ÖMÜR KİTABININ SƏHİFƏLƏRİ

İlk addımlar
Hələ orta məktəbdə oxuyarkən əldə etdiyi uğurlarla gələcəyi haqqında ümidlər verirdi. Müəllimləri, valideynəri daim təbiətlə, onun gedişatı ilə maraqlanan, düşüncəli görünən bu oğlandan çox şey gözləyirdilər. O, danışmaqdan çox düşünməyə üstünlük verərdi. Bunu qəsdən etmirdi. Xarakteri belə idi. Ürəyi ona belə deyirdi. Nasim Abışovun həyat yoluna nəzər saldıqda bəzən mənə elə gəlir ki, onun kimyaçı kimi formalaşmasının təməlində müəllimləri ilə bərabər, qoynunda böyüdüyü təbiət də önəmli rol oynayıb. 1974-cü ildə dünyaya gəldiyi Yardımlının Bozayıran kəndi, onun təbiəti Nasimin ilk kimya laboratoriyası olub.  O, əvvəlcə təbiətin kiçik sirləri, böyüdükcə isə nisbətən böyük sirləri ilə maraqlanıb və onları açmağa olan sonsuz həvəsi onu kimya ilə ünsiyyətə qanadlandırıb. Və o, kimyaya ürəyini verib, ona ruhən bağlanıb. İnsanın peşəsində əldə etdiyi uğurların təməlində də məhz onları bir-birinə bağlayan ruhi-mənəvi tellər dayanır.
1990-cı illərin əvvəllərində məktəblərdə keçirilən fənn olimpiadalarına xüsusi önəm verilirdi. Təhsil sistemində çox gözəl anlayırdılar ki, istedadlı gənclərin meydana çıxarılmasında olimpiadalar mühüm rol oynayır. Şagird böyük elm dünyasına məhz olimpiadaların sirli qapılarını açaraq daxil olur. Burada əldə etdiyi uğur stimula çevrilir. Nasim Abışovun da  hər gün qoynunda olduğu təbiət laboratoriyası onun kimya olimpiadasının respublika turunun, eləcə də beynəlxalq kimya olimpiadasının qalibi olmasına yol açıb. Bu da öz növbəsində arzusunda olduğu Bakı Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbiul olunması ilə nəticlənib. Bu olimpiadalarda təsadüfü qalib gəlmək mümkün deyildi. O, şagird olaraq müəllimlərindən aldığı tapşırıqları, özünün sistemli mütaliəsini, kimya fənni sahəsində dünyada gedən yeniliklər haqqında əldə etdiyi məlumatları ümumiləşdirmək, nəhayət təbiətin səsini dinləmklə düşüncəsində bu elmin qəlbini ələ ala, onun ürəyinə gedən yolun dərinliyini anlaya bilmişdi. Elə gələcək uğurların təməli də elm və təbiət haqqındakı düşüncələrinin vəhdəti ilə qoyulmuşdu. O, təbiəti çox sevir, kimya dərsliklərini vərəqlədikcə, beyninə yazılan bilikləri daha da dərinləşdirmək üçün təbiətlə təmasa tələsirdi. Müəllimləri ona öyrətmişdilər ki, elm kitablardan ibarət deyil. Elm təbiətdədir. Kitabda öyrəndiklərini dərindən anlamaq üçün həyata, təbiətə baş vurmalısan.
O, özü haqqında hələ uşaqlıqdan formalaşdırdığı ümidverici gənc statusunu tez bir zamanda doğrulda bilib. Tələbə Nasim müəllimlərinin nəzərində gələcəyin kimiyaçı alimi obrazını formalaşdırmağa da çox yubanmır. Orta məktəbdə əldə olunan uğurlar ali məktəbdə də davam etdirilir. O, kimyanın dünya düzənindəki əhəmiyyətini dərk edir, onun potensialından bəhrələnməyin yolunu onun incəliklərinə yiyələnməkdə görürdü. Tələbə ikən iştirak etdiyi elmi-təcrübi konfranslar, müsabiqələr Nasimi özünə cəlb edirdi. Bu kimi tədbirlərdə iştirakı onun elmi düşüncələrinə, mübahisəli yanaşdığı elmi məsələlərə aydınlıq gətirir, öz fikirlərini söyləməyə meydan yaradır, eyni zamanda onu elm aləminə yaxınlaşdırırdı.
Nasim Abışovun kimya elminin incəliklərinə dərindən yiyələnmək arzuları təhsil aldığı Bakı Dövlət Universitetinin kimya fakültəsində konkret məcraya yönəlir. Kimya onun üçün gediləcək yola, bu sahənin dərinliklərinə baş vurmaq isə arzularının zirvəsinə çevrilir. Bu arzuların qanadında o, BDU-nu fərqlənmə diplomu ilə bitirir. Bundan sonra isə qarşısında keçəcəyi elm yolunun yazılacağı kitabın ilk ağ səhifəsi açılır. Görək ötən 21 ildə bu kitaba nələr yazılıb. Əslində hər bir insanın həyatı kitabdır və bu kitab insanın ömrü boyu onun özü tərəfindən yazılır. Necə yazılması isə insanın özündən asılıdır. Nasim müəllimin tərcümeyi halını vərəqləyəndə müdriklərin bir deyimini xatırladım: “Sən nəyi isə həqiqətən istəyəndə bəşəriyyət sənin yolunda həmişə yardımçı olur.” O, qısa müddət ərzində elə bir uğurlara imza atıb ki, bu uğurlar onun arzusuz yaşadığı bir günün belə olmadığı qənaətinə gəlməyə əsas verir. Və müdrik kəlamda da deyildiyi kimi, sanki böyük bir qüvvə onun bu arzularının həyata keçirilməsinə yardımçı olub.

Elm kitabının ilk sətirləri

Elm kitabının ilk sətirləri Nasim Abışov  BDU-nun fiziki və kolloid kimya ixtisası üzrə aspiranturasına daxil olanda yazılıb. Nasim Abışovun bu addımı gözlənilən idi. Əslində ilk addımlardan buna doğru irəliləyirdi. 1996-cı ildən 1999-cu ilədək aspiranturada təhsil alan Nasim Abışov namizədlik işini hazırlamaqla yanaşı, tədris fəaliyyəti ilə də məşğul olub. “Kimyadan beynəlxalq olimpiadalara hazırlıq” mərkəzindəki fəaliyyəti onun fəaliyyət göstərdiyi sahədə ilkin ardıcıllarının yetişməsinə yol açır. Şagirdlərlə işləmək, öz sevinc və fərəhini yetirmələrinin uğurunda tapmaq, gənclərin elm, savad uğrunda mübarizəsinin hərəkətverici qüvvəsinə çevrilmək Nasim müəllimin qəlbini döyündürən ən böyük arzularına çevrilmişdi. İnsan öz arzularının övladıdır. Nasim müəllim də öz arzularının qanadlarında müəllimliyə pənah gətirdi. 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının fiziki kimya kafedrasında fiziki kimya ixtisası üzrə dissertasiya müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsi aldıqdan sonra fəaliyyətini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində davam etdirməyə başladı. Həmin illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi qısa müddət ərzində ölkənin innovativ təhsil ocaqlarından birinə çevrilmişdi. Burada innovasiyaların, qabaqcıl texnologiyaların tətbiqi üçün hər cür şərait yaradılmış, pedaqoji kadr potensialı, maddi-texniki baza təmin olunmuşdu. Nasim müəllimin də məhz belə bir təhsil ocağında kimya kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlaması kompleksdə pedaqoji kadr seçiminin yüksək tələblər səviyyəsində həyata keçirildiyini söyləməyə imkan verir. Doğrudan da, Kompleks rəhbərliyinin kimya kafedrasına müdir vəzifəsinə Nasim müəllimi təyin etməsi qısa zaman ərzində müsbət nəticəsini göstərir. Elm və təcrübənin vəhdəti, pedaqoji işə, şagird şəxsiyyətinə bəslənən sonsuz sevgi məktəbdə uğurların təməlidir. Burada da bu amil özünü göstərdi. Qısa zaman ərzində Nasim müəllimin 20-yə yaxın şagirdi Beynəlxalq Kimya Olimpiadalarında qızıl, gümüş və bürünc medallar əldə etdilər. Bunun ardınca isə onlar Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunublar.
Nasim Abışovun kimya kafedrasındakı səmərli fəaliyyəti teziklə onun kompleksdə tədris hissə müdiri, 2009-cu ildə isə məktəbin direktoru vəzifəsinə təyin olunması ilə nəticələndi.
Nasim müəllimin Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin məktəbinə rəhbərliyi dövründə yetirmələrinin nailiyyətləri ilə yanaşı, pedaqoji, texnoloji təcrübədən, kimya elminin dünya düzənində əldə etdiyi nailiyyətlərdən, inkişafdan bəhrələnərək bir sıra mühüm əhəmiyyətli tədris vəsaitləri, fundamental əhəmiyyətli tədqiqat işləri ərsəyə gətirib. Bu işlərin hər birində elmlə təcrübənin əbədi vəhdətini, dünya elminin, təhsilinin, texnikanın inkişaf dinamikasına bələdliliyi, onların tədris prosesinə tətbiqi ustalığının şahidi olmaq mümkündür. Onun bir alim, praktik müəllim və metodist kimi ərsəyə gətirdiyi məqalələrin, əsərlərin hər birində qlobal yanaşmanın mövcudluğunu görmək mümkündür. O, bu yanaşmanı təsadüfü yerə müəyyənləşdirmir. Qarşısına qoyduğu məqsəd meydana gətirdiyi əsərin məzmununda labüd olaraq əks edilir. Digər tərəfdən isə, o, bir müəllim və məktəb rəhbəri olaraq şagirdlərinin dünya miqyasında uğur qazanmasını hədəfləyir. Belə olduğu halda şagirdlərinin təfəkküründə problemlərə qlobal yanaşma tərzinin formalaşdırılması da əsasdır. Dünyanı tanımadan onu öyrənmək mümkün deyil. Nasim müəllimin əsərlərində dünyanın mütərəqqi texnologiyası, Azərbaycanın qabaqcıl təcrübəsi və bu təcrübələrdən vəhdətdə yararlanmaq işinin pedaqoji-metodiki sistemi irəli sürülür. Onun hələ 1999-cu ildə həmmüəlliflərlə birlikdə hazırladığı “Kimyadan dünya olimpiada məsələləri”, “Abituriyentlər üçün kimyadan qəbul imtahanlarına hazırlıq” dərs vəsaiti həcm və məzmun etibarilə müasir tələblər baxımından işlənmiş, şagirdlərin hazırlıq səviyyəsinin maksimum səviyyədə təmin olunmasında müstəsna rol oynamışdır. Bu fikri konkret faktlara əsaslanaraq yazıram. Sonrakı illərdə abituriyentlərin beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlar məhz bu kimi vəsaitlərin elmi bazasına əsaslanır. Nasim müəllimin sonrakı məqalələri və kitablarında da öz elmi kredosuna, dünyagörüşünə sadiq qalaraq fundamental əsərlərlə yerli və xarici ölkə mətbuatında oxucuları ilə görüşə gəlib. "Kimyanın tədrisində iş dəftərlərindən istifadənin üstünlükləri" (2001), "Tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından istifadənin üstünlükləri" (2007),  "Tədris zamanı informasiya texnologiyalarından istifadənin effektivliyinin təcrübi olaraq yoxlanılması" (2007), "Kimyanın tədrisində müasir informasiya texnologiyalarının rolu" (2008), "Kimyanın tədrisində kompüterin rolu" (2008), "Kimyanın tədrisi zamanı interaktiv lövhələrdən istifadə təcrübəsindən" (2008), “Использование современных информационных технологий в обучении химии” /The Sixth Internatinal Conference «Internet-Education-Science-2008»,  Vinnytsia, Ukraine, (2008), “Использование современных информационных технологий при руководстве учебным процессом”Информационные технологии моделирования и управления, Воронеж, (2008), “Исследование корреляции результатов интерактивных экзаменационных тестовых заданий” //Актуальные проблемы гуманитарных и естественных наук, Москва, (2009),  “Новые информационные технологии в образовательном учреждении” //Воронежский Государственный педагогический университет, Новые технологии в образовании, (2009), “Преимущество использования новых информационных техноло¬гий в учебном процессе” //Вестник ВНТУ, Украина, (2009), “Şagird biliyinin diaqnostikasında istifadə olunan test tapşırıqlarının tədqiqi” //Azər¬bay¬can Respublikası Təhsil Problemləri institutunun Elmi əsərləri, (2010), "İnformasiya və kommunikasiya texnologiyalarına əsaslanan yeni təhsil infastrukturu" (2009), "Kimyanın tədrisində internet saytlarından istifadə" (2009), "Kimya fənninin tədrisində proqram təminatından istifadə" (2010), “Из опыта интерактивного обучения с исполь¬зованием компьютера” //Химия в школе, Москва, (2011), “Какими должны быть электронные учебники” // Наукові записки Ніжинського державного університету імені Миколи Гоголя. Психолого-педагогічіні науки", Ukrayna, (2011), “Müasir informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi” (monoqrafiya 2011), “Из опыта применения компьютерных программ в обучении органической химии” //Химия в школе, Москва, (2015) və digər məqalələrində qaldırılan problemlər kimyanın aktual problemlərinin tədris, pedaqoji proses, müasir dünyanın yanaşmaları müstəvisində təhlilinə əsaslanır. Onun əsərlərində Azərbaycanda həyata keçirilən təhsil quruculuğunun prioritet istiqamətləri, təhsilimizin inkişaf tendensiyaları, dünya təcrübəsinə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyəti, şagird nailiyyətlərinin qiymətləndirilməsində  beynəlxalq və milli təcrübə, kimyanın tədrisində İnformasiya-kommunikasiya texnologiyalarından, laboratoriya işlərindən istifadə  kimi mühüm məsələlər təhlilə cəlb edilir, konkret elmi nəticələr, təklif və tövsiyyələr irəli sürülür. Nasim müəllim məqalələrində, elmi əsərlərində irəli sürdüyü problematik məsələləri Danimarka, Finlandiya, Cənubi Koreya, İngiltərə, Latviya, Ukrayna, Belorusiya, Rusiya, Türkiyə və digər ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda qaldırmaqla dünyanın elm, təhsil ictimaiyyətinin diqqətini cəlb edə bilib. Sevindirici hal həm də odur ki, Nəsim müəllimin əsərləri nüfuzlu beynəlxalq jurnalarda da dərc olunur. Dünyanın aparıcı elmi nəşrləri Azərbaycanlı alimin məqalələrini məmnuniyyətlə dərc edib dünyaya yayırlar.  Bu əsərlərin hər birinin ideya istiqamətindən eyni zamanda bəşəriliklə milliliyin vəhdəti, humanizm ideyaları, dünyanın gələcək təhsil mənzərəsi öz əksini tapır. Onun məqalələrində elm-insan-həyat münasibətləri, problemləri təhlil müstəvinə çıxarılır. Qarşıya qoyulan problemin məhz bu müstəvindən həllinə çalışılır. Onun araşdırdığı elmi problem faktlardan, statistikadan deyil həyatın, bəşərin qlobal mahiyyətindən doğulraq, rəng alaraq həyata qədəm qoyur.  Azərbaycanlı müəllimin, elm adamının dünyanın elm, təhsil problemlərinə bu səviyyədə yanaşma nümayiş etdirməsi, vətənini öz original elmi fikirləri, mülahizələri ilə təmsil etməsi bizim üçün qürurverici haldır. 
Nasim müəllimin məqalələrindəki elmi-nəzəri istiqamət, aktuallıq və qloballıq dərs vəsaitləri və dərsliklərində də aydın nəzərə çarpır. Dərslik və dərs vəsaitlərinin hazırlanması Nasim müəllimin elmi-pedaqoji fəaliyyətində aparıcı istiqamət təşkil etməkdədir. Diqqət yetirək: VIII sinif üçün  "Kimya" (2004), VIII, IX, X siniflər üçün  interaktiv elektron "Kimya" (2010) dərslikləri, bu dərsliklərə aid hazırladığı iş dəftərləri, həmmüəlliflərlə hazırladığı "Kimya cədvəllərdə və sxemlərdə" (2008), "Kimya. Uşaqlar üçün ensiklopediya" (2008),  "Kimyadan olimpiada məsələləri" (2009)  adlı kitablar Nasim Abışovun kimyanın tədrisinə verilən mühüm tələbləri, onun müasir tələblər səviyyəsində tədrisi metodikasını, bu fənnin tədrisi zamanı elektron tədris resurlarından, informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarını, nəhayət ən vacibi şagirdin dərketmə səviyyəsini, təbiətə, həyata, cəmiyyətə baxşılarını, arzu və istəklərini, hiss və duyğularını yüksək peşəkarlıqla nəzərə aldığını söyləməyə əsas verir. Dərslik, dərs vəsaiti müəllifi üçün bu, olduqca mühüm peşəkarlıq və şəxsi keyfiyyət hesab edilə bilər.
 Nasim Abışovun tədqiqat sahələri – informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi, İKT-dən istifadə edərək tədris prosesinin idarə olunması, nəhayət kimyanın tədrisində müasir yanaşmalar – bir alim, müəllim, təhsil təşkilatçısı, tədqiqatçı,  dərslik müəllifi üçün mühüm olan fəaliyyət istiqamətləridir. Bu istiqamətlər ona fəaliyyətinin bütün sferalarında müasir dünyanın tələbləri səviyyəsində praktik nəticələr meydana gətirməyə imkan verir. “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yeni tədris infrastrukturunun yaradılması və tətbiqi (kimyanın tədrisində tətbiqi)” mövzusunda doktorluq dissertasiyası da təcrübəli alimin, müəllimin öz elmi, pedaqoji və təşkilatçılıq fəaliyyətini dünyanın inkişaf dinamikası ilə paralel aparamaq səriştəsindən soraq verir. Onun elmi işində təqdim etdiyi tədris infrastrukturu müasir dünyanın tələbləri ilə ahəngdarlıq təşkil edir. Bu iş öz növbəsində Nasim müəllimin istər tədrisdə, istərsə də elmdə yenilikçi ruhunun ifadəsi kimi diqqəti cəlb edir. Onun təqdim etdiyi infrastruktur pedaqoji proses üçün orijinal sistemdir. Hələ doktorluq işinin müdafiəsi zamanı bu iş öz mahiyyəti baxımından opponentləri tərəfindən yüksək qiymətləndirildi. Mən Nasim müəllimin fəaliyyətini, əldə etdiyi uğurları nəzərdən keçirərkən belə bir qənaətə gəlirəm ki, bütün bunların əsasında onun tədqiqat sahələrinin müasirliyi və aktuallığı, peşəkarlıq prinsiplərinə sadiqliyi, mənəvi keyfiyyətləri, cəmiyyətdə tutduğu ziyalı mövqeyi, ictimai nüfuzu dayanır.  Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə 2009-cu ildən 2017-ci ilədək rəhbərlik etdiyi dövr Nasim Abışovun bir müəllim və təhsil təşkilatçısı kimi hansı hazırlıq səviyyəsinə malik olduğunu meydana qoydu. Kompleksin bu dövr fəaliyyətinə, əldə olunan uğurlara nəzər yetirdikdə bunu aydın görmək mümkündür. Hazırda Nasim müəllim direktor kimi fəaliyyətini Bakının Nərimanov rayonundakı 178 nömrəli tam orta məktəbdə davam etdirir.
Nasim müəllim elmi-pedaqoji fəaliyyətinə görə çoxsaylı nüfuzlu təltiflərə layiq görülüb. Bunların arasında o, ilk olaraq Azərbaycan Respublikası Prezidentinin 03.10.2013-cü il tarixli sərəncamı ilə təltif olunduğu “Tərəqqi” medalını qeyd edir. Bu medal ona Azərbaycan təhsilinin inkişafında xitmətlərinə görə layiq bilinib. Bununla yanaşı o, dəfələrlə Azərbaycan Təhsil nazirlyinin fəxri fərmanına, MDB ölkələrinin «Kimyadan Təhsil Assosiasiyasının» diplomuna, 2017-ci ildə European scientific and industrial consortium tərəfindən M.V.Lomonosov adına qızıl medala layiq görülüb. O, 2015-ci ildən Ali Attestasiya Komissiyasının humanitar elmlər şöbəsinin ekspert komissiyasının üzvü, 2016-cı ildən isə sədr müavini, eləcə də Bakı Dövlət Universitetinin kimyanın tədrisi metodikası kafedrasının professorudur.
Nasim müəllim hal-hazırda Bakının Nərimanov rayonundakı 178 nömrəli tam orta məktəbə rəhbərlik edir. Yeni dərs ilini yeni kollektivlə başlayan təcrübəli məktəbşünasın bu məktəbdə də uğurlara imza atacağı şübhə doğurmur. Zəngin pedaqoji təcrübə, pedaqoji işə, müəllimliyə olan sevgi burada da öz əhəmiyyətli nəticəsini göstərəcək. Bunun üçün məktəbin özünün də potensial imkanları var. Təsadüfü deyil ki, məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin qalibi olub. Bu müsabiqədə onlar “İstedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili” layihəsini həyata keçirəcəklər. Məlum olduğu kimi Azərbaycan təhsilində istedadlı şagirdlərlə işin təşkili sistemli xarakter daşıyır. Ölkə başçısı cənab İlham Əliyev hələ 2006-cı ildə "Xüsusi istedada malik olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam sərəncam imzalayıb. Məhz həmin tarixdən Azərbaycanda istedadlı uşaqlarla təşkil olunan işin sistemi yaranıb. 178 nömrəli tam orta məktəbdə Nasim müəllimin rəhbərliyi ilə həyata keçiriləcək bu layihə də öz növbəsində istedadlı şagirdlərə yeni meydan açılmasına şərait yaradacaq. Əslində Nasim müəllimin uzun illik pedaqoji fəaliyyətində istedadlı şagirdlərlə iş xüsusi istiqamət təşkil edib. 178 nömrəli tam orta məktəbdə də öz növbəsində bu sahədə yeni səhifələrin açılacağına inam böyükdür. Bir məqamı da qeyd etmək istərdim. Nasim müəllim şagirdləri ilə yanaşı, ailəsində də istedadlı uşaqlar böyüyür. Təcrübəli müəllimin oğlu Rabil Abışov Heydər Əliyev adına Müasir Təhsil Kompleksini “Qızıl” medalla bitirib. Qızı Aygün Abışova isə Kompleksin 9-cu sinfində əla qiymətlərlə oxuyur. 
Nasim müəllimim araşdırmalarından kimya elminin bəşəriyyət üçün əhəmiyyətli nüansları, müəllimliyindən istedadlı şagirdlərin böyük uğurları, dərslik müəllifliyindən məktəblilərin qarşısında açılan yeni üfüqlər, təşkilatçılığından böyük təhsil ocaqlarının nailiyyətləri, övladlarının əldə etdikləri uğurlardan isə istedadlı alimin elm və həyat yolunun layiqli davamçıları boylanır. Bütün bunların bəziləri onun ömür kitabının səhifələrinə yazılıb, yeni səhiflər isə yazılmaqdadır...
Böyükağa MİKAYILLI 

Комментарии