“Təhsil və zaman” qəzetinin son sayında dərc olunan bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovanın iş təcrübəsindən bəhs edir.

Müəllimin sinfə ünvanladığı tədqiqat sualı da dərsin ideyası, eləcə də nağılda irəli sürülən problemin araşdırılması üzərində meydana gətirilmişdi: Sürət, zaman və məsafə necə tapılır? Dərs zamanı diqqətimi cəlb edirdi ki, İradə Məlikova şagirdlərin ötən dərslərdə öyrəndiklərini sınağa çəkir, həmin bilikləri yeni biliklərin öyrənilməsi prosesinə məharətlə cəlb edirdi. Fənlərarası əlaqədən istifadə etməklə, şagirdləri dərsdə irəli sürülən problem ətrafında daha səmərəli işləməyə ruhlandırırdı. Bu da öz növbəsində yeni biliklərin mənimsənilməsini optimallaşdırır, keçilənlərin yaddaşda möhkəmləndirilməsinə imkan yaradırdı. Ümumiyyətlə, İradə Məlikova dərslərini “yaddaşdan təfəkürə” prinsipi üzərində nizamlayır. Yaddaşın inkişaf etdirilməsi vacibdir. Təfəkkür məhz yaddaşın təməlləri üzərində inkişaf edir. Müəllim bilikləri yaddaşda elə əks etdirməlidir ki, şagirdin yadda saxladıqlarının əsasları üzərində məntiqi düşüncəsi formalaşsın. Qoyulan problem üzərində işləmək üçün sinif “Sürət”, “Zaman”, “Məsafə”, “Hərəkət” adlandırılmaqla, dörd qrupa bölündü. Qrup tapşırıqları da özlüyündə müəllimin riyazi məsələlərin həllində həyatı əhəmiyyətli tapşırıqlara önəm verdiyinin sübutu kimi dəyərləndirilə bilər. Məsələn, “Sürət” qrupu “Atlı 80 km. yolu 4 saata getdi. Atlının sürəti nə qədər idi?” sualına cavab tapmalı idi. “Zaman” qrupunun tapşırığı isə gəmilərin hərəkəti ilə bağlı idi. Onlar 60 km.saat sürətlə hərəkət edib 300 km. məsafə qət edən gəminin neçə saat yolda olduğunu müəyyənləşdirməli idilər. “Məsafə” qrupuna da maraqlı tapşırıq ünvanlanmışdı. Onlar tapmalı idilər ki, Şuşadan Cəbrayıla 90 km. sürətlə hərəkət edib 3 saat yolda olan yük maşını neçə km. məsafə qət edib. “Hərəkət” qrupu xizəkçinin hərəkətini müəyyənləşdirməli idi. Onların sualı isə belə qoyulmuşdu: “Xizəkçi evlərindən məktəbə qədər 1000 metr yolu 5 dəqiqəyə getdi. Xizəkçinin sürətini tapın.” İradə Məlikovanın şagirdlərə ünvanladığı suallar, əslində yalnız sual olaraq deyil, problem məsələ olaraq diqqəti cəlb edirdi. O, sualları elə qruplaşdırmışdı ki, riyaziyyatın əhəmiyyəti ümumilikdə şagirdlərə bəlli olsun. Onlar riyaziyyata yalnız ədədlərin, rəqəmlərin birliyindən yaranmış məsələ və misallar toplusu kimi deyil, həyatımızın nizamlanmasına xidmət edən, qalaktikal nizamın mahiyyəti kimi baxsınlar. Onun poetik ruhunu duysunlar. Qrup işlərinin təqdimatında da şagirdlər müəllimlərinin ideyasına sadiq qaldıqlarını nümayiş etdirirdilər. Onlar cavabları mexaniki olaraq hazırlamamış, onları rəngarəng həyati epizodlarla bəzəməyi bacarmışdılar. Məsələn, “Məsafə” qrupu Şuşadan Cəbrayıla qədər olan məsafəni tapmaqla bərabər, Şuşa və Cəbrayıl haqqında da məlumat hazırlamağı, həmin rayonların coğrafiyası, təbiəti, ən əsası isə ermənilər tərəfindən işğalı haqqında qeydlər etməyi də unutmamışdı. “Sürət” qrupunun tapşırığında adı çəkilən atlı məhz Qarabağ atı üzərində hərəkət edirdi. Atlının hərəkəti fonunda nümayiş olunan Şuşa qalası, Xudafərin körpüsü, Qarabağın əsrarəngiz təbiəti şagirdlərin marağı ilə qarşılandı. Tapşırığın məhz bu aspektdə qoyulması, onun həlli zamanı işğal altında olan torpaqlarımızın xatırlanması müəllimin təqdirəlayiq yaradıcı işi kimi dəyərləndirilə bilər. Bu məqamda İradə Məlikovanın ötən dərs ilində şagirdləri ilə birgə ermənilərin törətdikləri Xocalı soyqırınına həsr olunmuş ədəbi-bədii tədbiri xatırlamaq yerinə düşərdi. Həmin tədbirdə şagirdlərin həm vətənpərvərlik ruhunda böyüdüklərinin, həm də yaradıcılıq potensiallarının şahidi olmuşdum. Əmin olmuşdum ki, İradə Məlikova yetirmələrinin düşüncəsinə insanlıq sevgisi, vətənə məhəbbət toxumları səpə bilib. 2017-ci ilin noyabr ayında yenə də şagirdlərinin iştirakı ilə təqdim etdiyi “Bir kərə yüksələn bayraq, bir daha enməz!” mövzusunda vətənpərvər ruhlu tədbirdə onların malik olduqları mənəvi ruhun bir daha şahidi oldum. Əslində bu dərs balaca fidanların elmə, təhsilə, vətənə, nəhayət müəllimlərinə bəslədikləri sonsuz sevginin, ürəklərində daşıdıqları mənəvi zənginliklərin bəhrəsi kimi meydana çıxmışdı.
İradə Məlikovanın dərslərində, tədbirlərində, ümumiyyətlə onu müşahidələrimdə, şagirdləri ilə söhbətlərimdə, şagirdlərinin yaradıcı işləri ilə tanışlığım zamanı bir mühüm məqamı da özüm üçün müəyyənləşdirmişəm. 0, mənəvi tərbiyəyə, sağlam əqidəyə böyük üstünlük verir. Biz uşaqlarımızın necə böyüdüyünü hiss etmirik. Bir də görürük ki, onlar artıq yetkinlik yaşına çatıblar. Bizim, eləcə də müəllimlərinin hər bir hərəkəti uşağın hər anında, hər zamanında bir iz buraxır. Övladlarımız ailə ilə bərabər, müəllimlərinin də güzgüsüdür. İradə Məlikovanın şagirdlərinin simasında İradə Məlikova çalışqanlığını, vətənpərvərliyini, elm, təhsil hərisliyini görmək mümkündür. Bunlar illər öncə səpilən toxumların bəhrəsidir.
Onlar dərsin sonunda məntiqi olaraq nəticə gəldilər: məsafəni tapmaq üçün sürəti zamana vururuq, sürəti tapmaq üçün məsafəni zamana bölürük, zamanı tapmaq üçün məsafəni sürətə bölürük. Bu, əlbəttə ki, mövzuya müvafiq əldə olunan nəticə idi. Amma mənim müşahidə etdiyim digər nəticələr də var idi. Bu dərs şagirdlərə həm də vətən sevgisi, vətənin keşiyində dayanmaq istəyi, vətənpərvərlik duyğuları, dostun dosta ehtiramlı yanaşması hissini də aşıladı. Dərsin sonunda monitorda görünən müdrik qoca öz mücrüsünü açdı. Cırtdan mücrüdən üçrəngli Azərbaycan bayrağını götürərək başı üzərinə qaldırdı və dedi: Vətəni sevin və onu yağılardan qoruyun, çünki o bizə ulu babalarımızdan miras qalıb. Əslində müəllimin ən böyük uğuru mövzuların məzmununa elə məqamları daxil etməkdir ki, bu məqamlar şagird şəxsiyyətinə, onun mənəvi aləminin formalaşmasına təsir edə bilsin. Necə ki, İradə Məlikova həmişə olduğu kimi, bu dərsdə də buna nail ola bildi.
İradə Məlikovanın açıq dərsi digər mühüm bir məqamla da yadda qaldı. Belə ki, dərs skayp vasitəsilə Ukraynanın Lvov Vilayətinin, bəzi ucqar kənd məktəbləri də daxil olmaqla, 8 təhsil ocağında, eləcə də Lvov Vilayəti Elm və Təhsil Departamentində izlənildi. Departamentin “Təhsil” portalınım baş redaktoru Olqa Parçevskayanın səyi nəticəsində reallaşan skayp əlaqə vasitəsilə nümayiş olunan dərs ukraynalı müəllimlərin böyük marağı ilə qarşılandı. Dərsdən sonra skayp vasitəsilə dərsin müzakirəsi aparıldı. Olqa Parçevska qeyd etdi ki, hazırda Lvovun da təhsil ocaqlarında dərs prosesində müasir tədris avadanlıqlarından istifadəyə geniş yer verilir. Bu da, şübhəsiz ki, təlimin keyfiyyətinin yüksəlməsinə təsirsiz ötüşmür. Olqa Parçevska söylədi ki, Azərbaycan məktəbləri ilə əməkdaşlıqlarını genişləndirməkdə maraqlıdırlar. Əməkdaşlıq hər iki ölkənin müəllimləri üçün əhəmiyyətlidir. Müzakirədə Səttar Bəhlülzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə xanım çıxış edərək dərsin öyrədiciliyindən, müasirliyindən, müəllimin fəal təlim texnologiyalarından məharətlə istifadə etməsinin əhəmiyyətindən danışdı. Lvov məktəbləri ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirdi.
Təhsil Şurasının katibi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı vurğuladı ki, Azərbaycanlı müəllimlərin qabaqcıl iş təcrübəsinin ölkə hüdudlarından kənarda da yayılması, maraqla qarşılanması təqdiqəlayiq hal kimi dəyərləndirilməlidir. Müəllimlər bu layihədə iştirak etməkdə maraqlıdırlar...
Böyükağa MİKAYILLI
.
Комментарии
Отправить комментарий