
“Yeni Ukrayna məktəbi” ilə tanışlıq
Görüşdə Departamentin direktoru Lyubomira Mandziy Ukrayna təhsilində həyata keçirilən “Yeni Ukrayna məktəbi” islahat proqramından bəhs etdi. Qeyd etdi ki, “Yeni Ukrayna məktəbi” Ukrayna Elm və Təhsil nazirliyinin həyata keçirdiyi islahat proqramının əsasını təşkil edir. Əsas məqsəd ondan ibarətdir ki, Ukraynada elə bir məktəb yaradılsın ki, burada oxumaq şagirdə zövq versin, o, elə bir bacarıqlara yiyələnsin ki, məktəbdə əldə etdiyi bilikləri həyatda reallaşdıra bilsin. “Yeni Ukrayna məktəbi” elə bir məktəb olacaq ki, orada şagirdin fikri dinləniləcək, onun tənqidi təfəkkürü inkişaf etdiriləcək, öz sözünü deyə bilən müstəqil fikirli, azad düşüncəli, məsuliyyətli vətəndaş hazırlığı həyata keçiriləcək. Artıq bu islahat proqramının həyata keçirildiyi məktəblərdə valideynlər də təhsil ocağına maraq göstərirlər, məktəbin həyatında yaxından iştirak etmək istəyirlər.
Lyubomira Mandziy qeyd etdi ki, on illələ formalaşmış təhsil ənənələrini, əlbəttə ki, qısa müddət ərzində dəyişmək mümkün deyil. Amma sevindirici haldır ki, dəyişikliklər artıq hiss olunur. 2017-ci ilin sentyabrında ölkədə Təhsil haqqında qanun qəbul edilib və bu qanun yeni təhsil sisteminin əsas prinsiplərini özündə birləşdirir. Geriyə yol yoxdur. Növbədə Orta təhsil haqqında qanunun qəbul edilməsidir. Bundan sonra biz dəyişikliləri daha aydın görəcək, orta təhsildə yeni Dövlət standartları ilə işləyə biləcəyik.
Lyubomira Mandziy 2017-2019-ci tədris ilindən Ukrayna üzrə 100 məktəbin “Yeni Ukrayna məktəbi” islahatına qoşulduğunu, 2018-2019-cu tədris ilindən isə bütün təhsil sistemini əhatə etdiyini diqqətə çatdırdı. Həmçinin bildirdi ki, yeni standartlar müəllimlərin də tədris prosesinə yeni formada yanaşmasını qarşıya qoyacaq. Bunun üçün müəllimlər həm əyani, həm də onlayn təlim kurslarına cəlb edilirlər deyə, Lyubomira Mandziy “Yeni Ukrayna məktəbi”nin Ukrayna təhsilinə yeniliklər gətirəcəyinə, avrointeqrasiyaya yol açacağına əminliyini ifadə etdi. Daha sonra Lyubomira Mandziy azərbaycanlı müəllimlərin suallarını cavablandırdı. Nümayəndə heyətinin üzvü Samir Mehdizadə Azərbaycan təhsilindəki yeniliklər barədə məlumat verdi, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının, Təhsil sahəsi üzrə Dövlət Strategiyasının uğurlu nəticələrindən bəhs etdi.
Böyükağa MİKAYILLI
Lviv, 01.07.2019
Комментарии
Отправить комментарий