2016-cı il mart ayının 23-25-də Azərbaycan Təhsil Şurası fəaliyyət planına uyğun olaraq Ukraynanın Lvov şəhərində “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirdi. Konfrans Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsi ilə birgə təşkil olunmuşdu. Konfransda 28 nəfərlik Azərbaycan nümayəndə heyəti, o cümlədən Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Təhsil Şurası İdarə heyətinin üzvləri, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı, 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə, Bakı şəhərinin və respublikamızın ayrı-ayrı bölgələrindən olan müəllimlər, təhsil işçiləri iştirak edirdi. Konfransda Ukrayna tərəfindən Lvov Vilayət Dövlət Departamenti Elm və Təhsil İdarəsinin şöbə müdiri Svetlana Knışık, Lvov Vilayət Müəllimlərin Təhsildənsonrakı Təhsili İnstitutunun direktoru Roman Şiyan, eləcə də Lvov Elm və Təhsil Departamentinin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak edirdilər. Qeyd edək ki, konfrans iştirakçılarını Lvov Beynəlxalq Hava Limanında Azərbaycanın Lvov Vilayətindəki Diaspor Təşkilatının Ağsaqqlalar Şurasının sədri Adgözəl Səfərov, Ukraynada fəaliyyət göstərən jurnalist, mediaekspert Mirfəttah Rəsulov, həmçinin Lvov Dövlət Departamenti Elm və Təhsil İdarəsinin şöbə müdiri Svetlana Knışık, İdarənin əməkdaşı Olqa Parçevska qarşıladılar.
Martın 23-də konfrans Azərbaycan, Polşa və Ukraynanın Dövlət Himnlərinin səsləndiliməsindən sonra öz işinə başladı. Elmi-təcrübi konfransı giriş sözü ilə açan Lvov Vilayət Elm və Təhsil İdarəsinin şöbə müdiri xanım Svetlana Knışık İdarənin rəisi Svetlana Nebojukun konfrans iştirakçılarına salamlarını çatdırdı. Söylədi ki, Azərbaycan Təhsil Şurasının təşəbüsü ilə keçirilən bu elmi-təcrübi konfrans müharibə şəraitində yaşayan Ukrayna xalqına, təhsil ictimaiyyətinə böyük dəstək kimi dəyərləndirilə bilər. Svetlana Knışık vurğuladı ki, bu gün Ukrayna təhsilində islahatların apaıldığı bir dövrdür. Avropanın mütərəqqi təhsil ənənələri öyrənilir, onlardan milli-mənəvi dəyərlər kontekstində istifadə yolları araşdırılır. Bu gün Ukrayna təhsilin xarici əlaqələri də inkişaf etməkdədir. Lvov məktəbləri də bu baxımdan istisna deyillər. Svetlana xanım vurğuladı ki, Lvov məktəblərinin əməkdaşlıq dairəsi əsasən Polşa təhsil ocaqları, eləcə də Avropanın digər ölkələrini təhsil ocaqları çərçivəsindədir. Onlar Avropa təhsilinin qabaqcıl ənənələrindən bəhrələnir, onun mütərəqqi cəhətlərini öyrənirlər.
Elmi-təcrübi konfranslarda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev də açılış nitqi söylədi. Ə.Ağayev vurğuladı ki, Azərbaycan və Ukrayna dövlətləri arasında əlaqələr hələ sovetlər dönəmindən mövcud olmuş, iki qardaş ölkə daim bir-birinə dayaq durmuşdur. Ölkələrimiz arasında mövcud olmuş elm və təhsil əlaqələri, şübhəsiz ki, elmimizin, təhsilimizin də inkişafına təkan vermişdir. Ə.Ağayev vurğuladı ki, görkəmli ukraynalı pedaqoq Anton Semyonoviç Makarenkonun elmi-pedaqoji irsi Azərbaycanda geniş şəkildə araşdırılmış, böyük alimin elmi irsinə monoqrafiyalar, elmi əsərlər həsr olunmuşdur. Azərbaycanda A.S.Makarenkonun adını daşıyan təhsil ocağı fəaliyyət göstərir. O söylədi ki, hələ sovetlər birliyi dönəmində Makarenko irsi Azərbaycan elmi ictimaiyyətinin diqqətini cəlb etməklə, geniş dairədə öyrənilmişdir. Ə.Ağayev özünün də Makarenko irsinə müraciət etdiyini, böyük alimin əsərlərini kitab halında çap etdirdiyini diqqətə çatdırdı. Ə.Ağayev onu da qeyd etdi ki, Azərbaycanda Ukraynanın digər böyük pedaqoqu Suxomlinski irsinə də daim maraq mövcud olub. Azərbaycanın orta ümumtəhsil ocaqlarının da Ukraynanın orta təhsil müəssisələri ilə hələ sovetlər dönəmindən əlaqələri yaradılıb. Yevlax rayonundakı Xaldan məktəbinin Boqdanovka məktəbi ilə əlaqələri buna misal ola bilər. Ə.Ağayev vurğuladı ki, Təhsil Şurasının artıq 3 ildir ki, reallaşdırmağa başladığı “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” layihəsi çərçivəsində Azərbaycanın bir qrup qabaqcıl müəllimi Gürcüstanın Kabuleti şəhərinin məktəbləri ilə tanış olub. Bu il isə biz tanışlıq və təcrübə mübadiləsi üçün Ukraynanın məktəblərini seçmişik. Təcrübə mübadiləsi, şübhə yoxdur ki, müəllimlərin dünyagörüşünün artmasına, dünyada gedən yeniliklərin öyrənilməsinə təkan verən mühüm amildir deyən Ə.Ağayev gələcəkdə Azərbaycan müəllimlərinin Avropanın təhsil ocaqları ilə əlaqə yarada biləcəklərinə, tanışlıq imkanlarının qurulacağına inandığını söylədi. Qeyd etdi ki, Təhsil Şurası bu işdə həmişə olduğu kimi öndə gedəcəkdir.
Ə.Ağayev söylədi ki, 1941-1945 – ci illər - Böyük Vətən Müharibəsi illərində Azərbaycan əsgərləri Ukraynanın alman faşistlərindən azad edilməsi uğrunda şücaət göstərmiş, neçə-neçə oğul və qızlarımız dost ölkənin torpaqları uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşlar. Azərbaycan-Ukrayna dostluğu şair və yazıçılarımızn əsərlərində də əks olunub.
Əjdər Ağayev vurğuladı ki, Azərbaycan Təhsil Şurası müasir dövrdə Azərbaycan-Ukrayna təhsil əlaqələrinin təməlini qoymaqla, bu sahədə yeni səhifələrin açılmasını hədəfləyir. Bu mühüm əhəmiyyətli işin Lvov şəhərindən başlanması da təsadüfü deyil. Bu qədim şəhər Ukraynanın mədəniyyət mərkəzi olmaqla, təhsil sahəsinin də inkişafı baxımından öncül yerlərdə dayanır. Lvov həm də Avropaya açılan qapıdır. İnanıram ki, bu şəhər və bu konfrans Azərbaycan müəllimlərinin Avropa təhsilinə inteqrasiyası yolunda mərhələ rolunu oynayacaq.
Açılış nitqlərindən sonra məruzlərə başlanıldı. Bakı şəhərindəki 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə “Azərbaycanda pedaqoji kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi təcrübəsindən”, Lvov Müəllimlərin Təhsildənsonrakı Peşəkar İnkişafı İnstitutunun Roman Şiyan “Ukraynada müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi təcrübəsindən”, Bakı şəhərindəki 162 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Svetlana Nəcəfova “Azərbaycanda xarici dillərin tədrisi təcrübəsindən” mövzusunda məruzə ilə çıxış etdilər.
Konfransda çıxış edən Polşalı təhsil işçisi Ukrayna ilə Polşa arasında uzun illər əvvəl yaradılmış təhsil əlaqələrindən, bu əlaqələrin hər iki ölkə üçün faydasından, Azərbaycanla da qurulacaq əlaqələrdən məmnun olduğunu dilə gətirdi. Ümidvar olduğunu bildirdi ki, qarşılıqlı əlaqələr ölkələrin təhsil təcrübəsinin zənginləşməsinə təkan verəcəkdir.
Azərbaycan və Lvov məktəbləri qardaşlaşdı...
Konfransın maraqlı və əhəmiyyətli məqamlarından biri də Azərbaycanın və Lvovun məktəbləri arasında əməkdaşlıq müqaviləsinin imzalanması oldu. Həmin gün Azərbaycanın 3 məktəbi ilə Lvovun 5 məktəbi qardaşlaşdı. Bakı şəhərindəki 286 nömrəli tam orta məktəblə Lvov şəhərindəki 69 nömrəli və Striy şəhər 10 nömrəli, Baki şəhərindəki 162 nömrəli tam orta məktəblə Lvov şəhər 82 nömrəli, Bakı şəhərindəki 164 nömrəli tam orta məktəblə Turku şəhər orta məktəbi və Lvov şəhər 21 nömrəli orta məktəblə, Kürdəmir Rayon Təhsil Şöbəsi ilə Lvov Vilayət Morşin şəhər Təhsil Şöbəsi arasında əməkdaşlıq memorandumu imzalandı.
Martın 23-də elmi-təcrübi konfransın ikinci hissəsi Lvov Dövlət Departamenti Elm və Təhsil İdarəsinin akt zalında dəyirmi masa ətrafında davam etdi. Konfransdan öncə Azərbaycan Təhsil Şurasının sədri ilə Lvov Dövlət Departamenti Elm və Təhsil İdarəsinin rəisi xanım Svetlana Nebojuk arasında görüş oldu. Görüşdə professor Əjdər Ağayev xanım Svetlana Nebojuka Azərbaycan və Ukrayna xalqları arasında təhsil əlaqələrinin genişləndirilməsi sahəsində xidmətlərinə görə Təhsil Şurasının Fəxri fərmanını təqdim etdi.
Lvov Vilayət Diplomdansonrakı Pedaqoji Təhsil İnstitutunun təhsil siyasəti kafedrasının müəllimi Olqa Banax “Valideyn-məktəb əlaqələri: Lvov təcrübəsi”, İnstitutun direktor müavini Nataliya Pastuşenko “Lvov təhsilində innovasiyalar”, təhsil siyasəti kafedrasının müdiri Miroslav Tovkalo “Lvov Vilayət Diplomdansonrakı Pedaqoji Təhsil İnstitutunun beynəlxalq layihələrdə əməkdaşlığı”, təhsilin inkişafı kafedrasının müdiri Roman Pastuşenko “Lvov məktəblərində təlim və tərbiyə işinin planlaşdırılmasının xüsusiyyətləri və monitorinqi”, Elm və Təhsil İdarəsinin təhsil sahəsində informasiyaların işlənməsi və kommunikativ fəaliyyət şöbəsinin müdiri Olqa Parçevska “Lvovun təhsil portalı”, İnstitutun direktor müavini Nikolay Kaçyuba və elmi fəaliyyət kafedrasının müdiri Olqa Kalıçak “Müəllimlərin peşəkar inkişafının təşkili”, metodiki fəaliyyətin əlaqələndirilməsi kabinitenin müdiri Lesya Qrıza “Lvov təhsilində müəllim və şagird müsabiqələrinin keçirilməsi təcrübəsindən”, İnformasiya Texnologiyaları kafedrasının müdiri Lilya Polyuşok və təhsil siyasəti kafedrasının müəllimi Marqarita Noskova “Elmi prosesdə və müəllimlərin peşəkar inkişafında informasiya-kommunikasiya texnologiyalarından istifadə” mövzusunda çıxış etdilər.
Фото Böyükaga Mikayıllı.Konfransda Azərbaycan müəllimləri də maraqlı çıxışları ilə diqqətə gəldilər. Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi Şəcahan Ramazanova “Tədris prosesində Mariya Montessori metodunun tətbiqi və onun əhəmiyyəti”, 270 nömrəli tam orta məktəbin müəllimi Məhsəti Cəfərova “İnnovasiyalar”, Şəki şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Atlas Namazova “Sinif rəhbərinin işinin təşkili təcrübəsindən”, Şirvan şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Əli Bəşirli “Azərbaycan məktəblərində vətənpərvərlik tərbiyəsi işinin təşkili təcrübəsindən”, Şəki şəhər 14 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynur Əlifova “Azərbaycan məktəblərində müəllim və şagird müsabiqələrinin təşkili təcrübəsindən”, Bakı şəhərindəki 162 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Sevda Ağayeva “Azərbaycanda müəllim və direktorların işə qəbulu təcrübəsindən”, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikova və Bakı şəhərindəki 24 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Aytac Rzayeva “Azərbaycan məktəblərində informasiya-kommunikasiya texnologiyalarıın tətbiqi səviyyəsi”, Şirvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Mətanət İsmayılova, həmin məktəbin müəllimi İradə Xəlilova və Hacıqabul şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Təhminə Ələkbərova “Sinifdənxaric və məktəbdənkənar işlərin təşkili təcrübəsindən”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Xumar Qazıyeva “İngilis dili dərslərində fəal təlim metodlarından istifadə”, 164 nömrəli tam orta məktəbin müəllimi Səxavət Yusifova, “Məktəbdə pedaqoji mətbuatdan istifadə imkanları”, Bakı şəhərindəki 164 nömrəli tam orta məktəbin ingiis dili müəllimi Arifə Rəsulova “Şagird biliklərinin qiymətləndirilməsinin müxtəlif növləri”, Siyəzən şəhərindəki 3 nömrəli tam orta məktəbin müəllimi İlhamə Sultanova “Qarabağ mövzusunun Azərbaycan məktəblərində tədrisi”, Kürdəmir rayom Təhsil Şöbəsinin məsləhətçisi Xəqani Qurbanovun “Azərbaycanda təhsil islahatlarının müasir istiqamətləri” mövzusunda çıxışları maraq doğurdu.
Konfransın növbəti günü 164 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Arifə Rəsulova Lvov Vilayət Diplomdansonrakı Pedaqoji Təhsil İnstitutunun rəhbərliyinin xüsusi dəvəti ilə İnstitutun kollektivi qarşısında “Qiymətləndirmənin növləri (Beynəlxalq, milli və məktəbdaxili), Məktəbdaxili qiymətləndirmənin növləri: diaqnostik, formativ və summativ. Onların məqsədi və keçirilmə qaydaları” mövzusunda mühazirə oxudu. Mühazirə böyük maraqla qarşılandı.
Qeyd etmək yerinə düşərdi ki, istər Azərbaycan, istərsə də Ukrayna tərəfinin nümayəndələri müasir Azərbaycan və Ukrayna təhsilinin ən aktual problemlərinə toxunur, irəli sürülən problemlərə təhsilin qlobal inkişafı prizmasından yanaşaraq, maraqlı, diqqətçəkən mülahizələr, təkliflər irəli sürürdülər. Maraqlı cəhət həm də o idi ki, eyni problem, eyni mövzu ətrafında hər iki ölkənin nümayəndələri tərəfindən hazırlanan çıxışlar sanki bir-birini tamamlayır, mövzular üzrə bütün suallar əhatəli şəkildə öz həllini tapırdı. Əgər belə demək mümkünsə, konfransın mövzuları əsas etibarilə dünyanın müasir təhsil problemlərini əhatə edirdi. Bu da öz növbəsində həm Azərbaycan, həm də Ukraynanın təhsil ictimaiyyəti üçün çox maraqlı və aktual idi. Elə buna görə də konfransa Lvovun elm, təhsil ictimaiyyəti böyük maraq göstərirdi. Konfransın növbəti günlərində də bu marağın şahidi olduq...
İvan Franko adına Lvov Milli Universitetinin Təhsil fakültəsində
Martın 24-də Azərbaycan nümayəndə heyətinin bir qrupu professor Əjdər Ağayevin rəhbərliyi ilə İvan Franko adına Lvov Milli Universitetinin Təhsil fakültəsinin qonağı oldu. Görüşdə fakültənin rəhbərliyi, əməkdaşları iştirak edirdilər. Təhsil fakültəsinin əməkdaşları Azərbaycanlı həmkarlarını çalışdıqları Universitetdə görməkdən məmnunluq ifadə etdilər. Onlar öz çıxışlarında Təhsil fakültəsində aparılan elmi-tədqiqat işlərindən, yaradıcılıq axtarışlarından, qarşıda duran elmi-pedaqoji vəzifələrindən, kadr hazırlığı sahəsində gələcək işlərindən, planlarından bəhs etdilər. Görüşdə çıxış edən professor Əjdər Ağayev Azərbaycan və Ukraynanın elmi-pedaqoji əlaqələrinin tarixindən, bu əlaqələrin hər iki ölkənin elmi inkişafına təkan verməsindən, qarşılıqlı elmi-pedaqoji mübadilənin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, bugünkü görüşdə Lvovlu elm adamlarının çıxışları maraqlı idi. Xüsusən muzey pedaqogikası ilə bağlı tədqiqatlar Azərbaycan elmi ictimaiyyəti üçün diqqətçəkən ola bilər. Əjdər Ağayev vurğuladı ki, Təhsil fakültəsində aparılan elmi-tədqiqat işləri müasirliyi, qloballığı ilə əhəmiyyətlidir. O, vurğuladı ki, hələ sovetlər birliyi dönəmində Azərbaycanın pedaqoq alimləri, gənc tədqiqatçıları Ukrayna alimlərinin pedaqoji irsini öyrənmiş, ona monoqrafiyalar, elmi əsərlər həsr etmişlər. Ə.Ağayev Ukraynanın elmi-pedaqoji ictimaiyyəti ilə Azərbaycanın bu gün də əlaqələrinin mümkün olduğunu dilə gətirdi. Qeyd etdi ki, hər iki tərəfin bir-birindən öyrənməli çox yenilikləri var.
Ivan Franko adına Lvov Milli Humanitar Universitetinin rektoru ilə görüş
Universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Volodimir Melniklə görüşdə Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Şuranın idarə heyətinin üzvü Böyükağa Mikayıllı, Lvovdakı Azərbaycan diaspor təşkilatının Ağsaqqallar Şurasının sədri Adgözəl Səfərov, diaspor üzvü, mediaekspert Mirfəttaf Rəsulov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Xumar Qazıyeva, Universitetin əməkdaşları iştirak edirdilər. Görüşdə çıxış edən professor Volodimir Melnik Azərbaycanlı müəllimlərin, təhsil işçilərinin böyük bir tərkibdə Lvova səfərindən məmnunluğunu ifadə etdi. Rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən bəhs edən V.Melnik burada Azərbaycanlı tələbələrin də təhsil aldığını vurğuladı. O, daha sonra Universitetdə fəaliyyət göstərən kafedralar, aparılan elmi – tədqiqat işləri, Universitetin elmi-pedaqoji kadr potensialı, beynəlxalq əlaqələri, eləcə də tarixi haqqında ətraflı məlumat verdi.
Professor Əjdər Ağayev də görüşdə çıxış edərək Azərbaycanın ali təhsil sistemində həyata keçirilən islahatlardan bəhs etdi. Söylədi ki, ölkəmizin ali təhsil sistemi 10 ildən artıqdır ki, Avropanın təhsil məkanına – Baloniya sisteminə inteqrasiya edir. Ə.Ağayev vurğuladı ki, Boloniya prosesinə inteqrasiya etmək özü də təhsilimizin qarşısında bir sıra vəzifələr qoyur. Bu prosesə qoşulmanın özü köklü islahatlar tələb edir ki, ölkəmizdə bu yöndə sistemli iş aparılmaqdadır. Bu istiqamətdə xüsusilə, vətəndaş cəmiyyətindən gələn dəstəyə böyük ehtiyac vardır. Belə ki, yalnız dövlətin, onun müvafiq strukturlarının gücü ilə belə bir qlobal problemi həll etmək mümkün deyildir. Təhsil hər bir vətəndaşın hər gün üzləşdiyi bir sahədir. Ölkə ictimaiyyətinin özündən gələn təşəbbüs, problemin cəmiyyət tərəfindən dərk edilməsi və dəstəklənməsi bu işin uğurunun vacib şərtidir. Bu mənada, Respublikanın qeyri-hökumət təşkilatlarının diqqətlərinin və səylərinin həmin sahəyə yönəldilməsi, xüsusən də insanların maarifləndirilməsi və güclərinin səfərbər edilməsi sahəsində görə biləcəyi işlər əvəzolunmazdır. Xüsusilə, bu problemlərin araşdırılması, islahatların keçirildiyi mühitin öyrənilməsi, problemlərin həllində düzgün metodların seçilməsində qeyri-hökumət təşkilatları böyük xidmət göstərə bilərlər. Ə.Ağayev söylədi ki, Təhsil Şurası da bu istiqamətdə müəyyən işlər görür. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil olunmuş “Boloniya prosesi: vəzifələr, problemlər” mövzusunda Respublika elmi-təcrübi konfransı buna misal ola bilər. Ə.Ağayev onu da qeyd etdi ki, Azərbaycanın ali təhsil ocaqları xarici ali təhsil ocaqları ilə əməkdaşlıqda çox maraqlıdır. O, bu mənada Azərbaycanda və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən Qafqaz Universitetinin fəaliyyətindən, bu ali təhsil ocağının beynəlxalq əlaqələrinin universitetin fəaliyyətinə gətirdiyi faydasından bəhs etdi.
Polşalı təhsil işçiləri ilə görüş
Konfrans çərçivəsində Polşadan gələn təhsil nümayəndələri ilə görüş maraqlı məqamlarla yadda qaldı. Üçtərəfli görüşdə çıxış edən Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev rəhbərlik etdiyi qurumun prioritetləri barədə məlumat verdi. Söylədi ki, Təhsil Şurası müəllimlərin dünyanın qabaqcıl pedaqoji təcrübəsini öyrənməsini qarşıya məqsəd kimi qoyub. Bununla yanaşı, Azərbaycanın qabaqcıl müəllimlərinin iş təcrübəsinin də Avropada nümayiş olunması vaxtı çatıb. Bu gün bizim elə müəllimləimiz var ki, onların iş təcrübəsi Avropa üçün də önəmli ola bilər.
Görüşdə çıxış edən Təhsil Şurasının katibi, “Təhsil və zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı Təhsil Şurasının həyata keçirdiyi “Təhsil sahəsinin İnkişafı üzrə Dövlət Strategiyası”na Dəstək Proqramı”ndan bəhs etdi. Söylədi ki, Təhsil Şurasının həyata keçirdiyi layihələr təhsil sahəsinin inkişafına yönəlməklə, müəllimlərin qarşısında yeni-yeni imkanlar açır. Bu layihələrin hər biri müəllimin peşəkarlıq səviyyəsinin yüksəlməsinə, öz bilik və bacarıqlarını, iş təcrübəsini meydana qoymasına, dünya meridianlarına çıxmasına stimul yaradır. B.Mikayıllı söylədi ki, Azərbaycan Təhsil Şurası iki ildir ki, beynəlxalq elmi-təcrübi konfransların keçirilməsinə başlayıb. Bu sahədə fəaliyyət daha geniş sferada davam etdiriləcəkdir.
Mediaekspert Mirfəttah Rəsulov da öz növbəsində Azərbaycan Təhsil Şurasının Ukraynalı, avropalı həmkarları ilə əməkdaşlıq imkanlarından məmnun olduğunu, bu əməkdaşlığın ölkələrdə təhsilin inkişafına dəstək verəcəyindən məmnunluğunu dilə gətirdi. Görüşdə çıxış edən Lvov Dövlət Departamenti Elm və Təhsil İdarəsinin şöbə müdiri Svetlana Knışık Ukrayna təhsili ilə Polşa təhsili arasında uzunmüddətdir ki, yaradılmış qarşlıqlı əlaqələrdən, təcrübə mübadiləsindən bəhs etdi. Vurğuladı ki, bu münasibətlər orta təhsillə yanaşı, ali, peşə təhsilini də əhatə edir. İstər Polaşa, istərsə də Ukrayna təhsilinin öyrənməli tərəfləri çoxdur deyən, Svetlana Knışık Azərbaycanın da təcrübə mübadiləsinə qoşulmasından məmnunluq ifadə etdi.
Görüşdə çıxış edən Polşalı təhsil işçiləri Azərbaycanın təhsil mühiti ilə maraqlandıqlarını, konfrans iştirakçılarının çıxışlarından maraqlı cəhətləri əxz etdiklərini, əməkdaşlığa hazır olduqlarını dilə gətirdilər.
Azərbaycanlı şagirdin rəsm sərgisi
Elmi-təcrübi konfransın maraqlı məqamlarından biri də Bakı şəhəri Suraxanı rayonundakı 270 nömrəli tam orta məktəbin şagirdi Leylan Cəfərzadənin rəsm əsərlərinin sərgisi oldu. Leylanın rəsm əsərlərinin maraq doğurması bir neçə cəhətdən xarakterik idi. Maraq doğuran birinci cəhət o idi ki, müəllimi Məhsəti Cəfərova Leylanın xüsusən milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə əks etdirən rəsmlərini nümayiş etdirirdi. İkinci məqam isə o idi ki, rəsmlər sanki bir orta məktəb şagirdi tərəfindən deyil, peşəkar rəssam tərəfindən çəkilməsi təsəvvürü yaradırdı. Bu fikir rəsmləri müşahidə edən Ukraynalı, Polşalı müəllimlər, təhsil işçiləri tərəfindən söylənilirdi. Leylan özü konfransda iştirak etməsə də, dərin məna çalarına malik olan rəsmləri ilə hər bir konfrans iştirakçısının ürəyini fəth edə bilmişdi. Qeyd edək ki, Leylanın rəsmləri Morşin şəhər məktəbində də sərgiləndi.
Azərbaycan nümayəndə heyəti Lvov məktəblərində
Martin 24-də Azərbaycan nümayəndə heyəti təcrübə mübadiləsi və tanışlıq məqsədilə Lvovun ayrı – ayrı məktəblərində oldu. Lvov şəhər 69 və 82, Morşin, Turku və Striy şəhər 10 nəmrəli tam orta məktəblərinin hər birində Azərbaycan nümayəndə heyətinin üzvləri Ukrayna xalqının yüksək qonaqpərvərlik adət-ənənələri ilə qarşılandı. Milli-geyimli oğlan və qızlar Azərbaycanlı müəllimlərin qarşısına gül – çiçək dəstələri, duz-çörəklə çıxır, öz ehtiramlarını bildirirdilər. Azərbaycanlı müəllimlər məktəblərdə təlim prosesi ilə, pedaqoji kollektivlə, şagirdlərlə, müəllim və şagirdlərin əldə etdikləri nailiyyətlərlə, məktəblərin beynəlxalq əlaqələri ilə, informasiya-kommunukasiya texnologiyalarının tətbiqi imkanları ilə, dərsliklərin tərtibatı və məzmunu ilə, fəal təlim texnologiyalarının tətbiqi imkanları ilə tanış olur, eyni zamanda öz təcrübələrini bölüşür, əldə etdikləri uğurları diqqətə çatdırırdılar. Əlbəttə ki, bütün söhbətərdə Azərbaycan təhsilindəki yeniliklər, müəllimin özünüinkişafı üçün yaradılan şərait, məktəblərimizin maddi-texniki bazasının möhkəmləndirililməsi istiqamətində Azərbaycan dövləti, Heydər Əliyev Fondu tərəfindən görülən işlər öz əksini tapır, ümumən Azərbaycan təhsilinin yeni inkişaf mərhələsində olduğu aydınlığı ilə görünürdü. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan təhsilində əldə olunan uğurların təqdimatı Lvovlu müəllimlərin marağına və heyranlığına səbəb olurdu.
Lvov Milli Politexnik Universitetində
Azərbaycanlı müəllimləri Lvov Milli Politexnik Universitetində bu ali təhsil ocağının prorektoru, texnika elmləri doktoru, professor Yuri Mixayloviç Paşkeviç qarşıladı. Universitetin böyük akt zalında keçirilən görüşdə Ukrayna Azərbaycanlıları Konqresi Lvov Vilayət Diapor Təşkilatı Ağsaqqallar Şurasının sədri Adgözəl Səfərov, Təşkilatın sədr müavini Vilayət Nuhuyev, mediaekspert Mirfəttaf Rəsulov iştirak edirdilər. Görüşdə öncə professor Yuri Mixayloviç Paşkeviç çıxış etdi. O, Lvov Milli Politexnik Universitetinin tarixindən bəhs etdi. Söylədi ki, Lvov Milli Politexnik Universitetinin əsası 1844-cü ildə qoyulub. Bu ali təhsil ocağını Avropanın nüfuzlu ali təhsil müəssisəsi kimi xarakterizə edən Y.Paşkeviç Universitetin tarixindən, Universitetdə həyata keçirilən tədris prosesindən, elmi kadr potensialından, maddi-texniki bazadan, tədris, təcrübə prosesinə novator texnologiyaların tətbiqi imkanlarından, beynəlxalq əlaqələrdən, kadr hazırlığının müasir prioritetlərindən, təhsil ocağının Ukrayna təhsilindəki mövqeyindən, kadrlara olan tələbatdan bəhs etdi. Görüşdə Təhsil Şurasının sədri professor Əjdər Ağayevin də çıxışı maraqla qarşılandı. O, Azərbaycan Təhsil Şurasının yaranma tarixindən, Azərbaycan təhsilindəki mövqeyindən, Azərbaycan təhsil sistemində qeyri-hökümət təhsil təşkilatlarının iştirakından, Təhsil Şurasının Azərbaycanda təhsilin inkişafına yönəlmiş təklif və tövsiyyələrindən bəhs etdi.
Ukrayna Azərbaycanlıları Konqresi Lvov Vilayət Diapor Təşkilatının sədr müavini Vilayət Nuhuyev Azərbaycanlıların Ukraynanın elm, təhsil və ictimai həyatındakı rolundan bəhs etdi. Azərbaycanlıların Ukraynanın həyatındakı rolunu yüksək dəyərləndirən Vilayət Nuhuyev bu rolun Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında müstəsna rol oynadığını dilə gətirdi.
Ukrayna Azərbaycanlıları Konqresi Lvov Vilayət Diapor Təşkilatı Ağsaqqallar Şurasının sədri Adgözəl Səfərov Azərbaycanlı tələbələrin Ukraynadakı təhsil imkanlarından bəhs etdi. 50 ilə yaxındır ki, Lvovda yaşayan Adgözəl Səfərov ömrü boyu Azərbaycanlıların Ukraynada təhsil almağa, iş qurmağa maraqlı olduqlarını gördüyünü və Ukraynanlıların da Azərbaycanlılara böyük ehtiramla yanaşdıqlarını dilə gətirdi. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra əlaqələrin daha da genişləndiyini dilə gətirən Adgözəl Səfərov Təhsil Şurasının Lvovda keçirdiyi elmi-təcrübi konfransı, konfrans çərçivəsində reallaşan görüşləri iki ölkənin isti münasibətlərinə nümunə olduğunu dilə gətirdi.
Görüşdə Universitetin prorektoru Yuri Paşkeviş rektor professor Bobalonun salamlarını qonaqlara çatdırdı. Rektor tərəfindən imzalanmış “Lvov Politexnik Universiteti qarşısında xidmətlərinə görə” “Fəxri Fərman”ı Təhsil Şurasının sədri professor Əjdər Ağayevə, Şuranın katibi Böyükağa Mikayıllıya, Ukrayna Azərbaycanlıları Konqresi Lvov Vilayət Diapor Təşkilatı Ağsaqqallar Şurasının sədri Adgözəl Səfərova və, mediaekspert Mirfəttah Rəsulova təqdim etdi.
“Azərbaycan multikulturalizmi: nəzəriyyə və təcrübə məsələləri”
Martın 25-də Azərbaycan nümayəndə heyəti, Lvovdakı Azərbaycan diaspor təşkilatının üzvləri və Lvovun təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Azərbaycan multikulturalizmi: nəzəriyyə və təcrübə məsələləri” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev “Azərbaycan multikulturalizmi: nəzəriyyə və təcrübə məsələləri” mövzusunda məruzə ilə çıxış etdi. Sonra mövzu ətrafında çıxışlar oldu.
Martın 25-də Təhsil Şurasının sədri professor Əjdər Ağaye ilə birgə keçirdiyi “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda elmi-təcrübi konfransa yekun vuruldu. Konfransın sonunda Azərbaycan və Ukrayna tərəfindən iştirakçılara sertifikat təqdim olundu. İdarənin şöbə müdiri xanım Svetlana Knışık Təhsil Şurasının sədri professor Əjdər Ağayevə, Şuranın katibi Böyükağa Mikayıllıya, Ukrayna Azərbaycanlıları Konqresi Lvov Vilayət Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Adgözəl Səfərova və mediaekspert Mirfəttah Rəsulova Lvov Vilayət Dövlət Depatamenti Elm və Təhsil İdarəsinin Ukrayna və Azərbaycan arasında təhsil əlaqələrininUkrayna Azərbaycanlıları Konqresi Lvov Vilayət Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Adgözəl Səfərova və mediaekspert Mirfəttah Rəsulov genişləndirilməsi sahəsindəki xidmətlərinə görə fəxri fərmanını təqdim etdi.
Martın 25-də Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Ukrayna Azərbaycanlıları Konqresi Lvov Vilayət Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Adgözəl Səfərov və mediaekspert Mirfəttah Rəsulov TRK Lvov kanalının "Səhər" proqramının qonağı oldular. Qonaqlar telekanala geniş müsahibələrində elmi-təcrübi konfransın əhəmiyyətindən, iki ölkə arasında təhsil əlaqələrinin genişlənəcəyi istiqamətində mühüm addım olacağını vurğuladılar.
Sonda çıxış edən Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev konfransın yüksək səviyyədə təşkilinə görə Lvov Dövlət Departamenti Elm və Təhsil İdarəsinin rəisi xanım Svetlana Nebojuka, İdarənin şöbə müdiri xanım Svetlana Knışıka, Ukrayna Azərbaycanlıları Konqresi Lvov Vilayət Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Adgözəl Səfərova və mediaekspert Mirfəttah Rəsulova, idarənin digər əməkdaşlarına, eləcə də uzun yol qət edib konfransa qatılan Azərbaycanlı müəllimlərə minnətdarlığını bildirdi. Yekunda, eyni konfransın Azərbaycanda da keçirilməsi nəzərdə tutuldu. Polşalı təhsil işçiləri də Azərbaycanlı və Ukraynalı təhsil işçilərinin iştirakı ilə “Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda konfransın Polşada da keçirilməsini təklif etdilər.
Böyükağa MİKAYILLI
Комментарии
Отправить комментарий