
Bu yazı Neftçala rayonundakı Təhsil muzeyinin fəaliyyətinə həsr olunur.
Hər bir xalqın malik olduğu, tarixi baxımdan əhəmiyyət daşıyan maddi, mənəvi abidələri, ədəbi sərvətləri onun muzeylərində qorunub saxlanır, gələcək nəsillər üçün hifz olunur. Muzey xalqın yaddaş kitabıdır. Muzey tarixlə müasir dövr arasında körpüdür. İnsanlar bu körpüdən keçib tarixlərinə, keçmişin mənəvi sərvətlərinə qovuşmaqla onları öyrənir, tarixinin səhifələrini vərəqləyir, onu yaddaşına köçürür. Bu yazıda məqsədim Neftçala şəhər 2 nömrəli tam orta məktəbdə Respublikanın əməkdar müəllimi Tədbir Mahmudovun min bir zəhmətlə yaratdığı Təhsil muzeyini oxucularımıza tanıtmaqdır.
Tədbir müəllim bu muzeyi yaratmaqla öz adını da tarixdə əbədiləşdirmək imkanı qazanıb. Birincisi ona görə ki, bu muzey Bakıdan sonra Respublikamızın rayonlarında yaradılan ilk Təhsil muzeyidir. İkincisi ona görə ki, qocaman müəllim bu muzeyi yaratmaq üçün heç bir maddi dəstək görməyib. Muzeyin 600 – dən artıq eksponatının toplanması, onların səliqəyə salınıb yerləşdirilməsi işini demək olar ki, təkbaşına həyata keçirib. Muzeylə tanış olduqda belə təəssürat yaranır ki, onun tərtibatı işini peşəkar muzey işçiləri həyata keçiriblər. Tədbir müəllim muzey işçisi olmasa da, gördüyü işə sonsuz məhəbbət onun belə bir işi meydana gətirməsinə imkan yaradıb.
Muzey necə yarandı?
Təhsil muzeyi yaratmaq ideyası Tədbir müəllimdə təsadüfən formalaşmayıb. O, Neftçalada təhsilin tarixinin, bu tarixdən boylanan zəngin ənənənin olduğunu çox gözəl bilirdi. Uzun illər Rayon Təhsil Şöbəsinə rəhbərliyi dövründə o, yalnız Neftçala təhsilinin deyil, ümumilikdə Azərbaycan təhsilinin, bu təhsilin inkişafında rolu olan maarifçi ziyalıların həyatını öyrənmiş, onlardan bəziləri ilə şəxsən tanış olmuşdur. Zaman keçdikcə düşüncəsində belə bir fikir yaranmışdır ki, həmin zəngin tarixi ənənələri özündə yaşadacaq, təhsil tariximizin güzgüsünə çevriləcək Təhsil muzeyi yaratsın. “Vaxt” qəzetinin 22 – 31 oktyabr 2010 – cu il tarixli 02(162)-ci sayında muzeyin təşkil olunması məqsədilə yaradılmış təşkilat komitəsinin məqaləsində oxuyuruq: “Düşünürəm... Xəyalımda 1898 – ci ildə Xıllıda məktəbin, təhsilin ilk bünövrəsini qoyan Qori Müəllimlər Seminariyasının məzunu olan Hüseyn Baxşəli oğlu Minasazov, Mirzə Əbülhəsən Axundov, 1920 – ci ildə Züd-Ost Qoltuq kəndində ibtidai məktəbin müdiri Mirzə Heydər Qəniyev, daha sonra 40 ilə yaxın həmin məktəbdə direktor işləmiş Sadıq Sadıqov, Qırmızıkənd kəndində fədakarlıqla maarif işığı yandırandan biri olan Abuzər Ağayev, ömrünü – gününü təhsilə bağlayıb onunla nəfəs alan Respublikanın əməkdar müəllimləri Abduləhməd Sultanov, Abdulhəmid Axundov, Akif Cəfərov, Ələkbər Əliyev, Ələsgər Əliyev, İsmayıl İbrahimov və onlarla belə zəngin, maraqlı, dərin məlumatlı, işıqlı insanları bugünkü gənc nəslillərə kim nümunə göstərəcək? Belə təhsil fədailərini yada salmaq, onların xatirəsini əziz tutmaq, müqəddıs ruhlarını bir məkanda cəmləşdirmək, əbədiləşdirib ziyarətgaha çevirmək məni xeyli müddətdir daxilən düşündürüb narahat edirdi. Sanki onların müqəddəs ruhları ətrafımda dolaşır, məni rahat buraxmırdı.”
Tədbir Mahmudov arzusunu reallaşdırmaq üçün yollar arayır, dostları, təhsil fədailəri ilə məsləhətləşir, öz istəklərini onlarla bölüşür. Bu arzu, bu istək bir təhsil fədaisinin düşüncələrini ifadə etməklə, tarixi, mənəvi xəzinəmizi yaşatmaq amallarını özündə daşıdığı üçün bəyənilir, rəğbətlə qarşılanır. O, öz fikirlərini ilk olaraq tanınmış məktəbşünas, uzun illər Xıllı məktəbinə rəhbərlik etmiş Siyasət Talıbovla, uzun müddət Neftçala Rayon Təhsil Şöbəsində çalışmış Mehman Tağıyevlə, maarifçi kimi tanınan Tahir Əsədovla bölüşür. Tədbir müəllimin Təhsil muzeyi yaratmaq ideyası maarifçi dostlarının böyük rəğbəti ilə qarşılanır. Nəhayət onun bu fikri Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun vasitəsilə rayonun o vaxtkı İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova çatdırılır və bu təşəbbüs onun tərəfindən də bəyənilir. O zamankı Təhsil naziri Misir Mərdanova ünvanlanan məktub da muzeyin yaradılması yolunda yaşıl işıq yandırır. Rayon Təhsil Şöbəsinin sərəncamı ilə təşkilat komitəsi, elmi – metodik şura yaradılaraq muzeyin təşkili işlərinə başlanılır. Qərara alınır ki, Neftçala şəhər 2 nömrəli tam orta məktəbin binasında muzey üçün müvafiq yer ayrılsın. Belə də olur. Məktəbin o zamankı direktoru Aygün Abdullayeva təşkilat komitəsinə muzeyin təşkili üçün hər cür dəstəyi göstərir. Beləliklə, muzey fəaliyyətə başlayır. Amma bu, hələ işin başlanğıcı idi. Tədbir Mahmudovun tarixi yaşatmaq üçün görəcəyi çətin və məsuliyyətli işi hələ qarşıda idi. Onu gərgin iş gözləyirdi.
İlk növbədə 2 nömrəli tam orta məktəbdə ayrılmış otaqlar qaydaya salındı. Eksponatların yerləşdirilməsi üçün yerlər hazırlandı. Uzun illər məktəblərdə rəssamlıq və tərtibat işləri ilə məşğul olan Fikrət İmanov da Tədbir müəllimin səsinə səs verib komək əlini uzatdı. Tədbir müəllim məhz Fikrət İmanovla birgə Bakıya yollanıb Təhsil nazirliyinin 1940 – cı ildən fəaliyyət göstərən “Xalq Təhsili Muzeyi”nin işi ilə tanış oldular. Muzeyin direktoru Lalə Bayramovanın, fondun direktoru Aliyə xanımın informasiyaları sayəsində Neftçalaya “əlidolu” qayıtdılar. Onlar artıq muzeydə işlərin istiqamətləndirilməsi haqqında xeyli məlumata malik idilər. Odur ki, dayanmadan işə başladılar. Qısa zaman ərzində eksponatlar yerləşdirildi. Bundan sonra qarşıda dayanan ən mühüm vəzifə muzeyin fəaliyyətinin rəsmi əsaslar üzərində qurulması idi. Elə buna görə də Tədbir müəllim Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə məktubla müraciət edir. O, bu məktubda muzeyin fəaliyyətini tam olaraq xarakterizə edir, onun əhəmiyyətini, eksponatların tarixi mahiyyətini açıqlayır. Çox keçmir - 2014 – cü il aprel ayının 14 – də məktuba cavab gəlir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev məktuba cavab olaraq imzaladığı əmrdə göstərir ki, 15 aprel 2014-cü il tarixdən Neftçala rayonunun 2 nömrəli tam orta məktəbində təşkil edilmiş, ictimai əsaslarla fəaliyyət göstərən muzey Neftçala rayon Tarix – Diyarşünaslıq Muzeyinin filialına çevrilsin. Bu əmr təsadüfdən yaranmamışdı. Tədbir müəllim əmrdə də göstərildiyi kimi, 2 nömrəli tam orta məktəbin 200 kv.m sahəsi olan otaqlarında rayonun elm, təhsil tarixini əks etdirən müxtəlif xarakterli foto, arxiv sənədləri, orden və medallar, rəsm əsərləri və s. ibarət muzey təşkil etmişdir. İctimai əsaslarla fəaliyyət göstərən muzeyin kolleksiyasına mütəxəssislər tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, toplanmış eksponatların əksəriyyəti elmi, tarixi və bədii əhəmiyyət kəsb edir. Əmrdə həmçinin o da qeyd olunur ki, filialın saxlanılması rayon tarix – diyarşünaslıq muzeyinin ştat vahidlləri hesabına həyata keçirilsin.
Tədbir Mahmudov Təhsil muzeyini yaratdığı vaxtdan dincəlmək bilmədən onun zənginləşməsi, qiymətli eksponatlarla təmin olunması istiqamətində çalışmaqdadır. Muzeyə daxil olarkən, əslində bu zənginlik tamaşaçını öz ağuşuna alıb ədəbiyyat, mədəniyyət, təhsil, incəsənət, məktəb tariximizin əsrarəngiz aləminə aparır. Belə bir təəssürat yaradır ki, bu muzey özündə yalnız Neftçala təhsilinin deyil, Azərbaycan, eləcə də türk dünyası tarixinin mühüm məqamlarını yaşatmaqadadır. Muzeydə nümayiş olunan eksponatlar arasında Azərbaycanın görkəmli ədiblərinin, ictimai – siyasi xadimlərinin kətan üzərinə rəngli boya ilə çəkilmiş rəsmləri, onların keçdikləri şərəfli ömür yolundan fraqmentlərin əks olunması, Türk dünyasının görkəmli maarifçi qadınlarının portretləri, “Molla Nəsrəddin” jurnalının 12 cildlik orijinal nüsxəsi, görkəmli rəssamların yaratdıqları tarixi şəxsiyyətlərin portretləri, Azərbaycan elminin, təhsilinin inkişafında xüsusi xidmətləri olan elm, mədəniyyət xadimlərinin, Neftçalada dünyəvi təhsilin 120 ildən artıq tarixini, rayon təhsilinin inkişafında rol oynamış maarif fədailərinin fəaliyyətini əks etdirən nadir fotolar, arxiv sənədləri böyük maraq doğurur. Tədbir Mahmudov muzeyə elə eksponatları toplamağa nail olub ki, onları həqiqətən də gənc nəslə öyrətmək, gələcək nəsillər üçün qoruyub saxlamaq əhəmiyyətlidir. Nümayiş olunan görkəmli müəllimlərin fotoları arasında Xıllı məktəbində dərs aldığım müəllimləri də görmək məndə qürur hissi yaratdı. Bu məqamda bir məsələyə toxunmağı vacib hesab edirəm. Neftçalada təhsilin inkişafında, gənc nəslin elmin sirlərinə yiyələnməsində, kamil şəxsiyyət kimi formalaşması yolunda ömrünü fəda etmiş ustad müəllimlər çox olub. Mən onların bəzilərinin adlarını eşitmiş, bəzilərindən isə dərs almışam. Abuzər Ağayev, Abduləhməd Sultanov, Siyasət Talıbov, Böyükağa Bağırov, Mirtağı Miriyev və onlarla başqaları... Sevindirici haldır ki, Tədbir Mahmudov belə müəllimlər haqqında məlumata muzeydə yer verməklə onları ruhən yaşadır, gənc nəslə tanıdır. Sevindirici hal həm də odur ki, muzeydə yaşlı nəslin nümayəndələri ilə yanaşı, elmdə, təhsildə, incəsənətdə, rəssamlıqda uğur əldə etmiş gənclərə də muzeydə xüsusi yer ayrılıb, varislik prinspinə əməl olunub. O, hər bir eksponata, hər bir tarixi fakta xüsusi diqqət və həssaslıqla yanaşmaqla onu ən qiymətli tarixi miras kimi qorumaqda, yaşatmaqdadır. Tarixi, milli – mənəvi sərvətləri, adət - ənənələri qoruyub saxlamaq, onu gələcək nəsillərə bir miras olaraq ötürmək əsl vətəndaş qeyrəti, milli təəssübkeşlik, torpağa, Vətənə, millətə bağlılıq deməkdir. Ömrü boyu bu amala xidmət edən Tədbir müəllimin bu günkü missiyası da məhz bu müqəddəs işə xidmətdən yoğrulub...
Böyükağa MİKAYILLI
Комментарии
Отправить комментарий