BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ


 Bu yazı Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovanın şagirdləri ilə birgə təqdim etdiyi 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunur...                                                                                                         Dörd il əvvəlin söhbətidir. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikovanın birinci sinifdə aparacağı açıq dərsə dəvət olunmuşdum. Həmin dərs haqqında “Təhsil və zaman” qəzetində geniş məqalə yazdığım üçün bu haqda bircə onu deyəcəyəm ki, İradə Məlikovanın bir gün ərzində izlədiyim dərslərində diqqətimi çəkən ən mühüm məqam onun şagirdlərinin mənəvi tərbiyəsinə, onların şəxsiyyət kimi formalaşmasına, vətənpərvərlik hisslərinin yaranmasına böyük önəm verməsi idi. Bir müddət sonra isə İradə Məlikova ilə birlikdə Azərbaycan Təhsil Şurasının Ukraynanın Lvov şəhərində keçirdiyi və mənim koordinatoru olduğum “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq konfransda iştirak etdik. Azərbaycandan uzaqlarda təşkil olunan və Lvovun elm, təhsil ictimaiyyətinin marağına səbəb olan bu konfransın keçirildiyi günlərdə də İradə müəllim vətənsevər, peşəsini dərindən bilən təhsil işçisi kimi diqqətimi cəlb etdi. O, konfransdakı məruzəsində Azərbaycan təhsilinin inkişaf istiqamətlərini, Azərbaycanın Qarabağ kimi taleyüklü problemini qabartmaqla, böyük dinləyici auditoriyasının diqqətini cəlb edə bilmişdi. Bir neçə ay sonra isə İradə Məlikova yetirmələri ilə birlikdə işlədyi təhsil ocağında daha bir yaddaqalan tədbirin reallaşmasına nail oldu. O, ermənilərin Azərbaycanlılara qarşı törətdikləri Xocalı faciəsi haqqında ədəbi-bədii kompozisiya təqdim etdi. Bu tədbir məndə belə bir fikir formalaşdırdı ki, təcrübəli müəllim qarşısına qoyduğu vəzifəyə-ləyaqətli vətəndaş hazırlığı vəzifəsinə bütün ruhu ilə, qəlbi ilə çalışır. İradə Məlikova 2016-cı ildə daha böyük bir uğura imza atdı. O, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” Respublika müsabiqəsinin qaliblərindən oldu. Qeyd edim ki, İradə Məlikova 2009-cu ildə də bu müsabiqənin qaliblləri sırasında olub. Ümumiyyətlə, o, “Ən yaxşı müəllim” müsabiqəsinin iki dəfə qalibi seçilmiş az sayda müəllimlərdən biridir. 2015-ci ildə isə o, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.  Nəhayət, 2017-ci il noyabrın 7-də izlədiyim “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı ədəbi-bədii kompozisiya İradə Məlikova haqqında bir müəllim və şəxsiyyət kimi düşündüklərimin əsaslı olduğunu bir daha meydana qoydu.
Gimnaziyanın akt zalı Azərbaycanın üçrəngli bayrağının rənglərinə bələnmişdi. “Koroğlu” üvertürasının sədaları altında səhnəyə daxil olan 4b sinfinin şagirdləri ədəbi-bədii kompozisiya iştirakçılarını Azərbaycan, ingilis, rus, fransız dillərində salamladılar. Ədəbi-bədii kompozisiyanın maraqlı cəhətlərindən biri də ondan ibarət idi ki, o əvvəldən axıradək şagirdlər tərəfindən idarə olundu. Bu da belə bir qənaətə gəlməyə əsas verir ki, İradə Məlikova şagirdlərinə fikirlərini sərbəst ifadə etmək, geniş auditoriya qarşısında çıxış etmək, müzakirələrə qoşulmaq, öz mövqeyini müdafiə etmək, maraqlı kompozisiyalar təşkil etmək bacarıqlarını aşılaya bilib. Onlar 9 noyabr tarixini bayrağımızın ad günü adlandırıb onun keçib gəldiyi yolu şeirlərlə, mahnılarla, səhnəciklərlə ifadə etdilər. Qeyd etdilər ki, Bayraq Günü xalqımızın taleyində çox önəmli yer tutur. Çünki bu bayram dövlətimizin əsas atributlarından birini xarakterizə edir. Xalqımızın həyatında önəmli rol oynayan bir varlığın mövcudluğunu göstərir. Şagirdlərin bir-birinin ardınca səsləndirdikləri şeirlər, ifa etdikləri mahnılar onların böyük bayraq sevgisindən, ürəklərindəki vətən məhəbbətindən soraq verirdi. Diqqəti həm də bir məqam cəlb edirdi: Azərbaycanın tarxi, torpaqlarımızın zaman-zaman işğala məruz qalması, yağı düşmənə qarşı apardığımız qanlı mübarizələr şagirdlər tərəfindən səsləndirilir, gözlərdə, baxışlarda mübariz ruh, qələbə qazanmaq əzmi oxunurdu. Onlar Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi görkəmli Azərbaycan şairlərinin şeir qabadlarında, Əli bəy Hüseynzadənin, Məmmədəmin Rəsulzadənin ideyası işəğında tarixin ənginliklərinə səyahət edir, bayrağımızın, millətimizin keçmişindən, tarixin sirli səhifələrindən soraq verir, bugünümüzə gəlir, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində ilk dəfə dalğalamdırdığı bayrağımızın müstəqilliyimizin əbədiliyinə, dönməzliyinə, sarsılmazlığına simvol olduğunu vurğulayırdılar.
Bayrağımızın tarixindən bəhs edərkən deyirdilər:  Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda, üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb.  Odur ki, Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur.  Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilik.  Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur. Azərbaycanın Dövlət bayrağı ilk dəfə 1918- ci il Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız ikinci dəfə 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublkası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib.
2009-cu il noyabırın 17-də Prezident İlham Əliyev  Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi  haqqında sərəncam imzalayıb. Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Ulu öndər bayrağımız haqqında deyib: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir."
Şagirdlərin təqdim etdikləri səhnəciklər arasında diqqəti xüsusilə Dədə Qorqud obrazının ifasında səslənən fikirlər cəlb etdi. Onun torpağın qüdrəti, xalqın, millətin taleyi üçün əhəmiyyəti, vətənin hər qarışının onun igid oğul və qızları tərəfindən göz bəbəyi kimi qorunmalı olduğu haqqında fikirləri şagirdlərin marağı ilə qarşılandı. Diqqət çəkən məqam həm də o idi ki, səhnəciklərlə bərabər monitorda müvafiq filmlərdən fraqmentlər göstərilir, mahnılar səsləndirilirdi. Bu da öz növbəsində təqdim olunan səhnəcik və musiqilərin təsir gücünü artırırdı. Bayram tədbirinin sonunda marş sədaları altında Azərbaycan bayrağı səhnəyə gətirildi. Şagirdlər bayraq ətrafında toplaşıb ona öz segilərini vətənpərvər ruhlu şeir və mahnılarla ifadə etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məmməd Əmin Rəsulzadənin
Sən bizimsən, bizimsən.... Durduqca bədəndə can.
Yaşa, yaşa  çox yaşa , ey şanlı Azərbaycan!... Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlmələri bayrağımıza, vətənimizə sevgi ruhu aşılayan həmişəuca səs kimi düşüncələrdə əks-səda verdi.
Bayram tədbirində çıxış edənlər-Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə xanım, Suraxanı Rayon İcra Hakimyyətinin ictimai-siyası və humanitar məsələlər şöbəsinin rəisi Barxudar Barxudarov, Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin rəisi polkovnik Adil Haqverdiyev, Respublika Veteranlar Təşkilatının üzvü İsmayıl İsmayılov, müharibə veteranı Seyfulla Baxışov, arxa cəbhə veteranı, qocaman təhsil işçisi Müseyib Bağırov, Suraxanı Rayon Veteranlar Şurasının sədri Eldar Rüstəmov, Suraxanı Rayon Uşaq Poliklinikasının şöbə müdiri Adilə Abdullayeva, Azərbaycan Təhsil Şurasının katibi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, “Ən yaxşı müəllim müsabiqəsi”nin qalibi Könül Təhməzova, eləcə də tədbirin təşkilatçısı İradə Məlikova Dövlətimizin atributu olan bayrağımızın tarixindən, onun keçib gəldiyi şərəfli yoldan, onun qürur mənbəyimiz olduğundan, eləcə də şagirdlərin ədəbi-bədii kompozisiyanı yüksək bədii-zövq, ədəbi-bədii kontekstdə təqdim etdiklərini dilə gətirdilər. Vurğuladılar ki, bu gün İradə Məlikova kimi müəllimlərin aşıladığı mənəvi, vətənpərvərlik ruhunda yetişən uşaqlar gələcəkdə vətənin layiqli müdafiəçiləri olacaqlar. Onlar torpaqlarımızı yağı düşməndən azad edəcək, üçrəngli bayrağımızı işğaldan azad edəcəkləri torpaqlarımıza sancacaqlar.
Tədbirin sonunda məktəbin direktoru Xəyalə xanıma və İradə Məlikovaya Respublika Veteranlar Təşkilatının Fəxri fərmanı təqdim olundu. İradə Məlikova da öz növbəsində şagirdlərini ədəbi-bədii kompozisiyanı yüksək səviyyədə təşki etdiklərinə görə diplomla mükafatlandırdı.
B.MİKAYILLI




Комментарии