İDRAK LİSEYİ – DÜNYAYA AÇILAN QAPI


Təhsil sahəsində həyata keçirilən islahatlar, qəbil edilən sərəncamlar, irəli sürülən ideyalar sözsüz ki, yeni tipli təhsil ocaqlarının yaranmasını labüd edir. Əslində  bu tipli təhsil ocaqlarının yaranması da özlüyündə həyata keçirilən islahatların, innovativ ideyaların təcəssümü hesab edilə bilər. “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovu 2000-ci illərin əvvələrindən tanıyıram. O vaxtlar Azərbaycanda həyata keçirilən təhsil islahatları proqramının ilk illəri idi və islahat dalğası özü ilə bərabər təhsilimizə yeniliklər gətirirdi. Mönsüm Alışov da həmin dövrün pedaqoji ehtiyaclarını düzgün dəyərləndirərək hələ 1993-cü ildən Sumqayıtda Pedaqoji seminariyanın əsasını qoymuşdu. Mən o seminariyanın fəaliyyəti ilə tanış olmuşdum. Pedaqoji ictimaiyyət bu təhsil ocağına rəğbətlə yanaşırdı. Təhsil Şurasının sədri, o vaxtlar Ali Attestasiya Komissiyası və Təhsil Nazirliyinin Ekspert Şurasının üzvü olan professor Əjdər Ağayev də Seminariyanın fəaliyyətə başlaması ilə əlaqədar keçirilən toplantılarda öz müsbət rəyini vermişdi və həmin seminariyanın ekspertiza kommisiyasına rəhbərlik etmişdir.Seminariyanın fəaliyyətə başlaması həmin dövr üçün pedaqoji kadr hazırlığında önəmli bir hadisə idi. Mönsüm müəllim qısa zaman kəsiyində Sumqayıtda yerləşən bu təhsil ocağında innovativ təhsil mühiti formalaşdıra,respublikanın görkəmli elm adamlarını Seminariyanın pedaqoji prosesinə cəlb edə, dövrün tələbləri səviyyəsində kadr hazırlığına nail ola bilmişdi.
Bu yazıya Mönsüm Alışovun Sumqayıtda təşkil etdiyi Pedaqoji Seminariyanın yaradılması tarixi haqqında qeydlərlə təsadüfü başlamadım. Fəaliyyətindən bəhs edəcəyim “İdrak” liseyi 2008-ci ildə Sumqayıtda məhz həmin Seminariyanın sonradan Sumqayıt Özəl İxtisas kolleci maddi-texniki bazasında fəaliyyətə başlayıb. Mönsüm müəllim “İdrak” liseyinin timsalında dünyanın qabaqcıl təhsil ocaqları ilə rəqabət apara biləcək, yeniliklərin tətbiqinə, təhsilin strateji prinsiplərinə əsaslanan təhsil ocağı yaratmağı hədəfləyirdi. Ötən 10 ilə yaxın müddət göstərdi ki, hədəflərə çatmaq mümkündür. Bunun üçün strategiya düzgün müəyyənləşdirilməli, dünyanın qabaqcıl texnoloji yeniliklərinin tətbiqinə uyğun baza yaradılmalı, pedaqoji kadr potensialının seçilməsinə xüsusi diqqət yetirilməlidir.
Bu gün ötən illərə, əldə olunan nailiyyətlərə nəzər yetirdikdə görmək mümkündür ki, strateji hədəflərə doğru gedilən yol düzgün müəyyənləşdirilib. 2014-ci ildə Liseyin Bakı filialının da mükəmməl maddi-texniki, pedaqoji kadr potensialı ilə fəaliyyətə başlaması hədəflərin prinsipcə düzgün müəyyənləşdirilməsindən soraq verir.
Həm Sumqayıt İdrak liseyi həmdə Bakı filialı ilə tanışlıq məndə belə bir qənaəti hasil edir ki, burada məktəbəqədər hazırlıq mərhələsindən başlayaraq, keyfiyyətli təlim-tərbiyə prosesinin təşkili üçün hər cür şərait yaradılıb. Əbəs yerə deyil ki, “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün” inkişafı amalını liseyin pedaqoji kollektivi özünün strategiyası kimi müəyyənləşdirib. Əslində bu strategiya müəllimin yeniləşən, müasir dünyanın tələblərinə cavab verən təfəkkürə yiyələnməsini nəzərdə tutur. Onlar bu strategiyanı irəli sürməklə, savadlı müəllimin gələcəyin intellektual, fiziki sağlam və saf əqidəli vətəndaşını yetişdirəcəyini prinsip olaraq qəbul edirlər. Liseydə yaradılan şərait: maddi-texniki baza, şəxsiyyətin hərtərəfli formalaşmasına istiqamətlənmiş tədris, fiziki və mənəvi tərbiyə mühiti fikrimcə dediklərimə sübut kimi görünə bilər. Diqqət yetirək: idman dərslərini lazımı keyfiyyətdə yerinə yetirmək üçün hər cür təchizata malik idman zalları, fənnləri müasir tələblər səviyəsində tədris etmək üçün şəbəkə blokuna qoşulmuş kompüter kabinetləri, hər cür təcrübi işləri icra etməklə, dərslərin əyanilik prinsipi əsasında qurulmasına yol açan fizika, kimya, biologiya laboratoriyaları, linqafon kabinetləri, süni ot örtüklü mini stadionlar, təhsil müəssisələrimiz üçün müstəsna hal olan üzgüçülük hovuzları ümumilikdə liseyin intellektual və fiziki sağlam vətəndaş hazırlığı prinsipini meydana qoyur. Şagirdlər liseydə yaradılmış rəqs, teatr dərnəyinə böyük həvəslə yazılırlar. Onlar milli, eləcə də əcnəbi rəqsləri böyük sevgi ilə öyrənir, teatr səhnəcikləri təşkil etməklə, Azərbaycanın və dünyanın böyük yazıçılarını, ədiblərini tanıyır, onların ərsəyə gətirdikləri əsərlərin mahiyyətini dərk edirlər. Ümumilikdə, lisey şagirdləri üçün dünyanın elm, intellekt qapıları ilə yanaşı, mədəniyyət, incəsənət, milli, bəşəri dəyərlərə inteqrasiya qapılarını açır, dünyanı görmək, dərk etmək üçün onlara yol göstərir. Bu məqamda liseyin hələlik namizəd kimi qoşulduğu Beynəlxalq Bakalavriat Diplom Proqramından bəhs etmək istərdim. Beynəlxalq Bakalavriat Diplom Proqramını tətbiq edən məktəblər (İB DP) “İB World School” statusuna malik olurlar. Bu status məktəbin dünyanın hər yerindən şagirdlərin tədris ala biləcəyi beynəlxalq keyfiyyətə malik olduğunun göstəricisidir. İB Proqramı ilə dərsər tamamilə xarici dildə tədris olunduğu üçün şagirdlər ingilis dilini daha dərindən mənimsəyirlər. İB Proqramı tədqiqatyönümlüdür və proqramın tədris metodologiyası dünyanın ən yaxşı təhsil təcrübələrinə əsaslanır. Bu proqramın tədrisi yalnız beynəlxalq təcrübəyə və sertifikata malik müəllimlər tərəfindən aparılır. Şagirdlərin akademik göstəriciləri beynəlxalq standartlara uyğun qiymətləndirilir və bütün dünyada tanınır. Proqram xarici universitetlərə müsabiqəsiz qəbul üçün ən optimal vasitə hesab olunur. Proqram bəşəri dəyərlərə açıq, yaradıcı və sağlam təfəkkürə, komanda ruhuna, liderlik və idarəetmə bacarıqlarına malik şagirdlərin yetişdirilməsinə imkan yaradır. Qeyd etdiyim kimi, lisey proqrama qoşulmaq üçün namizəd məktəblər sırasındadır və Proqramı həyata keçirən təşklatın kriteriyalarına uyğunluğu yoxlandıqdan sonra onlar da Proqrama 2019-cu ildə qoşulacaqlar. Bunun üçün də liseydə sistemli iş aparılır, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, xarici dilin tədrisinə, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, tədrisdə innovativ yanaşmaların tətbiq olunmasına xüsusi əhəmiyyət verilir. Təfəkkürə əsaslanan tədris mühitinin təmin olunması prioritet təşkil edir.
Liseydə tətbiq olunan innovativ “Media-dərs” layihəsi də diqqətimi cəlb etdi. Xatırladım ki, bu ilin yanvar ayında lisey bu layihəni respublikanın elmi-pedaqoji ictimaiyyətinə təqdim etmişdi. Bu layihə liseyin müəllim və şagirdlərini 45 dəqiqəlik zaman məhdudiyyətindən azad edir. Bəs bu, necə baş verir? Bu barədə ətraflı bəhs edək: Tədris olunan yeni mövzunun izahı elektron lövhənin yaddaşına yazılır və məktəbin saytında yerləşdirilir-“Media-dərs” bazası yaradılır. Bu layihə imkan verir ki, 45 dəqiqə müddətində, yəni akademik saatda mövzunu lazımı səviyyədə mənimsəyə bilməyən şagird istənilən yerdə internet vasitəsilə liseyin “Media-dərs” bazasına daxil olaraq dərsin gedişini və müəllimin izahını təkrar-təkrar izləyir. Bununla da tədris olunan mövzunu mükəmməl mənimsəmək imkanı əldə edir. Bu layihənin digər üstünlükləri də var. Birincisi odur ki, müəllim dərsin keyfiyyətini artırmaq üçün elektron lövhənin yaddaşındakı tədris resurlarını animasiyalar, videomateriallar vasitəsilə daha da zənginləşdirmək imkanı əldə edir. İkinci üstünlük ondan ibarətdir ki, müəllim və şagirdin məsuliyyəti artır, dərs prosesinin hər dəqiqəsindən səmərəli istifadə edilir. Üçüncüsü, valideynlər də tədris prosesini izləmək imkanı əldə edirlər. Ümumilikdə isə “Media-dərs” liseydə təlim prosesinin dövrün tələbləri səviyyəsində təşkil olunmasına, şagirdlərin təlimə daha yüksək səviyyədə maraq göstərməsinə yol açır. Qeyd edim ki, bu kimi innovativ layihələrin tətbiqi liseyin Beynəlxalq Bakalavriat Diplom Proqramına qoşulmaq imkanlarını artırır.
Liseyin maddi-texniki bazası, pedaqoji kadr potensialı, idarəetmənin elmi, pedaqoji, psixoloji tələblər səviyyəsində təşkili, valideyn-müəllim-şagird münasibətlərinin sosial-pedaqoji prinsiplərə əsaslanması yüksək nailiyyətlərin əldə olunmasına yol açır. Bu nailiyyətlər beynəlxalq əhəmiyyətli müsabiqələri, olimpiada və nüfuzlu bilik yarışlarını əhatə etməklə liseydə şagird yaradıcılığının, istedadının daim diqqət mərkəzində saxlandığı, yaradıcı potensialın meydana çıxarılmasına hər cürə imkan yaradıldığını deməyə əsas verir. Təsadüfü deyil ki, son 7 ildir ki, liseyi bitirən məzunların hər biri ali məktəbə qəbul olub.
Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili işi isə liseydə sistemli xarakter alıb. Onlar dövlətimiz, xalqımız üçün əlamətdar olan, tarixi günləri, torpaqlarımızın işğal tarixlərini ədəbi-bədii kompozisiyalarla, yaradıcılıqla təşkil edirlər. Bu yaxınlarda pedaqoji kollektivin və şagirdlərin işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfərləri həm onlarda, həm də Cocuq Mərcanlı kəndinin sakinlərində, məktəblilərində zəngin təəssüratlar yaratdı.
“İdrak” liseyinin fəaliyyətini, əldə etdikləri uğurları müşahidə etdikcə, aydın görünür ki, bütün bunların əsasında pedaqoji prosesə, müəllim-şagird münasibətlərinə, tətbiq olunan hər hansı bir yeniliyə elmi-pedaqoji prinsiplər əsasında yanaşılır. Şəxsiyyətin hərtərəfli formalaşdırılması prosesi bu təhsil ocağında kompleks həyata keçirilir. Burada fiziki və mənəvi sağlamlığa intellektual inkişafın təməli kimi, səmərəli nəticə əldə edilməsinin əsası kimi baxılır. Şagirdin yaradıcılıq, intellektual imkanları onun mənəvi tərbiyəsi ilə paralel inkişaf etdirilir. Bütün bunlar liseyin və onun yetirmələrinin qarşısında yeni perspektivlər açır. Onlar dünyanın qabaqcıl təhsil sferasına doğru öz milli-mənəvi dəyərlərinin təməlləri üzərində addımlayırlar...

Böyükağa MİKAYILLI



Комментарии