Azərbaycan mədəniyyətinin qızıl səhifələrindən məharətlə bəhs edirdi. O, yeri gəldikcə musiqidən istifadə etməklə, mövzunun mənimsənilmə imkanlarını daha da artırmağa çalışır, Azərbaycan məktəbinin, Azərbaycan müəlliminin potensial imkanlarını meydana qoyurdu. 
Aşıq Pənah adına Salyan şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi, Respublikanın əməkdar müəllimi Zabul Əhmədov “Azərbaycanda təhsilin informasiyalaşdırılması” mövzusunda çıxış etdi. O, qeyd etdi ki, Azərbaycanın təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinə dünya standartları səviyyəsinə çatdırılması prioritet istiqamətlərdən biridir. Ötən dövrdə təhsil sisteminə İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər həyata keçirmişdir ki, bu da ölkədə təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli 335 saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasinda ümumitəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” xüsusi əhəmiyyətə malik olmuşdur. Proqramın həyata keşirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərinin informasiya-kommunukasiya texnologiyaları ilə təmin olunmasında müsbət dinamikaya nail olunmuş, ümumilikdə təhsil sisteminin İKT əsasında qurulmasına diqqət xeyli artmışdır. 
Respublikamizin bütün məktəbləri fərdi kompüterlərlə, proyektorlarla təmin edilmişdir. Hər 29 şagirdə 1 kompüter olmaqla, ən ucqar kənd məktəbləri belə kompüterlərlə təchiz olunmuşdur.
Müasir dövrdə diqqət mərkəzində olan digər bir məsələ pedoqoji kadrların İKT üzrə hazırlığıdır. Son illərdə ümumtəhsil məktəblərinin müəllimləri, ali məktəblərin professor-müəllim heyəti informasiya-kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kursları keçmiş, bu gün də yeni texnologiyaların sirlərinə yiyələnirlər.
Azərbaycanda məktəblərin fasiləsiz internetlə təchiz olunması ilə bağlı xeyli iş görülmüşdür. Respublika məktəblərinin 70%-dən çoxu fasiləsiz internetlə təchiz olunmuşdur. Məktəb kitabxanalarının da İKT ilə təchiz olunması sahəsində xeyli iş görülmüşdür. Kitabxanalar internetə qoşulmuşdur. Təhsil nazirliyi növbəti dərs ilində II, VI, VII sinif şagirdlərinə pulsuz planşet dərsliklər verilməsi haqda qərar qəbul edib.
Bakı şəhərindəki 111 nömrəli tam orta məktəbin müəllimi, Bakı Slavyan Universitetinin doktorantı Meliha Əsədova “Azərbaycan və Gürcüstanın təhsil sahəsində Avropaya inteqrasiyası” mövzusunda çıxışında qeyd etdi ki, Azərbaycanın və Gürcüstanın Boloniya sisteminə qoşulmasına xarici siyasət kursunda avropaya inteqrasiya və əməkdaşlıq kimi baxılmalıdır. Boloniya prosesi avropada qarşılıqlı mənfəətli vahid, yüksək kvalifikasiyalı təhsil və əmək bazarı formalaşdırılmasına aparır. Bu prosesdə iştirak etmək təhsil xidməti və kadrların rəqabətədavamlılığını artırmağa təsir edəcək. Müasir təhsilin məğzi ondan ibarətdir ki, artıq ənənəvi təhsil institutlarla məhdudlaşmır. Özünütəhsil, qeyri-formal təhsil, İKT müasir təhsil sisteminin ayrılmaz hissəsinə çevrlmişdir.
Şamaxı rayon Sabir qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Gülnurə Babaşova “” mövzusunda çıxışında qeyd etdi ki, 21-ci əsr təhsilinin tləbinə cavab vermək üçün ilk olaraq yüksək peşəkarlığa malik müəllim formalaşdırmaq lazımdır. Bu günün müəllimi, eyni zamanda informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarına malik olmalı, təhsildə gedən yenilikləri bilməli, dərslərini müasir dövrün tələbləri səviyyəsində qurmağı bacarmalıdır. Müəllim daim axtarışda olmalı, öz işinə yaradıcı yanaşmağa çalışmalı, dünya təhsilində gedən tendensiyaları bilməlidir. Yalnız bu zaman biz təlimdə keyfiyyət əldə edə bilərik. 
Konfransda Kobuleti Resurs Mərkəzinin rəisi Madona Qoqitidze “Gürcüstan təhsil sistemində islahatlar”, Çakvin kənd 1 nömrəli orta məktəbin müəllimi Nana Modebadze “Orta təhsil islahatları bizim məktəbimizdə necə həyata keçirilir”, Kobuleti şəhər məktəbinin müəllimi Ketevan Dolidze “Gürcüstan məktəblərində xarici dilin (rus dilinin) öyrədilməsi imkanları”, Kobuleti şəhər məktəbinin müəllimi Meri Bejanidze “Qeyri gürcü bölməsində gürcü dilinin öyrədilməsi təcrübəsindən” mövzusunda çıxış etdilər. 

Konfransın sonunda Azərbaycan Təhsil Şurası ilə Gürcüstan Respublikası Kobuleti şəhər Bələdiyyəsi arasında əməkdaşlıq haqqında memorandum imzalandı, iştirakçılara sertifikat təqdim olundu. 
Böyükağa MİKAYILLI,
Bakı-Kobuleti-Bakı

Комментарии