İstedad və zəhmət uğurun aşarıdır...

Kəmalə Həşimova məktəbin tarixi ilə bağlı sənədlərə istinadən söyləyir ki, bu sənət ocağının yaranmasının ilk təşəbbüskarı və ilk direktoru Tələt Şahverdiyev olub. O vaxtlar məktəbdə yalnız fortepiano, tar, kamança, qarmon, nağara, klarnet, akkardeon ixtisasları tədris edilib. Sonralar skripka, truba sinifləri yaranıb. 1972-ci ildən sonra məktəbə rəhbərlik tanınmış musiqiçilər Rəfael Məmmədəliyev (1972-1974-cü illər), Əhəd İsrafilzadə (1974-1978-ci illər), Arif Hacıyevə (1978-1994-cü illər) tapşırılıb. 1966-70-ci illərdə 4№-li uşaq incəsənət məktəbinin şagirdlərinin sorağı bir çox beynəlxalq festivallardan, keçmiş sovet respublikalarının müsabiqələrindən eşidilib. Qeyd olunan illərdə məktəbin müəllimi Ağası Məmmədovun rəhbərlik etdiyi nağaraçılar ansamblının Bolqarıstan, Macarıstan Respublikalarında keçirilən festivalda uğurlu çıxışları böyük sevinclə qarşılanıb. Qeyd edək ki, musiqi məktəblərinin nağara sinfi üçün yeganə dərslik də məktəbimizin müəllimi Ağası Məmmədov tərəfindən tərtib edilib.
Kəmalə Həşimova məktəbin müəllimlərindən, ümumiyyətlə, böyük həvəslə bəhs edir və vurğulayır ki, onlar Buzovnada gənclərin musiqiyə, incəsənətə, rəssamlığa meyl və maraqlarının yaranmasında, onların sənətkar kimi formalaşmalarının əsasının qolulmasında mühüm rollarını qeyd edir. Bu məqamda məktəbin nəzəriyyə şöbəsinə uzun illər rəhbərlik etmiş Ağabala Əliyevin adını vurğulayır. - Ağabala Əliyev nəzəri fənlər üzrə dərs vəsaitlərinin ana dilimizdə nəşr edilməsi üçün böyük işlər görmüşdür. Tədris prosesində istifadə edilən birsəsli və ikisəsli «Solfecio» dərsliklərini, musiqi lüğəti, musiqi nəzəriyyəsi dərs vəsaitlərini ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etmişdir, deyə Kəmalə Həşimova söyləyir. Eyni zamanda qeyd edir ki, 1994-cü ildən 2009-cu ilin yanvarınadək məktəbə istedadlı kamaça ustası Yusif Quliyev rəhbərlik edib. Məhz bu illərdə məktəbdə balaban, qanun, saz, xanəndəlik ixtisasları tədris edilməyə başlayıb. 1995-ci ildən rəsm və rəqs siniflərinin açılması ilə məktəb incəsənət məktəbinə çevrilib. Yusif Quliyev də öz sələflərinin yoluna sadiq qalaraq məktəbin inkişafına layiqli töhfəsini verib. Onun rəhbərliyi dövründə məktəbin şagirdləri bir çox respublika müsabiqələri, baxış, festival və sərgilərdə iştirak edərək, yüksək uğurlar qazanıblar. 2009-cu ilin fevral ayından 2018-ci ilin iyul ayına qədər isə məktəbə Səadət Eminova rəhbərlik edib. Səadət Eminova da məktəbin nailiyyətlər əldə etməsinə öz töhfəsini verməyi bacarıb. Məktəbin əldə etdiyi nailiyyətlərdə müəllimlərdən respublikanın əməkdar rəssamı Rəfayel Muradovun, Davud Abdullayevin (tar), Sahib Ağayevin (tar), Dinarə Zülfüqarovanın (fortepiano), Aytən Mirzəyevanın (rəqs),Fərqanə Muradlının (rəsm), Afaq Qasımovanın (xor), Kamran Quliyevin (valtorna) də xidmətləri əvəzsizdir. Kəmalə Həşimova qeyd edir ki, Buzovnada istedadlı uşaqlar, yeniyetmələr, gənclər çoxdur. İstedadlıları cəlb etmək və onların uğurlarına yol açmaq isə məktəb rəhbərliyinin, kollektivin üzərinə düşür.
Kəmalə Həşimova söyləyir ki, şagirdləri Respublika və Beynəlxalq miqyaslı müsabiqələrdə, festivallarda iştiraklarını təmin etməyi əsas məqsədlərdən biri hesab edir. Artıq bu istiqamətdə müəyyən addımlar da atılıb. Məktəbin rəsm sinfinin aparıcı müəllimi respublikanın əməkdar rəssamı Rəfayel Muradovun və rəsm müəllimlərindən Fərqanə Muradlı ilə Telli Məlikovanın şagirdləri Yaponiyada keçiriləcək «The 20th Kanagawa Biennial World Children’s Art Exhibition» rəsm müsabiqəsində məktəbi təmsil edecekler.
Bu gün 4 nömrəli Uşaq İncəsənət Məktəbində 300-ə yaxın şagird müxtəlif ixtisaslar üzrə təhsil alır. Onların sənətin sirlərinə yiyələnmməsində 57 müəllim öz istedad və bacarığını sərf edir. Sevindirici haldır ki, məktəbin müəllimlərindən 36 nəfəri onun öz məzunlarıdır. Məktəbin məzunları arasında bu gün musiqi aləmində tanınan bir çox musiqiçilər vardır. Onlardan respublikanın əməkdar artistləri Mirnazim Əsədullayev (kamança), Mətanət Atakişiyeva (aktrisa), Gülbahar Şükürova (qarmon), Davud Abdullayev (tar), Zahid Rzayev (kamança), Etibar Dadaşov (qarmon) incəsənət aləmində öz sözünü demiş sənətkarlardır. Son illərin məzunlarından Şəhriyar İmanov (tar), Fariz Əliyev (balaban), Rövşən Məmmədov (klarnet), Rəşad Babayev (tar), Müşfiq Quliyev (fortepiano), Vəfa Babayeva (rəsm), «Leyla» rəqs kollektivi öz uğurları və naliyyətləri ilə seçilir. Məktəbin məzunlarından Mirnazim Əsədullayev (kamança), Mətanət Atakişiyeva (aktrisa), Gülbahar Şükürova (qarmon, 2009-cu ilin mart ayında) Əməkdar Artist Fəxri adına layiq görülüblər. Məktəbin məzunu, III Beynəlxalq Muğam müsabiqəsinin laureatı, Respublikanın əməkdar artisti tarzən Şəhriyar İmanovun sorağı respublika sərhədlərini aşaraq – Amerika, Avstriya, Yunanıstan, Fransa kimi ölkələrdən eşidilir. Fransa, İtaliya, Türkiyə və bir çox xarici ölkələrdə beynəlxalq müsabiqələrdə qələbə qazanmış pianoçu Müşfiq Quliyev isə sözün əsl mənasında məktəbin fəxridir. Hal-hazırda Müşfiq Quliyev Avstriya konservatoriyasını bitirmiş və Italiyada təhsilini davam etdirir.
Peşəkar ifa və çıxışlarına görə məktəbiin «Leyla» rəqs kollektivi Beynəlxalq rəqs gününə həsr edilmiş I rəqs müsabiqəsinin diplomunu, III rəqs müsabiqəsinin fəxri fərmanını, məktəbin xor kollektivi uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin VI Respublika müsabiqəsinin fəxri fərmanını, VII Respublika müsabiqəsinin diplomunu, xalq çalğı alətləri, nağaraçalanalar ansamlı Bakı şəhər İcra Hakimiyyətinin fəxri fərmanını, rəsm sinfi Bakı şəhər Mədəniyyət İdarəsinin, Rəssamlar İttifaqının fəxri fərmanını qazanıb.
Fəaliyyət göstərdiyi 52 il ərzində məktəb Bakının Buzovna kimi qədim və böyük qəsəbəsinin, həmçinin ətraf kəndlərinin uşaq və gənclərinin musiqi təhsili almasında, estetik tərbiyəsində, dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynayıb və oynamaqdadır.
Kəmalə xanımın rəhbərlik etdiyi məktəbin fəaliyyəti haqqında geniş söhbətindən sonra müəllim və şagirdlərlə görüşdük. Onlara qeyd etdiyim kimi, Beynəlxaql Festival haqqında ətraflı məlumat verdim. Daha sonra şagirdlərin rəsmləri, sinif otaqları, dərs prosesi ilə tanış olduq. İstedadlı şagirdlərin rəsmlərinə heyranlıqla tamaşa etdik. Onların hər biri öz istedadları, bacarıqları, arzu və istəkləri ilə böyük uğurlar əldə etməyə çox inamlı görünürdülər.
B.MİKAYILLI
Комментарии
Отправить комментарий