YENİ SUVAGİL MƏKTƏBİ: DÜNƏN, BU GÜN

MƏKTƏB TARİXİMİZDƏN

Yeni Suvagil məktəbi: dünən, bu gün

Автоматический альтернативный текст отсутствует.
На данном изображении может находиться: дерево, небо, на улице и природаАвтоматический альтернативный текст отсутствует.Rayon mərkəzindən 22 kilometr uzaqlıqda yerləşən Yeni Suvagil kəndi Alazan-Həftəran vadisində qərar tutub. Kənddəki Mina Nəzirova adına 1 nömrəli tam orta məktəbin əsası 1924-cü ildə qoyulub. Kəndin ziyalısı Şıxəmir Əminovun təşəbbüsü ilə yaradılan təhsil ocağı ilk illərdən elə kəndin ziyalıları tərəfindən qayğı ilə əhatə olunub. Məktəb 6 şagirdlə fəaliyyətə başlayıb. Şıxəmir Əminov və Məmmədrəsul Camalov məktəbin ilk müəllimləri olublar. Qeyd edim ki, Şıxəmir Əminov yalnız Suvagil və Zaqatalada deyil, Azərbaycanda tanınan ziyalı olub. Dini təhsil alan Şıxəmir Əminov görkəmli şair, dramaturq, mütəfkkir Hüseyn Cavidlə dostluq əlaqələrində olub. 1937-ci ildə Hüseyn Cavid bu kənddə Şıxəmir Eminovgilə qonaq gəlib. Məktəbin direktoru Abdurəhman Sultanov qeyd edir ki, Yeni Suvagil bina dövrdən maarifçi kənd kimi tanınıb. Burada elmə, təhsilə hər zaman maraq göstəriblər. 1932-ci ildə kənddəki ibtidai məktəb yeddiillik məktəbə çevrilib. 1939-cu ildən isə tam orta məktəb kimi fəaliyyətini davam etdirib. 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi Suvagil məktəbinin taleyində də iz buraxıb. Müəllimlərin cəbhəyə yollanması səbəbindən məktəb yenidən yeddillik məktəb kimi fəaliyyət göstərib. 1951-ci ildə isə kəndin ziyalıları Osmat Şıxəmir oğlu Əminovun və müəllimlərin təşəbbüsü ilə təhsil ocağı yenidən orta məktəb kimi fəaliyyətini davam etdirə bilib. Məktəbin yetirmələri həyatımızın müxtəlif sahələrində əldə etdikləri uğurları ilə bu təhsil ocağının adına daim şərəf gətiriblər. Məktəbin adını daşıdığı Mina Nəzirova da bu kənddə boya-başa çatmış, zəhməti sayəsində Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Məktəb Osmat Əminov, Məmməd Çobanzadə, Xaliq Yahudov, Arif Məmmədov, Rasim Mirzəyev, İsmayıl Yusifov, Bəhram Mehdiyev, Əhməd İsayev, Məmməd Məmmədov kimi yetirmələri ilə haqlı olaraq fəxr edir. Osmat Əminovun, Saleh Qazıyevin, Məmməd Seyidəliyevin, Fatma Əminovanın adı məktəbin ilk müəllimləri kimi onun tarixinə yazılıb. Məktəbdə diqqətimi cəlb edən məqamlardan biri o idi ki, təhsil ocağının, onun yetirmələrinin keçdiyi ömür yoluna, tarixinə böyük ehtiram bəslənir. “Məktəbimizin keçdiyi yol”, “Müəllimi güclü olan xalqa zaval yoxdur”, “Xalq üçün yaşayanı xalq yaşadır”, “Məzunların sədası” və digər guşələr özündə məktəbin tarixi haqqında müfəssəl məlumatlar yaşatmaqdadır. Abdurəhman Sultanov bu güşələrdə əks olunan tarixi fotoları əldə etmək üçün keçmiş SSRİ məkanının bir çox şəhərlərinin muzeylərini gəzmiş, maraqlı fotolar toplamışdır. Məncə bu fotolar yalnız bu məktəb üçün deyil, məktəb tariximiz üçün dəyərli olan fotolardır.
Yaşı 90-ı ötmüş Yeni Suvagil məktəbində bu gün 367 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur. Yeni Suvagil 1 nömrəli tam orta məktəbi 2012-ci ilin may ayında Zaqatalada baş vermiş zəlzələdə ziyan çəkən məktəblərdən biri olub. Bir il ərzində yenidən inşa edilən məktəbin binasının siması bu gün tamamilə dəyişilərək müasir səciyyə alıb. Kəndin ən görkəmli binası olan bu məktəbdə 500 şagirdin təhsil alması üçün hər cür şərait yaradılıb. Məktəb İnformasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilib. Abdurəhman Sultanov məktəbin son 5 ilinin inkişaf dinamikasına nəzər salaraq söyləyir ki, yaradıcı fəaliyyətin nəticəsi olaraq inkişaf özünü qabarıq göstərməkdədir. Son 5 ildə ali məktəblərə qəbulun nəticələrinə görə məktəbə 3 dəfə Rayon Təhsil Şöbəsinin fəxri fərmanı təqdim edilib. Pedaqoji kollektiv Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub. Məktəbin şagirdi Fatimə Həlimova ötən il Fənn olimpiadalarında tarix fənni üzrə respublika turunun qızıl medalına layiq görülüb. Həlimənin bu nüfuzlu yarışmaya yüksək səviyyədə hazırlanmasında müəllimi Rəfael İsmayılov mühüm rol oynayıb.
Yeni Suvagil 1 nömrəli tam orta məktəbinin 2015-ci ilin may ayında maraqlı bir beynəlxalq layihəyə qoşulması məktəbin tarixinin yeni səhifəsini təşkil edir desəm, yanılmaram. Bu layihə, əslində yeni çağın fəaliyyət prinsiplərini məktəbin üzünə açmışdır. “Təhsildə fəlakət risqinin azaldılması” adlı bu layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və UNİSEF –in birgə təşkilatçılığı ilə reallaşdırılıb. Layihəyə pilot məktəb kimi qoşulan 1 nömrəli Suvagil tam orta məktəbi bu layihə çərçivəsində böyük nailiyyətə imza ata bilib. Qeyd edim ki, layihəyə məktəbin 20 şagirdi hazırladıqları 1 dəqiqəlik video-çarxla qoşulublar. Onlar təşkilatçılar tərəfindən verilmiş avadanlıqlar vasitəsilə hazırladıqları video-çarxları gərgin zəhmət hesabına başa gətiriblər. Video-çarxların mövzusu isə qeyd etdiyim kimi, təbii fəlakət risqikin azaldılması, təbii fəlakətlərədən qorunmaq yollarının aşılanması məqsədi daşıyır. Abdurəhman Sultanov söyləyir ki, şagirdlərin hər biri hazırladığı vəsaitə yaradıcı yanaşmağa çalışıb. Onlar bəzən bir kadrı çəkmək üçün günlərlə günəşin doğmasını, ayın çıxmasını gözləmiş, original məqamları lentin yaddaşına köçürmüş, maraqlı, təsirli nüanslardan ibarət kadrlar yarada bilmişlər. Elə bu da onların qələbəyə gedən yollarını açıb. Müsabiqəyə təqdim olunan işlər arasında məktəbin şagirdi Aytac Səmədlinin “Ata sən haradasan?”adlı metodiki video-çarxı birinci yerə layiq görülüb. Qeyd edim ki, Aytac məktəbin ən yaxşı şagirdərindən biridir. Təbiət fənlərinə daha çox maraq göstərən Aytac məktəbdə hər il mütəmadi olaraq keçirilən, bütün fənləri əhatə edən bilik yarışında ən yüksək nəticə göstərir. Aytac ötən il doqquzuncu sinfi fərqlənmə şəhadətnaməsi ilə bitirib.
“Təhsildə fəlakət risqinin azaldılması” layihəsinin təqdimat mərasimi bu il noyabr ayının 10-da Minsk şəhərində keçirilib. Təqdimat-konfransda məktəbin direktoru Abdurəhman Sultanov və layihənin qalibi Aytac Səmədli də iştirak edib. Konfransda çıxış edən Abdurəhman Sultanov qeyd olunan layihənin məktəbdə tətbiqi imkanlarından bəhs etməklə yanaşı, məktəbin nailiyyətlərindən də danışıb, eyni zamanda Azərbaycan təhsilinin inkişaf tendensiyalarını Asiya və Cənubi Qafqaz ölkələrindən olan iştirakçıların diqqətinə çatdırıb. Abdurəhman Sultanov söyləyir ki, Aytac Səmədlinin təqdim etdiyi video-çarx iştirakçıları heyran edib. Ümumiyyətlə, Minks konfransında təqdim olunan iki video-çarxın hər biri Yeni Suvagil məktəbinin şagirdlərinə məxsus olub. Aytacın maraqlı olduğu qədər də təsirli olan video-çarxı yekdilliklə layihənin qalibi seçilib. Hazırda Aytac bu layihə çərçivəsində Amsterdamda keçirilən seminarda iştirak edir. Onu da qeyd edim ki, layihə çərçivəsində məktəbin şagirdlərindən Röya Mahmudovanın, Rəcəb Mahmudovun, Anar Əlimovun, Roza Əhmədovanın, Arzu Ömərovanın filmləri də münsiflər heyəti tərəfəndən maraqla qarşılanıb. Bir məqama da toxunmaq da istərdim. Məktəbin qeyd olunan layihəyə qoşulan şagirdləri üçün keçirilən təlimlər UNİSEF mütəxəssisləri tərəfindən ingilis dilində aparılıb. Məktəbin şagirdi Roza Əhmədova təlimçilərə tərcüməçilik etməklə, təlimlərin xeyli səmərəli alınmasına yardımçı olub.
Təqdirəlayiq haldır ki, məktəbin qoşulduğu bu layihə təhsil ocağının həyatında maraqlı tədbirlərin keçirilməsi ilə müşaiyət olunmaqdadır. Məktəbdə yaradılmış “Təhsildə fəlakət risqinin azaldıması” guşəsi özündə layihənin əsasnaməsini, keçirilməsi qaydalarını, məqsəd və vəzifələrini, eyni zamanda layihə çərçivəsində keçiriləcək tədbirləri əks etdirir. Digər tərəfdən bu layihə çərçivəsində məktəbdə “Təxliyyə”, “Tibbi yardım və yanğın əleyhinə” qruplar yaradılıb. Bu qruplar şagirdlərin müvafiq olaraq maarifləndirilməsi istiqamətində təbliğati iş aparırlar. Dekabrın 9-da məktəbdə keçiriləcək seminarda da bu layihə çərçivəsində görüləcək işlər müzakirə olunacaq.
Yeni Suvagil 1 nömrəli tam orta məktəbi bu gün istər şagirdlərin ali məktəblərə qəbulu, fənn olimpiadalarının Respublika turu, eləcə də yerli və beynəlxalq layihələrdə daha intensiv iştirak etmək, daha böyük uğurlar əldə etmək arzusu ilə işləyir. Faktlara nəzər salanda görmək mümkündür ki, arzular zaman-zaman reallaşmaqla, məktəbin nailiyyətlər sırasını daha da zənginləşdirir. Bu isə, əlbəttə ki, işgüzarlıq sayəsində mümkün olur.

Böyükağa MİKAYILLI
Meqale 4 il önce qeleme alinib, "Tehsil ve zaman" qezetinde derc olunub.

Комментарии