BAYRAĞIMIZ QÜRUR MƏNBƏYİMİZDİR

Bayrağımız qürur mənbəyimizdir!

Bu günlərdə Bakının Xətai rayonundakı 95 nömrəli tam orta məktəb Azərbaycan bayrağının rəngləri ilə bəzədilmişdi. Məktəbin ibtidai sinif müəllimi Zümrüd Hüseynovanın təşkilatçılığı ilə keçirilən “Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir məktəbə bayram əhval ruhiyyəsi bəxş etmişdi. Hər tərəfdə Azərbaycanın üçrəngli bayrağı dalğalanırdı. Bu əzəmətli bayraq bayramını məktəbin şagirdləri ilə birgə qeyd etməyə qonaqlar da təşrif buyurmuşdular. Onların arasında Azərbaycanın hərb tarixinin görkəmli tədqiqatçısı, istefada olan polkovnik-leytenant  Şəmistan Nəzərli, jurnalist Telli Pənahqızı, Böyükağa Mikayıllı, “Qələm” nəşriyyatından Tərlan Qəhrəmanova, eləcə də Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri var idi.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra söz şagirdlərə verildi. Onlar səhnəyə Azərbaycanın əsrlər öncə mövcud olmuş bayraqlarını gətirdilər. Bu bayraqların hər biri haqqında məlumat verməklə yanaşı, bayrağımıza olan sevgilərini şeirlə ifadə etdilər.  Tədbirin aparıcıları qədim Azərbaycan dövlətlərinin keçdiyi şərəfli yoldan, onların hər birinə məxsus olan bayraqlardan, bu bayraqların üzərindəki rəsmlərin, yazıların mənalarından bəhs etdilər. Qeyd etdilər Bayraq xalqımız üçün hər zaman müqəddəs sayılıb. Xalqımız öz bayrağını göz bəbəyi kimi qoruyub. Bu bayraqların hər biri igid Azərbaycan oğullarının, qızlarının canı, qanı bahasına qorunub saxlanılıb, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürülüb.
Şagirdlərin 1918-ci ildə Azərbaycanın üçrəngli bayrağının Dövlət bayrağı kimi qəbul olunduğu parlament sessiyasından nümayiş etdirdikləri səhnəcik böyük maraqla qarşılandı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, bayrağımıza həyat verənlərin rolunu ifa edən şagirdlər bunu böyük məhəbbət və vətənpərvərlik ruhu ilə nümayiş etdirdilər. Bundan sonra isə 1991-ci ilin 17 noyabrında Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Muxtar Respublikanın bayrağı kimi qəbul olduğu tarixi sessiyadan fraqmentlər göstərildi. Ulu öndərin həmin sessiyadakı çıxışı səsləndirildi. Üçrəngli Azərbaycan bayrağının müstəqil Azərbaycanın bayrağı kimi təsis olunması tarixindən genişliyi ilə bəhs olundu. Bakının Bayraq meydanında dalğalanan bayrağımızın dünyada ən ucada dalğalanan bayraq olduğu söylənildi, bu bayrağın ucaldılması tarixindən danışıldı. Balaca fidanlar böyük ürəklə apardıqları tədbiri böyük ruh yüksəkliyi ilə də başa vurdular. Onların hər birinin ruhundan, baxışlarından bayrağımızı işğaldan azad ediləcək torpaqlarımıza sancmaq arzusu oxunurdu. Tədbir  “Azərbaycan” mahnısının, bayrağımızı tərənnüm edən nəğmələrin ürək oxşayan şədaları ilə davam etdi.
Çıxış edən qonaqlar Şəmistan Nəzərli, Telli Pənahqızı, Böyükağa Mikayıllı, Tərlan Qəhrəmanova, məktəbin direktoru Elçin Abdullayev şagirdlərin ifa etdikləri şeirlərdən, mahnılardan məmnun qaldıqlarını dilə gətirdilər. Tədbirin ssenarisini yüksək dəyərləndirdilər. Zümrüd Hüseynovanı qabaqcıl müəllim kimi xarakterizə etdilər. Vurğuladılar ki, Zümrüd Hüseynovanın qabaqcıl iş təcrübəsi öyrənilərək Respublikaya yayılıb. Onun vətənpərvərlik mövzusunda təşkil etdiyi tədbirlər  həmişə böyük maraqla qarşılanıb. Şagirdlərin mənəvi tərbiyəsində önəmli rol oynayan bu kimi tədbirlər böyük əhəmiyyətə malikdir.
Sonda Zümrüd Hüseynova çıxış edərək səmimi ürək sözlərinə görə qonaqlara, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə məktəbin direktoru Elçin Abdullayevə minnətdarlığını bildirdi.
“Təhsil dünyası”

Комментарии