DÜNYANIN DÖYÜNƏN ÜRƏYİ

                                                           
Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbin kimya müəllimi Xədicə Eyvazovanın təşkil etdiyi “Kimya aləminə səyahət” adlı gecədən qeydlərim...
Xədicə Eyvazova haqqında yazı hazırlamağı çoxdan idi ki, planlaşdırırdım. O, “İstedadlı kimiya müəllimidir”, “Şagirdlərinin ən çox sevdiyi müəllimlərdəndir”, “Uşaqlara kimyanı sevdirməyi bacaran ustad pedaqoqdur”, “Onun dərslərində zamanın necə keçdiyini hiss etmək mümkün deyil”, “Ondan kimya dərsi almaq böyük xöşbəxtlikdir”... Bunlar Xədicə müəllim haqqında eşitdiklərimin ancaq bir qismidir. Haqqında eşitdiklərimə və müşahidələrimə rəğmən onunla yaxından tanış olmağa münasib məqam gözləyirdim. Bu günlərdə məktəbdə təşkil etdiyi və mənim də dəvət olunduğum “Kimya aləminə səyahət” adlı gecədə Xədicə müəllimin yetirmələri ilə birgə yaratdıqları kimyanın möcüzlər aləminə səyahət etdik. Onlar tədbir boyunca bir sıra təcrübələr apardılar, kimyanın qlobal əhəmiyyətini xarakterizə edən maraqlı fikirlər səsləndirdilər. Bunlar haqqında ətraflı bəhs edəcəyəm.

Amma diqqətimi cəlb edən ən mühüm məqam tədbiri kənardan idarə edən, bircə işarəsi ilə şagirdlərinin onu anlamasına nail olan Xədicə müəllimin kimyanı yetirmələrinin “ürək döyüntülərinə” çevirməyi bacarmasi idi. Onlar üçün icra olunan hər hansı bir reaksiya, hər hansı bir təcrübə mexaniki xarakter daşımırdı. Ürəkdən, beyindən süzülüb gələn sevgi ilə icra olunur, seçilmiş süjet xətti ilə ahəngdarlıq təşkil edirdi.
Onlar qarşılarına kimyanın möcüzəli aləmindən ibarət bir kitab qoymuşdular. Bu kitaba “Torpağı və suyu qoruyaq” öz sözünü yazmışdılar. Bu, təsadüfü seçilən deviz deyildi. Tədbir boyunca onlar axtarışda olacaqdılar. Bu axtarışlar yalnız bir amala xidmət edəcəkdi. Qarşıya qoyulan məqsədə nail olmaq. Xədicə Eyvazova tədbiri bu ideya əsasında qurmaqla, əslində şagirdlərində həm tədqiqatçılıq, elmə, araşdırmaya həvəs oyatmağı hədəfləyir, həm də şagirdlərində kimyanı öyrənməyə motivasiya yaradırdı. “Su haqqında”, “Maqnusun laboratoriyasında”, “Elementləri tapın”, “Kimya sehrlərinin sirri”, “Oksigenin məhkəməsi”, “Kimya məişətdə”, “Bilirsinizmi?”, “Elementlərin mübahisəsi”, “Su axtarılır”, “Şagirdlərin yazdığı şeirlər” adlı səhnəciklər qarşıya qoyulan məqsədə doğru aparan yolun bələdçiləri, əgər belə mümkünsə, metodoloji əsası idi. Onların bu əsasların özlərini də xarakterizə edir, bununla da getdikləri yolun əhəmiyyətini diqqətə çatdırmağa çalışırdılar. Bunu müəyyən məqamlarda şeirlə, mahnı ilə ifadə edir, demək istədiklərini daha mükəmməl şəkildə nəzərə çatdırırdılar. İnformasiyaların elmi tutumu, onların təqdim olunma tərzi elə ifadəli tərzdə seçilirdi ki, kimyəvi anlayışlar, reaksiyalar tamaşaçıda sual yaratmasın.

Hər bir məqam deyildiyi anda dərk olunsun. Maraqlı həm də o idi ki, şagirdlər təbiətin məhsulunu həyatın mühüm amili kimi təqdim edir, bir az da irəli çıxaraq onun elmi mahiyyətini xarakterizə edirdilər. Sübut etməyə çalışrdılar ki, təbiət bizə ən gözəl nemətləri bəxş edib, insanlar bu nemətlərdən lazımınca, zövqlə istifadə etməli, onun dəyərini bilməlidirlər. Xədicə Eyvazovanın yetirmələrinin təqdim etdiyi bu fikirlər həm də çağırış kimi səslənirdi. Onlar insanı təbiətin bir parçası kimi təqdim edir, insanları təbiəti qorumaqla, özlərini, öz gələcəklərini qoruduqlarını bəyan edirdilər. Mən onların hər birinə “Təbiətin elçiləri” kimi baxırdım. Təbiətə, ətraf mühitə, bəşəriyyətin sabahına belə böyük sevgi ilə yanaşan, onu qorumaq üçün dünyaya çağırış edən uşaqları başqa nə adlandırmaq olar ki? Şagirdlər açdıqları kitabın birinci fəslini məşhur fransız yazıçısı və təyyarəçisi Antuan de Ekzüperinin: “Su! Sənin nə dadın, nə rəngin nə də iyin var! Səni təsvir etmək  mümkün deyil. Səni başa düşmədən səndən zövq alınır. Sənə   həyat üçün vacibsən demək doğru olmazdı. Sən elə həyatın özüsən! Sən bizi təsvir edilməz sevinclə doldurursan... Sən dünyada ən böyük nemətsən”, sözləri ilə bitirdilər.
Bu sözlər əslində kitabın növbəti fəslinə keçid üçün açar rolunu oynadı. Həyatın üzərində bərqərar olduğu su növbəti fəsildə nələrə qadir olduğunu böyük elm adamlarının dili ilə izhar edəcəkdi. Əlkimyaçı Albert Maqnus və şagirdinin apardığı təcrübələrin möcüzəsi auditoriyada heyranlıq yaratmışdı. Maqnusun əlindəki çubuqla yaratdığı möcüzə şagirdlərin bu möcüzələrin sirlərini öyrənməyə vadar edir və nəticə olaraq onların bu sirlərdən agah olmasına yol açırdı. Onlar sanki böyük kəşflərin meydana gəlməsində iştirak edir, bu kəşfi meydana qoyan alimlə çiyin-çiyinə dayanır, kitabın növbəti fəsillərinə yol alırdılar.  Növbəti səhifədə isə kimyəvi elementləri xarakterə edən amillər tapmaca formasında təqdim olunurdu. Şagirdlər tapdıqları tapmacaların cavablarında kimyəvi elementləri görürdülər. Onlar həmçinin monitorda da nümayiş olunur, elementin kimyəvi tərkibi ətraflı şəkildə açıqlanırdı. Lakin onlar bununla da kifayətlənmir. Elementlərin həyatı əhəmiyyətini xarakterizə edirdilər. Nəticə etibarilə kimyanın həyati əhəmiyyəti meydana çıxır, bəşəriyyətin bu günü, sabahı üçün oynadığı rol aşkarlanırdı. Bəlli olurdu ki, biz kimyanı bilməklə, dünyanın çox mətləblərinə agah ola, dünyanın qəlbini duya, onun rənginin, ətrinin, ruhunun belə mahiyyətini anlaya bilərik. Xədicə Eyvazovanın tapşırıqları əsasında hazırlanmış səhnəciklər, kimyəvi təcrübələr müəllimin həm də mühüm bir ideyaya sadiq qaldığını meydana qoyurdu: Təbiətdə mövcud olanların hər biri əhəmiyyətlidir, onların biri digərini tamamlayır, biri digərinin varlığına təkan verir, biri digərinin həyat qazanmasına, yaşamasına səbəb olur. “Oksigenin məhkəməsində” də bunun şahidi olmaq mümkün idi.
Şagirdlər kitabın növbəti fəsillərini “Süni vulkan”, “Buqələmun reaksiyaları”, “Kimya məişətdə”, “Suyun şəraba çevrilməsi”, “Suyun südə çevrilməsi”, “Natriumun su ilə reaksiyası”, “Süni vulkan”, “Qızıl yağışı”, “Şəkərin kömürləşməsi”, “Kərpicdə yanma”, “Odsuz tüstü” təcrübələri ilə yazdılar. Bu səhifələr yazıldıqca, düşünürdüm ki, Xədicə Eyvazova yetirmələrinin düşüncəsində, onların həyat yolunda yalnız bir kimya müəllimi kimi öz obrazını yaratmayıb. O, şagirdlərinin qarşısında dünyanın kimyadan ibarət olan böyük bir tablosunu da çəkməyi bacarıb. O, yetirmələrinə aşılayıb ki, ən böyük əsərlərin, ən böyük kəşflərin, istər kimya, riyaziyyat, musiqi, ədəbiyyat olsun, təməlində o elmə sevgi dayanır.

Əgər siz kimyanı yalnız kimyəvi elementlərdən bəhs edən bir elm kimi qavrayıb öyrənsəz, onun ruhunu, mahiyyətini, bəşəri əhəmiyyətini dərk etməsəz, adi kimyaçı olmaqdan uzağa gedə bilməyəcəksiz. Mahiyyəti dərk edib, ruhu duymaq üçün isə onun tarixini, inkişaf dinamikası, həyatdan, təbiətdən doğulduğunu, onu yaradan insanların mənəvi dünyasını, bir kəşfin ərsəyə gətirilməsi üçün çəkilən iztirabları, nəhayət yaradıcılıq sevinclərini duymaq lazımdır. Bunun isə təməlində mütaliə, nəzəriyyə ilə təcrübənin əlaqəli şəkildə tədrisi, təbiət qoynunda keçirilən dərslər, təlim prosesində seçilən düzgün metodlar, üsullar, ən əsası isə ürəkdə elmə sevgi odunun alovlandırılması dayanır. Mən Xədicə Eyvazovanın yetirmələri-Taleh Yusubov, Nurlan Quliyev, İnci Vüqarlı, Bəşir İbayev, Muraz Hudulov, Anar Nabatov, Məhbubə Hacıyeva, Fərid Hacıyev, Zeynəb Hacıyeva, Əsmər Səfərli, Murad Əsədov, Röyal Mürşüdov, Tamaşa Quliyeva, Nigar Bağırova, Aytac Atakişiyeva, Leyla İsmayılova, Bahar Verdiyeva, Səadət Namazova, Əli Baxşəliyev, Vüsal Rüstəmov, Arzu Məmmədova, Nigar İsmayılova, Ramil Rüstəmov, Vüsal Musazadə, Aydan Hümbətli, İnci Mikayıllı, Səmayə Bağırova, Elşən Nəsirli  ilə birgə təqdim etdiyi bu kimya gecəsini onların birgə elmi axtarışlarının nəticiəsi kimi də dəyələndirirəm. Onlar bir sıra təqdiqatlar aparmış, öz tədqiqatlərini şeirlə, musiqi ilə, rəsmlərlə zənginləşdirmiş, nəhayətdə kimyanın həyatın özündən doğulan mənzərəsini yarada bilmişdilər. Nəhayət onlar öz axtardıqlarını, tədbir boyunca izində olduqlarını tapıb müəllimlərinə təqdim etdilər. Mənim fikrimcə, onların axtardıqları rəmzi olaraq “Dünyanın döyünən ürəyi” idi. Kimyanı məhz belə adlandırmaq olar...
Böyükağa MİKAYILLI   

Комментарии