“Unudulan atalar sözləri yaşadılsın”

“Unudulan atalar sözləri yaşadılsın”
Britaniya Azərbaycan Kollecində milli-mənəvi dəyərlərə ehtiram ruhu aşılayan maraqlı ədəbi bədii gecə keçirildi.

Azərbaycan Britaniya Kollecinin təşkil etdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edirəm. Həmişə maraqlı mövzuları diqqət mərkəzində saxlayan, milli-mənəvi dəyərləri ön plana çəkən tədbir təşkilatçıları bu dəfə də öz prinsiplərinə sadiqlik nümayiş etdirdilər. “Unudulan atalar sözləri yaşadılsın” mövzusunda ədəbi-bədii gecə ilə qonaqların, müəllim və şagirdlərin, valideynlərin qarşısına çıxan məktəbin istedadlı şagirdləri, tədbirin davam etdiyi bir saat ərzində Türk dünyasının görkəmli şəxsiyyətlərinin dəyərli fikirlərindən, atalar sözlərindən ibarət hikmət xəzinəsi yaradıb təqdim etdilər. Türk dünyasının görkəmli şəxsiyyəti, böyük alim, mütəfəkkir Mahmud Kaşğari və onun “Divanü – Lüğat – İt - Türk” əsəri hikmət xəzinəsi “qatarı”nın aparıcı qüvvəsi rolunda çıxış edirdi. Axı bu əsər özündə çoxlu sayda atalar sözü, məsəl, deyim, kəlam, aforizm  birləşdirir.
Aparıcılar öncə “Divanü – Lüğat – İt - Türk” əsərinin mahiyyətindən Azərbaycan və ingilis dillərində bəhs etdilər, tamaşaçılara bu barədə ətraflı məlumat verdilər. Qeyd etdilər ki, Mahmud Kaşğari bu əsərində 11-ci əsrin türkcəsini, türk mədəniyyətini, ədəbiyyatını, tarixini, coğrafiyasını, etnoqrafiyasını, sosial əlaqələrini, dini inanclarını, döyüş mədəniyyətinin incəliklərini əks etdirib. Divanda verilmiş xəritə türk dünyası üçün böyük əhəmiyyətə malikdir. Türk dünyasının bu xəritəsi orta əsrlərin ən dəqiq xəritələrindən hesab edilir. Bu əsər Azərbaycan, türk, özbək, uyğur, qazax, alman, ingilis, fransız, çin dilinə tərcümə olunub.  1000 il öncə qələmə alınan bu əsər türk dünyasının ensiklopediyası kimi çox əhəmiyyətlidir. Bu əsər türkçülüyün zəngin tarixindən, mənəvi dəyərlərinin qədimliyindən, türklərin adət-ənənələrə ehtiramlı yanaşmalarından, özlərinin dəyər yaratmaq, onu gələcək nəsillərə ötürmək bacarıqlarından soraq verir. Şagirdlərin dilindən səslənən bu fikirlər onların özlərinin də mənəvi dəyərlərdən xəbərdar olduqlarından, onlara ehtiramlı münasibətlərindən soraq verirdi. Məktəbin akt zalının səhnəsi də atalar sözlərinin ruhuna uyğun bəzədilmişdi.
Səhnəyə öncə sarı rəngdə milli paltar geyinmiş qızlar daxil oldular. Akt zalı onların gəlişi ilə bərabər Sarı gəlin mahnısının sədalarına büründü. Onlar öz rəqsləri ilə izləyiciləri sanki tariximizin əsrarəngiz gözəlliklər yaradan, incə ruh sahibləri olan əcdadları ilə üz-üzə qoydular. “Sarı gəlin”in ruh oxşayan, ürək döyündürən dərin mənasını qəlbləri ilə duyduqlarını bəyan etdilər. “Çırpınırdı Qara dəniz”, “Arzular” və ifa olunan digər mahnılar da şagirdlərin yaradıcılıq imkanlarının genişliyinə rəğmən mükəmməl ifalarıla yadda qaldı. Vokal çıxışlar, pianoda səsləndirilən klassik əsərlər ümumiyyətlə, Azərbaycan Britaniya məktəbində şagirdlərin bədii təfəkkürünün, istedad və bacarıqlarının formalaşdırılması istiqamətində sistemli yanaşmanın mövcud olduğu qənaətinə gəlməyimizə əsas verir. Nümayiş olunan səhnəciklər də bu baxımdan diqqətəlayiq idi. Hər bir səhnəciyin əsasında, onu ifa edənlərin yaşından asılı olmayaraq, dərin fikir, məna və ideya dayandığı hiss edilirdi. Və məndə belə bir fikir yaranırdı ki, tədbirin ideyasından tutmuş, bütün məqamlar üzərində komanda halında düşünülüb və həyata keçirilib. Bütün detallar xırdalıqlarına qədər düşünülərək, vacib amil kimi təqdim olunurdu. Hər bir iştirakçı ona tapşırılan işin əhəmiyyətini öz ifası ilə təsdiqləyirdi. Sübut edirdilər ki, rolun böyüyü kiçiyi yoxdur. Bu rol sənə həvalə olunubsa, onu yüksək səviyyədə yerinə yetirməlisən. Qu quşu haqqında səhnəcik, Tənbəl oğlanın nağılı, Mahmud Kaşğari obrazının canlandırılması və s. Bunların hər biri özündə dərin məna yükü, atalar sözlərinin hikmətini yaşatmaqla, uşaqlara, gənclərə bir çağırış kimi səslənirdi. Bu çağırışlarda öz ana dilinizi sevin, elmə, biliyə sahiblənin, mənəvi dəyərlərə hörmətlə yanaşın, adət-ənənələrə əməl edin səsləri eşidilirdi.
Tədbirin sonunda çıxış edən Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir də şagirdlərin ifası haqqında xoş ürək sözlərini dilə gətirdi. “Bu uşaqların vətən sevgisinə, milli-mənəvi dəyərlər haqqında bilgilərinə heyran qalmamaq olmur. Onların səhnə mədəniyyəti, ifa tərzləri, musiqi, mahnı, rəqs seçimləri bir-birini tamamlayır. Unudulan atalar sözlərinin yaşadılmasına xidmət edən bu ədəbi-bədii gecənin həm ideyası, həm də təqdimatı çox mükəmməl idi.” dedi. O, Məktəbin rəhbərliyinə, menecer Ələkbər Ələkbərova, eləcə də ədəbi-bədii gecənin təşkilatçılığnda əsas rol oynayan məktəbin Azərbaycan dili departamentinin əməkdaşları Xədicə Hüseynli və Nuranə Mirzəyevaya, Selcan Tağıyevaya minnətdarlığını bildirdi. Yüksək səviyyədə təşkilatçılığa görə onlara ödülləri məhz Üçlər bəy təqdim etdi.
“Təhsil dünyası”

P.S. «Divanü-Lüğat-İt-Türk» layihəsi çərçivəsində kollecin  yuxarı sinif  şagirdləri eTwinning Plus platforması vasitəsilə Azərbaycan və Türkiyə məktəbləri ilə əməkdaşlıq əlaqəsi quraraq müştərək  layihəni həyata keçirmişdirlər. Bir ilə yaxın davam edən bu layihədə   Azərbaycan və Türkiyə məktəblərini  təmsil edən müəllim və şagird heyəti Milli və Avropa Keyfiyyət nişanına layiq görülüblər. Bu səbəbdən yekun tədbirdə Ankaradan qonaq qismində Yasəmin Karakaya, Sənət ve Bilim Mərkəzinin  şagird və müəllim heyəti  də iştirak edirdi. Sənət Mərkəzinin müəllimi Səlma Kösoğlu və  Ankara Universitetinin professoru Üçlər Bulduk  da Azərbaycan Britaniya Kollecinə belə tədbirlərin təşkilində iştirakına və dəstəyinə görə dərin minnətdarlılarını bildirlər.

Комментарии