ALMAN TƏDQİQAT FONDU

İctimai təşkilat elmin inkişafına necə dəstək verir?
Alman Tədqiqat Fondu
Almaniyanın, eləcə də dünyanın bir sıra qabaqcıl universitetinin qoşulduğu DFG (German Research Foundation, Deutsche Forschungsgemeinschaft) Alman Tədqiqat Fondu (ATF) ictimai təşkilat olaraq ölkədə elmi tədqiqat işlərinin, eləcə də elm sahəsində beynəlxalq layihələrin dəstəklənməsini həyata keçirir. Onun fəaliyyət istiqamətlərinin, həyata keçirdiyi layihələrin maraq doğuracağnı nəzərə alaraq məqaləmdə bu barədə bir qədər ətraflı məlumat verməyi qərara aldım. ATF konkret olaraq:
- Dünya elminə fayda verə biləcək elmi layihələri müsabiqə əsasında müəyyənləşdirib maliyyələşdirmək;
- Elmin bütün sahələrində layihələrin dəstəklənməsi işini həyata keçirmək;
- Rəhbərliyə siyasi və elmi məsləhətlər vermək;
- Gənc alimlərin elmi tədqiqat işlərinə dəstək vermək;
- Beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərmək;
- Elm və sənaye arasında əlaqələrin yaradılmasına nail olmaq və digər məqsədləri hədəfləyir.
Qeyd edim ki, hələ 1920-ci ildə yaradılan Alman Elminə Dəstək Cəmiyyəti 1951-ci ildə Alman Araşdırma Şurası ilə birləşərək fəaliyyətinin yeni bir mərhələsinə qədəm qoydu. Fikrimcə, ictimai təşkilat olaraq ATF-in fəaliyyəti elmi-ictimai sferada fəaliyyət göstərən təşkilatlar üçün olduqca maraqlı bir nümunədir. Maraqlı həm də burasıdır ki, bu təşkilat hazırda öz sıralaraında Almaniyanın, eləcə dünyanın aparıcı ali məktəblərini, elmi-tədqiqat müəssisələrini, Maks Plank adına elmi cəmiyyəti, Fraunqofer elmi cəmiyyətini, Helmoholça və Leybniç assosiasiyasını, eləcə də elmlər akademiyalarını və digər elmi təşkilatları  birləşdirir. Təşkilat bir sıra beynəlxalq assosiasiyalarla əməkdaşlıq edir. Elmi-tədqiqat sahəsində aparılan beynəlxalq əməkdaşlıq, Alman Tədqiqat Fondu rəsmilərinin fikrincə, elm sahəsində qlobal rəqabəti aktuallaşdırıb. Elmi tədqiqatlara önəm verən dövlətlər həqiqətən də “işıqlı düşüncələrə” yol açmaqdadırlar. Alman Elm Fondunun qlobal miqyasda yürütdüyü elm siyəsəti də buna şərait yaradır. Bu çərçivədə Alman Tədqiqat Fondunun hələ 10 il əvvəl Almaniyada başladığı “Almaniyada tədqiqatlar” layihəsi ölkədə elmi tədqiqatlar sahəsində fundamental işlərə, yol açdı, həmçinin elm sahəsində beynəlxalq əməkdaşlığı sürətləndirdi.


Alman Tədqiqat Fondunun fəaliyyətində əsas istiqamətlərdən biri elmi nailiyyətlərin mükafatlandırılmasıdır. Bu mükafatlar birmənalı olaraq elmdə uğur əldə edən elmi tədqiqatçılara verilir. Qotfrida Vilhelm Leybniç mükafatı gənclərdə elmə maraq oyatmaq, onların elmi araşdırmalarını dəstəkləmək üçün nəzərdə tutulub.
Qotfrida Vilhelm Leybniç riyaziyyat, mexanika, fəlsəfə, ilahiyyat, hüquq, tarix, siyasət, dilçilik, geologiya, paleontalogiya, psixologiya və pedaqogika, publisistika sahəsində zəngin irs yaratmış alman mütəfəkkiri, elm təşkilatçısı olub. Zəmanəsinin görkəmli şəxsiyətləri ilə dostluq edən, onlarla daim fikir mübadiləsi aparan Leybniçin zəngin irsi sırasında həyatının müxtəlif dönəmlərində aldığı 20 min məktub da önəmli yer tutur. Bu məktubları görkəmli alim 11 min nəfər dostu, həmkarı, oxucusu, tədqiqatçılarından alıb. 1682-ci ildə Leybniçin təşəbbüsü ilə Leypsiqdə “Acta eruditorium” elmi jurnalı nəşr olunmağa başlayıb. Görkəmli alim bu jurnalda elmin müxtəlif sahələrinə həsr olunmuş bir sıra fundamental elmi məqalələrini dərc etdirib. Leybniç riyaziyyatda hesablamanın inteqral və differensial təhlilini yaradıb. 
Qotfrida Vilhelm Leybniç mükafatının ümumi fondu 2,5 milyon avro təşkil edir. 1985-ci ildə təsis edilən bu mükafat fondu Almaniyada elm sahəsində ən yüksək mükafatlardan hesab edilir və alimlərə, eləcə də tədqiqatçılar qrupuna verilir. Qaliblər fondun tərkibində yaradılmış komissiya tərəfindən müəyyənləşdirilir.
Haynç Mayer Leybniça mükafatı 1977-ci ildən elmdə uğur qazanan gənclərə təqdim olunur. Mükafat fondunun məbləği 20 min avrodur. Bununla yanaşı,  beynəlxalq əməkdaşlığı dəstəkləyən, ikitərəfli tədqiqatlar üçün nəzərdə tutulan mükafatlar da alimlərin maraq dairəsindədir. Məsələn, Yevgen və İlse Seibold mükafatı Almaniya ilə Yaponiya arasında elmi əməkdaşlıqda nailiyyət əldə edən araşdırmaçılar üçün nəzərdə tutulur. Kopernik adına mükafat isə Almaniya ilə Polşa arasında elmi əməkdaşlığa dəstək verənlər üçündür. “Kommunikator”, Albert Mayçera, Avropa, Kaven, Bernd Rendel mükafatları elmin müxtəlif sahələrində uğur əldə edənlərə verilir. Ursula M.Qendel mükafatı heyvanların müdafiəsi sahəsində gördükləri əməli işlərə görə alimlərə təqdim edilir. Alman Tədqiqat Fondu dünyanın müxtəlif ölkələrinin elmi tədqiqat institutları, elmlər akademiyaları, tədqiqat mərkəzləri ilə əməkdaşlıq edir. Ümumiyyətlə Alman Tədqiqat Fondunun beynəlxalq əməkdaşlıq sahəsində yürütdüyü strategiya bu əməkdaşlığın getdikcə genişlənməsinə yol açır. https://www.dfg.de/en/
 Oxucularım üçün maraqlı olacağını nəzərə alıb, Alman Tədqiqat Fondunun 1 il ərzində (2018-ci il) maliyyələşdirdiyi layihələrin dinamikasına nəzər salaq. Həmin il 33 min 200 cari və yeni layihə maliyyələşdirilib. Bu layihələrin işlənməsinə 3 milyard 400 milyon avro vəsait xərclənib. Proqramlar çərçivəsində elmi tədqiqatlar sahəsinə yeni qədəm qoyanlara xüsusilə önəm verilib. Ümumiyyətlə gənc alimlərin dəstəklənməsi proqramı Alman Tədqiqat Fondunun strategiyasında önəmli yer tutur. Bu layihələr fondun ümumi layihələrinin 35 faizini təşkil edir. 2018-ci ildə bu qəbildən olan 7 min 100 layihələyə vəsait ayrılıb. Bəhs etdiyim il çərçivəsində 99 milli və beynəlxalq əməkdaşlıq layihələrinə 800 milyon avroya yaxın vəsait xərclənib. 



ATF-nin maliyyələşdirdiyi proqramları nəzərdən keçirirəm. Bu proqramlar müxtəlif elmi mərkəzlər, alimlər qrupu, tədqiqat mərkəzləri tərəfindən təqdim edilən aktual problemləri əhatə edir. Onlara ayrı-ayrılıqda diqqət yetirək:

Tərəfdaş Tədqiqatlar Mərkəzi
Bu mərkəzlər universitetlərin nəzdində 12 il müddətinə yaradılır. Universitetlərin kafedra və fakültələrinə, institutlarına proqram çərçivəsində qrant layihələri hazırlamağa imkan verilir. Universitet mövcud elmi resurslarını səfərbər edərək proqramda fəal iştiraka qoşulur. Bu proqram çərçivəsində universitetin elmi kadr potensialı qüvvələrini birləşdirərək eyni layihənin icrasına başlayır.

Elmi tədqiqat qrupları
Bu qruplar universitetlərin nəzdində gənc alimlərin elmi karyeralarının inkişafına nail olmaq üçün ATF-dan maliyyə dəstəyi almaq məqsədilə yaradılır. Burada əsas diqqət eyni zamanda, tədqiqat proqramlarının məqsədyönlülüyünü təmin etmək, təlim strategiyalarını strukturlaşdırmaq üçün doktorantlarla səmərəli iş aparmağa yönəldilir.

Prioritet proqramlar
Prioritet proqramların əsas xüsusiyyəti bundan ibarətdir ki, bu proqramlar ümummilli əməkdaşlığa əsaslanır. Bu proqram çərçivəsində icra olunan layihələr 6 il üçün nəzərdə tutulur. 6 ildən sonra Senat proqramı təsdiq edir, ATF proqramın davamı üçün müsabiqə elan edir.
Tədqiqat bölmələri
Tədqiqat bölmələri bir layihə üzərində işləyən qrupları özündə birləşdirir.
Klinik tədqiqatlar mərkəzi
Bu mərkəzin həyata keçirdiyi layihələr müəyyən xəstəliklər və pasientlərə istiqamətlənmiş klinik tədqiqatlara yönəlib.
Humanitar və sosial elmlərin dərinləşdirilmiş tədqiqi mərkəzi
Adından da göründüyü kimi, mərkəzin tədqiqatçıları humanitar və sosial elmlərin araşdırlması işini həyta keçirirlər.
ATF-in Tədqiqat Mərkəzi
Mərkəzin əsas məqsədi xarici ölkələrin məhşur və rəqabətədavamlı tədqiqat mərkəzləri ilə Almaniya universitetlərinin məhdud çərçivədə əməkdaşlıq əlaqələrinin yaradılmasını təmin etməkdir. Mərkəz, eyni zamanda, universitetlərin strateji inkişaflarının əsas elementlərini planlaşdırır, tədqiqat mühitinin yaradılmasına, gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verir.
 Mükəmməllik qrupları (Strateji hədəflər)
Strategiyanın məqsədi dünyanın elmi tədqiqat mühitində uzaq perspektiv üçün Almaniyanın mövqelərini möhkəmləndirmək, elmi araşdırmalar sahəsində dövlətin rəqabətədavamlılığını təmin etməkdir. Strategiya Alman universitetlərinin inkişafına dəstək vermək üçün onların layihələrini dəstəkləyir, əməkdaşlıq və tədqiqatçılıq sisteminin təməllərinin möhkəmlənməsinə şərait yaradır.
Mənbə:
https://www.hu-berlin.de/de/forschende?fbclid=IwAR1I9zIH3pFNWOO0kOfOIpPoE7fDD6
https://gepris.dfg.de/gepris/OCTOPUS/?language=en&module=gepris

Böyükağa MİKAYILLI 




Комментарии