ŞAGİRDLƏRİN VƏTƏN SEVGİSİ




“Təhsil və zaman” qəzetinin 04.06.2017-ci il tarixli sayında dərc olunan bu yazı Füzuli rayonu 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Hüseynovanın iş təcrübəsindən bəhs edir.

Vüsalə Hüseynovanın dərsi haqqında düşünərkən prosesin sonunda diqqətimi cəlb edən bir məqamı öncədən qeyd etmək istərdim. Şagirdlərinə verdiyi ev tapşırığına əsasən onlar rəngli kağız parçalarından Azərbaycan bayrağı ərsəyə gətirməli idilər. Birincilər bu tapşırığı o qədər böyük həvəslə qarşıladılar ki, onların bayraq sevgilərini aydınca görmək mümkün idi. Mən o müəllimə hər zaman minnətdar olmuşam ki, milli – mənəvi dəyərlərimizi, adət - ənənələrimizi mənəvi incilərimizi yetirmələrinin təfəkküründə əks etdirə, hələ kiçik yaşlarından onların mənəvi dünyasında Vətənin, torpağın, ananın nə demək olduğu hissini aşılaya bilə. Vüsalə Hüseynovanın izlədiyim dərslərində bu məqam aydınlığı ilə diqqətimi cəlb etdi. 
“Həyat bilgisi”ndən birinci sinifdə izlədiyim dərsin mövzusu “Dövlət rəmzləri” idi. Vüsalə Hüseynova bu dərsdə birincilərinin qarşısına Azərbaycan Respublikasının Dövlət rəmzlərini sadalamağı, onları bir – birindən fərqləndirməyi, Dövlətimizin himnini oxumağı, məqsəd kimi qoymuşdu. Öncə himnimizi ifa etdilər və ürəklərindən su içən səsləri ilə mənəvi varlığımızın sütunu olan bu böyük əsərə öz sevgilərini bildirdilər. Vüsalə Hüseynova bu əsəri şagirdlərinə ruhumuzun, mənəvi varlığımızın ucalığı kimi səsləndirməyi aşılaya bilmişdi. Himn varlıımızdan doğulub, kimliyimizi, mənəvi gücümüzü ifadə edən səsdir. Onu sıradan bir mahnı kimi oxumaq onu tam mahiyyəti ilə anlamamaq anlamına gələrdi. Birincilərin himn ifaları üzərində xüsusi dayanmağım, əslində mənim nəzərlərimdə dərsin məhz bu ifa üzərində köklənməsi fikrinə gəlməyimlə bağlıdır. Müəllimin bir az sonra ünvanlayacağı sual və dərsin motivasiya mərhələsi hesab olunacaq mərhələsi də elə himn üzərində qurulmuşdu. Bir sözlə, Himn ifası həmin gün üçün motivasiya idi. Bəs görək birincilər Himn haqqında ətraflı məlumuta malikdirlərmi? Məsələn, onlar Dövlət himnimizin musiqisinin kim tərəfindən bəstələndiyini bilirlərmi? Bəs onun sözlərini kimin yazdığını necə? Ümumiyyətlə, Azərbaycanın Dövlət Himni dövlətimizin nəyi hesab olunur? Bu suallar sinifdə canlanma yaranmasına səbəb oldu. Və onların verdikləri cavablardan aydın oldu ki, Vüsalə Hüseynova yetirmələrini tədris etdiyi mövzunun daxili aləminə səyahətə çıxarmağı bacarır. Təcrübəli müəllim dərk edir ki, həqiqəti öyrətməyin yolu mövzunun mahiyyətini göstərməkdən keçir. Həqiqətin açarı mahiyyətdədir. Məni şagirdlərin cavablarında maraqlandıran məqam həm də o idi ki, onlar Üzeyir Hacıbəylini, Əhməd Cavadı Azərbaycanın dahi sənətkarları, görkəmli şəxsiyyətləri kimi tanıyırlar. Bir sözlə, Vüsalə Hüseynova şagirdlərinin ürəyində mənəvi sərvətlərimiz, milli-mənəvi dəyərlərimizə məhəbbətin, sevginin dayaqlarını, kökünü yarada bilib və qarşıdakı üç il bu dayaqlar üzərində dayanacaq, yeni – yeni biliklərin əldə olunmasına təməl olacaqdır. Buna şübhə yoxdur. 

Vüsalə Hüseynovanın sinfə ünvanladığı “Dövlət rəmzlərinin simvollarının mənalarını bilirikmi?” tədqiqat sualı birincilərin mövzuya daha dərindən nüfuz etmələrinə istiqamət verdi. Onlar “Gerb”, “Bayraq”, “Himn” qruplarına bölündülər. “Gerb” qrupu “Hansı şəkildə dövlətimizin iki rəmzi əks olunub?”, “Bayrağımızın rənglərini və qarşısında mənalarını yazın”, “Bayraq” qrupu “Verilmiş şəkillərdəki bayraqların hansı dövlətə aid olduğunu müəyyənləşdirin”, “Uyğun gələn sözləri yazmaqla cümlələri tamamlayın”, “Himn” qrupu “Şəkildə göstərilənlərin adlarını müvafiq sıralarda yazın”, “Şəkildə göstərilənlərdən hansının dövlət rəmzi olmadığını göstərin” tapşırıqları üzərində işləməyə başladılar. Diqqətimi cəlb edən o idi ki, Vüsalə Hüseynova şagirdlərini qoyulmuş problemin həlli istiqamətində optimal yolla aparırdı. Biz, müəllimin sinifdə, cəmiyyətdə hər zaman nümunə olduğunu dönə - dönə vurğulayırıq. Söhbət əlbəttə ki, müəllimin şəxsi mənəvi keyfiyyətlərindən, eləcə də müəllim kimi peşəkarlıq səviyyəsindən gedir. Müəllimin sinifdə seçdiyi öyrətmə taktikası, metod və üsullara yanaşma manerası da əslində şagirdləri üçün həm də bir nümunədir. Məsələ nəyi hansı səviyyədə öyrətməklə bərabər, həm də necə öyrətməkdən asılıdır. Əgər müəllim öyrətmək üçün optimal yol seçəcək, lakonik danışacaq, uzunçuluğa varmayacaq, dərs prosesini şagird şəxsiyyətinə hörmət prinsipləri üzərində quracaq, ayrı – seçkiliyə yol verməyəcək, dərsi həyatla, cəmiyyətlə, insanın əxlaqi – mənəvi dünyası ilə əlaqələndirib tədris edəcəksə, onun bu yanaşması şagirdinin də mövzunu qavramasında mühüm rol oynamaqla bərabər onun mənəvi keyfiyyətlərinin, həyata baxışlarının formalaşmasına təsir edəcəkdir. Vüsalə Hüseynova mənəvi kamillik yolunun məhz mənəvi - əxlaqi keyfiyyətlərin saflığı və zənginliyindən keçdiyini dərk edərək, tətbiq etdiyi yanaşmalarda da elə buna əsaslanır. O, tədqiqat sualında verdiyi tapşırıqları həyatın ən vacib məqamları ilə əlaqələndirib təqdim etməklə, şagirdlərini düşündürür, onlarda hər qoyulan sualda bir məna axtarmaq, dəyər vermək hissi yaradırdı. Məsələn, bayrağımızda əks olunan rənglərin mənalarını izah edərkən onlar mavi rəngin Türkçülüyü ifadə etdiyini dilə gətirsələr də, onu həm də təbiətlə əlaqələndirir, bu rəngin təbiətdə inikasını xarakteriə edirdilər. Diqqətimi həm də birincilərin fikirlərini sərbəst və səlis ifadə etmələri, müəllimin suallarındakı fikrin mənasını dərhal anlamaları, cavabları yaşlarına müvafiq elmi cəhətdən dolğunluğu ilə təqdim etmələri idi. Vüsalə Hüseynovanın uğuru həm də ondadır ki, mövzunun hər məqamını elmlə, həyatla əlaqələndirib, şagirdə onu məhz vəhdət halında təqdim etməyi bacarır. Elə bir situasiya yaradır ki, şagird qoyulan sualın cavabını öyrənməyə həvəslənsin. Həm də onun elmi izahını tapa bilsin. Bu zaman Vüsalə Hüseynova daha çox inteqrativliyə üstünlük verir. Şagirddə maraq oyatmaq üçün inteqrasiya mühüm əhəmiyyətə malikdir. Bəzən ədəbiyyatdan elə sual qarşımıza çıxa bilər ki, musiqisiz ötüşə bilmərik, yaxud da əksinə. Gerçəklik elmdə olduğu kimi, bütün elmlər də həyatdan qaynaqlandığı kimi, həyatın verdiyi sualların da cavabı elm və həyatın vəhdətindədir. Dərs elmlə həyatın vəhdətindən yarandıqda sənət əsərinə çevrilir. Bu vəhdəti sinifə gətirmək isə müəllimin ustalığından asılıdır. Necə ki, dərsin sonrakı hissəsində biz müəllimin həyatdan gətirdiyi misallar, nümunələrlə, onlarda mənəvi dəyərlərə yaratdığı ehtiramın şahidi olacaqdıq. Mən bu dərsdə bir məqamı da xüsusi diqqətdə saxlayırdım. Sinifdəki uşaqların böyük əksəriyyəti əslən Azərbaycanın erməni işğalı altında olan Füzuli rayonundadır. Dərsin müəyyən anlarında işğal altında olan torpaqlarımızın xatırlanması, bu istiqamətdə şagirdlərin biliklərinin yoxlanılması təqdirəlayiq hal kimi səciyyələndirilə bilər. Nəhayət, 2016 – cı ilin aprel ayında Azərbaycan ordusunun rəşadətini göstərən Lələtəpə döyüşlərini misal çəkən müəllim monitorda Lələtəpədə dalğalanan Azərbaycan bayrağını göstərməklə, mənəvi qüdrətimizi, torpaqlarımızı erməni işğalından azad edəcəyimizə inamımızı nümayiş etdirdi. Ümumiyyətlə, Vüsalə Hüseynovanın apardığı dərs şəxsiyyətin mənəvi dünyasının zənginləşməsinə xidmət edən məqamlarla bol idi. Qrup tapşırıqlarında irəli sürülən suallardan birinə qiqqət yetirək. O, “Dövlət rəmzləri” mövzusunun tədrisində şagirdlərinə xalqımızın qədim musiqi aləti olan tar, milli adət - ənənələrimizdən süzülüb gələn xonça, səməni, tonqalla bağlı suallar ünvanlayırsa, hansı məqsədi daşıyır? Baxın, məsələnin də mahiyyəti bundadır. Biz, bir mövzunu tədris ediriksə, o mövzu mənəvi dəyərimizlə bağlıdırsa, onun tədrisinə kompleks halda yanaşmağımız çox yaxşı nəticələr verərdi. Müəllimin irəli sürdüyü bu kimi məsələlər sinifdə mənəvi dəyərlərə ehtiram ab – havası yaratmaqla, şagirdlərin mövzunu daha yaxşı mənimsəmələrinə yol açırdı. Nəhayət, Azərbaycan barağını nüfuzlu idman yarışlarında, musiqi festivallarında ucaldan, bununla da ölkəmizin adını yüksəklərə qaldıran dəyərli oğullarımız haqqında video – çarxın nümayişi şagirdlərin bayrağımız haqqında təsəvvürlərinin daha geniş məna kəsb etməsi üçün yol açdı.
Müəllimin də məqsədi elə bu idi. Dövlətimizin rəmzlərini tanımaq, onların hansı mənanı ehtiva etdiyini bilməklə yanaşı, onun mənəvi mahiyyətini də aşılamaq idi. Bayraq, Himn, Gerb – bunların hər biri daşıdıqları məna, mahiyyətlə hər bir Azərbaycanlının ruhunda, ürək döyüntülərindədir. Bu hissi isə müəllimlər uşaqlara hələ kiçik ikən aşılamalı, onlara olan sevginin daim ürəklərdə yaşamasına yol açmalıdırlar. Vüsalə Hüseynova kimi...




Böyükağa MİKAYILLI













Комментарии