ANA DİLİNƏ SEVGİ AŞILAYAN DƏRS

Bu yazı Bakının Sabunçu rayonundakı 309 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Arzu Məmmədovanın iş təcrübəsindən bəhs edir.
Azərbaycan dili dərslərinin tədrisini həmişə böyük maraqla izləyirəm. Bu dərslərdən gözlədiyim çox məqamlar olur. Düşünürəm ki, ana dilini tədris edən hər bir müəllim keçdiyi mövzudan asılı olmayaraq yalnız ana dilinə deyil, millətinin mənəvi dəyərlərinə - incəsənətinə, folkloruna, ədəbiyyatına, adət-ənənələrinə sevgi oyatmağı məqsəd kimi qarşısına qoymalıdır. Mənəvi dəyərlər məhz öyrəndiyi dillə şagirdin qəlbinə, ruhuna, canına hopur, onu bir şəxsiyyət, bir insan olaraq formalaşdırır. Şagirdin ana dilinə məhəbbətinin formalaşması, onun öz dilində sərbəst danışması, düşünməsi, yalnız dilin sinif otaqlarında məhdudlaşan tədrisinə bağlı deyil. Ana dilinə məhəbbət bu dildə yazılmış əsərlərin mütaliəsindən, filmlər, teatr tamaşalarından, mahnılardan, bayatılardan, nənnilərdən, folklordan süzülərək beyinlərə, düşüncələrə həkk olunur. Ana dilini məhz onun mənəvi mahiyyətini aşılamaqla, təfəkkürə, ruha yazmaqla tədris edən müəllim məqsədinə çata bilər. Bakının Sabunçu rayonundakı 309 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Arzu Məmmədovanın birinci sinifdə Azərbaycan dilindən izlədiyim dərsi onun məhz bir müəllim və vətəndaş olaraq belə bir hazırlığa malik olması qənaətimi hasil edirdi. Onlar “P” hərfinin tədrisi mövzusunda qarşılarına sözləri bütöv şəkildə oxumaq, böyük və kiçik “Pp” hərfinin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazmaq və birləşdirmək, verilmiş əlamət bildirən sözlərin hansı varlıqlara aid olduğunu müəyyən etmək, əlyazısı şəklində olan sözləri və cümlələri üzündən köçürmək məqsədini qoymuşdular.

İnsan ana dilini mükəmməl öyrəndikcə mənən zənginləşir, kamilləşir. Ana dilinə mükəmməl yiyələnmə təfəkkür çevikliyinə, düşüncə genişliyinə yol açır. 

Dərs monitorda, atalar sözlərinin, tapmacaların səslənməsi ilə başlandı. Bu tapmacaların hər birinin cavabını ifadə edən sözdə “P” hərfi mövcud idi. Şagirdlər də cavabları tapmaqda çətinlik çəkmirdilər. Amma mənim diqqətimi həm də digər bir məqam cəlb edirdi. Bu məqam tapmacaları ifadə edən səsin ahıngdarlığı, nitqin təmizliyi, səlisliyi, sözlərin ifadə dəqiqliyi, nəhayət səsin mükəmməlliyi idi. Arzu Məmmədova dərsin bu mərhələsində artıq özünün məqsədlərini, ana dilinin öyrədilməsi ilə bağlı öz yanaşmalarının çağırışını vermişdi. Seçilmiş atalar sözləri, tapmacalar da maraqlı məzmunu ilə diqqət çəkməkdə idi. Onlar Azərbaycan təbiətini, mənəvi dəyərlərini, adət - ənənələrini özündə birləşdirən fikirlərdən söz çələngi düzəldib sanki sinfi bəzəyirdilər. Bu fikirlər, sözlər uşaqların ruhi – mənəvi dünyası ilə səsləşirdi. Onun dərsini izlədikcə görkəmli dilçi – alim, professor Buludxan Xəlilovun məşhur bir ifadəsi yadıma düşürdü: “Dil bir qəsr deyil, abidə deyil ki, onu qoruyasan. Dilin keşiyində dayanmaq, qorumaq üçün düzgün danışmaq lazımdır”. Əlbəttə ki, bu hissin uşaqlara hələ kiçik yaşlarından aşılanması, dilin mənəvi varlığı baxımından çox əhəmiyyətlidir. 

Arzu Məmmədovanın uşaqlara təqdim etdiyi BİBÖ cədvəli sual – cavab əsnasında onların öz iştirakları ilə dolduruldu. Bəlli oldu ki, onlar – səslərin iki yerə bölündüyünü, sait və samit səslər olduğunu, sait səslər ifadə olunarkən ağızda heç bir maneəyə rast gəlinmədiyini, samit səsləri isə deyərkən ağızda maneəyə rast gəlinməsi, saitlərin deyilişdə uzadılmasını, samitlərin isə qısa ifadə olunmasını bilirlər. Bilmək istədikləri isə - “P” səsinin necə səs olduğu, “P” hərfinin sözün hansı hissəsində işlədildiyi, hərfləri öyrənməkdə məqsədlərinin nədən ibarət olduğudur. 

Arzu Məmmədova birincilərini irəli sürdüyü üç tədqiqat sualı ətrafında sınağa çəkdi. “”P” səsi necə səsdir?, “P” hərfi sözün hansı hissəsində işlədilir?, Hərfləri öyrənməkdə məqsəd nədir?” tədqiqaqt sualı sinfə ünvanlandıqdan sonra müəllim birincilərə suallar və əlavə tapşırıqlar ünvanladı. Onlar öncə sözləri hecalara bölüb, daha sonra isə hecaları birləşdirməklə oxudular. Sonra isə sözləri yerində işlətməklə cümlələri tamamlayıb oxudular. Ardınca “P” hərfini sözün əvvəlində, ortasında, sonunda işlətməklə həm söz ehtiyatlarını, həm də cümlə qurmaq bacarıqlarını nümayiş etdirdilər. 

Arzu Məmmədova tədris prosesində mütəmadi olaraq şəraitə və mövzunun verdiyi imkanlara rəğmən qruplarla iş formasından istifadə edir. Bu zaman şagirdlər öncədən deyil, dərs prosesində qruplaşaraq, müvafiq tapşırıqları yerinə yetirirlər. Təcrübəli müəllim bununla qruplardakı şagirdlərin intellekt, hazırlıq səviyyəsinə müvafiq olaraq birləşməsinə şərait yaradır. Qrupların hər birində hazırlıq səviyyəsi fərqli olan şagirdlər toplanır. Bu da öz növbəsində qrupdakı nisbətən zəif şagirdlərin belə prosesdə iştirakına imkan verir. O, bu dərsdə də qruplarla iş formasından istifadəyə üstünlük vermişdi. “Səma” qrupu “Şəkillərin adlarını xanalara yazmalı, krossvordu həll etməli”, “Yer” qrupu “Verilmiş hecaları birləşdirməklə sözlər yaratmalı, məntiqi ardıcıllığı müəyyənləşdirməli”, “Su” qrupu “Verilmiş sözləri nöqtələrin yerinə qoymalı və cümləni tamamlamalı”, “Torpaq” qrupu “Misalları həll etməli, qarşısındakı hərfləri uyğun bildikləri ədədlərin altından yazıb sözləri oxumalı, hecalar əlavə edərək yeni sözlər yazmalı” idilər. Göründüyü kimi, Arzu Məmmədova qrup suallarının qoyuluşu ilə birincilərin yalnız dil bacarıqlarını deyil, onların məntiqi hazırlıq səviyyələrini, dünyagörüşlərini, eləcə də riyazi bacarıqlarını sınağa çəkməklə, onların hərtərəfli hazırlıqlarını hədəfləyir. 

Bir məqamı da qeyd etmək yerinə düşər ki, birinci sinifdən şagirdlərin təlim – tərbiyəsinə məhz kompleks şəkildə yanaşılması, onların gələcək təlim – tərbiyəsində mühüm baza rolu oynayacaqdır. Arzu Məmmədova da bu amili mütləq olaraq nəzərə alaraq, dərs ili üçün mükəmməl fəaliyyət proqramı hazırlamışdır. Bu proqram özündə zəngin sinifdənxaric, məktəbdənkənar tədbirləri, ekskursiyaları və s. birləşdirməklə şagirdlərin mənəvi dünyasının formalaşmasını qarşıya məqsəd kimi qoyur. Pedaqoji prosesə yaradıcı yanaşmaq Arzu Məmmədovanın həyat amalını təşkil edir. Əlbəttə ki, biz onun dərsində də bu cəhəti, qeyd etdiyimiz kimi müşahidə edirdik. 

Arzu müəllimin birincilərlə apardığı Azərbaycan dili dərsi inteqrativliyi ilə də diqqəti cəlb edirdi. Ümumiyyətlə o, mövzuların verdiyi imkanlara rəğmən hər zaman inteqrasiyanı ön planda saxlayır. Bu dərsdə də Arzu Məmmədova öz prinspinə sadiq qalaraq, riyaziyyata, Həyat bilgisinə, təsviri incəsənətə ekskursiya etməklə, dərsin daha rəngarəng və səmərəli alınmasına şərait yaratdı. Təbii ki, “Promethean” lövhədən müəllimin, eləcə də şagirdlərin yeri gəldikcə istifadə etmələri həm inteqrativliyə, həm də ümumən dərs prosesinin səmərəlilyinə yol açırdı. Şagirdlərin “Promethean” lövhədən istifadə etməsi onların qoyulan suallara daha həvəsli yanaşmasına, rəqabət mühitinin yaranmasına imkan verirdi. Birincilərə möcüzəli görünən bu lövhədə işləmək onların hər birinin ən böyük arzusu kimi görünürdü. Bu isə, şübhə yoxdur ki, müəllim üçün olduqca əlverişlidir. Təlimə marağı olan, özünü yaxşı şagird kimi göstərmək arzusunda olan şagirdlə işləmək, əlbəttə ki, müəllim üçün əlverişlidir. Təbii ki, şagirdin təlimə bu səviyyədə marağını təmin etmək də müəllimin ustalığına bağlıdır. 

Dərs sona yaxınlaşdıqca, şagirdlər BİBÖ cədvəlinin “Öyrəndim” bölməsini tədriclə doldururdular. Yazırdılar: “P”səsi samit səsdir. “P”hərfi sözün əvvəlində, ortasında və sonunda işlədilir. Hərfləri öyrənmək bizə düzgün yazı və oxu bacarığına yiyələnmək üçün gərəklidir. Arzu Məmmədova hər bir hərfin tədrisi ilə şagirdlərinin qarşısında yeni bir aləm açmağı bacaran, şagirdlərinin özlərini həmin aləmin bir üzvü kimi hiss etməsinə yol açan müəllimlərdəndir. Hərflər onlar üçün ifadə etdikləri sözlərin mənası qədər zəngindir. Ona görə zəngindir ki, Arzu Məmmədova onlarda Ana dilinə sevgi yarada bilib, bu sevginin onların özləri ilə bərabər böyüyüb, Vətən sevgisinə çevriləcəyi şübhəsizdir. 

Arzu Məmmədova birinciləri dinlədiyi fikrə münasibətini bildirdiyinə, fikrini sərbəst ifadə etdiyinə, əməkdaşlıq etdiyinə və nəticə çıxarma bacarıqlarına görə qiymətləndirdi. Ev tapşırığı olaraq, “P” hərfi olan sözlərə aid şəkillər çəkməyi tapşırdı.


Böyükağa MİKAYILLI

Комментарии