“Təhsil və zaman” qəzetində dərc olunan bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Şəcahan Ramazanovanın iş təcrübəsindən bəhs edir.

Əsgərə ünvanlanan məktubların yaratdığı əhval-ruhiyyə fonunda monitorda ağ göyərçin nümayiş olundu. Uşaqlar ağ göyərçini sülh quşu kimi xarakterizə etdilər. Və qruplar üzrə aldıqları tapşırıqlarda bu sevimli sülh quşu haqqında daha səciyyəvi məlumatlar söyləmək imkanı qazandılar.
Bir məqama toxunmaq istərdim. Hələ iki əvvəl Şəcahan Ramazanovanın dərsində olmuş və bu istedadlı müəllimin yetirmələrinin mənəvi tərbiyəsinə nə qədər böyük önəm verdiyini müşahidə etmişdim. Hələ o zaman məndə belə bir qənaət hasil olmuşdu ki, Şəcahan Ramazanovanın özü üçün müəyyənləşdirdiyi pedaqoji yanaşmaların əsasında yetirmələrinin ruhi-mənəvi kamilləşməsi dayanır. Diqqət yetirək: əgər onun şagirdlərinin əsgərə ünvanladığı məktublarda Vətən sevgisi, düşmənə nifrət hiss olunurdusa da, bu nifrət hissi onların insanlıq duyğularını, mənəvi keyfiyyətlərini arxa plana keçirmirdi. Birinci yerdə insanlıq dayanırdı. Müharibəyə, düşmənə nifrət hissi insanlığa, insan mənəviyyatına məhəbbət duyğularından qaynaqlanırdı. Məktublarda diqqətimi çəkən bir məqama da bu anda toxunmaq yerinə düşərdi. Bu, şagirdlərin söz ehtiyatları ilə bağlıdır. Onlar məktublarında yaşlarına rəğmən, kifayət qədər zəngin söz bazasına malik olduqlarını nümayiş etdirmişdilər. Bu da Şəcahan Ramazanovanın yetirmələrinin mütaliəsi məsələsinə xüsusi diqqətlə yanaşmasından qaynaqlanır. Ümumiyyətlə, mütaliə şagirdlərin mənəvi tərbiyəsində çox önəmli vasitədir. Biz əgər zövq, mənəvi, estetik tərbiyə aşılamaq istəyiriksə, verdiyimiz elmlə bərabər, şagirdlərimizə mütaliə mədəniyyəti, bədii əsərlərə məhəbbət də aşılamalıyıq. Əgər bunu etməsək, şagirdin tərbiyəsində tamlığa, bütövlüyə nail ola bilməyəcəyik. Uzun illik pedaqoji təcrübəsində Şəcahan Ramazanova məhz bu prinsipə sadiq qalmışdır. Burada böyük rus tənqidçi ədəbiyyatşünası V.Q.Belinskinin fikri yada düşür: “Ədəbiyyat və tərbiyə – bu iki məfhumu günəş və işıq, həyat və fəaliyyət məfhumları kimi bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir”. Bir məqama da toxunmaq istərdim. Şəcahan Ramazanova tədris etdiyi mövzunun möhkəmləndirilməsində yalnız əlavə oxu materiallarının deyil, deyni zamanda ekskursiyaların da imkanlarından səmərəli istifadə edir. Necə ki, “Göyərçin” mövzusunu keçərkən onlar Şirvanşahlar sarayına ekskursiyalarının təəssüratlarından yetərincə bəhrələnirdilər. Orada müşahidə etdikləri tarixlə müəllim onlara ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırımları xatırladırdı. Bu tarixi onların yaddaşına yazırdı. Qarabağın ermənilər tərəfindən işğalının tarixindən bəhs edir, yetirmələrini torpaqlarımızın gələcəkdə erməni işğalından azad edəcəyi potensial qüvvə adlandırırdı. Bununla da, həm də Vətənin gələcək müdafiəçisi kimi onların üzərinə məsuliyyət hissi qoyurdu.
Yenə də qrup işlərinə qayıtmaq istərdim. Birinci qrupa “Elə bir nağıl qurun ki, orada göyərçin müharibənin qarşısını almış olsun”, İkinci qrupa “Krossvordu həll etməklə hansı söz alınır?”, Üçüncü qrupa “Elə bir nağıl qurun ki, orada göyərçin poçtalyon olsun”, Dördüncü qrupa “Göyərçin haqqında bildiklərinizi yazın” tapşırığı vermişdi. Şəcahan müəllim bu tapşırığın fonunda yalnız göyərçin haqqında bilgiləri deyil, ümumilikdə, sülh, Vətən torpağı, insanlıq, keçmiş və gələcək haqqında təsəvvürləri inkişaf etdirmək məqsədi daşıyırdı. Əslində məhz bu kimi keyfiyyətlər insanın mənəvi cəhətdən formalaşmasına, onun ləyaqətli vətəndaş kimi yetişməsinə yol açır. Mənim üçün ən yaxşı müəllim mövzudan asılı olmayaraq, insanlıq dərsi keçən müəllim, ən yaxşı dərs insanlıq duyğuları aşılayan dərsdir. Şəcahan Ramazanova və onun dərsləri üçün məhz bu cəhətlər xarakterikdir. O, mütaliə ilə əqli itiləşdirir, təfəkkürün çevikliyinə, qavrayışlı olmasına, məntiqin inkişafına yol açır, dünyagörüşünü genişləndirməklə, mövzuların daha optimal şəkildə dərk olunmasına imkan yaradır. Əlbəttə ki, mən bu qənaətə bir neçə illik müşahidələrimə rəğmən gəlmişəm.
Qrup işlərinin təqdimatı zamanı da, diqqət çəkən məqamlardan ən önəmlisi, şagirdlərin əhatəli cavabları və təqdimatlara digər qrupların əlavələri idi. Mən bu məqamı da mütaliə ilə əlaqələndirərdim. Yalnız zəngin söz ehtiyatına və bilik bazasına, eləcə də fikri izah etmək, natiqlik qabiliyyətinə malik olmaqla, qoyulan problem ətrafında müzakirəyə qoşulmaq, problemə fəal münasibət bildirmək mümkündür. Şəcahan Ramazanovanın ikinciləri qrup işlərinin təqdimatı zamanı məhz bu bacarıqlarını nümayiş etdirirdilər. Onlar hərəkətlərində sərbəst olduqları qədər də, fikirlərində səlis və məntiqli idilər.
Ümumiyyətlə, həmin gün Azərbaycan dili dərsində tədris olunan “Göyərçin” mövzusu müəllimin şagirdlərinin mənəvi dünyasını açması, onların dünyaya öz mənəvi keyfiyyətlərini, xeyirxahlıq duyğularını bəyan etmələri baxımından xarakterk idi. Bəs onlar bunu bacardılarmı? Antik dövrün böyük alimi Hippokrat deyir ki, “Həyat qısa, sənət sonsuz, əlverişli hallar ani, təcrübə etibarsız, şeylər haqqında mühakimə yürütmək isə çətindir”. Şəcahan Ramazanova yetirmələrini sənətin, mövzunun sonsuz ideyalar aləmində pərvazlandırıb, maraqlı mühakimələr yürütmələrinə nail olurdu. Onun prinspial mövqeyi bundan ibarət idi: mövzunun həyati mahiyyətini dərk etmək, özünü mövzuda baş verən hadisələrin mərkəzində görmək və öz mövqeyini meydana qoymaq. Onlar “Göyərçin” mövzusunu sözün həqiqi mənasında, həyati əhəmiyyətli bir mövzu kimi müzakirə obyektinə çevirə bilmişdilər. Bu müzakirələrdən Vətənə sadiqlik, anaya ehtiram, böyük sözünü dinləmək, müdrik məsləhətindən nəticə çıxarmaq, xeyirxahlıq duyğularına sahiblik hissi boylanırdı. Maraqlı həm də o idi ki, mətni hissə-hissə oxuyan şagirdlər hissələrə ad qoymaqla, onu öz dünyalarında yaradıcı şəkildə xarakterizə edirdilər. Həm də hər biri özünəməxsus fikirlər irəli sürür, bir-birini təkrara yol vermirdilər. Onlar belə qənaətə gəlirdilər ki, nağılda əks olunan padşah və xeyirxah ana Azərbaycanlı obrazıdır. Qədim zamanlardan Göyərçin sülh quşu hesab edilir. Şəcahan Ramazanova Göyərçin mövzusunu sülh, əminamanlıq, ədalət tərəfdarı olan Azərbaycan əsgərinə məktubla başladı, şagirdləri ilə birgə göyərçinin sülh quşu olduğunu xarakterizə etdi, sülh, əminamanlıq tərəfdarı olan padşahın və onun anasının xeyirxah əməllərinin yetirmələrinin düşüncəsində əks-səda verməsi ilə tamamladı. Və dərsin mənim fikrimcə belə bir sistemini meydana qoydu: Müharibəyə, düşmənə nifrət hissi insanlığa, insan mənəviyyatına məhəbbət duyğularından qaynaqlanmalıdır. Sülhə, əminamanlığa, ədalətə məhəbbət hissi uşaq yaşlarından aşılanmalıdır.
Mən “Musiqi” dərsində də bunun şahidi oldum. “Melodiyanı yaradan intonasiya” mövzusu əslində geniş əhatəli mövzudur. Elə buna görə də müəllim bu mövzunu inteqrativ şəraitdə qurmuşdu. Sözləri Nəbi Xəzriyə, musiqisi Oqtay Zülfüqarova aid olan “Nənəm nağıl danışır” mahnısı öncə xorla ifa olundu. Şəcahan Ramazanova şagirdlərinin xor ifası ilə onları sanki bir ideya ətrafında birgə mübarizəyə səfərbər edir, onların hər birini musiqinin ecazkar ruhu ilə qəlbən həmahəng edirdi.
Məni Şəcəhan Ramazanovanın dərslərində həmişə bir məqam cəlb edib: özünəməxsusluq. Onda həddindən artıq sadəlik var. Amma bu sadəlik özünəməxsusluqla zənginləşəndə dərsin füsunkarlığı meydana çıxır. Mən bir gün ərzində müşahidə etdiyim dərslərində onu gah Ana dilimizin incəliklərini öyrədən, uşaqlarda xeyirxahlıq, mədəni, estetik duyğuları formalaşdıran müdrik, gah da milli musiqimizi, dünya şöhrətli rəngkarlıq incilərimizi öyrədən sənətkar kimi gördüm. Əslində bu xüsusiyyətlər əsl ibtidai sinif müəllimi üçün xarakterikdir. O, Azərbaycan dili dərsində necə dilçi idisə, musiqi dərsində də elə musiqiçi, təsviri incəsənət dərsində bir o qədər rəssam idi. Şəcahan Ramazanovanın yetirmələri təsviri incəsənət dərsində, sözün həqiqi mənasında, buta əsəri yaratdlar. Mən onların hər birinin bu əsərləri necə meydana gətirdiklərini, hansı həvəslə işlədiklərini müşahidə edirdim. “Butalı xalça”, “Bayraqlı butalı xalça”, “Xalça və Buta”, “Ay-ulduzlu Buta” və s. rəsmlər balaca fidanların zəngin rəng duyumundan, milli ornametnlərə bələdliliklərindən və onlara sonsuz sevgilərindən soraq verirdi. Bu, dərsin təcrübi tərəfi idi. “Dünya şöhrətli Azərbaycan inciləri” mövzusu ətrafında işləyən şagirdlər Azərbaycan xalçalarının tarixindən, onun dünya muzeylərində nümayiş olunmasından, xalçaçılıq məktəblərindən, xalçaların toxunması texnologiyasından bəhs edirdilər. Şəcahan Ramazanovanın izlədiyim üç dərsinin bir-birinə gözlə görünməyən, amma duyulan bağlılıq tərəfləri var idi. Bu, bağlılıq dərslərdəki milli – mənəvi dəyərlər, adət-ənənələrə sevgidən yaranan bağlılıq idi. Bir də müşahidə etdiyim dərslər boyunca onların hər birinin baxışlarında alışıb yanan arzular görmək çox xoş idi. Şəcahan Ramazanovanın bir müəllim, bir şəxsiyyət kimi mübarizliyi bu balaca fidanlara da sirayət etmişdi. Bu ifadəni təsadüfü yerə işlətmədim. Şəcahan müəllimi bir neçə il ərzində yalnız ustad müəllim, ictimaiyyət arasında nüfuzu olan ziyalı kimi tanımamışam. Zəngin məna tutumu olan hekayələr, nağıllar, esselər, uşaqlar üçün şeirlər, elmi, metodiki məqalələr müəllifi kimi də tanımışam. “Sərməs”, “Qızcığaz”, “Şəhla” adlı hekayələri, “Günqışlaq” adlı sənədli povesti, “Nigarın nağılı”, “Ərbəhim meşəsinin şahzadəsi”, “Axmaq canavarın nağılı”, “Dəcəl dovşan balası” adlı nağılları oxucuların marağı ilə qarşılanmışdır. Onun bədii yaradıcılığına xas olan ən mühüm xüsusiyyət Vətən təbiətini, onun zəhmətkeş insanlarının həyatını, onların psixoloji portretlərini, heyvanların etibarını, uşaq dünyasının arzu və istəklərini məharətlə, özünəməxsus tərzdə qələmə almasıdır. Əsərlərdəki obrazların həyatiliyi, onların hər birinin gerçək həyatdan qaynaqlanması Şəcahan Ramazanovanın oxucularını real həyat həqiqətləri ilə üz-üzə qoyur. Müəllimin zəngin bədii təfəkkürü onun pedaqoji fəaliyyətinin də zəngin çalarlara malik olmasına yol açır. Bədii və pedaqoji təfəkkürün sintezindən həyata vəsiqə alan dərslər əsl həyat dərsləri kimi diqqəti cəlb edir. Necə ki, mən dəfələrlə onun belə dərslərinə şahidlik etmişəm.
Onun Təhsil Şurasının ABŞ-ın Qarabağ Fondu ilə birgə keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki məsələləri” mövzusunda beynəlxalq elmi konfransdakı “Xocalı faciəsinin orta məktəblərdə tədrisi təcrübəsindən”, Ukraynanın Lvov şəhərində keçirilən “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq konfransda “Mariya Montessori metodunun elmi-nəzəri əsasları” mövzusunda çıxışları təcrübəli müəllimin dünyanın qabaqcıl pedaqoji fikir tarixinə, eləcə də çağdaş dövrün pedaqoji ənənələrinə bələdliliyindən soraq verir. Müasir dövrün müəllimi üçün bu, mühüm şərtdir...
Böyükağa MİKAYILLI
Комментарии
Отправить комментарий