YAPON MƏKTƏBLƏRİNDƏ İMTAHAN

Yapon məktəblərində imtahan

На данном изображении может находиться: 7 человек, люди улыбаются, люди сидятYapon məktəblilərinin ən böyük problemi imtahandır. Mütəxəssislər hesab edirlər ki, Yaponiyada şagirdlər imtahana hazırlaşmağa çox zaman sərf edirlər və imtahan prosesi ağırdır. Orta və yuxarı məktəb şagirdləri hər üçaylığın sonunda və birinci, ikinci üçaylıq yarıya çatanda imtahan verirlər. İbtidai məktəblərdə imtahan olmur. Üçaylıq yarı olanda şagirdlər yapon dili, riyaziyyat, ingilis dili, dəqiq elmlər və ictimaiyyətşünaslıqdan sınağa çəkilirlər. Üçaylıq sona çatdıqda isə keçirilən bütün fənlərdən imtahan verilir.
İmtahanların başlanmasına bir həftə qalmış dərnək məşğələləri saxlanılır. İmtahanlar test formasında aparılır. Ən yüksək bal 100-dür.
Şagirdlər orta məktəb pilləsindən yuxarı siniflərə imtahanların nəticələrinə əsasən keçirlər. Yüksək nəticə göstərən şagirdlər orta məktəbdən sonra təhsillərini prestijli məktəblərdə davam etdirirlər. Zəif nəticə göstərən şagirdlər üçün isə o qədər də yaxşı perspektiv görünmür.
Təhsillərini yuxarı siniflərdə davam etdirmək istəməyənlər beşillik texniki kolleclərə - texniki peşə məktəblərinə daxil ola bilərlər. Onu da qeyd edək ki, bu təhsil ocaqlarına da daxil olmaq asan deyil. “Zəif oxuyuram deyə, təhsilimi peşə məktəbində davam etdirərəm” anlayışı Yapon təhsil sisteminə yaddır. Bu məktəblərə də qəbulda yüksək müsabiqə şərtləri mövcuddur. Ona görə ki, Yaponiyada yüksək biliyə malik fəhlə kadrlarına böyük ehtiyac duyulur. Bəzi texniki kolleclər böyük firmaların tərkibində fəaliyyət göstərir. Həmin kolleclərin məzunları təhsillərini başa vurduqdan sonra dərhal firmada işlə təmin olunurlar.

Yaponiyada məktəb-akademiyalar

Adi dövlət məktəbləri ilə yanaşı, Yaponiyada özəl ödənişli məktəb-akademiyalar (Qakuen), həmçinin ümumdövlət əhəmiyyəti daşıyan “milli” məktəblər fəaliyyət göstərir. Bu məktəblərə daxil olmaq üçün xüsusi imtahandan keçmək tələb olunur. Onu da qeyd edək ki, burada da ağır hesab edilən müsabiqə şərtləri var. Yaponlar bu məktəblərdə təhsil almağa ciddi-cəhdlə maraq göstərirlər. Bu da təsadüfü deyil. Bu məktəblər ölkə üzrə mükəmməl təhsil proqramına malik olan məktəblər kimi tanınırlar. Bu məktəblərin böyük əksəriyyəti müsabiqədənkənar yuxarı siniflərə və universitetlərə qəbul olmaq hüququ verir.

Adətən məktəb-akademiyalarda Yapon elitasının – siyasətçilərin, biznesmenlərin, diplomatların, məşhur universitetlərin professorlarının uşaqları təhsil alır. Bəzi məktəb-akademiyalarda məktəbli forması geyinmək vacib sayılmır.
Böyükağa MİKAYILLI,
Mənbə:
http://www.jinjapan.org
http://www.monbu.go.jp

Комментарии