Bu yazı Bakı şəhəri Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Məhsəti Cəfərovanın iş təcrübəsindən bəhs edir.
Bir il öncə qələmə aldığım “Həyat eşqi ilə” adlı məqaləmdə Bakının Suraxanı rayonundakı E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi, məktəbin “İstedadlılar” dərnəyinin rəhbəri Məhsəti Cəfərovanın iş təcrübəsini xarakterizə etməyə, təcrübəli müəllimin pedaqoji fəaliyyətinin özünəməxsus nüanslarını oxuculara təqdim etməyə çalışmışdım. Elə o zaman Məhsəti Cəfərovanın bir dərs çərçivəsinə, 45 dəqiqəyə sığdıra bilmədikləri, elə mənim də bir səhifəlik qəzet məqaləsində qələmə ala bilmədiklərim ürəyimdə qalmışdı. Qismət elə gətirdi ki, bu günlərdə Məhsəti Cəfərovanın dərsində yenidən olmaq, onun istedadlı yetirmələrinin yaratdıqları möcüzəli aləmin sehrinə düşmək yenidən nəsibim oldu.
Onların yaratdıqları möcüzəli aləm məktəbin foyesində artıq öz pərəstişkarlarını gözləyirdi. Burada məktəbin “İstedadlılar” dərnəyinin üzvü Leylan Cəfərzadənin rəsmləri, eləcə də onun əl işlərinə verilmiş dəyəri özündə yaşadan sertifikatlar, diplomlar yer almışdı. Doğrusu, hələ məktəbli ikən Leylanın əldə etdiyi bu böyük uğurlar ancaq fərəh hissi doğura bilər. Maraqlıdır ki, bu istedadlı yeniyetmənin rəsm sərgiləri Azərbaycanda dəfələrlə, eləcə də xaricdə sərgilənməklə, beynəlxalq diplomlarla mükafatlandırılıb. Leylanın kiçik yaşlarından əldə etdiyi bu uğurlar onun gələcəkdə daha böyük nailiyyətlər əldə etməsi üçün təməl sayıla bilər. Bəs Leylanın rəsmlərindəkı diqqətçəkən məqamlar nədən ibarətdir? Leylanın rəsmləri insanın həyata sonsuz sevigisinin, təbiət vurğunluğunun əks – sədası təsiri bağışlayır. Onlar Günəş kimi işıqlı, qızılgül kimi ətirli, okean dalğaları kimi təlatümlü, uca dağ zirvəsində dövrə vuran qartal kimi heyrətamiz görünür. Rəsmlərin hər birində istedadlı Leylanın ürəyini görmək mümkündür. Çünki o, hər bir rəsmini ürəyinin hərarəti ilə isidib, onların hər birinə sanki uçmaq üçün qol – qanad, yaşamaq üçün ruh bəxş edir...Leylan öz rəsmləri ilə “dalğalar üzərində yeriyən adam”a bənzəyir. Sərgidə Leylanın əl işləri olan ebru nümunələri də nümayiş olunurdu. O, bu əsərlərinin də ruhuna günəş parlaqlığı, təbiət nəfəsi bəxş edə bilmişdi...
Həmin gün məktəbin daha bir istedadlı şagirdi Fərid Məmmədovun da sərgisi keçirildi. Yeniyetmə rəssamın rəsmləri həyat haqqında düşüncələrinin ifadəsi kimi təcəssüm olunmuşdu.
Sərgi ilə tanışlıqdan sonra sinif otağına keçirik. Məhsəti Cəfərova bu dəfə də öz ənənəsinə sadiqdir. Dərs istedadlıların müxtəlif vaxtlarda ərsəyə gətirdikləri əl işlərinin əhatəsində davam edəcək. Mənim fikrimcə, yaradılmış bu fonun özü də dərsin yaradıcı ab – havada davam etməsi üçün mühüm bir əsasdır. Amma Məhsəti Cəfərovanın bu dərs üçün planlaşdırdığı ən maraqlı məqam hələ qarşıda idi. Onun bu dərnək məşğələsi də müəllimin yeniliklər axtarışlarının uğurlu nəticəsi kimi özün göstərdi. Dərnək məşğələsinin mövzusu Səttar Bəhlulzadə, təbiət və mənzərə janrı seçilmişdi. Bu məşğələyə ayrılan 3 saatın 2-si praktik, 1 saatı nəzəri dərs kimi planlaşdırılmışdı. Praktik saatda şagirdlər dərsin motivasiya mərhələsində fəallaşdırılaraq, təbiət və mənzərə janrına aid suallarla yaddaşlarını təzələdilər. Onlara mənzərə və təbiət janrında rəsm çəkmək tapşırıldı. İş prosesinə müəllim fərdi nəzarət edərək suallarla şagirdləri istiqamətləndirdi. Kiçik həcmli video görüntülərdən rəsmlərin necə çəkildiyini izlədilər. Şagirdlərin marağından yaranan sualların dərsin nəzəri hissəsində cavablandırılacağı nəzərdə tutulmuşdu. Tənəffüs zamanı Məhsəti müəllim şagirdlərin çəkdikləri rəsmləri “qalereya gəzintisi” üsulundan istifadə edərək lövhədə sərgilədi. Bir-birindən maraqlı rəsmlərdə ilin bütün fəsillərinin, Azərbaycan təbiətinin füsunkar mənzərələrini görmək mümkün idi. Divara vurulan stendlərdə, köməkçi lövhədə Səttar Bəhlulzadənin fotoları və əsərləri yer almışdı. Eksponatlar üçün şüşəli rəfdə öncəki dərslərdə şagirdlərin düzəltdikləri muncuq ağaclar diqqəti cəlb etməklə yanası, bu dərsin mövzusu ilə əlaqəli olduğu duyulurdu.
Azərbaycanın dünya şöhrətli rəssamı Səttar Bəhlulzadə mövzusunda keçiriləcək məşğələyə xüsusi qonaq dəvət olunmuşdu. Onlar məşələdə təsviri sənət haqqında söhbət aparacaqdılar. Təbii ki, söhbətin mövzusu Səttar Bəhlulzadə olacaqdı. Məşğələ Məhsəti Cəfərovanın nümayiş etdirdiyi Səttar Bəhlulzadənin əsərlərindən birinin nümayişi ilə başladı. Səttar Bəhlulzadənin orijinal əl işi olan, məcməyidə əks olunmuş natürmortu şagirdlər xeyli axtarışdan sonra əldə edə bilmişdilər. Bunun ardınca Məhsəti Cəfərova daha bir tapıntını diqqətə çatdırdı və qeyd etdi ki, bunu əldə etmək üçün də onlar araşdırma aparmalı olublar. Bu, yazıçı Məhbubə Hacıyeva tərəfindən qələmə alınmış, görkəmli rəssam Səttar Bəhlulzadənin həyatından bəhs edən “Fələklər yandı ahımdan” adlı kitabıdır. Dərsin bu məqamında o, kitabın müəllifi-Məhbubə Hacıyevanı da şagirdlərə təqdim etdi. Məktəbin foyesindən – Leylan Cəfərzadənin, Fərid Məmmədovun sərgisi ilə başlayan, Səttar Bəhlulzadənin orijinal rəsm əsərinin, eləcə də onun haqqında yazılan əsərin və onun müəllifinin təqdimi ilə davam edən dərs Səttar Bəhlulzadə dünyasının qapılarını hər birimizin qarşısında genişliyi ilə açmışdı. Qarşıda bizi bu dünyanın əsrarəngiz inciləri ilə tanışlıq gözləyirdi. Həm də bu əsrarəngizliyi əsasən Məhbubə Hacıyeva xarakterizə edəcəkdi. Dərsin maraqlı cəhəti həm də bu idi. Şagirdlər Məhbubə xanımla qiyabi tanış idilər. Onlar “Fələklər yandı ahımdan” əsərini cümlə - cümlə oxumuş, öz aralarında təhlil etmiş, məhz Məhbubə Hacıyeva qələminin sehrində Səttar Bəhlulzadə dünyası ilə tanış olmuş, onu sevmiş, nəhayət bugünkü günü səbirsizliklə gözləmişdilər. Elə Səttar Bəhlulzadə haqqında nümayiş etdirdikləri video – çarxda da görkəmli rəssamın həyatını öyrəndiklərini bir daha sübut etdilər. Video – çarxı izlədikcə, həm də Məhsəti Cəfərovanın dediyi kimi, onlar Məhbubə Hacıyevanın əsəri ilə yaxından tanış olduqlarını göstərirdilər. Əlbəttə ki, rəssamlıqla məşğul olan gənclərin, yeniyetmələrin görkəmli rəssamların həyatını oxumaları, onların yaratdıqları məktəbin xüsusiyyətlərini bilmələri mühüm şərtdir. Məşğul olduğun elm, sənət sahəsinin tarixini bilmədən, o sahənin yaxşı mütəxəssisi olmaq mümkün deyil. Hər bir yeniliyin əsasında zəngin tarixi baza, ənənə dayanırsa, o bu təməl üzərində daha möhkəm dayaqlara malik olur. Məhsəti müəllimin də məqsədi elə bu idi. O, şagirdlərinin düşüncəsində əks etdirdiyi tarixlə onlarda həm tarixə sevgi yaratmağı, həm də, öz rəsmlərində tarixi təcrübədən bəhrələnərək öz yollarını seçmələrinə yardımçı olmağa çalışırdı. Səttar Bəhlulzadə sənətdə öz yolu, öz dəsti – xətti, öz yaradıcılıq kredosu olan böyük rəssamdır. Belə insanların həyatını öyrənmək, yeniyetmələrin mənəvi keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyət daşıya bilər. Səttar Bəhlulzadə haqqında video – çarxda verilən məlumat, Məhsəti Cəfərovanın da qeyd etdiyi kimi, simvolik məlumat olsa da, əslində görkəmli rəssamın dünya miqyasında yerini, eləcə də onun şəxiyyət kimi böyüklüyünü xarakterizə edirdi. Görkəmli rəssam haqqında ən maraqlı nüanslar isə Məhbubə Hacıyevadan gözlənilirdi.
Məhbubə Hacıyevanın çıxışı şagirdlərin gözləri önündə Səttar Bəhlulzadə dünyasının əsrarəngiz rənglərə bələnmiş dünyasını açıqladı. Bu dünyanın rəngləri o qədər zəngin idi ki, hərə oradan öz sevdiyi məqamı seçib götürə bilirdi. Məhbubə Hacıyeva danışdıqca xarakterizə etdiyi böyük rəssamın rənglər dünyasının uşaqların gözlərində parladığını duyurdum sanki. Bu işıq onların gözlərində əks - səda verib qəblərinə köçür, orada özünə yuva qurur, nə vaxtça çəkiləcək rəsmlərə, yazılacaq əsərlərə ilham pərisi olurdu. Mən bu dərsi “Gözəlliyin dərk olunması” dərsi adlandırardım. Əslində Məhsəti Cəfərovanın Səttar Bəhlulzadə mövzusuna bu aspektdə yanaşması, şagirdlərinin bədii – estetik zövqünə, gözəllik, təbiət haqqında düşüncələrinə, rənglərin kompozisiyası haqqında fikirlərinə aydınlıq gətirmək idi. Onun bir müəllim olaraq məqsədi şagirdlərinin çəkdiyi rəsmlərin gözəlliyini duymasına, onun daxili aləmini dərk etməsinə çalışmasıdır. Ən böyük mənalar mahiyyətdə, batində gizlənir. Çəkdiyin hər hansı bir obyekt, çiçək də, insan portreti də, dəniz də, səma da olsa, onun mahiyyətindəki zənginliyi duyub əks etdirməsən, o adi kağız parçasından fərqlənməyəcək. Yaxşı rəsm əsəri yaratmaq üçün duymaq, hiss etmək, hiss etmək üçün dərin təfəkkür, düşüncə sahibi olmalısan. Baxın, Məhbubə Hacıyeva şagirdlərin qarşısında məhz bu məqsədlə danışırdı. O, Səttar sənətinin böyüklüyü fonunda rəssamılığın, rəssamın mənəvi qüdrətini, onun əsl mahiyyətini meydana qoyur, şagirdləri mahiyyətdəki gözəlliyin sirləri ilə tanış edirdi. “Fələklər yandı ahımdan” da elə gözəlliklərin duyulub dərk olunması kontekstində meydana gəlmişdi. Məhsəti Cəfərovanın izahı, Məhbubə Hacıyevanın çıxışı, nümayiş olunan slaydlar, “Fələklər yandı ahımdan” kitabı – bütün bunlar həmin gün üçün özündə zəngin mənəvi dəyər daşıyan informasiya mənbələri idi.
Bu informasiyalarda şagirdlərə izah edlirdi ki, Səttar Bəhlulzadənin bir rəssam və şəxsiyyət kimi böyüklüyü onun sadəliyində idi. O, içində çox böyük bir dərd daşıyırdı. İçində qövr edən bu dərd onun şedevrlərini meydana gətirirdi. Onun heç kəsdə olmayan duyum, müşahidə qabiliyyətinin nəticəsi olaraq meydana gələn əsərlər dünyanın rəssamlıq incilərinin ən gözəl nümunələrindən hesab edilir. Dünya Azərbaycanı, onun təbiətini, insanlarını həm də Səttarın rəsmlərindən tanıyır. Öz Vətənini dünyada tanıtmaq insanın böyük xoşbəxtliyidir. Buna nail olmaq insanın istedadı və mənəvi aləmi ilə bağlıdır. İnsan uşaqlıqdan elə tərbiyə olunmalıdır ki, ürəyi gözəllikləri duymaq, onu vəsf etmək, xeyirxahlıq duyğuları ilə döyünsün. Mənəviyyatca zəngin qəlb şedevr əsərlər yarada bilir. Səttarın da şedevrləri onun zəngin mənəvi aləmindən yaranırdı. Onun hər bir əsəri - "Xəzər üzərində axşam", "Xəzər gözəli", "Əbədi məşəllər", "Kəpəzin göz yaşları", "Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı" , "Əfsanəvi torpaq", "Şahnabat", "Naxçıvan. Axşamçağı Ordubad bağlarında", "Vətənimin baharı", "Bakıda atəşfəşanlıq", "Qudyalçay vadisi", "Qızılbənövşəyə gedən yol", "Suraxanı atəşgahı, "Əmircan", "Neft daşları", "Şamaxı üzümlükləri", eləcə də digərləri geniş təxəyyül, həmçinin axtarışlar nəticəsində yaranıb. Bu rəsmlər böyük rəssamın təxəyyül məhsulu olmaqla, Vətənimizin təbiət mənzərələrini, insanlarının zəhmətkeşliyini, onların mənəvi zənginliyini meydana qoyur. Baxın, insan o zaman doğulduğu torpağın vətəndaşı olur ki, onun havasını, suyunu, təbiətini duysun, onu sevsin və qorusun. Böyük rəssamlar onu öz rəsmlərində, şairlər şeirlərində, yazıçılar romanlarında hifz edib qoruyurlar. Məhsəti Cəfərovanın, Məhbubə Hacıyevanın söhbətlərində rəssamlığın, rəngkarlıq sənətinin, onun korifeylərinin sənət kredoları açıldıqca, onların həyat, sənət amalları bəlli olduqca, şagirdlərin simasında nail olduqları, öyrəndikləri həqiqətlərin sevinc işartılarını müşahidə edirdim. Onlar həmin gün öyrəndiklərinə rəğmən təsviri sənətin növ və janrlarını xarakterik xüsusiyyətlərinə görə şərh etməyi mənimsədilər. Eləcə də Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi Səttar Bəhlulzadə və onun əsərləri haqqında müvafiq məlumatlar əldə etdilər. Bədii sənət əsərlərində milli üslubi cəhətləri estetik imkanlarına görə izah etməyi öyrəndilər. Ən əsası mən Məhsəti Cəfərovanın yetirmələrinin simasında sonsuz yaradıcılıq şövqü sezdim. Bu, sözsüz ki, Məhsəti müəllimin uğuru idi. Mən Məhsəti Cəfərovanın şagirdlərini müşahidə etdiyim bu illər ərzində onların əldə etdikləri yaradıcı uğurlarının təməlində bir mühüm amilin də dayandığını daim hiss etmişəm. Bu, onlara yaradıcılıq işlərini meydana qoymaları üçün verilən azadlıqdır. Azadlıq yaradıcı ruhu inkişaf etdirən, onu tam mənası ilə açıb göstərən ən mühüm amildir. Məhsəti Cəfərovanın böyük uğurlarından biri də məhz budur.
Yola saldığımız dərs ilini Məhsəti Cəfərovanın pedaqoji fəaliyyətində ən uğurlu illərdən hesab etsək, yanılmarıq. Düşünmək olar ki, dərs ilinin hər ayı maraqlı işlərlə yadda qalmış, şagirdlərin yaradıcı potensiallarının aşkara çıxarılması, onların dünyagörüşlərinin inkişafı təcrübəli müəllimin hədəfi olub. Elə yetirmələri ilə birgə çatdıqları hədəflərə görə də rəğbətləndirilib. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Suraxanı rayon Gənclər və İdman idarəsi Məhsəti Cəfərovanı gənclər siyasətinin həyata keçirilməsi işində fəal iştirak etdiyinə görə Fəxri fərmanla təltif edib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı rayon komitəsi isə Məhsəti xanımı uzun müddət səmərəli pedaqoji fəaliyyətinə, gənc nəslin təlim – tərbiyəsindəki xidmətlərinə görə dəyərləndirib. Bununla yanaşı o, “Həsən bəy Zərdabi” medalına və diplomuna, eləcə də işlədiyi məktəbin rəhbərliyi tərəfindən fəxri fərmana layiq görülüb.
Məhsəti Cəfərova MK ACADEMİY Təlimçilik akademiyasi və “Ebru sənəti” dərslərində eskpert-təlimçi kimi iştirak etmiş və öz təcrubəsinə əsaslanaraq dərs dediyi 270 nömrəli tam orta məktəbdə dərnək məşgələlərində ebru dərsləri təşkil edib. Bəs ebru sənəti nədər, bu sənətin tarixi haradan başlanır? Məhsəti Cəfərova nə üçün məhz ebru sənətinə müraciət edir, şagirdlərin bu sənəti dərk etməsi, onu tətbiq etmə bacarıqları necədir? İstərdim bu suallar ətrafında da bəzi qeydləri nəzərinizə çatdırım. Ebru su üzərində rəsm çəkmə sənətidir. Ebru ilə məşğul olan rəssamları Ebruzən adlandırırlar. Tarixi məlumatlara görə, XII əsrdə Çində, Yaponiyada ebru sənətinə bənzər işlər görülüb. Daha sonra Çağatay türkləri bu sənəti inkişaf etdiriblər. Cağataylar bu sənətlə əbrə adı ilə məşğul olublar. Digər tarixi məlumatlardan isə görünür ki, XVI əsrdə ebru sənəti İpək Yolu vasitəsi ilə Azərbaycana gəlib. Düzdür, tarixi mənbələrdə çox vaxt bu sənətin yarandığı yer İran göstərilir. Fars dilində "abru" həm suyun üzü, həm də onun naxışları qaşa oxşadığından qaş mənasını verir. Çağatay türkcəsində isə bulud topalarına oxşadığı üçün "bulud topaları" mənasını verir.
Günümüzə çatan ən qədim ebru nümunəsi 1447-ci ildə hazırlanmışdır. O, İstanbulda Topqapı sarayında saxlanılır. Osmanlı imperiyası dövründə ebru üsulu ilə hazırlanan kağızlardan dövlət sənədləri, məktublar üçün istifadə edirdilər. Kağızın gözəlliyindən başqa digər bir xüsusiyyəti də onu qiymətli edirdi. Hər bir ebru təkrarolunmaz naxış və rənglərdən ibarət olduğundan, belə kağızı və həmçinin sənədi də saxtalaşdırmaq mümkün deylidi. Diplomatik yazışmalar və ticarət əlaqələri vasitəsilə XVII əsrdə ebru sənəti Avropada da tanınmağa başladı. Burada ona "türk mərmər kağızı" deyirdilər. Bu cür kağızdan kitab çapında və üzləməsində, hədiyyələrin tərtibatında istifadə edilirdi. Sonralar xüsusilə gözəl alınan ebruları haşiyəyə alıb rəsm əsəri kimi divardan asmağa başladılar. Məhsəti Cəfərova ilə söhbətimizdən belə qənaətə gəlirəm ki, ebru şagirdlərin məntiqi təfəkkürünün inkişafında, estetik zövqün formalaşmasında, bir sözlə dünyanın gözəlliklərini dərk etməsində müstəsna rola malikdir. Amma gərəkdir ki, ebru ilə məşğul olan onun incəliklərini duya, onunla hiss edə - edə məşğul ola. Məhsəti Cəfərovanın yetirmələrinin işləri ilə tanış olduqda onların bu sənətə olan sevgisini aydın duymaq mümkündür. 10-cu sinif şagirdi Leylan Cəfərzadənın “Ebru rəsmi” müsabiqəsinə qatılması, “Ebru sehrində” adlı fərdi sərgisinin uğurla nümayiş olunması müəllimin bu sahədə əldə etdiyi nailiyyətlərə misal ola bilər.
Dərnək məşğələsindən bir neçə gün sonra Məhsəti Cəfərova yetirmələrini Xalça muzeyinə, Səttar Bəhlulzadənin ev muzeyinə ekskursiyaya apardı. Onlar həmçinin böyük rəssamın abidəsini ziyarət etdilər, onun abidəsi önünə gül – çiçək dəstələri qoydular. Məhsəti Cəfərovanın bir mövzunu öyrətməsi üçün seçdiyi bu yanaşma təsadüfü xarakter daşımır. O, tədris etdiyi mövzulara şagirdlərinin qəlbində sevgi yaradır, bu sevgi onları həmin mövzunu daha yaxşı mənimsəmələri üçün stimul olur. Səttar Bəhlulzadə mövzusu da bu baxımdan xarakterik oldu. Onlar böyük rəssamın rənglər dünyasının sehrində onun mənəvi aləminə qədəm qoydular. Görkəmli rəssamın əsərlərindən onun şəxsiyyətini, şəxsiyyətindən isə əsərlərini öyrəndilər. Beləcə əsl rəssamın obrazını özləri üçün aydınlaşdırdılar.
P.S. Dərsdən sonra qonaqlar gənc rəssamların əl işləri ilə tanış oldular. Məktəbdənkənar, sinifdənxaric tədbirlərdə fəal iştirak edən, rəsm sərgilərinə, müsabiqələrə qoşulan şagirdlərdən Nuranə Əhmədovaya, Əhəd Əhədova, Nicat Marayeva, Abdulla Abdullayevə, Leylan Cəfərzadəyə, Banu Şahbazovaya, Miranə və Seyidzadə bacılarına, Nahidə Şəbizadəyə, Nərmin Əzizovaya, Əbdülrəhman Əzimova, İlahə Ələkbərliyə, Vilayət Məmmədova, Fatimə Kərimovaya, eləcə də dərsdə iştirak edən dərs hissə müdiri Validə Hüseynovaya, məktəb kitabxanasının müdiri Nəzirə xanıma yazıçı Məhbubə Hacıyevanın, yazıçı – jurnalist Böyükağa Mikayıllının kitabları, “İstedadlılar” dərnəyinin simvolu olan qələm hədiyyə edildi.
Böyükağa MİKAYILLI
Комментарии
Отправить комментарий