

Tanışlıq əsnasında Universitetdə son illər görülmüş geniş miqyaslı işlər, bu işlərin tədrisin inkişafında əhəmiyyətli dərəcədə rol oynadığı dəlil – sübutlarla göründü. Professor İbrahim Cəfərovun təqdimatı əsasında bəlli oldu ki, dövlətin dəstəyi sayəsində universitetin demək olar ki, bütün korpuslarında əsaslı təmir işləri aparılmış, tədris və təcrübə üçün ən müasir laboratoriya avadanlıqları, əyani – texniki vasitələr alınaraq gətirilmişdir. Xaricdə yüksək səviyyədə istehsal olunmuş bu avadanlıqlar təhsil ocağında tədrisin və təcrübənin ən müasir tələblər, dünya standartları səviyyəsində həyata keçirilməsinə imkan verməklə, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında da əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, Universitetin aqronomluq, aqrotexnologiya, zoobaytarlıq və əmtəəşünaslıq, informasiya texnologiyaları, aqromühəndislik və energetika, iqtisadiyyat fakültələrində torpaqşünaslıq və aqrokimya, aqronomluq, qida məhsullarının texnologiyası, meşə və meşə ehtiyatlarının bərpası, yerquruluşu və torpaq kadastrı, memarlıq, ekologiya və təbiətdən istifadə, zootexniklik, baytarlıq, əmtəəşünaslıq, aqrar mühəndislik, energetika və enerji maşınqayırması, yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı, maşınqayırma və material emalı, standartlaşdırma və sertifikasiya, ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, inzibati idarəetmə, informasiya sistemləri, dünya iqtisadiyyatı, 2005-ci ildən alman proqramı ilə "aqrar menecment" ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bu ixtisasların hər birinin daşıdığı mahiyyətə nəzər yetirdikdə aydın görmək mümkündür ki, onların hər biri kənd təsərrüfatımızın, iqtidasiyyatımızın, sənayemizin inkişafı üçün önəm daşımaqla, həyatımız üçün olduqca böyük əhəmiyyətə malikdir. Sevindirici hal kimi qeyd etməyi vacib hesab edirəm ki, Universitetdə son illər formalaşdırılmış maddi – texniki baza, yaradılmış tədris mühiti, elmi – pedaqoji kadr potensialının gücləndirilməsi, ən nəhayət şəffaflıq mühitinin təmin olunması abituriyentlərin marağını təmin edib. Bunun nəticəsidir ki, bir neçə il öncə tələbələrin o qədər də maraq göstərmədikləri təhsil ocağında bu gün bütün ixtisaslar üzrə komplektləşmiş qruplar fəaliyyət göstərməkdədir. Qəbul imtahanlarında yüksək bal toplamış tələbələrin də seçimdə Aqrar Universitetə üstünlük verməsi, artıq bu təhsil ocağında yaradılmış mühitin Respublikada yaratdığı əks – sədası ilə bağlıdır. Sözsüz ki, Aqrar Universitetin inkişafını şərtləndirən bir sıra mühüm amillər vardır ki, onların bəzilərindən bəhs etməyi vacib hesan edirəm. Bəlli olduğu kimi, ölkə başçısı cənab İlham Əliyev 2015 – ci ili ölkədə “Kənd təsərrüfatı ili” elan etmişdi. Bu il çərçivəsində ölkədə həyata keçirilən tədbirlər ölkə başçısının sərəncamından irəli gəlməklə, Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün müvafiq təməllər yaranmasında rol oynamışdı. Hər hansı bir sahənin inkişafı, şübhəsiz ki, həmin sahədə elmin, kadr hazırlığının da inkişafını labüd edir edir. Məsələn, əgər biz kənd təsərrüfatını inkişaf etdirmək, onun dünya standartlarına uyğunluğunu təmin etmək istəyiriksə, ilk növbədə bu sahəni inkişaf etdirəcək kadrlar, bu kadrları hazırlayacaq elm, təhsil ocağı yaratmalıyıq. Universitetin rektoru, İbrahim Cəfərovun da dediyi kimi, ölkəyə gətirilən yüksək səviyyəli texnologiyalar, laboratoriya avadanlıqları ilk növbədə bu sahə üzrə ixtisaslaşmış təhsil ocaqlarına verilməlidir. Məhz həmin avadanlıqlarda işləməyi bacaran mütəxəssislər yetişdirildikdən sonra həmin müasir avadanlıqları istehsalata tətbiq edə və ondan səmərəli nəticə ala bilərik.
Bu gün Aqrar Univeristetin demək olar ki, bütün ixtisaslarında tədris və təcrübə prosesinin əyani – texniki vəsaitlərin köməyi ilə həyata keçirilməsi mümkündür. Kadr hazırlığında mühüm rol oynayan bu amil tələbələrin seçdikləri ixtisasa həm marağının artmasında, həm də öz ixtisaslarını mükəmməl mənimsəmələrində əsas şərtlərdən biridir.
Aqrar Universitetin müasir tələblər səviyyəsində inkişafını şərtləndirən səbəblərdən biri də, Universitetin beynəlxalq əlaqələrinin son illər daha geniş dairəni əhatə etməsidir. ABŞ, Fransa, Almaniya, İslandiya, Türkiyə, İran, Niderland, İspaniya və MDB ölkələrinin ali kənd təsərrüfatı məktəbləri ilə tədris və elmi əlaqələrin qurulması, tələbə, müəllim, təcrübə mübadiləsinə, əməkdaşlıq əlaqələrinin genişlndirilməsinə yol açmaqla, kənd təsərrüfatı sahəsində novasiyaların öyrənilməsinə və tətbiqinə imkan yaratmaqdadır. Son illər türkiyəli, yaponiyalı mütəxəssislərin tələbələr qarşısında mühazirə oxuması, Azərbaycanlı müəllim və tələbələrin xaricə ezamiyyətə göndərilməsi də qabaqcıl təcrübənin öyrənilməsi və yayılması baxımından təhsil ocağının işinə yaramışdır.
Universitetlə tanışlıq zamanı diqqətimi cəlb edən ən mühüm məqamlardan biri həm zəngin ənənələrə ehtiram, həm tələbələrin aqrar elmin tarixini, bu sahənin görkəmli mütəxəssislərini tanıtmaq, onların zəngin irsini yaşatmaq məqsədilə yaradlmış adlı laboratoriyaların, kabinetlərin yaradılıb tələbələrin ixtiyarına verilməsi oldu. Bu kabinet və laboratoriyaları izlədikcə, həm də universitetin keçdiyi şərəfli yol, onun ölkə iqtisadiyyatı üçün daşıdığı önəm tam mənası ilə aydınlaşır. Təhsil ocağının yetirmələrinin adlarına da nəzər saldıqda bu əhəmiyyəti görmək mümkündür. Akademiklər Həsən Əliyev, Firuz Məlikov, Ağaxan Ağabəyli, Validə Tutayuq, İmam Mustafayev, İlyas Abdullayev, Məmmədtağı Qəniyev, Eyyub Bəşirov, Müzəffər Abutalıbov, Cəbrayıl Hüseynov, Ələkbər Quliyev, Vahid Hacıyev, Musa Musayev, Siddiqə Məmmədova, Firuddin Babayev, Məmmədtağı Cəfərov, Mirzə Sadıxov, EA-nın müxbir üzvləri Rəhim Hüseynov, Kazım Ələkbərov, Emin Salayev, Əməkdar Elm Xadimləri Cahangır Axundov, Zülfüqar Verdiyev, Məmmədəli Məmmədəliyev, Raul Qədimov, Ələddin Əsgərov, Bəhman Xəlilov və bir çox başqaları Azərbaycan aqrar elminin dünya miqyasında tanınmasına, inkişafına nail olublar.
Universitetlə tanışlıq əsnasında iştirak etdiyimiz “Məzun yarmarkası” mənə təhsil ocağında son illər görülmüş işlərin məntiqi nəticəsi təsiri bağışladı. Universitetin mətbuat xidmətinin tədbirdən sonra yaydığı məlumatda qeyd olunur ki, 9 – cu “Məzun yarmarkası”nda respublikanın 35 şəhər və rayonundan 129 müəssisə və şirkət iştirak edib. 910 vakant iş yeri məzunlara təklif olunub. Məlumatda həmçinin o da bildirilir ki, Aqrar Universitet indi özünün inkişaf dövrünü yaşayır. Universitetdə tədrisin maddi – texniki bazası gücləndirilib, müasir tələblərə cavab verən şərait yaradılıb. Ən əsası təcrübə dərsləri daim diqqət mərkəzində saxlanılıb. Elmi tədqiqat və tədris mərkəzləri indi tələbələrə tədris üçün bütün imkanları verir. Təbii ki, bütün bunlar kadr hazırlığı səviyyəsinə öz müsbət təsirini göstərir.
Qeyd edək ki, 17 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin müasir tipli tələbə yataqxanasının açılışında iştirak etdi. Tələbələrə böyük hədiyyə olan kompleksin dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binadan ibarətdir. Tikintisi sürətlə aparılan eyni layihə əsasında daha bir yataqxananın isə yeni dərs ilinə kimi istifadəyə verilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirmək istərdim ki, bu il universitetdən bakalavriat pilləsi üzrə əyani təhsil formasında 880, qiyabi isə 269 nəfər tələbənin məzun olacağı gözlənilir. Aqranomluqdan 50, Aqrotexnologiyadan 143, Baytarlıq təbabəti və zoomühəndislikdən 118, Mühəndislikdən 230, Aqrar iqtisadiyyatdan 174, Aqrobiznes və idarəetmədən 165 məzun vakant yerləri tutmaq üçün yarmarkada iştirak edib. Bununla yanaşı qiyabi təhsil formasını bitirən, eləcə də əvvəlki illərdə məzun olanlar da yarmarkaya qoşulublar.
“Məzun yarmarkası”nda Kənd Təsərrüfatı nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, şirkət və fermer təsərrüfatlarının rəhbərləri, məzun və hazırda oxuyan tələbələr çıxış edib, aqrar sahəyə dövlət qayğısından, tədbirin əhəmiyyətindən, təhsil müəssisəsində yaradılan şəraitdən danışdılar, məzunlara uğurlar arzuladılar.
Yarmarkada, ümimilikdə 129 müəssisə və şirkət iştirak edərək, iş təklifi ilə çıxış edib.
Yarmarkada iştirak edənlər, eyni zamanda, universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, müasir istixana kompleksi və digər obyektlərlə tanış oldular.
Universitetlə tanışlıq belə bir qənaətə gəlməyə əsas verir ki, bu təhsil ocağı özünün yeni inkişaf mərhələsini yaşayır. Bütün zamanlar üçün ən gərəkli ixtisaslar üzrə kadrların hazırlığını həyata keçirən bu elm-təhsil ocağı öz qapılarını bu ixtisaslara yiyələnmək arzusunda olanların üzünə açmaqla, əslində onları həm də cəmiyyətin, bəşəriyyətin gələcəyi üçün gərəkli olan ixtisaslar üzrə mütəxəssis kimi hazırlayır. Gələcək öz mütəxəssislərini məhz belə təhsil ocaqlarından gözləyir...
Böyükağa MİKAYILLI
Комментарии
Отправить комментарий