ELM VƏ HƏYAT TƏCRÜBƏSİNİN VƏHDƏTİNDƏ



Bu yazı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, doset Xumar Asim qızı Qazıyevanın pedaqoji təcrübəsindən bəhs edir.

Dərslərini izlədikdən sonra Xumar Qazıyevanın bir müəllim olaraq obrazı mənim üçün tam aydınlaşdı. Hələ 2016 – cı ilin mart ayında Ukraynanın Lvov şəhərində Təhsil Şurasının keçirdiyi beynəlxalq konfransda tanış olmuşdum onunla. İvan Franko adına Lvov Milli Universitetinin rektoru, eləcə də Universitetin Təhsil fakültəsinin professor – müəllim heyəti ilə görüşlərimizdə Xumar Qazıyevanın Azərbaycanın, dünyanın təhsil, elm, təlim – tərbiyə mənzərəsini xarakterizə edən çıxışları Lvovlu, həmçinin Azərbaycanlı təhsil işçilərində böyük maraq doğururdu. Bütün bunlar Xumar Qazıyevanın təsəvvürümdə təhsilin, təlim – tərbiyə işinin, dünya təhsilində gedən proseslərin mahir bilicisi kimi də obrazını canlandırırdı. Çıxışlarında həm də onu müşahidə edirdim ki, Xumar Qazıyeva öz ölkəsinin təhsil, ictimai məsələlərinə vətəndaş mövqeyindən yanaşaraq, onun inkişaf tendensiyalarını ustalıqla xarakterizə edir. Çıxış etdiyin mətn nə qədər dəlil – sübutla zəngin olursa olsun, əgər o məntiqli, səlis nitq və ahəngdarlıqla təqdim olunmursa, az maraq doğuracaq. Xumar Qazıyevada təhsil mütəxəssisi olaraq duyduğum ən böyük məharət hələlik bu idi. Düşünürdüm ki, bu məharətin təməlində mütləq olaraq müəllim ustalığı, zəngin pedaqoji, elmi – metodiki, nəhayətdə böyük həyat təcrübəsi dayanır. İzlədiyim dərsləri, eləcə də elmi – pedaqoji, ictimai fəaliyyəti ilə tanışlığım qənaətimin doğruluğunu sübut etdi.

İnsan yalnız fiziki hazırlığı, zahiri görkəmi, elmi ilə deyil, ruhi – mənəvi aləminin saflığı və sağlamlığı, mənəvi kamilliyi ilə bütövləşir. Müəllimin də başlıca vəzifəsi şagirdində bu xüsusiyyətlərin tərbiyəsinə nail olmaqdan ibarətdir. Buna nail olduqdan sonra yetirməmizin cəmiyyətdə layiqli yer tutmasına şübhə qalmır. Xumar Qazıyeva şagirdlərinin məhz vətəndaşlıq mövqeyində formalaşmasını, onların şəxsində elmin mənəvi kamillik zirvəsində təcəssüm olunmasına yol açan müəllimdir. Əgər müəllim dərs prosesini şagirdinin qəlbini duya – duya, dərsi bir mənəviyyat hadisəsi kimi təqdim edə - edə keçirsə, o zaman şagirdinin ürəyində elmə maraq oyada, sevgi yarada bilir. Bunu təcrübəli müəllimin dərslərinin hər bir anında müşahidə etmək mümkündür. Mən onun dərslərində həyatda layiqli mövqe qazanmaq üçün insan şəxsiyyətinin, yüksək mənəvi keyfiyyətlərinin nə qədər önəm daşıdığının şagirdlərə aşılandığının şahidi oldum. Bunlar dərsin mövzusundan doğulmaqla, həyatın özündən, həyat təcrübəsindən qaynaqlanmaqla şagirdlərə təlqin olunurdu. Dərs o zaman səmərəli nəticələrlə müşaiyət olunur ki, qaldırılan problemlər, meydana qoyulan məsələlər həyatın, cəmiyyətin, insanın mənəvi aləminin, əxlaqi – etik düşüncələrinin vəhdətindən yaransın, insanın daxili dünyası, həyat haqqında fikirləri ilə səsləşsin. Müəllim mövzunun mənəvi mahiyyətini yetirmələrinin fikir və düşüncələri ilə ahəngdar şəkildə təqdim edə bilsin. O, hər bir dərsində məqsədəçatmanın ən önəmli yolunu özü üçün müəyyənləşdirir. Bu, ürəkdə qığılcımın, hərarətin, humanist duyğuların yaradılmasıdır. Bu duyğuları yaradan müəllimin təlimdə uğur əldə edəcəyinə şübhə qalmır.

Xumar Qazıyevanın yetirmələri ilə qurduğu iş, sinifdə yaratdığı mühit şagirdlərinin həm yaradıcılıqla, həm də müstəqil işləmələrinə şərait yaradırdı. Yaradıcılıq və müstəqillik Xumar Qazıyevanın pedaqoji yanaşmasının əsası olmaqla, şagirdlərin xarici dilə yiyələnməsində mühüm əhəmiyyət daşıyır. Diqqət yetirək: Dərs prosesində irəli sürülən problem fiziki qüsurlu şəxslərin idmanda əldə etdikləri böyük uğurlarla bağlıdır. Fakt meydandadır. Onu açmaq, mahiyyətini xarakterizə etmək qarşıda dayanır. Məsələyə elə yanaşmaq tələb olunur ki, irəli sürülən fikir mahiyyəti ifadə eləsin. Nəzərə alaq ki, Azərbaycanlı gənc bu mühüm tapşırığı – insanın, həm də fiziki cəhətdən qüsurlu olan bir insanın uğur formulunu xarici dildə açmalı, onun mənəvi aləmini xarakterizə etməlidir. Bununla şagird yalnız sözləri deyil, düşünməyi də öyrəndiyini ifadə edir. Nəticə etibarilə dərs faktın fikirlə zənginləşmə meydanına çevrilir. Həm də fikirlər elə lakonik ifadə olunur ki, düşünürsən, təcrübəli müəllim nəyi demək lazım olduğunu şagirdlərinə ustalıqla aşılaya bilib. Yəni onlar nəyi bilmək lazım olduğunu bilirlər. Exzilin dediyi kimi, əsas məsələ çox bilməkdə deyil, lazım olanı bilməkdədir. Bu, artıq uğurdur. Təcrübə, yalnız bilik və bacarıqların ötürülməsi ustalığına malik olma deyil, həm də müəllimin fikir və düşüncəni, hiss və duyğuları dərk etmək məharətindədir. Xumar Qazıyevanın yetirmələri ilə apardığı fikir mübadiləsinin hər anında bunun şahidi olmaq mümkün idi. Onlar bir – birilərini fikrən anlamağı bacarırdılar. Maraqlısı bu idi ki, müəllimin bu xüsusiyyəti şagirdlərinə də sirayət etmişdi. Fikrən, ruhən bir – birini duyub, buna müvafiq cavablar ifadə eləmək, həm də şagirdlərin fikir, düşüncə həmrəyliyindən, eləcə də mövzuya bələdliliklərindən soraq verirdi. Fikir, yalnız onun müəllim tərəfindən ötürülməsindən sonra qavranılmır. Fikir müzakirə, mübadilə, diskussiya ilə möhkəmlənir, təfəkkürdə özünə yer tutur. Xumar Qazıyeva dərs prosesində şagirdlərini məhz fikir mübadiləsi ətrafında cəm etməklə, onların bir – birilərini öyrətməklə öyrənmlərinə yol açır. Təfəkkür inkişafını hədəfləyən müəllimlər təlimdə daha böyük uğurlara imza ata bilirlər. Çünki inkişaf etmiş təfəkkür informasiyalara daha çevik reaksiya verir, çevik reaksiya fikir və ideyaları daha mükəmməl mənimsəyir. Biz təlim prosesini elə qurmalıyıq ki, gənclərimizi mənəvi və intellektual baxımdan həqiqətləri görməyə, onu dərk etməyə hazırlayaq. Xumar Qazıyeva öz pedaqoji fəaliyyətini məhz bu kimi prinsiplər əsasında qurmaqla şagirdlərinin əldə etdiyi uğurlara təməl olur. Onun dərslərində anlamaq mümkündür ki, təbiət insanı ən yüksək mənəvi - əxlaqi keyfiyyətləri, elmi qavramaq, dərk etmək gücündə yaradıb. Sadəcə onu düzgün istiqamətə yönəltmək üçün müəllimin pedaqoji ustalığı tələb olunur. O, tədris etdiyi mövzunu şagirdinə maraqlı bir romanın bir parçası kimi təqdim edir. Onu vərəqləyib sona çatdırmağı isə onların öz öhdəsinə buraxır. Şagirdlərində yaratdığı təməl o romanı sonadək oxumaqda onlara istiqamət verir. Onun dərslərində məqsəd yalnız dili öyrətmək deyil, yetirmələrinin kamil, sağlam insanlar kimi formalaşmasına yardımçı olmaqdır. İnsan mənəvi və fiziki kamilliyi ilə bütövləşir. Yetkin şəxsiyyət tərbiyəsi ruhun tərbiyəsindən keçir. Məsələn, Xumar Qazıyeva olimpiada mövzusunu tədris edərkən, idmanın dünyaya sülhü təlqin etməyini, insanın ruhi, mənəvi və fiziki sağlamlığı üçün onun nə qədər böyük önəm daşıdığını xüsusilə vurğulayır. Yetirmələrinin ürəyində yaratdığı insanlıq, sülhsevərlik, xeyirxahlıq sevgisi onları həyata, elmə, tədrisə daha açıq gözlə baxmağa, onu daha dərindən mənimsəməyə yönəldir. O, çalışır ki, şagirdləri öz fikirlərini azad, sərbəst şəkildə, həm həyatdan və elmdən mənimsədikləri ilə sintez şəklində, həm də nəzəri və fəlsəfi baxımdan izah etsinlər. Bu, həm də onların natiqlik bacarıqlarının formalaşması üçün də əsasdır. Eramızdan əvvəl 4 – cü əsrdə yaşamış filosof Seneka yazır ki, ağlı deyil, ruhu tərbiyə edən məktəb sistemi yaratmaq lazımdır. Təhsilin məqsədi müstəqil şəxsiyyət yetişdirmək olmalıdır. Qoy şagirdin yaddaşı deyil, özü danışsın. Yalnız bir şey ruhu kamil edir: Xeyir və şəri möhkəm bilmək. (Professor Fərrux Rüstəmov “Qərb pedaqogika tarixi”) Bəli, şəxsiyyət formalaşdırılmasının yolu ruhi tərbiyədən keçir. Xumar Qazıyeva da bir müəllim olaraq bu prinsiplərə sadiqdir. Onun pedaqoji yanaşmasında ilk yerdə tərbiyə məsələsi dayanır. Tərbiyə təlqin olunduqdan sonra şagird elmin mahiyyətini özü dərk edəcək.

Xumar Qazıyevanın müəllim olaraq şagirdlərinin əldə etdikləri uğurların təməlində hansı faktorların dayandığını araşdırdıqda, təcrübəli müəllimin həyat yolunun zəngin məqamları ilə qarşılaşdım. Bu məqamların hər biri nümunə olduğu üçün onların üzərində dayanmağı vacib hesab etdim: O, 1975-ci ildə Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı dövrdə adlı təqaüdə layiq görülüb. 1973-cü ildə respublika tələbə elmi konfransında I yeri tutduğu üçün, mükafat olaraq respublika rəhbərliyi tərəfindən tələbə mübadilə proqramı çərçivəsində Polşa Xalq Respublikasına iki həftəlik təcrübə mübüdiləsinə göndərilib. Xumar Qazıyevanın elmə, təhsilə olan həvəsi boya – başa çatdığı ailədə formalaşıb. Sonralar bu həvəs onun elmlə ciddi şəkildə məşğul olmasına, elmi – tədqiqat işinə istiqamətləndirib. Xumar xanımın atası Gəncəbasar zonasında görkəmli məktəbşünas, məktəb qurucusu kimi tanınıb. Onun valideynləri Asim müəllim və Fəridə xanım neçə-neçə Azərbaycan gəncinə bilik, savad, tərbiyə verib, onlara valideyn qayğısı göstərib, mənəvi dayaq olub. Elm, təhsil, maarifçilik sevgisi, ziyalılıq bu ailənin təməl prinsiplərini təşkil edib. Bu prinsipləri özünə həyat amalı seçən Xumar xanım öz həyat yolunun xoşbəxtlik axtarışlarını məhz elmdə tapıb. Əldə etdiyi uğurlar da bunu deməyə əsas verir.

O, 1976-cı ildən 2003-cü ilə qədər Azərbaycan Texnologiya universitetində müəllim, baş müəllim, elmi işlər üzrə dekan müavini, İngilis dili Resurs Mərkəzinin rəhbəri işləyib. 1992-ci ildə pedaqoji elmlər namizədi elmi dərəcəsi, 2002-ci ildə dosent elmi adı alıb. 2001-ci ildə “Gəncənin yaradıcı və fəal qadınları” kitabında Xumar Qazıyeva haqqında “Könüllərə nur saçan alim” adlı məqalə dərc edilib.

Xumar Qazıyeva 2003-cü ildən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Xarici Dillər kafedrasında ingilis dili üzrə baş müəllim vəzifəsində çalışır. Bu təhsil ocağının təlim – tərbiyə mühiti Xumar Qazıyevanın pedaqoji ideyaları ilə, sözün həqiqi mənasında vəhdət təşkil edir. Şagirdlərinin əldə etdiyi uğurlara nəzər yetirdikdə də bunu aydın görmək mümkündür. Xumar Qazıyevanın yetirmələri yalnız tədrisdə deyil, ictimai, elmi, vətəndaşlıq mövqeyi tələb olunan təbdirlərdə də öz fikirləri, sözləri, ideyaları ilə meydanda olurlar. Onlar müxtəlif olimpiadalarda, debatlarda, sagird elmi konfranslarında müvəffəqiyyətlə iştirak edir, yüksək balla respublikanın universitetlərinə qəbul olunur, Amerika, Kanada, İngiltərə və digər Avropa ölkələrinin ali təhsil ocaqlarında uğurla təhsil alırlar.

Xumar Qazıyeva bir çox beynəlxalq layihə və proqramların iştirakçısı və təqdimatçısıdır. İngilis dili fənninin tədrisində əldə etdiyi yüksək nəticələrə görə H. Əliyev adına Müasir Təhsil Kompleksi rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif edilib. O, 2003-cü ildə Kanada metodoloqlarının “The Management of the English Resource Centres” adlı təlimlərində uğurla iştirak edib. 2004-cü ildən mütəmadi olaraq British Council və AzETA-nın təlim və konfranslarının fəal iştirakçısıdır.

Xumar Qazıyeva 2005, 2007-ci ildə İngiltərənin Bloksam məktəbində “Bell International” kursunda təcrübə keçib. 2006-cı ildə Moskva şəhərindəki Lomonosov məktəbinin təşkil etdiyi şagirdlərdə təfəkkürün, məntiqin və yaddaşın inkişafı üzrə “Интеллект-Образовательная Технология” adlı beynəlxalq kursu müvəffəqiyyətlə bitirib. 2007-ci ildə H. Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərilə birlikdə Moskva şəhərində həmin məktəbdə keçirilən beynəlxalq olimpiadada uğurla iştirak edib. Bu olimpiadada kompleksin şagirdləri müxtəlif nominasiyalar üzrə qalib olub.

Təcrübəli müəllim 2007-2012-ci illərdə Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllim” layihəsində qiymətləndirmə üzrə ekspert olub. 2008-ci ildən mütəmadi olaraq TQDK-nın sınaq və qəbul imtahanlarında imtahan rəhbəri kimi fəaliyyət göstərir. O, 2008-ci ildə İngiltərənin Saffron Walden şəhərində müəllimlər üçün təşkil edilmiş kursun yüksək mərhələsini qazanıb.

Xumar Qazıyeva 2011-2013-cü illərdə Şimali Kipr, Türkiyə və BƏƏ-də Azərbaycan Təhsil Nazirliyi və müvafiq ölkələrin universitetlərinin birgə təşkil etdiyi xarici dilin tədrisi metodikasına və kurikulumun inkişafına dair silsilə beynəlxalq, BƏƏ-də yerləşən Paris Sorbon Universitetinin, Amerikanın Təhsil Şurasının təşkil etdiyi “Leading the Way” konfransında və İnternational Language School “Blooms Taxonomy” yerli təlimdə iştirak edib. Ayrı – ayrı illərdə ABŞ-da, Fransada, Almaniyada keçirilən beynəlxalq mübadilə proqramlarına qoşulub.

2016-cı ilin yanvar ayında ARTPİ-nin “Yeni təhsil proqramı (kurrikulumu)” kursunu bitirib, ADA Universitetinin “Təhsildə 4K bacarıqları-Critical Thinking, Creativity, Communication, Cooperation” təlimində fəal iştirak edib. 2016-cı ilin mart ayında Ukraynanın Lvov şəhərində “The Exchange of International Experience as the Way of Improving the Educational Process” (Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi) beynəlxalq elmi-təcrübi konfransda “Xarici dilin tədrisində innovativ metodlardan istifadə yolları” mövzusunda müvəffəqiyyətlə çıxış edib, Lvov orta və ali təhsil ocaqlarında keçirilən görüşlərə qoşulub. Xumar Qazıyevanın konfransdakı çıxışı Ukraynalı təhsil işçilərinin böyük marağına səbəb olub. O, 2016-cı ildə Azərbaycan Təhsil Şurasının təşkilatçılığı ilə “Ümumi təhsildə yaradıcılıq axtarışları: nəticələr, perspektivlər” mövzusunda keçirilən Qabaqcıl Müəllimlərin Birinci Ümumrespublika Forumunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Ş. A. Amonaşvilinin Humanist Pedaqogikaya həsr edilmiş müəllif seminarında da maraqlı çıxışı və təklifləri ilə diqqət mərkəzində dayanıb.

2017-ci ilin yanvar ayında Bakıda Ukrayna və Azərbaycan təhsil işçilərinin iştirakı ilə keçirilən “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda elmi-təcrübi konfransın təşkilat komitəsinin üzvü olan Xumar Qazıyeva bu konfransdakı çıxışında fəaliyyət göstərdiyi Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin iş prinsiplərindən, bu təhsil ocağının müasir dövrdə Azərbaycan təhsilində mövqeyindən, məzunların ali məktəblərə qəbul səviyyəsindən, müəllimlərin elmi-metodiki hazırlığından, pedaqoji ustalığından bəhs edib. Bu ilin fevral ayında Azərbaycan Dillər Universitetində Azərbaycan Psixologiya və Psixoterapiya Assosiasiyası və Helsinki Brief Terapy İnstitutu tərəfindən təşkil edilmiş “Kid’s Skills-Solution-Focused Methods of helping kids and teenagers overcome problems and difficulties in educational and family environment” mövzusunda Finlandiya alimi Ben Furmanın təqdimatı ilə keçirilən konfrans, aprel ayında isə Bakı Biznes Universitetində “Effective Ways of Teaching Foreign Languages in İnformative Society” adlı elmi-metodiki konfrans da Xumar Qazıyeva üçün məhsuldar oldu. Sonuncu konfransa təqdim etdiyi “İnteractive Approach in Designing a Course” adlı məqalə təşkilat komitəsi tərəfindən maraqla qarşılandı. Bu təlim və konfransların hər birində Xumar Qazıyeva özünün zəngin dünyagörüşü, irəli sürülən problemlərə yanaşma metodologiyası, elmdən və təcrübədən qaynaqlanan təklif və tövsiyələri ilə diqqət mərkəzində dayanıb. Bu da öz növbəsində Azərbaycan təhsilinin adına böyük uğur kimi dəyərləndirilə bilər.

Xumar Qazıyeva bir sıra metodik tövsiyə və vəsaitlərin, 30 elmi-metodiki məqalənin müəllifi, ingiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğətin həmmüəllifidir.


Təcrübəli müəllim 17 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Ən yaxşı müəllim” adına layiq görülüb.

Xumar Qazıyevanın fəaliyyəti haqqında çox yazmaq olar. Onun fəaliyyətini xarakterizə edərkən bir mühüm məqama toxunmaq vacibdir: O, elmi – pedaqoji fəaliyyətini, metodiki ustalığını tədris prosesinə məharətlə tətbiq etməklə şagirdlərinin təlim-tərbiyəsində böyük uğurlar qazanır. Onun bütün dərslərinin, eləcə də beynəlxalq konfranslardakı çıxışlarının, məruzələrinin, təklif və tövsiyələrinin əsasını Azərbaycan və dünyanın zəngin pedaqoji nailiyyətləri, klassik və müasir pedaqoji ənənələrin vəhdəti təşkil edir. Məhz bu vəhdətin nəticəsidir ki, təcrübəli müəllimin yetirmələrinin əksəriyyəti ali məktəblərə qəbul imtahanlarında ingilis dilindən 100 faizlik nəticə göstərirlər. Son illər Xumar Qazıyevanın şagirdlərindən 12 nəfəri təhsili qızıl, 1 nəfər isə gümüş medalla başa vurub. Bir neçəsi prezident təqaüdünə layiq görülüb. Bu fakt əlbəttə ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbərliyinin və Xumar xanımla birgə bütün pedaqoji kollektivin uğurudur.

Xumar Qazıyeva müəllimlik fəaliyyəti ilə paralel təşkil edən, iştirak etdiyi tədbirlərin hər birində öz mövqeyi, sözü, fundamental təklifləri ilə diqqət mərkəzində dayanır. Bu, onun zəngin müəllimlik təcrübəsi, elmə təcrübəni əlaqələndirmə istedadı, dünyanın, eləcə də Azərbaycanın klassik və müasir pedaqoji tendensiyalarını öz elmi – pedaqoji, müəllimlik fəaliyyətində əks etdirmə bacarığı, ictimai nüfuzu, müəllim və alim kimi tutduğu mövqeyi ilə bağlıdır.

P.S. Qəzet çapa hazırlanarkən məlumat aldıq ki, Xumar Qazıyeva “Avropa Nəşr Mətbu Evi”nin təsis etdiyi “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu və qızıl medalı ilə təltif edilib. Bu münasibətlə Xumar xanımı təbrik edir, ona elmi, pedaqoji və ictimai fəaliyyətində daha böyük uğurlar diləyirik.

Комментарии