HƏYATDAN QAYNAQLANAN CAVABLAR


Bu yazı Bakının Xətai rayonundakı 165 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Sürəyya Ağcayevanın iş təcrübəsindən bəhs edir.

Sürəyya Ağcayeva haqqında bir müəllim kimi eşitdiklərim və qiyabi olaraq gəldiyim qənaət izlədiyim dərsindən sonra demək ola ki, bütövləşdi. Əslində mən onun dərsini hər gün “izləyirdim”. O, bir müəllim olaraq şəgirdinin qəlbinə köçüb orada özünə əbədi yuva qurmağı bacaran müəllimlərdəndir. Mənim fikrimcə, müəllimin şagirdini yüksək səviyyədə öyrətməsi, mövzunun kifayət qədər öyrənilməsinə nail olması, müəllimin həmin mövzunu yalnız lazımı səviyyədə bilməsi ilə tamamlanmır. Müəllimin sinifdə, şagirdinin qarşısında bir şəxsiyyət olaraq dayanması, şagirdinə öyrədəcəklərini qəlbinin hərarəti, səsinin məlahəti ilə təqdim etməsi öyrətmənin ən mühüm şərti kimi dəyərəndirilə bilər. Sürəyya Ağcayeva mənim tanıdığım altıncılar, ümumən yetirmələri üçün məhz belə bir zirvəni fəth etmiş müəllimlərdəndir. Müəllimin ustalığı da məhz bundadır: yalnız elmi ilə deyil, həm də şəxsiyyəti, örnək olan həyat yolu, mənəvi dünyası ilə öyrətmək. Təlimdə uğur qazanmaq həm də müəllimin şəxsiyyət bütövlüyü ilə bağlıdır. Şagirdin idrakına, təfəkkürünə, mənəvi dünyasına bir insan olaraq köçmədən, onun qəlbinə öz adını böyük hərflərlə yazmadan onu sözün həqiqi mənasında öyrətmək mümkün deyil.

Sürəyya Ağcayevanın 6 – cı sinifdə apardığı “Müxtəlif işarəli ədədlərin toplanması” mövzusunda dərs mənə həyat ilə elm arasında körpünü xatırladırdı. Onun qoyduğu tapşırıqlar, bu tapşırıqları yerinə yetirmək üçün tətbiq olunan metodlar mürəkkəb riyazi tapşırıqların astanasında olan altıncılar üçün münasib görünürdü. Əgər belə demək mümkünsə, sadədən mürəkkəbə doğru prinspinə ustalıqla əməl olunurdu. Hələ bir fikir də tam yerinə düşmüşdü: “Riyaziyyat – çoxumuzun qorxulu yuxusu, başının bəlası...Doğrudanmı, riyaziyyat bu qədər çətin və qorxuncdur? Yəqin ki, “Bəli, daha betərdir, deyənlər var!” Amma əminik ki, onlar bu təqdimatın sonuna çatanda fikirlərini dəyişəcəklər.” Sürəyya Ağcayeva bu fikirləri irəli sürməklə daha çox özünü məsuliyyət qarşısında qoymuşdu. O, çətin tapşırıqlar fonunda bu vəzifənin öhdəsindən gələ biləcəkdimi? Etiraf edim ki, mən Sürəyya müəllimin şagirdlərinin cavablarının dərin zəkadan qaynaqlandığının və məntiqə söykəndiyinin şahidi olduğum üçün düşünürdüm ki, onlar zaman-zaman təfəkkürlərini nəzəri və təcrübi işlərlə zənginləşdirirlər. Onların həll etdikləri misal və məsələlər əsl təfəkkür məşqləri idi. Deyilə bilər ki, bu həlletmələrin digər həlletmələrdən fərqi nədə idi? Bunları nə üçün təfəkkür məşqlər hesab edirik? Mənim fikrimcə, fərqlilik Sürəyya müəllimin qoyduğu suallarda deyil, almaq istədiyi cavablada idi. Sevindirici hal idi ki, bu cavablarda onu görmək mümkün idi. Onların cavablarından elm və həyat hadisələrinin vəhdəti təzahür edirdi. Riyaziyyatın həyatla əlaqələndirilməsi və bunun şagirdlərin təqdimatında görünməsi mükəmməl təcrübə kimi diqqətimi cəlb edirdi. Diqqətimi cəlb edən mühüm məqamlardan biri də dərsin motivasiya mərhələsi oldu. Bu mərhələdə müəllim kitabın üzərində verilən misallar ətrafında şagirdləri sorğuya cəlb etməklə, sinfin ahəngini nizamladı. Verilən suallar keçilmiş mövzulardan idi. Şagirdlər bu sualları mükəmməl cavablandırmaqla sinfə yüksək əhval-ruhiyyə bəxş etdilər. Bu mərhələdən özüm üçün aydınlışdırdım ki, Sürəyya müəllim şagirdlərinin riyazi təfəkkürünün, sinfin riyazi ab-havasının, ümumilikdə riyaziyyatçılar sinfinin təməlini yaratmağı bacarır. Buradan belə bir qənaətə gəlmək mümkündür ki, Sürəyya müəllim şagirdlərinin təfəkküründə riyaziyyata maraq yaratmaqla, riyaziyyat sevgisinin təməlini qoyur. Gələcək riyaziyyat və elm sevgisi də elə bu təməl üzərində inkişaf edir. 

Müəllimin irəli sürdüyü – “Toplamanın xassələrini müxtəlif işarəli ədədlərin toplanmasına tətbiq etmək olarmı?” tədqiqat sualı qeyd etdiyim kimi, müəllimin almaq istədiyi zəkavi cavablar üçün əsas olacaqdı. Bu məqamda elektron lövhədə verilən suallar qrup işləri qabağı hazırlıq mərhələsi kimi də diqqəti cəlb edə bilərdi. Şagirdlər ədəd oxu üzərində müxtəlif işarəli iki ədədin toplanması tapşırığını yerinə yetirməklə dərsin daha məsuliyyətli mərhələsinə hazırlıqlı gedəcəkdilər. 

Qrup işlərini nə üçün daha məsuliyyətli mərhələ hesab edirəm? 

Dərsin məhz qrup mərhələsində müəllim şagirdlərinin yalnız elmi baxımdan deyil, həm də mənəvi, psixoloji, sosial, ictimai hazırlıq səviyyəsini özü üçün müəyyən edə,qiymətləndirmədə bu amillərdən yararlana bilər. Sürəya müəllim də bu amildən bacarıqla istifadə edə bildi. Qrupların tapşırıqlarına nəzər salaq: 

“Vurma” qrupu a= -42, b=87 olarsa, aşağıdakı ifadələrin fərqini tapın:
a+b
IaI+b
IbI+a
Ia+bI
“Toplama” qrupu /x+y/+x ifadəsinin qiymətini tapın.
X=77 y= - 89
X= - 100 y= - 673
X= - 99 y= - 20

“Bölmə” qrupu
Im+nI və ImI+InI ifadələrinin qiymətini müqayisə edin

m= - 64 n= 10
n= - 233 n= - 335

“Çıxma” qrupu
Cəmi tapın:
(-2)+(-5)+(-9)+4+5+8=
(-6)+(-7)+(-12)+14+15+23=
1+(-2)+(-8)+6+(-9)+(-4)+5+21=
20+(-19)+34+(-22)+45+(-10)=


misalları üzərində işlədilər.
Qrupların cavablarından ümumilikdə özüm üçün çıxardığım nəticələr əsas etibarilə müəllimin riyaziyyatın əsil mahiyyətinin şagirdlərinin təfəkküründə əks olunması, riyaziyyatın yaranması tarixi, bu kontesktdə Şərq alimlərinin rolu şagirdlərin cavablarında bu və digər formada yer alırdı. Bu dərsdə seyrçi qalan şagird yox idi. Kimisi verilən tapşırığı elektron lövhədə həll edir, kimisi bu tapşırığın iqtisadi, kimisi həyatla əlaqəsini izah edir, bütün bunlar müəllim və şagirdlərin ürəklərindən qopan arzuların ifadəsi kimi səslənirdi. Müəllim dərsin müəyyən məqamlarında Şərqin görkəmli riyaziyyatçılarının adlarını çəkir, onları tədris etdiyi mövzu ilə əlaqəndirir, şagirdlər isə adı çəkilən alimin elmə bəxş etdiyi yenilikləri dilə gətirirdilər. Bir sözlə desək, dərs riyaziyyat və cəmiyyət məsələlərinin sintezindən, müqayisələrdən həyat həqiqətlərinin meydana qoyulması ilə şərtlənirdi. Qruplar birilərinə yeri gəldikcə suallar ünvanlayır, əməkdaşlığa cəlb olunur, bəzi məqamlarda yarışa girir, üstünlüklərini sübut etməyə çalışırdılar. Rəqabət daha maraqlı cavabların meydana çıxmasına, eləcə də şagirdlərin daha həvəslə işləməsinə yol açırdı. Sürəyya müəllim və altıncılar sanki yalnız həmin günün mövzusu ilə deyil, ümumilikdə riyaziyyatla yaşayırdılar. Onların ürəkləri həmin anda riyaziyyatla, onun mürəkkəb labrintlərində döyünürdü. Həll edilən məsələ-misallar isə bu labrintlərdə onların yolunu işıqlandırmaqda idi. Onlar üçün axtardıqları sualların cavabı yalnız keçdikləri mövzudan deyil, həyatın özündən qaynaqlanırdı. Sürəyya müəllimin təlimə yanaşma prinsipi məhz bundan ibarət idi. 

Sürəyya Ağcayeva istər kiçik qruplarla, istərsə də bütün siniflə işləyərkən, nəzərə aldığı ən mühüm amil prosesdə hər bir şagirdin iştirakının təmin olunması idi. Müəllimin qoyduğu suallar da prosesdə hər kəsin iştirakına şərait yaradırdı. Əslində bu, yalnız şagirdin öz biliklərini meydana qoyması üçün deyil, həm də onların ayrı-ayrılıqda, eləcə də sinfin bir komanda olaraq özünəinam hissinin yaranmasına səbəb olurdu. Dərsin sonuna yaxınlaşdıqca isə müəllimin əvvəldə sinfə elan etdiyi - “Riyaziyyat – çoxumuzun qorxulu yuxusu, başının bəlası...Doğrudanmı, riyaziyyat bu qədər çətin və qorxuncdur? Yəqin ki, “Bəli, daha betərdir, deyənlər var!” Amma əminik ki, onlar bu təqdimatın sonuna çatanda fikirlərini dəyişəcəklər.” fikir öz-özünə aydınlaşırdı. Aydınlaşırdı ki, istənilən uzaq yola çıxan adam ürəyinin dərinliklərində də olsa o yolun çətinliklərini, qarşılaşa biləcəyi maneələri düşünür. Bu yol o zaman rahatlıqla gedilir ki, qarşıya qoyulmuş aydın məqsədin, bu məqsədə çatmaq üçün sənə dəstək verən yol yoldaşların olsun. Altıncıların məqsədi aydın görünürdü, Sürəyya Ağcayeva isə onlara cığır açan ustad təsiri bağışlayırdı. Onlar dərsin sonunda qarşılarına qoyduqları məsqədə: müxtəlif işarəli ədədlərin cəmini tapmağa, ədəd oxu üzərində müxtəlif işarəli ədədin toplanmasını modelləşdirməyə nail oldular. Ən əsası isə bu riyazi problemin həyatla əlaqəsini öyrəndilər, onun həyati mənasını anladılar. Evə verilən tapşırıqda isə bu mövzunun daha mükəmməl mənimsəyəcəklərinə şübhə yeri qoymadılar. 

Dərsin sonunda təcrübəli müəllim şagirdlərini nümunələrlə izahetmə, şərhetmə, təqdimetmə, tapşırığı tam və uyğun yerinəyetirmə, vaxta riayətetmə, əməkdaşlıqetmə meyarlarına uyğun olaraq qiymətləndirdi. 



Böyükağa MİKAYILLI








Комментарии