ZƏNGİN PEDAQOJİ TƏCRÜBƏ MƏKTƏBİ

Zəngin pedaqoji təcrübə məktəbi

Mirvari VERDİYEVA,
ADPU-nun İqtisadi coğrafiya və CTM kafedrasının dosenti

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı  ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" qəbul edilmişdir. Dövlət Strategiyasında beş istiqamət xüsusi olaraq göstərilmişdir. Strategiyanın İkinci strateji istiqaməti məhz:-Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. [1]
Son dövrlərdə “gənc müəllim siyasəti” müzakirə obyektinə çevrilmişdir və müasir zamanda aktuallığı ilə seçilir. Bir sıra Beynəlxalq konfranslarda da bu məsələ müzakirə olunmuşdur və hələ də olunmaqdadır. Heç kəsə sirr deyil ki, hal-hazırda Avropa ölkələri  “XXI əsrin gəncini idarə edən şəxsiyyət kimi yetişdirmək” siyasətini həyata keçirməyi təhsil sisteminin qarşısında əsas vəzifə kimi qoymuşdur və bu vəzifənin yerinə yetirilməsini daim diqqət mərkəzində saxlayır. Bu problemin həyata keçirilməsində əsas bir nüans diqqəti daha çox cəlb edir:-Müəllim siyasətinə önəm verən dövlət, digər ölkələr arasında öz mövqeyini qoruyub saxlamağı bacarır. Əks təqdirdə başqa ölkələrin kölgəsində “əriyib” yox olur. Öz müstəqilliyini təmin etmiş Azərbaycan Respublikasında da təhsil sistemi dünya təhsil sisteminə inteqrasiya olunmaqdadır və müasir gənci necə görmək istəyi ön planda dayanmışdır. [3] Hələ Sovet hakimiyyəti illərində ölkəmizin təhsil sistemində özünəməxsus çalarların olması özünü qabarıq şəkildə göstərirdi. Bu özünəməxsus xüsusiyyətlər müasir zamanda da ənənə halını alaraq davam etdirilməkdədir. Müxtəlif ümimtəhsil məktəblərində qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi təhsil işçiləri tərəfindən həyata keçirilirdi. Müəllimin bütün pedaqoji fəaliyyəti araşdırılırdı, dərsləri dinlənilirdi. Şagird-müəllim-valideyin əlaqələrini necə həyata keçirməsi, təlim prosesinin yüksək keyfiyyətə malik olmasının səbəbləri təhlil edilirdi. Sonra isə həmin müəllimin iş təcrübəsi müəllimlər arasında təbliğ olunmaqla mübadilə edilməsinə şərait yaradılırdı. Belə proseslərin həyata keçirilməsi gənc müəllimlərin də onların iş təcrübəsindən bəhrələnmələrinə, özləri üçün nümunə götürmələrinə və öyrəndikləri metod və üsullardan  təlim prosesində istifadə etmələrinə şərait yaradılırdı. Nəticədə, gənc müəllimlər müxtəlif qabaqcıl müəllimlərin peşə təcrübələrini öyrənərək öz bilik və bacarıqlarını təkmilləşdirməyə nail olurdular. Bu ənənə son zamanlarda Təhsil Şurası tərəfindən "Qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması" layihəsinə start verməsi ilə  davam etdirilir. Paralel olaraq müxtəlif fənn müəllimlərinin müasir təlim metodlarını tətbiq edərək hazırladıqları numunəvi dərslərin icmallarını “Təhsil və zaman” qəzetiində dərc etməklə, bütün fənn müəllimlərinin istifadə etməsinə münbit şərait yaradılmışdır.
Bu gün ölkəmizdə kifayət qədər qabaqcıl müəllimlər vardır və onlar öz peşələrinin mahir ustasıdırlar. Onlar təlim prosesinin müasirləşməsində, yeni metod və texnologiyaların tətbiq edilməsində özlərinəməxsus yanaşmaları ilə  həmkarlarından fərqlənirlər. Belə müəllimlər yeniliyin təlim prosesinə gətirilməsini gözləmirlər, əksinə, yeniliyi özləri öyrənirlər, təlim prosesinə də elə özlərinə məxsus tərzdə tətbiq edirlər. Qabaqcıl müəllimlərin iş fəaliyyətinin, tətbiq etdikləri metod və üsulların, ümumiyyətlə peşə fəaliyyətlərinin tətqiq edilməsi, elmi baxımdan araşdırılması, nəzəri cəhətdən təhlil edilməsi həlli vacib olan məsələlərdən birinə çevrilməkdədir. Belə araşdırmalar olduqca böyük elmi-metodiki əhəmiyyət kəsb edir. Xüsusən, “gənc müəllim hazırlığı”nın həyata keçirilməsi prosesində xüsusi rol oynamaq iqtidarındadır. Məhz bu səbəbdən  dövrünün qabaqcıl müəllimi olmuş, bu gün əməkdar müəllim kimi tanınan Hümmət Həsənovun iş fəaliyyətini tətdqiq etmək klassik müəllimlərin fəaliyyətinin, iş təcrübəsinin öyrənilməsinin əhəmiyyətini sübut etməliydi. Tədqiqat nəticəsində bir daha aydın oldu ki, müasir dövrdə təcrübəli fənn müəllimlərinin iş fəaliyyətinin öyrənilməsi “gənc müəllim hazırlığı”nda böyük bir “məktəb” kimi əhəmiyyətli rola malik ola bilər.
Müəllim olmaq, uşaqlara elm, ədəb-ərkan öyrətmək olduqca çətin bir peşədir. Müxtəlif təbiətli ailələrdən gəlmiş, olduqca rəngarəng xüsusiyyətlərə malik uşaqlarla işləmək, onların marağını təhsilə yönəltmək o qədər də asan deyil. Mövzunu eyni vaxtda müxtəlif qavrama səviyyəsi olan uşaqlara yüksək səviyyədə öyrətmək, mövzunun köməyi ilə onları tərbiyə etmək, təlim prosesini planlaşdırmaq, dərs zamanı diqqəti hər bir uşağa paylamaq, ildən-ilə şagirdlərin bilik, tərbiyə və fiziki inkişafını nəzarətdə saxlamaq olduqca çətinləşmişdir. Xüsusən də, müxtəlif peşə sahibi olan və cürbəcür xarakterə malik valideynlərlə dil tapmaq, onlara təsir etmək, uşaqların gələcəyini istənilən zərərli səmtə yönəltmələrinə mane olmaq müəllimlərdən böyük məharət tələb edir. Bu baxımdan da müəllimlik peşələrin ən çətini hesab olunur. İş fəaliyyətini tədqiqat obyektinə çevirdiyimiz Hümmət Həsənov  pedaqoji fəaliyyəti dövründə təlim prosesini daim müasir dövrün tələbləri səviyyəsində  təşkil etmiş, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmiş, dünya ölkələrinin pedaqoji, metodiki, psixoloji elm sahəsində  yeniliklərini diqqət mərkəzində saxlamışdır. Öyrəndiyi yenilikləri kor-koranə tətbiq etməmişdi, onlara mühitə, xarakterə, xalqın adət-ənənələrinə uyğunlaşdırmaqla yaradıcı yanaşmışdır.
Azərbaycanda əməkdar müəllim adını almış çoxlu sayda müəllim var
Lakin diqqəti cəlb edən, paytaxtdan 450 km. uzaqda, dağlar qoynunda yerləşən Kəlbəcərin ucqar dağ kəndində fəaliyyət göstərən bir kənd müəlliminin yetişdirdiyi şagirdlərinin bu gün Azərbaycanda ölkəni idarə edən şəxslərə çevrilməsidir. Deməli, əməkdar müəllim Hümmət Həsənov öz dövründə artıq “XXI əsrin gəncini idarəedən şəxsiyyət kimi yetişdirmək” prinsipi ilə çalışırmış. Buradan belə bir nəticəyə gəlmək olar ki, “pedaqoji kadr hazırlığı siyasəti”ni həyata keçirmək üçün dünya təcrübəsinin öyrənilməsi ilə yanaşı,  məhz ölkəmizdə Hümmət müəllim kimi müəllimlərin iş fəaliyyətini öyrənmək və onların təcrübəsindən istifadə etmək aktuallığı ilə seçilir. İnanmaq olar ki, onun iş fəaliyyəti, pedaqoji təcrübəsi, şagirdləri ilə işləmək prinsipləri, bütövlükdə peşə fəaliyyəti müəllim olmaq istəyən hər bir gəncin müəllim kimi yetişməsində istiqamətverici rol oynayacaqdır.
Kəlbəcərin Laçın kənd dördillik ibtidai məktəbi 1931-ci ildə fəaliyyətə başlamışdır. Əslən Naxçıvan Muxtar Respublikasından olan və təyinat yerinə gələn gənc müəllim Məhəmmədəli Qənizadə məktəbin direktoru və müəllimi işləməyə başlamışdır. O ilk işini kənd əhalisinin məktəbin, uşaqların təhsil almasının cəmiyyətin inkişafındakı əhəmiyyəti barədə maarifləndirilməsi ilə başlamışdı və az bir zamanda kənd uşaqlarını məktəbə cəlb edə bilmişdir. Hümmət Həsənov M.Qənizadənin ilk şagirdlərindən biri olmuşdur. Sonralar M.Qənizadənin davamçısı olmuş və Hümmət Həsənovun həyatında əsas rol oynamış Zülfüqarlı kənd səkkizillik məktəbinin müəllimi Mirzə Nəsirin də özünəməxsus təsiri olmuşdu. Hümmət Həsənov 23 iyun 1938-ci ildə Zülfüqarlı tam orta məktəbinin X sinifini əla qiymətlərlə bitirmişdir. Məktəb rəhbərliyi müvəffəqiyyətinə və nümunəvi əxlaqına görə onu tərifnamə ilə təltif etmişdi. Məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün  1939-cu ildə Gəncə şəhəri Klara Setkin adına Pedaqoji İnstitutuna daxil olmuşdur. Kənd müəllimi M.Qənizadənin təyinat müddətini başa vurub Naxçıvana dönməsi ilə əlaqədar olaraq, təhsilini qiyabi davam etdirməyə məcbur olmuşdu. H.Həsənov həm qiyabi təhsil almış, həm də Laçın kənd dördillik ibtidai məktəbində müəllim işləmişdi.
Əməkdar müəllim Hümmət Həsənovun müəllimlik fəaliyyətinin uğurlarının əsas qayəsi aşağıdakılarla şərtlənirdi:
1. I sinifə qəbul edəcəyi hər bir şagirdin həyat şəraitini ətraflı öyrənir, ailəsi ilə tanış olub onların xarakterik xüsusiyyətlərini araşdırır, şagirdi şəxsən tanıyıb meyl və maraqlarını tədqiq edirdi;
2. Sentyabr ayının 1-ə qədər siyahıya aldığı hər bir şagirdlə bir neçə dəfə görüşüb, onlarda elmə həvəs oyatmağa səy göstərər, kitabları oxumağa həvəsləndirir və məktəb həyatına hazırlamağa çalışırdı. Uşaqlarla söhbət zamanı:-Sən bunu hardan öyrənmisən? Məktəbə gələndə bildiklərini mənə də öyrədərsən?-deyərək, şagirdləri həvəsləndirir, onları məktəbə getməyə sövq etdirib, bildiklərini Hümmət müəllimə öyrətməyə tələsdirirdi. Nəticədə savadsız ailələrdə böyüyən kənd uşaqları məktəbə getməyə böyük maraq göstərirdilər.
3. Bütün şagirdlərin daima düzgün qidalanmasını və səliqəli geyinməsini diqqət mərkəzində saxlayırdı, sağlam böyümələrini, geyimlərinə görə bir-birlərindən kəskin fərqlənərək utanmalarına şəraitin yaranmasına mane olurdu. Nəticədə, təlimin keyfiyyətinin yüksəlməsinə münbit zəmin yaranmış olurdu.
4. Valideyinlər tərəfindən şagirdlərin cəlb olunduğu kənd təsərrüfat işləri ilə maraqlanırdı. Əgər uşaqların valideyinləri tərəfindən sağlamlığına zərər vuran işlərlə məşğul olmağa cəlb olunması aşkarlanırdısa, valideyinləri maarifləndirməklə uşaqların normal böyümələrinə mane olan işlərdən uzaqlaşdırılmasına nail olurdu.
5. Şagirdlərinə “iki” yazmağa tələsmirdi, onlara mövzunu öyrənməyə
daim şans verirdi. “Müəllimin əsas məqsədi şagirdi öyrətməkdir, ona görə də “iki” yazmağa tələsməməlidir!-deyə, həmkarlarına da tövsiyyələr edirdi.
6. Məktəbə, dərsə gecikən şagirdlərini danlamazdı. Məktəbə tezdən gəlməyi yarışa çevirmişdi:-hər növbənin şagirdlərinin sayı qədər kağızdan rəqəmlər kəsib düzəltmişdi. Məktəbə ilk gələn şagird 1 rəqəmini, ikinci gələn 2 rəqəmini, sonuncu gələn axırıncı rəqəmi götürürdü. Şagirdlər özləri bir-birini tənbeh edirdilər və aralarında rəqabət başlanırdı:-Məktəbə kim birinci gələcək! Kim əvvəlcə gəlib 1 rəqəmini götürəcək!
7. Sinif şagirdlərini kiçik qruplara bölüb aralarında bilik yarışı təşkil edirdi. Valideyinlər də elə öz uşaqlarının vasitəsi ilə müntəzəm olaraq şagird qruplarının yarışı barədə maarifləndirilirdi. Valideyinlər özləri də bilmədən bu yarışmanı diqqət mərkəzində saxlayırdılar. Hər bir qrupun daxilində üzvlər arasında da yarış təşkil edilirdi. Qrup üzvləri arasındakı yarışı udan şagird qrupa liderlik hüququ qazanırdı. Kəndin axşamlar əhali cəmlənmiş mərkəzi hissəsində qoyulmuş lövhədə, həftəlik yarışın nəticələri qeyd edilirdi. Yarışmanı udan qruplar qonşu məktəblərin eyni sinifləri ilə yarışa cəlb olunurdu. Bu yarış valideyinləri məktəbə, onun fəaliyyətində yaxından iştiraka həvəsləndirirdi.
8. Məktəblərin yarışını rayon Maarif Şöbəsinin nümayəndələri və digər məktəblərin direktorları da izləyir və qiymətləndirirdilər. Tədris ilinin əvvəlində yarışa start verilir, ilin sonunda yekunlaşdırılırdı. Rayon qəzetində məktəblərin yarışması barədə əvvəlcədən əhaliyə məlumat verilirdi, qiymət meyarları göstərilirdi və yarışdan sonra nəticələr qəzetin səhifələrində öz əksini tapırdı.
9. Hümmət müəllim həftədə bir dəfə valideyinlərlə görüşüb, uşaqların tərbiyəsi, dərsi mənimsəməsi, davranışı, fiziki və əqli inkişafı barədə söhbətlər edir və valideyinlərə uşaqların ailədə düzgün tərbiyəsi üçün pedaqoji-psixoloji məsləhətlər verirdi.
10. Məktəbdə iki cür “şərəf lövhəsi” tərtib edilmişdi. Birinci “şərəf lövhəsi” illik, ikincisi isə gündəlik idi. Gün ərzində “əla” qiymətlər alan şagirdlərin adı “gündəlik şərəf lövhəsi”ndə qeyd olunurdu. İllik qiymətləri “əla” olan şagirdlərin şəkilləri və adları isə “illik şərəf lövhəsi”də yerləşdirilirdi. “Gündəlik şərəf  lövhəsi”i məktəbin qarşısında, kəndin yolunun kənarında qoyulmuşdu. Yoldan keçən kənd sakinləri gündəlik qiymətləri görürdü. Hər kəs istəyirdi ki, övladının adını daim bu  “şərəf lövhəsi”ndə  oxusun.
11. Hümmət müəllim qohum, yad və ya öz övladı olmasından asılı olmayaraq, bütün şagirdlərinə eyni ciddiliklə, eyni tələbkarlıqla yanaşırdı. Heç kəsə fərq qoymurdu. Şagirdə layiq olmadığı qiyməti yazmağı qətiyyən sevməzdi, amma həvəsləndirici manevrlər etməyi yaxşı bacarırdı. Bu da onun pedaqoji və psixoloji ustalığından qaynaqlanırdı.
12. İldə iki dəfə-payızda və yazda şagirdləri ətraf əraziləri öyrənmək məqsədi ilə ekskursiyalara aparırdı. Ərazinin relyefini, bitki-heyvanat aləmini, torpaq örtüyünü tədqiq etməyi şagirdlərinə sevə-sevə öyrədirdi. Yer adlarının mənşəyini öyrənmək üçün şagirdləri tədqiqat işlərinə cəlb edirdi. Təbiətə məhəbbətlə yanaşmağı müntəzəm olaraq öyrətməklə, onu qorumağın əhəmiyyətini uşaqların diqqətinə çatdırırdı.
13. Elmi, pedaqoji, psixoloji ədəbiyyatı diqqət mərkəzində saxlayırdı. Təhsil sisteminin, dövlətin müəllimlər qarşısında qoyduğu müasir tələbləri izləyir, müəllimlik fəaliyyətini daim təkmilləşdirirdi. Dövri mətbuatı oxumaqla, ölkədə və dünyada baş verən prosesləri müntəzəm izləyirdi.
14. Nəinki Kəlbəcər rayonunda, hətta Azərbaycanın hansı bölgəsində işləməsindən asılı olmayaraq, adını eşitdiyi ən yaxşı müəllimlərin dərsini dinləməyə, təcrübəsini bölüşməyə, mütərəqqi üsul və metodlarını öyrənib tətbiq etməyə çalışırdı. Ömrü boyu “öyrənib-öyrətməyi” öz iş prinsipinə çevirmişdi.   
  Hümmət müəllimin işlədiyi müddətdə əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdi. O,“Arxa cəbhədə qulluğa görə”, “Stalin yubileyi”, “Lenin yubileyi” medalları ilə təltif olunmuşdu. Fəxri fərmanların sayını özü də unutmuşdu. Müxtəlif təşkilatlardan çoxlu sayda mükafatlar almışdı. Müəllim işlədiyi müddətdə iki dəfə Azərbaycan Müəllimlər qurultayının nümayəndəsi seçilmişdi. “Sosializm yarışının qalibi”, “Qabaqcıl maarif xadimi” və “Əməkdar müəllim” adına layiq görülmüşdü. O, öz peşəsindən sevgi ilə, iftixarla söhbət açardı, gənc müəllimlərə peşəkar müəllim tövsiyyələrini verməkdən zövq alardı. Ölkəmizdə rəhbər vəzifələrdə çalışan şagirdləri haqqında fərəhlə danışar, Azərbaycandan  kənarda diplomatik sahədə çalışan və ictimai-siyasi sahədə öz ölkəsini layiqincə təmsil edən  şagirdləri ilə qürur duyduğunu söyləyərdi.

Комментарии