Mohammed Salem: “Vollongong bir dünya Universitetidir”

Mohammed Salem: “Vollongong bir dünya Universitetidir”
“Biz bu Universiteti Şərqin zəngin elm və təhsil ənənələrinə söykənib yaratdıq. Biz istəyirik ki, burada Şərqin zəngin mədəniyyəti, elm və təhsil ənənələri ilə dünyanın qabaqcıl texnologiyalarının sintezindən, sivilizasiyaların vəhdətindən yaranan bir Univeristet quraq.”
Müsahibim Avstraliyanın Vollongong Universiteti Dubay filialının prezidenti, professor Mohammed Salemdir.
“Universitet Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayın ən nüfuzlu ali təhsil ocaqlarından biridir. Biznes, mühəndislik, informasiya texnologiyaları,  incəsənət və humanitar elmlər sahəsində geniş bir proqram spektrini təklif edən, etik, mobil, texnoloji cəhətdən savadlı məzunlar yetişdirməyi qarşısına hədəf kimi qoyur təhsil müəssisəsi. Təhsil ocağında həyata keçirilən bütün proqramlar milli məşğulluq bazarının tələbatlarını ödəmək üçün xüsusi hazırlanıb. Universitet beynəlxalq miqyasda akkreditə olunmuş dərəcədə əcnəbi tələbələr üçün ideal bir seçimdir. Beynəlxalq səviyyədə tanınmış ixtisasları olan Dubay Vollongong Universiteti öz məzunlarına karyera qurmağa imkan verir. Universitetin on minə yaxın məzunu regionda dövlət və özəl sektorda yüksək səviyyəli vəzifələr tuturlar.” Bu sözləri görşümüz zamanı Universitet haqqında məlumat verən Mohammed Salem dilə gətirdi. O, eyni zamanda qeyd etdi ki, Universitetin bütün akademik proqramları BƏƏ Təhsil Nazirliyi – Ali Təhsil İşçiləri və ali təhsil sektorunun yüksək keyfiyyətli tənzimləyicisi olan Üçüncü Təhsil Keyfiyyəti və Standartları Agentliyi tərəfindən təsdiqlənib, Avstraliyanın Vollongong Universiteti tərəfindən akkreditasiya edilib. Universitet 2018-ci ildə “Yaxşı Universitetlər Təşkilatı”nın bütün tələbə təcrübələrində 5 ulduz əldə etmiş iki Avstraliya Universitetindən biridir.
Bakıda Qlobal Karyera İnstitutunun təşkilatçılığı ilə keçirilən “Gələcəyin təhsili: Yeniliklərin tətbiqi və müasirlik” mövzusunda Beynəlxalq konfransa məruzəçi kimi dəvət olunmuş Mohammed Salemlə müsahibəni təqdim edirik.
- Mohammed bəy, Avstraliyanın Vollongong Universitetinin flialını nə üçün məhz Dubayda açmaq qərarına gəldiniz?
- Dubayda bütün sahələr üzrə perspektivlər olduqca çoxdur. Bunu artıq bütün dünya qəbul edir. Burada Universitetin filialının yaradılması ilk olaraq bu amildən qaynaqlandı. Bu Universitetin digər bir filialı isə Honq-Konqdadır. Bildiyimiz kimi, Honq-Konq da sürətlə inkişaf edən şəhərlər sırasındadır. Biz Qazaxıstanla, Nigeriya ilə, Çinlə və bir sıra başqa ölkələrlə əməkdaşlıq edirik, amma filialımız hələlik iki şəhərdə mövcuddur. Zamanla dünyanın digər ölkələrində də filiallarımız açıla bilər. Biz dünyaya qapılarımızı açan bir elm və təhsil ocağıyıq. Müasir dünyada elm və təhsil çox aktualdır. Bu aktuallıq inkişaf etdikcə, yaxşı təhsil verən universitetlərə də tələbat artır. Biz bu Universiteti Şərqin zəngin elm və təhsil ənənələrinə söykənib yaratdıq. Biz istəyirik ki, burada Şərqin zəngin mədəniyyəti, elm və təhsil ənənələri ilə dünyanın qabaqcıl texnologiyalarının sintezindən, sivilizasiyaların vəhdətindən yaranan bir Univeristet quraq.
- Mohammed bəy, tələbələr sizin Universitetdə daha çox hansı ixtisaslar üzrə təhsil almağa maraq göstərirlər?
- Universitetin bakalavr pilləsində Biznes inzibatçılığı, Kommersiya, Marketinq, İnsan resursları, Beynəlxalq biznesin təşkili, Maliyyə və mühasibatlıq, Rəqəmsal sistemin təhlükəsizliyi, Multimedianın inkişafı, İnformasiya texnologiyaları, İnformasiya sistemlərinin idarəedilməsi, Elektrik, Telekommunikasiya, Kompüter bilikləri, Mülki və Mexaniki mühəndislik ixtisasları üzrə təhsil almaq mümkündür. Magistr pilləsində isə ixtisas seçimi imkanı daha genişdir. Logistika elmləri, Təhsil tədqiqatları, Beynəlxalq tədqiqatlar, Keyfiyyətin ölçülməsi, Media və telekommunikasiya və digər ixtisaslarda təhsil almaq tələbələr üçün əlçatandır. Biz bu ixtisaslar üzrə dünyanın qloballaşan mühiti ilə ayaqlaşmağı bacaran mütəxəssislər hazırlayırıq. Bütün ixtisaslara tələbat var.  Amma tələbələr daha çox Biznes və mühəndislik ixtisaslarını seçirlər.
- Sizcə tələbələr nə üçün daha çox bu ixtisaslara maraq göstərirlər?
- Düşünürəm ki, bu, müasir dünyanın tələbləri ilə bağlı olan amildir. Dünyanın inkişafında quruculuq işləri, bunun isə təməlində biznes və mühəndislik dayanır. Bu ixtisaslara geniş aspektdə baxdıqda, onların nə qədər əhəmiyyətli olduğunu görmək mümkündür.
- Dubay Vollongong Universiteti, ümumiyyətlə, müəllimlərin və tələbələrin, dissertantların elmi-tədqiqat işlərinə hansısa formada dəstək verirmi?
- Bizim müəllimlər üçün də, tələbələr üçün də qrant proqramımız var. Qrant proqramını əldə etmək üçün Universitet müsabiqə elan edir. Bu müsabiqədə qalib gələnlər qrant proqramından yararlanmaq imkanı əldə edirlər. Bunun üçün müəllimlər, tələbələr, elmi-tədqiqat işi ilə məşğul olanlar maraqlı ideya ilə çıxış etməlidirlər. Elə bir ideya irəli sürməlidirlər ki, bu ideya müəyyən bir sahənin inkişafına xidmət etsin, tərəqqiyə yol açsın. Universitetdə çalışan alim-professorlara xaricdə tədqiqat aparmaq üçün də maliyyə ayrılır. Universitetin professor heyəti geniş pedaqoji, elmi-tədqiqatçılıq təcrübəsi ilə dünyaya səs salan, elmi müstəvidə mövqeyi, sözü olan alimlərdən ibarətdir.  Biz bu elmi potensiala söykənib fundamental layihələr həyata keçiririk. Bizim qrant proqramlarımız bütün sahələr üzrə fərqlidir. Ümumiyyətlə, Universitetin qrant proqramına qoşulmaq üçün çox maraqlı, elmi, iqtidasi əhamiyyəti olan ideyalarla çıxış etməlisən. Bu zaman Universitet sənin ideyanı dəstəkləyəcək.
- Mohammed bəy, istərdim Universitetin məzunlarının nailiyyətlərindən bəhs edəsiniz. Artıq 25 ildir ki, fəaliyyət göstərirsiz. Elə məzunlarınız varmı ki, elmdə, sənayedə, biznesdə geniş miqyasda tanınır?
- Bu Universiteti on minə yaxın tələbə bitirib. Universitetin bir departamenti var ki, məzunlarla mütəmadi olaraq əlaqə saxlayır. Biz onları ardıcıl olaraq izləmək imkanına malikik. Bizim məzunlarımız Dubayda istər dövlət, istərsə də özəl sektorda ən yüksək vəzifələri daşıyırlar. Bizim məzunlarımızla dünyanın hər yerində rastlaşa bilərsiniz. Böyük şirkətlər, kompaniyalar Universitetimizin məzunlarını məmnuniyyətlə işə qəbul edirlər.
- Dubay Vollongong Universiteti dünya universitetlərinin reytinq sıralamasında hansı mövqedə qərarlaşır?
- Bilirsiniz ki, dünyada universitetlərin reytinqlərini göstərən müxtəlif təşkilatlar var. Bunlar təhsil ocaqlarını müxtəlif istiqamətlər üzrə dəyərləndirib reytinqini müəyyənləşdirirlər. Ən nüfuzlu qiymətləndirmə indekslərindən biri də QS-dir. Bizim universitet QS qiymətləndirməsinə əsasən dünya universitetləri arasında 230-cu yerdədir.
- Sizin Universitetin müəllimləri, alim-professor heyəti dünyanın indeksli elmi nəşrlərində aktual problemlərlə bağlı elmi məqalələrlə çıxış edirlərmi?
- Bəli. Bizim müəllimlərimiz dünyanın ən reytinqli elmi jurnallarında məqalələrlə çıxış edirlər. Buna kifayət qədər misal göstərmək olar. Universitetin reytinqini yüksəldən amillərdən biri də məhz budur.
- Universitetin kampusları varmı? Ayrı-ayrı fakültələr özlərinə məxsus kampuslara malikdirlərmi?
- Bizim böyük bir kampusumuz var. 2020-ci ildən isə biz yeni kampuslarla təchiz olunacağıq. Universitetin maddi texniki bazası isə müasir dövrn tələblərinə tam cavab verir. Vollongong Universiteti bir dünya Universitetidir.
- Universitetin dünyanın hansı universitetləri ilə əməkdaşlıq əlaqələri mövcuddur?
- Universitetin Avstraliyadakı mərkəzi dünyanın ən nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. Dubay filialı isə hələlik İtaliyanın, İngiltərənin və Asiyanın Universitetləri ilə əməkdaşlığa qoşulub.
- Mohammed bəy, Universitetdə hansı təqaüd proqramları tətbiq olunur?
- Universitet hər il payız semestrinin başlanğıcında, yeni qəbul olan, eləcə də yuxarı kurs tələbələrinə bir sıra təqaüdlər verir. Belə ki, bakalavr təhsili almaq istəyən tələbələr üçün 15-20, magistr təhsili almaq istəyənlər üçün isə 15-25 faiz güzəşt tətbiq edilir. Təqaüdlər məhduddur. Bundan ilkin olaraq univeristetə gəlib, onun xidmətlərindən yararlanmaq istəyənlər bəhrələnə bilirlər. Universitet “Akademik nailiyyətlər təqaüdləri”nə, “İdman təqaüdləri – Adam Gilchrist İdman Mükafatı” təqaüdlərinə malikdir.
- Sizin universitetdə, məlumatıma görə dörd minə yaxın əcnəbi tələbə təhsil alır. Onlar təhsillərini bitirdikdən sonra Dubayda qalıb işləyirlərmi? Ümumiyyətlə, hökümət əcnəbi tələbələrin bu ölkədə qalıb işləmələrində maraqlıdırmı?
- Bu çox maraqlı sualdır. Bəli, Dubayda təhsilini başa vurduqdan sonra bu ölkədə qalıb işləmək arzusunda olanlar çoxdur. Bu, ölkənin iqtisadi inkişafı ilə bağlıdır.  Dövlət də onlar üçün şərait yaradır. Dövlət bunda maraqlıdır. Bəzi tələbələr təhsil aldıqları müddətdə də işləyirlər. Dövlət buna da imkan yaradır. Təhsillərini başa vurduqdan sonra dövlət bu ölkədə qalmaq arzusunda olanlara müəyyən müddət üçün viza verir. Bu müddət ərzində məzunlar özlərinə münasib iş tapırlar.
- Ümiyyətlə, Dubayın, yaxud dünyanın ayrı-ayrı şirkətləri, kompaniyaları mütəxəssis hazırlığı ilə bağlı sizinlə əməkdaşlıq edirlərmi?
- Bəzən şirkətlər öz işçilərini bizdə təhsil almağa, yaxud da seminarlarda, treninqlərdə ixtisaslarını təkmilləşdirməyə, proqramlarda iştirak etməyə  göndərirlər. Biz şirkətlərlə mütəmadi əlaqə saxlayırıq. Onların mütəxəssis tələbatlarını öyrənirik. Biz, ümumiyyətlə, dünyanın mütəxəssis ehtiyaclarını öyrənirik. Eyni zamanda, qloballaşan dünyanın ehtiyac duyduğu peşələr, sənətlər haqqında apardığımız araşdırmaların da işimizin təşkil olunmasında bizə böyük faydası dəyir...
- Mohammed bəy, Bakını xoşladınızmı, Bakıda keçirilən Beynəlxalq konfransdan razı qaldınızmı?
- Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Xəzər dənizi, Qız qalası, İçərişəhər və insanların səmimiyyəti, qonaqpərvərliyi ona xüsusi yaraşıq verir. Bu şəhərin gecəsi gündüzü, gündüzü isə gecəsi ilə bəhsə girib. Onu sevməmək mümkün deyil. Konfransa gəlincə, mənim sizin müəllimlərinizə, elm adamlarınıza çox böyük hörmətim yarandı. Müəllimləriniz öyrənməyə, elm adamlarınız öyrətməyə çox həvəslidirlər. Elmə, öyrənməyə həvəs olan yerdə isə inkişaf da olar, tərəqqi də...Yaxşı təşkil olunmuş Beynəlxalq konfransda, Universitet rektorları, komitə sədrləri, müəllimlər və təhsil işçiləri ilə görüşlərdə, söhbətlərdə bu tendensiyanı müşahidə etdim.
- Maraqlı müsahibəyə görə təşəkkür edirəm.
Müsahibəni apardı: Böyükağa MİKAYILLI

Комментарии