KİPRDƏ BEYNƏLXALQ FORUMDA ÇIXIŞIM

“BİR SƏMA ALTINDA” – SÜLHƏ ÇAĞIRIŞ LAYİHƏSİ 

Hörmtəli Forum iştirakçıları! Hər birrinizi salamlayıram. Bu Forumda 20 ilə yaxın fəaliyyət göstərdiyim Azərbaycan Təhsil Şurasında koordinatorluğumla həyata keçirilən beynəlxalq layihələrin bir qismindən bəhs etmək istəyirəm. Hansı ki, bu layihələr bir neçə kitabımın, o cümlədən Azərbaycan, Ukrayna və rus dillərində “Bir səma altında” kitabımın ərsəyə gəlməsinə vəsilə oldu.  2015-ci ildə Azərbaycan Təhsil Şurasında  “Beynəlxalq Təcrübə Mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda layihə hazırladıq. Bu layihə çərçivəsində ilk olaraq Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Qarabağ Fondu” ilə əməkdaşlıq qurduq. Bu təşkilatla Bakıda ilk tədbirimiz həmin ilin mart ayında baş tutdu. “Qarabağ Fondu”nin icraçı direktoru xanım Dayana Kohen Altmanın qatıldığı elmi-təcrübi konfransda 200 nəfərə yaxın Azərbaycanlı müəllim iştirak etdi. Biz bu konfransı “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatırılmasının elmi-metodiki əsasları” mövzusuna həsr etməklə, öz ağrılı problemimizi müəllimlərin vasitəsilə dünyaya bəyan etmək, eyni zamanda müəllimlərin Qarabağ həqiqətlərini böyüyən nəslə aşılaması sahəsində təcrübələrinin bölüşməsinə, yayılmasına nail olmaq məqsədini qarşımıza qoymuşduq. 
Təhsil Şurasının Təcrübə mübadiləsi sahəsində tədbirləri Gürcüstanın Kabuleti şəhər bələdiyyəsi və Acarıstan Respublikası Təhsil nazirliyi, Ukraynanın Lvov vilayəti Elm və Təhsil Departamenti ilə adı çəkilən ölkələrdə və Azərbaycanda qabaqcıl müəllimlərin iştirakı ilə davam etdirilməkdədir və bu tərəfdaş dövlətlərin sırası getdikcə genişlənir. Müəllimlərimiz bu layihə vasitəsilə yalnız xarici təcrübəni öyrənmirlər, eyni zamanda dünyaya Azərbaycan təhsilinin əldə etdikləri nailiyyətlərlə bərabər çıxırlar. Dünya Azərbaycan təhsilinin əldə etdiyi uğurları Azərbaycan müəlliminin öz dilindən eşidir. Bu gün artıq Azərbaycan müəlliminin elə bir pedaqoji təcrübəsi formalaşıb ki, o, öz işi ilə dünyanı heyran qoya bilir və bu, bizi çox sevindirir. Bu məqamda koordinatoru olduğum və rəhbərlik etdiyim ölkə miqyaslı bir sıra layihələrdən bəhs etmək istərdim. Qeyd edim ki, bu layihələrin bir qismi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənərək həyata keçirilib. Onlardan biri “İbtidai sinif şagirdlərinin valideynləri üçün pedaqoji-psixoloji məsləhət mərkəzinin yaradılmasıdır.” Bu layihə Azərbaycanda valideynlər tərəfindən böyük maraqla qarşılandı. Layihə çərçivəsində və layihədən sonra valideynlərin pedaqoji-psixoloji maarifləndirilməsi istiqamətində sistemli işlərin əsası qoyuldu. Tərtibçiliyimlə metodik vəsaitlər hazırlandı. Bu vəsaitlər valideynlər tərəfindən maraqla qarşılandı. Bunun ardında koordinatorluğumla daha bir layihə reallaşdırıldı. Bu layihə ibtidai sinif müəllimlərinin metodiki hazırlıq səviyyəsinin yüksəldilməsini nəzərdə tuturdu. Azərbaycanda təxminən 200 nəfərə yaxın müəllimi əhatə edən “Qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması” layihəsi daha böyük maraq doğurdu. Bu layihə ən yaxşı müəllimlərimizin, onların iş təcrübəsinin meydana çıxarılmasına yol açdı. Bu gün bu Forumda həmin müəllimlərdən bir neçəsi iştirak edir. Bu layihə çərçivəsində biz çox yaxşı müəllimlər meydana çıxardıq, onların faydalı ideyalarının, özlərinəməxsus yanaşmalarının şahidi olduq. “Qabaqcıl iş təcrübəsinin öyrənilib yayılması” layihəsinə Ukraynalı müəllimlər də qoşuldular. Bununla da Azərbaycanlı müəllimlər xaricdə yaşayan həmkarlarının iş təcrübəsi ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Bu gün isə mən beynəlxalq arenada bir jurnalist olaraq Kpir təhsilini və mədəniyyətini araşdırmaq və təhlil etmək etmək arzusundayam. Bunun nəticəsi olaraq  düşünürəm ki, bu layihəyə qoşulan müəllimlər siyasında Kiprin peşəkar pedaqoqları da yer alacaq.Azərbayan Respublikası Təhsil Nazirliyi xətti ilə keçirilən bəzi layihələrdə koordinator kimi fəaliyyət göstərirəm.  
Bu gün bu Forumda Azərbaycan, Ukrayna və rus dillərində çap olunmuş “Bir səma altında” adlı kitabımı sizlərə təqdim etməkdən məmnunam. Bu kitab mənim bir jurnalist olaraq Ukrayna təhsili ilə bağlı apardığım araşdırmalarımın və eləcə də bizim Ukraynanın Lvov vilayəti ilə təhsil sahəsində beynəlxalq əməkdaşlığımızın məntiqi nəticəsi olaraq yarandı. Biz kitabda öncə ancaq təhsil məsələlərini əhatə etməyi düşünürdük. Təhsil sahəsində həyata keçirdiyimiz beynəlxalq forumlar, görüşlər və s... Bunlar bizim işlərimizin əsasını təşkil edir.  Ancaq layihənin gedişi və Ukraynalı həmkarlarımızın arzusu kitabda daha geniş mövzuların yer almasına yol açdı. Nəticə etibarilə Ukrayna mədəniyyəti, incəsənəti, arxitekturası, milli-mənəvi dəyərləri, bu ölkənin qərbində yaşayan etnik ukraynalılar – boykilər, lemkilər, husulilərin adət-ənənələrindən bəhs edən yazılarım kitaba daxil olundu. Çalişdiq ki, Ukrayna inasanının ümumbəşəri arzularını, istəklərini, onun nə qədər xeyirxah, mərhəmətli, sülhsevər olduğunu göstərək. Biz bu istiqamətdə işimizi davam etdirmək niyyətindəyik. İstəyirik ki, insanların sülh, əminamanlıq arzularını ifadə edən, təhsilin qlobal mahiyyətini göstərən, sülhə səsləyən layihəmizi davam etdirək. Hər kəs bir səma altında yaşadığımızı dərk etsin və qlobal təhlükəsizliyə dəstək olsun. Təhsil dünyanı hiss etmək üçün ən mükəmməl meyardır. 
“Bir səma altında” yalnız bir kitab deyil, həm də təhsil, mədəniyyət və sülhə çağırış layihəsidir. Biz bu əsərlə özümüzün dünyaya sülh arzularımızı ifadə edirik. Göstəririk ki, insanları birləşdirən, onları bir-biriləri ilə doğmalaşdıran, səsimizi duyuran bizim təhsilimiz, mədəniyyətimiz, mənəvi dəyərlərimiz, ürəyimiz, qəlbimizdir. İnsanlar yalnız bir-birilərinə ehtiramla, sevgi ilə yanaşıb bəşəriyyətin sabahına doğru addımlaya bilərlər. Elə bu mövqedən çıxış edərək bizim “Bir səma altında” layihəmizə artıq uşaqlar da qoşulurlar. Və nə yaxşı ki, onlar qoşulurlar. Uşaqlarsız sanki burada nəsə çatışmırdı. UNESKO nəzdində uzun illərdi ki, fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası ilə qurduğumuz əməkdaşlıq Azərbaycanlı yaradıcı uşaqların dünyaya öz yaradıcı işləri ilə çıxmalarına yol açıb. Sabah Ukraynada Beynəlxalq festival öz işinə başlayacaq. Orada dünyanın müxtəlif guşələrindən olan uşaqlarla bərabər Azərbaycanlı uşaqların da yaradıcı işləri nümayiş olunacaq. Bu, qürurvericidir. Biz bununla da kifayətlənmirik. Bundan əlavə Beynəlxalq təcrübə mübadiləsi çərçivəsində biz Educenter mərkəzi olaraq yaxın gələcəkdə adı çəkilən təşkilatla daha dərin işgüzar əlaqələr qurmağı planlaşıdrırıq. Bu ilin sonuna kimi şagirdlər və tələbələr arasında mxtəlif yerli və beynəlxalq təşkilatların iştirakı ilə festival və müsabiqə planlaşdırıq. Sizi də bu əməkdaşlıqda görməkdən məmnunluq duyaram.
Əziz forum iştirakçıları! Mən sizlərin hər birinizi  “Bir səma altında” layihəmizə qoşulmağa səsləyirəm. Bu layihə çərçivəsində biz ölkələrarası dostluq, təhsil və mədəniyət sahəsində əməkdaşlıq etməklə vətəndaşı olduğumuz ölkənin təhsilinə xidmət etməyə nail ola bilərik. 



Комментарии