Qəzetimizin “Ustad dərsi” rubrikasının qonağı Respublikanın əməkdar müəllimi Həqiqə Məmmədovadır.
Həqiqə Məmmədovanı uzun illərdir ki, tanıyıram. Rəhbərlik etdiyi 177 saylı məktəbin fəaliyyəti haqqında bir neçə dəfə məqalə yazmışam. Bu yazılarda Həqiqə müəllimin 177 saylı məktəbdə həyata keçirdiyi, məktəbin qabaqcıl təhsil müəssisəsi kimi fəaliyyətini şərtləndirən tədbirlər, eləcə də “İkimərhələli tədrisin təşkili” ideyası, idarəetmənin müasir tələblər səviyyəsində qurulması, şagird özünüidarə orqanlarının işi və s. diqqətimi cəlb edib və “Təhsil və zaman” qəzetinin səhifələrində onun fəaliyyəti qabaqcıl məktəb rəhbəri kimi həmişə təqdir olunub.
Ümumiyyətlə, Həqiqə müəllim uzun illik pedaqoji fəaliyyəti dövündə bir sıra yenikilərə imza atıb. 1981-2000-ci illərdə rəhbərlik etdiyi 264 saylı məktəbdə irəli sürdüyü “Müəllif məktəbi” ideyası həmin təhsil müəssisəsinə “Müəllif məktəbi” statusunun verilməsi ilə nəticələnib. Onun bu təcrübəsi Respublikanın pedaqoji ictimaiyyəti tərəfindən zaman-zaman qabaqcıl ənənə kimi qarşılanıb. Həqiqə müəllimi qabaqcıl məktəb rəhbəri olmaqla bərabər, həm də ictimai fəal kimi tanıyıram. O, Azərbaycan Təhsil Şurasınin işində fəal iştirak edir. Moskva şəhərində fəaliyyət göstərən Məktəb Şuralarına Dəstək Beynəlxalq Assosiasiyasının Azərbaycan üzrə təmsilçisi, eyni zamanda həmin təşkilatın vitse-prezidentidir. Həqiqə Məmmədova Azərbaycanın və SSRİ-nin Maarif əlaçısı döş nişanı, Krupskaya adına medal, Mehdizadə adına diplom, nəhayət ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Respublikanın əməkdar müəllimi” fəxri adına layiq görülüb. Bütün bunları yazmaqda məqsədim odur ki, bu zamana qədər Həqiqə Məmmədovanı qabaqcıl məktəb direktoru, ictimai xadim kimi tanımışam. Aprelin 12-də müşahidə etdiyim və həqiqətən də ustad dərsi kimi dəyərləndirdiyim dərsindən sonra Həqiqə Məmmədova ilə bağlı qənaətlərim daha da zənginləşdi. Onu ustad müəllim kimi də tanıdım. Dərslə bağlı qənaətlərim o qədər zəngindir ki, bunları bir qəzet məqaləsində cəmləşdirmək o qədər də asan deyil. Odur ki, müşahidələri müəyyən qədər ümumiləşdirməyə çalışdım ki, dərsin əsas məqamlarını əhatə edə bilim. Bəzi hallarda nəticə çıxarmağı oxucuların öhdəsinə buraxım. Etiraf edim ki, bu məqamların hər biri özlüyündə bir nümunə kimi xarakterizə oluna bilər. 8-ci sinifdə “Kimyəvi reaksiyaların sürətinə təsir edən amillər” mövzusunda qurulan dərs müasir dərsin tələblərini ehtiva etməklə, kimyanın cəmiyyətimizdəki rolunun şagidlər tərəfindən dərk edilməsinə də yol açırdı.
Bir sıra mərhələlərdən ibarət olan dərsdə təcrübəli müəllim informasiya-kommunikasiya texnologiyalarından, Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərsliklərdən, mövzuya aid material nümunələrindən, bunlarla da kifayətlənməyərək, öz hazırladığı materiallardan bəhrələnməklə mövzunu şagirdlərə bütünlüklə açıqladı.
Öncə şagirdlər “Kimya dərslərində davranış qaydaları”nı təkrar etdilər. Bu qaydalar, eyni zamanda, monitorda nümayiş olundu.
Sonra müəllim dərsin məqsədlərini açıqladı. Açıqlamadan məlum oldu ki, müəllim şagirdlərin elmə, təhsilə marağını artırmaq, onların nəzəri biliklərini laboratoriya işləri vasitəsilə təcrübi cəhətdən möhkəmləndirmək, dərsi tam olaraq şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəltmək və hər bir şagirdin potensial imkanlarını nəzərə alaraq fənnin də imkanlarından istifadə edərək onların ümumən təbiət fənlərindən biliklərini yüksəltməyi qarşısına məqsəd kimi qoyub. Göründüyü kimi, müəllim qarşıya fundamental məqsədlər qoymuş və nail olmaq üçün optimal yollar-interaktiv üsullar- Beyin həmləsi, VYEN diaqramı, layihələr üzərində iş, problem ağacı, müqayisə cədvəlləri-seçmişdi. Şagirdlərin fəaliyyəti isə qruplar, cütlüklər, fərdi olaraq istiqamətləndirilmişdi. Həqiqə müəllim dərsin bütün məqamlarını məntiqi cəhətdən əsaslandırmış və əlaqələndirmişdi. Elə qrupların adlandırılmasından başlayaq. “İnqibitor”, “İniçiator”, “Katalizator”... Bu adların hər biri mövzunu ifadə eləməklə bərabər, həm də onun mükəmməl mənimsənilməsinə hesablanmışdı. “Kimyəvi reaksiyaların təsnifatı, kimyəvi reaksiyaların sürəti” mövzusunda ev tapşırığının sorğusu prosesi qruplara VYEN diaqramının paylanması ilə başlandı. Qrupların VYEN diaqramı əsasında çıxışı beyin həmləsi ilə təqdim olundu. Sorğunun ikinci mərhələsində VYEN cədvəlində kimyəvi reaksiyaların təsnifatına aid müqayisələr aparıldı. Müqayisə üçün şagirdlərə layihələr paylandı. Mövzu, bildiyimiz kimi, kimyəvi reaksiyaların sürətindən bəhs edirdi. Qruplar hazırladıqlarını təqdim elədilər. Qrupların əməkdaşlıq şəraitində işləməri də diqqətimi cəlb edən mühüm məqamlardan idi. Təqdimatdan sonra şagirdlərin biliklərini müəyyənləşdirmək üçün 10 variantda test tapşırıqları verildi. Nəticələr dərsdə iştirak edən ekspert-müəllimlər tərəfindən yoxlanıldı.
Müəllim dərsin növbəti mərhələsində keçmiş mövzu ilə yeni mövzu arasında ustalıqla əlaqə yaratdı. Belə bir versiya irəli sürdü ki, kimyəvi reaksiyalar haqqında nə qədər geniş məlumat olsa da, kimyəvi reaksiyaların sürəti haqqında bəzi anlayışlar əldə edilsə də, təbiətdə gedən proseslərin, kimyəvi reaksiyaların gedişini tənzimləmək üçün bu biliklər kifayət deyil. Müəllimin bu versiyası ilə yeni mövzunun motivasiyası yaradıldı: Kimyəvi reaksiyaların gedişinə müdaxilə etmək üçün lazım gələrsə onların sürətini artırmaq və ya ləngitmək üçün nə etmək lazımdır? Yeni mövzu məhz bu sualın cavabı ətrafında quruldu. Müəllim bunun əsasında aşağıdakı tədqiqat suallarını müəyyənləşdirdi:-Kimyəvi reaksiyaların sürətinə təsir etmək mümkündürmü?
-Hansı amillər kimyəvi reaksiyaların sürətinə təsir edir? Bundan sonra mövzu elektron formada, eləcə də slaydlarla təqdim olundu. Ardınca kimyəvi reaksiyaların sürətinə təsir edən amillər barədə bir daha qısa müzakirə aparıldı. Təcrübələr nümayiş olundu. Birinci təcrübə kimyəvi reaksiyaların sürətinə kimyəvi maddələrin daxili təbiətinin təsirini isbat etmək məqsədi daşıyırdı. Bunun üçün sınaq şüşəsində rəngsiz məhlul NaOH (qələvi) üzərinə rəngsiz məhlul fenol ftolein (indikator) əlavə olundu. Sınaq şüşəsində dərhal qırmızı bənövşəyi rəng alındı. Sonra həmin sınaq şüşəsinin üzərinə rəngsiz maye halında olan HCL (turşu) əlavə edildi. Sınaq şüşəsindəki qırmızı bənövşəyi rəng dərhal yox oldu. Deməli, bu sınaq şüşəsində aparılan reaksiya böyük sürətlə keçdi.
İkinci reaksiya zamanı sınaq şüşəsində maye halında mavı rəngdə CuSO4 (mis sulfatının) içərisinə iplə bağlanmış dəmir mismar (Fe) daxil edildi. Kimyəvi reaksiya dərhal başlamadı. Müəyyən qədər gözləyəndən sonra mismar sınaq şüşəsindən çıxarıldı. Şagirdlər gördülər ki, mismarın mavi mayedə olan hissəsi qırmızı rəng alıb. Müəllim şagirdlərə izah etdi ki, burada dəmir aktiv metal olaraq misi əvəz edib. Mis isə sərbəst halda mismarın üzərinə çöküb. Deməli, bu sınaq şüşəsində keçən reaksiyanın sürəti bir qədər ləng baş verdi.
Üçüncü təcrübə nəinki şagirdlərin, dərsdə iştirak edən hər kəsin marağına səbəb oldu. Müəllim portağal rəngində olan quru bir maddənin üzərinə bir qədər spirt əlavə etdi və yandırdı. Əvvəlcə reaksiyanın sürəti zəif idi. Lakin bir qədər sonra sanki odlu vulkan püskürdü. Ətrafa yaşıl quru bir maddə səpələndi. Bu reaksiyanın nəticəsində (NH4)Cr2O7 (Amonium bixromat) parçalanması zamanı gözəl effekt yarandı. Bundan sonra daha üç təcrübə aparıldı və təcrübələr ümumiləşdirilərək şagirdlərə nəticə çıxarmaq tapşırıldı. Sagirdlər belə bir nəticəyə gəldilər ki, həqiqətən də kimyəvi reaksiyaların sürəti kimyəvi maddələrin daxili təbiətindən asılıdır.
Növbəti nümayiş reaksiyaların sürətinin katalizatordan asılı olduğunu göstərmək üçün aparıldı. Şagirdlər bu reaksiyadan da belə nəticəyə gəldilər ki, kimyəvi reaksiyaların sürətinə təsir edən amillərdən biri də katalizatordur. Sonra qatılığa, kimyəvi maddələrin hetorgen sistemdə toxunma səthinin böyüklüyü və temperaturun təsirini isbat etmək üçün maraqlı təcrübələr aparıldı. Hər bir təcrübədən sonra şagirdlər kimyadan olan işçi dəftərlərinə qeydlər apardılar. Sonda belə bir nəticəyə gəlindi ki, -kimyəvi reaksiyaların sürətinə təsir etmək olar; -kimyəvi reaksiyaların sürətinə təsir edən amillər aşağıdakılardır:
1. Reaqentlərin kimyəvi təbiəti
2. Reaqentlərin qatılığı
3. Hetoregen sistemdə reagentlərin toxunma səthinin böyüklüyü
4. Temperatur.
5. Katalizator
6. Təzyiq
Şagirdlərin mövzuya aid biliklərini yoxlamaq üçün laboratoriya tapşırığı verildi. Laboratoriya işi üç variantda aparıldı. Şagirdlər cütlərlə işlədilər.
Dərsin növbəti mərhələsində şagirdlər “Problem ağacı” layihəsinin üzərində calışdılar. Ağac 6 yarpaqdan, 6 almadan və ya 6 güldən ibarət kökə bağlı bir sxem formasında idi. Şagirdlər yeni mövzuya aid biliklərindən istifədə edərək “Problem ağacı” layihəsini başa vurdular və öz layihələrini təqdim etdilər.
Sonuncu tapşırıq hər bir şagirdə aid idi. Onlar yeni mövzuya aid 10 variantda test tapşırıqları aldılar. Operativ cavablandırdılar. Ekspert qrupu test cavablarını qiymətləndirdi. Dərsin sonunda qiymətlər elan olundu. Şagirdlər bütün nominasiyalar üzrə qiymətləndirildilər. Dərs maraqlı sonluqla yekunlaşdı. Hər bir şagird benqal işığını yandıraraq sonuncu reaksiyanı nümayiş etdirdilər.
Həqiqə Məmmədovanın nümayiş etdirdiyi “Ustad dərsi” müşahidə edənlər BŞTİ-nin Nərimanov-Nizami rayonu kimya-biologiya üzrə baş məsləhətçisi Tahirə Qədimova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Afilə Cəfərova və başqaları qeyd etdilər ki, dərs müəllim-şagird əməkdaşlığı, qarşılıqlı anlaşma şəraitində keçdi. Şagirdlər kimyəvi reaktivlər, avadanlıqlardan məharətlə istifadə etməklə kimyəvi reaksiyaları uğurla nümayış etdirdilər. Şagirdlərin hazırladıqları kiçik elmi işlər, referatlar onların kimya fənninə olan marağını xarakerizə etmək baxımından da əhəmiyyətli idi. Bütün bunları şübhəsiz ki, təcrübəli müəllim Həqiqə Məmmədova zəngin təcrübəsi, pedaqoji ustalığı, metodiki bacarığı ilə meydana çıxarmışdı. Dərsi müşahidə etdikcə düşünürdüm ki, Həqiqə Məmmədovanın dərsdə əldə etdiyi bu nəticə həm də onun şagirdlərlə müntəzəm işinin, sinifdənxarıc tədbirlərin, eyni zamanda məktəbdə uzun müddətdir ki yaradılan tədqiqatçılıq, elmi axtarıcılıq mühitinin bəhrəsidir. Bu mühitin uğurlu bəhrələri çoxdur və bundan sonra da davam edəcəyi şübhəsizdir.
Sinif elmi laboratoriyanı xatırladırdı
Ustad dərsi məktəbin yüksək səviyyədə təchizatlı kimya kabinetində keçirildi. Hər bir şagirdin stolu üzərində mövzuya dair laboratoriya işlərini aparmaq üçün reaktiv və avadanlıqlar yerləşdirilmişdi. Müəllimin stolunun üzəri isə nümayiş məqsədilə oksigen almaq üçün pribor, reaktiv və avadanlıqlarla zəngin idi. Resursların digər qismini Mendeleyev cədvəli, kimyəvi reaksiyaların başlanması üçün hansı şəraitin olmasanı əks etdirən və kimyəvi reaksiyaların növlərini göstərən stendlər, eləcə də şagird biliklərinin qiymətləndərilməsi cədvəli asılmışdı. Diqqəti həm də şagirdlər tərəfindən hazırlanıb nəfis şəkildə tərtib olunan referatlar, məruzələr, kicik elmi işlər cəlb edirdi. Sinif həqiqi mənada elmi laboratoriyanı xatırladırdı. Ağ xalat geyinmiş şagirdlərin qarşısında dərslik, işçi dəftəri, gündəlik var idi.
Böyükğa MİKAYILLI
Комментарии
Отправить комментарий