GÖRKƏMLİ BƏSTƏKAR TOFİQ QULİYEVİN SƏNƏTİNƏ EHTİRAMLA...

Görkəmli bəstəkar Tofiq Quliyev sənətinə ehtiramla...

Bakının Sabunçu rayonundakı 215 nömrəli tam orta  məktbəbdə Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Bəlli olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev  Tofiq Quliyevin  100 illik yubiley mərasimlərinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu təhsil ocağında təşkil olunan tədbir də ölkə başçısının sərəncamından irəli gələrək, məktəbin tərbiyə işləri üzrə direktor müavini, musiqi müəllimi Zemfira Əliyeva və məktəbin istedadlı şagirdləri  tərəfindən hazırlanmışdı. Tədbirdə öncə çıxış edən Zemfira Əliyeva vurğuladı ki, Tofiq Quliyev bir sıra müxtəlif janrlı əsərlərlə yanaşı, 40-dan artıq filmə musiqi bəstələyib. Bəstəkarın yaradıcılğıının leytjanrı musiqidir. Buna görə də onun kino musiqisində mahnı əsas dramaturji yer tutur. Tofiq Quliyevin mahnıları təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da şöhrət taparaq, sevilə-sevilə oxunur, milyonlar tərəfindən dinlənilir. Tofiq Quliyevin yaradıcılıq nailiyyətləri ənənəyə çevrilir, bu ənənələrə mahnı sahəsində çalışan Azərbaycan bəstəkarlarının yeni nümayəndələri istinad edirlər.

Tədbir görkəmli bəstəkarın həyat və fəaliyyətini əks etdirən foto-slaydların nümayişi ilə başlandı. Bəstəkarın həyatını xarakterizə edən foto-slaydlar  maraqlı məqamları, çoxlarımıza bəlli olmayan faktlarla izləyicilərin diqqətini cəlb etdi. Tofiq Quliyev musiqisinin sədaları altında nümayiş olunan foto-slaydlar maraqla qarşılanırdı. Foto-slaydlarda göstərilirdi ki,  Tofiq Quliyev görkəmli bəstəkar olmaqla bərabər, həm də pianoçu, drijor, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri kimi də şöhrət tapmış, bir sıra simfonik, fortepiano əsərləri, kantatalar bəstələmiş, Azərbaycan SSRİ-nin (1964) Xalq artisti adına layiq görülmüşdür.
1917-ci ilin 7 noyabrında Bakıda anadan olan Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə isə Konservatoriyaya daxil olub.

O, həm İ.S.Aysberqin sinfində fortepiano, həm də S.Q.Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Zakir Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyov Tofiq Quliyevin bəstəkar kimi inkişafında mühüm rol oynayıb. Məhz Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Tofiq Quliyev təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
Tofiq Quliyev Böyük Vətən müharibəsindən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrı, S.Vurğun adına Rus Dram Teatrı, M.Qorki adına Gənc Tamaşaçılar Teatrı ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
Tofiq Quliyev 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb. Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib. Foto-slaydlarda diqqətçəkən kadrlardan ən ümdəsi ulu öndər Heydər Əliyevlə bağlı idi. Ulu öndər Heydər Əliyev görkəmli bəstəkarın müalicə aldığı xəstəxanaya gedərək “İstiqlal” ordenini məhz xəstəxanada ona təqdim etmişdi. Saydlarda bu məqamların nümayiş olunması ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün, sənətə, sənət adamına verdiyi dəyərin nümunəsi kimi görünürdü.
Bəstəkarın yaradıcılığına, həyat yoluna həsr olunmuş slaydlar şagirdlərin çıxışları ilə əvəz olundu. Bu da öz növbəsində tədbirin daha məzmunlu keçməsinə şərait yaradırdı. Məzmunu zənginləşdirən cəhətlərdən biri də şagirdlərin nümayiş etdirdikləri səhnəciklər və mahnılar idi. Bütün səhnəcik və mahnı nömrələri isə öz növbəsində Tofiq Quliyevin əsərləri əsasında hazırlanmışdı. Səhnəyə öncə məşhur Azərbaycan filmi “Bəxtiyar”dan səhnələr nümayiş etdirəcək şagirdlər çıxdılar. Bəlli olduğu kimi, bu görkəmli ekran əsərinin musiqiləri məhz böyük bəstəkar Tofiq Quliyevə məxsusdur. Tofiq Quliyevin əsərləri ilə davam edən tədbir şagirdlərdən MirSahil Məmmədlinin ifasında “Qızıl üzük”, Ülvi Əhmədovun ifasında “Arzular”, Fərid Əzizli və Nuray  Rəhimovanın ifasında “Qəmgin mahnı”, Mehdi Şirinovun tarda ifasında “Neftçilər”, “Zibeydə” mahnısının sədaları altında Ərəstun Mirzəyev və Gülbəniz Qasımovanın rəqs kompozisiyası, Cansu İsmayılovanın ifasında “Axşam mahnısı”, Fərid Əzizlinin, Ülvi Əhmədovun solo və xorun ifası ilə “Kəndimiz”, “Bakı haqqında”, “Azərbaycana gəlsin”, “Faytonçu” mahnıları ilə daha da zənginləşdi.  Qeyd edim ki, 215 nömrəli tam orta məktəbin ədəbi-bədii tədbirə cəlb olunmuş şagirdləri mahnı ifaları, aktyorluq bacarıqları ilə diqqəti cəlb etdilər. Onların hər biri özlərinəməxsus ifa tərzlərində Tofiq Quliyev sənətinin əzəmətini, bəşəriliyini nümayiş etdirdilər. Ona böyük ehtiramlarını göstərdilər. Diqqətimi həm də cəlb etdi ki, məktəbin musiqi müəllimi Zemfira Əliyeva bu təhsil ocağında şagirdlərin ürəyində musiqiyə, incəsənətə sevgi oyada bilib. O, şagirdlərinin istedadlarını duyub onları məharətlə istiqamətləndirməyi bacaran müəllimlərdəndir.
Ədəbi-bədii tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humatitar məsələlər şöbəsinin məsləhətçiləri Ülviyyə Fətullayeva, Ceyhun Abbasov, Təhsil Şurasının katibi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, Azərbaycan Pedaqoji Universitetinin “Musiqinin tədrisi metodikası” kafedrasının baş müəllimi Şəhla Quliyeva, bu təhsil ocağının ilk direktoru olmuş, veteran təhsil işçisi Sona Əliyeva, eləcə də məkəbin direktoru Cavad Mustafayev, pedaqoji kollektivin üzvləri, şagirdlər iştirak edirdilər. Qonaqlar tədbirin təşkilatçısı Zemfira Əliyevanın, şagirdlərin zəhmətini yüksək dəyərləndirərək vuğruladılar ki, ədəbi-bədii tədbir Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyev yaradıcılğıına böyük ehtiramdan yaranıb. Şagirdlər öz ifaları ilə öz yaradıcılıq potensiallarını, ürəklərindəki Vətən sevgisini, Azərbaycanın milli-mənəvi dəyərlərinə, söz, sənət sahiblərinə ehtiramlarını sərgilədilər, deyə çıxış edənlər vurğuladılar. Onu da qeyd etdilər ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların istedad və bacarıqlarını cəmiyyətin inkişafına yönəltmək çox mühüm vəzifədir. Bu vəzifə məktəbin, müəllimin öz vəzifəsinə vicdanla yanaşmasından başlayır. 215 nömrəli tam orta məktəb də istedadlı şagirdlərin təhsil aldıqları məktəbdir. Bu günkü tədbirdən də bunu görmək mümkün idi.
Tədbirin sonunda çıxış edən Zemfira Əliyeva qonaqlara, eləcə də əbəbi-bədii tədbiri yüksək səviyyədə aparan şagirdlərə öz minnətdarlığını bildirdi.
B.MİKAYILLI   







Комментарии